10:11 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Fransa haqsızlığın və işğalçının yanındadır
ANA SƏHİFƏ / SİYASƏT
01:20 27.11.2020


Bu ölkənin qanunverici orqanı bir daha sübut etdi ki, erməni lobbisinin əsiridir


44 gün davam edən müharibənin yekununda Azərbaycanın Ermənistana qalib gələrək ərazi bütövlüyünü təmin etməsi Fransanın siyasi dairələrinin dərin pərişanlığına səbəb olub. Ümumiyyətlə isə, hərbi əməliyyatların ilk günündən başlayaraq, Azərbaycana təsir etmək yolunu tutan bu ölkənin rəhbərliyi öz neytrallığını tamamilə unudaraq ermənipərəst mövqeyini açıq şəkildə büruzə verdi. Noyabrın 25-də Fransa Senatının "Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı qətnaməni qəbul etməsi də göstərdi ki, bu ölkə öz imperialist xislətinə uyğun olaraq Ermənistanın işğalçılıq siyasətinə açıq dəstək verir, beynəlxalq hüquqa qarşı hörmətsizlik edir.

Xatırladaq ki, qətnamə layihəsi Fransa Senatına erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən noyabrın 18-də təqdim edilmişdi. Sonrakı müddətdə tələsik formada Senat tərəfindən müzakirəyə çıxarılmış və iki gün öncə qəbul olunmuşdu.

Senatın iclası başlayan kimi məlum olub ki, qətnamə layihəsi kimi müzakirələr də qərəzlidir. Bu mənada Senatda qondarma rejimlə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan qətnamə layihəsinin müzakirəsi fikir mübadiləsindən daha çox 12 senatorun qərəzli, reallıqdan uzaq çıxışı ilə yadda qaldı. Müzakirələr zamanı Azərbaycanın mövqeyini müdafiə edən, Dağlıq Qarabağ münaqişəsində obyektiv fikirlər səsləndirən senatorların çıxışına isə icazə verilmədi. Əsasən, qətnamə layihəsinin müəllifləri çıxış ediblər. Onlar ermənilərin Fransada kompakt yaşadığı regionlardan seçilən senatorlardır. Bu baxımdan sirr deyil ki, həm qətnamənin layihəsinin müəlliflərini, həm də ona səs verənləri daha çox qarşıdan gələn seçkilərdə Fransa ermənilərinin səsləri və erməni lobbisinin dəstəyi maraqlandırır.

Qətnamənin mətnindən də aydın olur ki, onun müəlliflərini Dağlıq Qarabağın erməni əhalisinin taleyindən çox Azərbaycan və Türkiyənin güclənməsi, birlik nümayiş etdirməsi narahat edir. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Azərbaycan və Ermənistan olsa da, Türkiyənin adı qətnamə layihəsində daha çox çəkilib. Məlum olduğu kimi, artıq Qərb və bəzi Avropa ölkələri dünya siyasi arenasında öz dominantlığını itirməkdədir. Bu gün ayrı-ayrı dövlətlər yerləşdikləri bölgənin və regionun nüfuz sahibinə çevrilirlər. Türkiyənin son illərdə bölgədə, ümumilikdə dünyada nüfuzunun və mövqelərinin artdığı faktdır. Bəzi ölkələrdə baş qaldıran siyasi gərginliklər, hakimiyyət dəyişiklikləri fonunda Türkiyənin nüfuz dairəsinin artması dünyada etiraf olunan reallıqdır. Türkiyə həm də NATO-nun üzvü kimi aparıcı mövqeyə malikdir. Təbii ki, imperializm nostalgiyasını hələ unutmayan Fransa Türkiyənin nüfuz savaşındakı qalibiyyətindən rahat ola bilmir. Eyni zamanda iqtisadi böhran dövrünü yaşayan Avrozonanın qonşuluğunda bir müsəlman dövlətinin sürətli inkişafı bəzi Avropa ölkələrində, o cümlədən Fransada siyasi dairələr tərəfindən qısqanclıqla qarşılanır.

Onu da qeyd edək ki, Fransa qondarma erməni soyqırımını hələ 2001-ci ildə tanımaqla türk dünyasına qarşı açıq qərəzini, qeyri-səmimi münasibətini ortaya qoyub. Bu ölkənin siyasi dairələrində Türkiyəyə qarşı qərəzli münasibət həmişə özünü açıq şəkildə göstərib.

Maraqlıdır ki, müzakirələr zamanı məlum olub ki, Senat üzvlərinin bir çoxunun müharibənin başa çatmasından və tərəflər arasında razılıq əldə edilməsindən ümumiyyətlə xəbərləri yoxdur. Çünki bəzi senatorların militarist bəyanatlarını başqa cür izah etmək mümkün deyil. Məsələn, senator Stefan Ravie deyib ki, Fransadakı erməni gənclər vətənlərinə dönərək vuruşmaq istəyirlər və onların yolu açılmalı, QHT-lər də bunlara yardımçı olmalıdır. Beləcə, Dağlıq Qarabağ münaqişəsinin detalları haqqında heç bir təsəvvürü olmayan, münaqişənin hazırkı mərhələsindən xəbərsiz, hətta çıxışları belə dinləməyən senatorlar səs verərək qərəzli qətnaməni qəbul ediblər. Beləliklə, bunun açıq şəkildə əvvəlcədən planlaşdırılmış təxribat olduğu ortadadır.

Azərbaycan Milli Məclisində Fransa Senatının qəbul etdiyi qərəzli qətnaməyə etiraz bəyanatı qəbul olunub. Bəyanatda deyilir ki, işğal edilmiş Azərbaycanın ərazilərində qeyri-qanuni yaradılan oyuncaq qurumun mövcudluğuna noyabrın 10-da son qoyulub. Fransa Senatının qətnaməsində Azərbaycan tərəfindən Ermənistana qarşı Türkiyə Silahlı Qüvvələrinin iştirak etməsinə dair əsassız və saxta iddialar irəli sürülüb. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Fransanın özünün dəstəklədiyi və digər mötəbər qurumların qəbul etdiyi qərarları təmin edib.

Beləliklə, Senatın qətnaməsindən aydın olur ki, bu ölkə həm də Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münaqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticələrə səbəb olmasını həzm edə bilmirlər.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasəti Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanizm idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir. Bununla da fransız siyasətçilər, ilk növbədə, öz maraqlarına zərbə vururlar. Fransa Senatının isə demokratik dəyərlərə qarşı olduğu çoxdan bəlli idi. Bu qərarla isə Senat bir daha göstərdi ki, dövlətçilik maraqlarından yox, erməni lobbisinin mənafelərindən çıxış edən bir cılız qurumdur.

Fransanın hakim siyasi dairələrinin Ermənistana "sevgisi” anlaşılandır. Bu ölkədə erməni lobbisi bir çox məsələləri həll edə bilir. Fransa Senatının qondarma qurumu tanımaq barədə qətnaməni qəbul etməsi də bir çox məqsədə xidmət edir. Seçkidən-seçkiyə erməni lobbisinin maliyyəsini əldə etmək senatorlar üçün olduqca cəlbedicidir. Amma Fransa dövlətinin xarici siyasətini Senat yox, hökumət müəyyən edir. Senatın qərarları isə tövsiyə xarakteri daşıyır. Sənədin hüquqi qüvvəsi olmasa da, siyasi anlamı var. Senatın belə bir qətnamə qəbul etməsi, Azərbaycanla ikitərəfli münasibətlərə ciddi xələl gətirməklə yanaşı, özünü demokratik dəyərlərin müdafiəçisi elan edən Fransanın tarixinə qara səhifə kimi həkk olunacaq.

Bu qətnamə Azərbaycan üçün tamamilə mənasız və əhəmiyyətsizdir. Amma Fransa göstərdi ki, haqsızlığın və işğalçının yanındadır. Senat isə bir daha sübut etdi ki, erməni lobbisinin əsiridir.

Elçin CƏFƏROV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM