24 Yanvar 2021 00:18
891
Mədəniyyət
A- A+

Eyniadlı, eynitaleli iki abidə

 

Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində qədim abidələr, məscidlər çoxdur. Onlardan ikisi rayonun Qarğabazar kəndində yerləşir. Biri məsciddir. El arasında Şah Abbas məscidi kimi tanınır. Qarabağın ən qədim məscidlərindəndir. Elmi ədəbiyyatlarda isə adı fərqli - Hacı Qiyasəddin məscidi kimi qeyd olunur. Səbəbi məscidin qapı çatı üzərindəki kitabədə “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095” yazılmasıdır. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.

Məscid eyvansızdır. Yerli daş materiallarından inşa olunmuş bir zaldan ibarət olub. Dam örtüyü tağtavan şəklindədir. Tikilinin giriş qapısı nəzərə alınmasa, ağac materialından istifadə edilməyib. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə - XVII əsrdə inşa olunan karvansara isə həmin təpənin cənubunda yerləşir. Tədqiqatçıların məlumatına görə, karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən inşa edildiyini deməyə əsas verir.

Qarğabazar kəndində tikildiyi üçün Qarğabazar karvansarası adı ilə tanınan karvansara 1681-ci ildə inşa olunub. Karvansara həmin kəndin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə tikilib. Tikilinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Karvansaranın memarının adı məlum deyil.

Qarğabazar karvansarası memarlıq üslubuna görə Alban dövrü memarlıq ənənələrinin bənzəridir. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş var. Araşdırıcıların fikrincə, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar.

Qeyd edək ki, Azərbaycanın erməni işğalı altında qalmış digər yerlərində olduğu kimi, Füzuli rayonunun ərazisindəki qədim, tarixi abidələrimiz də dağıntıya məruz qalıb. Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılıb. Qəddar düşmənin xain əlləri məscidin yaxınlığında yerləşən karvansaraya da uzanıb.

Azərbaycanın daşınmaz tarixi abidələrindən hesab edilən bu karvansara da erməni vandallığının qurbanı olub. XX əsrin sonuncu onilliyində Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişdilər...

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video