21:43 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Əsir düşməmək üçün öz gülləsi ilə şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı
ANA SƏHİFƏ / CƏMİYYƏT
14:50 16.01.2021

Vətən müharibəsi zamanı düşmənə ağır zərbələrin vurulmasında şücaət göstərən və əsir düşməmək üçün son gülləsi ilə şəhadətə ucalan şəhid Zamin Rüstəmov. O, sərhədçi kəşfiyyatçı idi. Son döyüş yeri də elə işğaldan azad edilən Vətən sərhədi oldu.

AZƏRTAC xəbər verir ki, Rüstəmov Zamin Səxavət oğlu 2000-ci il oktyabrın 17-də Füzuli rayonu Yağlavənd kəndində dünyaya göz açıb. Öz istedadı ilə fərqlənən Zamin hələ orta məktəb vaxtlarında gözəl səsə malik olub. Elə orta məktəb vaxtı paralel olaraq musiqi təhsili də alıb. Ən çox sevdiyi musiqilər isə Vətənlə bağlı olub. Qarabağ şikəstəsini ifa edən zamanı 14 yaşlı Zamin alqışlarla qarşılanıb. Onun atası və əmiləri birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Gözəl səsi olsa da, Zamin hər zaman böyüklərinin davamçısı olmağı arzulayıb.

Şəhidin atası Səxavət kişi deyir ki, Zamin orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətini Vətən sərhədlərində yerinə yetirib. Bir sərhədçi olaraq Vətənin keşiyində dayanmaq onun üçün fəxr idi. Xidmətini bitirdikdən sonra gizir kursuna daxil olub və yenidən öz seçdiyi şərəfli yoluna davam edib. Vətən müharibəsi zamanı Zamin kəşfiyyatçı sərhədçi olaraq döyüşlərə qatılıb. İlk döyüş yolu Cəbrayıl istiqamətindən başlayıb. Bir çox kəndlərin azad edilməsində düşmənə vurulan ağır zərbələrdə Zamin qəhrəmanlığı ilə seçilib. Həmçinin Cəbrayılın azad edilməsində böyük şücaət göstərib. O, sonuncu dəfə doğum gününü də döyüşlərdə qarşılayıb.

Zamin və döyüşçü yoldaşlarının növbəti tapşırığı Zəngilan rayonunun işğaldan azad edilməsi olub. Zəngilanda bir çox uğurlu hücumların təşkilində böyük rol oynayıb. Son döyüşü isə oktyabrın 23-də Ağbənd qəsəbəsində olub. Düşmənlə son ana qədər vuruşan Zamin əsir düşməmək üçün özünün sonuncu gülləsi ilə şəhadətə ucalıb.

Şəhidimizin Vətənlə bağlı olan arzuları kimi öz ailəsi və həyatına aid bir çox planları da vardı. Lakin söhbət Vətən torpağı olunca, bu arzuları yarıda saxlayıb. Şəhidin bacısı Təhminə Rüstəmova deyib: “Qardaşımı itirmək ağır olsa da, Zaminin şəhidlik zirvəsinə ucalması ilə qürur duyuruq. Onun ən böyük arzularından biri mənim ali təhsil almağım idi. Bu istəklə yaşayan qardaşım ali təhsil almağım üçün köməklik də göstərib. Bir qardaş, bir bacı idik. Şəhid bacısı olaraq, qardaşımın yarım qalan arzularını gerçəkləşdirmək niyyətindəyəm”.

Oğlu ilə qürur duyduğunu söyləyən şəhid anası Tənzilə Əhmədova sözlərini göz yaşları ilə ifadə edir. Onun tək istəyi isə Zaminin adının əbədiləşdirilməsi üçün onun təhsil aldığı musiqi məktəbinə oğlunun adının verilməsidir. Çünki həmin məktəbin ilk şəhidi elə Zamindir.

Qeyd edək ki, Zamin Rüstəmov ölümündən sonra “Vətən uğrunda” və “Zəngilanın azad edilməsinə görə” medalları ilə təltif olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM