16 Yanvar 2021 01:25
563
SİYASƏT
A- A+

Ermənistanın terrorçuluğu beynəlxalq miqyasda təsdiqini tapır

 

“Amnesty International” dinc azərbaycanlı əhalinin bu ölkə tərəfindən raket hücumları ilə qətlə yetirildiyini bəyan etdi

 

Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan xalqı qəhrəmanlığın, mübarizliyin, vətənpərvərliyin əsl nümunələrini yaratdı. Bu savaş xalqımızın mətinliyini, ümummilli və taleyüklü məsələlərdə həmrəyliyini, öz rəhbəri ətrafında daim səfərbər olduğunu nümayiş etdirdi.

 

Azərbaycanı öz yolundan döndərmək mümkün deyil

 

Ermənistana gəldikdə isə məğlubiyyəti və torpaqlarımızdan qovulması ilə bu ölkə işğalçı olduğunu isbatladı. Eyni zamanda 44 günlük müharibənin gedişində hər gün məğlubiyyətə uğrayan işğalçı dövlət Azərbaycanın mülki yaşayış məntəqələrini, o cümlədən cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərini atəşə tutmaqla, mülki vətəndaşları hədəfə almaqla özünün vandal və terrorçu mahiyyətini bir daha göstərmiş oldu.

Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilən işğalçı qoşunlar bu məğlubiyyətin əvəzini çıxmaq üçün Tərtər, Bərdə, Goranboy, Beyləqan, Ağdam, Ağcabədi rayonlarını hər gün artilleriya və raket atəşinə tutdular. Düşmənin bu zaman qadağan olunmuş kasetli bombalardan istifadə etdiyi də təsdiqini tapdı. Cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə ballistik zərbə endirildi. O cümlədən Abşeron, Xızı, Şəmkir rayonları, Mingəçevir şəhəri hədəfə alındı.

Ermənistanın bu raket hücumlarını həyata keçirməkdə yeganə məqsədi mülki insanlar arasında təşviş və çaxnaşma yaratmaq, bacardıqca çoxlu mülki şəxsləri qətlə yetirmək idi. Lakin Vətən müharibəsində yumruq  tək birləşən xalqımızın iradəsini qırmaq, qorxutmaq mümkün deyildi. Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyev xalqımızın qəhrəmanlığını qeyd edərək dedi: “Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb”.

 

Ermənistan ifşa olunur

 

Mülki əhalinin və yaşayış məntəqələrinin bombardman edilməsi Ermənistanın terrorçuluq mahiyyətini bir daha göstərdi. Gəncə və Bərdənin ballistik raketlərlə, kasetli bombalarla atəşə tutulması beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulması idi.

Artıq Ermənistanın bu əməlləri beynəlxalq səviyyədə də etiraf edilir və ifşa olunur. Belə ki, bu günlərdə “Amnesty International” təşkilatı 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair yeni hesabat yayıb. Hesabatda Ermənistan silahlı qüvvələri tərəfindən qeyri-dəqiq ballistik raketlərdən, idarə olunmayan çoxsaylı raket sistemlərindən və artilleriya silahlarından istifadə edildiyi bildirilir. Hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra “Amnesty International”ın ekspertlərinin raket zərbələrinə məruz qalmış bir sıra ərazilərə səfər etdikləri qeyd olunur. Bildirilir ki, həmin ekspertlər vəzifəli şəxslərlə, raket zərbələrindən sağ qalmış insanlarla və həlak olmuş mülki şəxslərin yaxınları ilə görüşüblər. Təşkilatın böhran qrupu raket qalıqlarını nəzərdən keçirərək müharibə zamanı çəkilmiş videoları, fotoları və peyk şəkillərini də araşdırıblar.

“Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib. Bununla bağlı hesabatda qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də Gəncə şəhərindəki Muxtar Hacıyev küçəsinə endirdiyi “SCUD-B” ballistik raketinin zərbəsi nəticəsində 21 mülki şəxs qətlə yetirilib və 50-dən çox insan yaralanıb. Bu hücum zamanı Südabə Əsgərova adlı şəxsin 15 yaşlı qızı Nigar doğum günündən bir gün əvvəl həlak olub. “O, mənim yeganə övladım idi”, - deyə Südabə Əsgərova “Amnesty International” təşkilatının nümayəndəsinə bildirib. 64 yaşlı Ramiz Qəhrəmanov isə deyib ki, raket hücumu zamanı onun 34 yaşlı qızı Xatirə, 11 yaşlı nəvəsi Orxan, 6 yaşlı nəvəsi Məryəm və 18 yaşlı nəvəsi Ləman həlak olub.

Həmçinin hesabatda qeyd olunur ki, Ermənistan tərəfindən oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində evlərə böyük ziyan dəyib və həmin vaxt 5 mülki şəxs qətlə yetirilib, 14 nəfər yaralanıb. Ölənlər arasında həmin vaxt həyətdə oynayan 7 yaşlı Aysu İsgəndərova da olub. Ermənistan silahlı qüvvələri oktyabrın 28-də isə cəbhədən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərini bir neçə iriçaplı raketlərlə atəşə tutub. Atılan raketlərdən üçü şəhərin mərkəzinə, ikisi iki xəstəxananın yaxınlığına düşüb. Üçüncü raket - 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqlarından ibarət Rusiya istehsalı olan 9M55 “Smerch” raketinin şəhərin əhalinin sıx yaşadığı yerə düşməsi nəticəsində 21 mülki şəxs həlak olub.

Hesabatda o da diqqətə çatdırılıb ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi endirməsi nəticəsində Qurbanovlar ailəsinin 5 üzvü həlak olub və yaşadıqları ev dağılıb.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı müharibə cinayəti və dövlət səviyyəsində terror aktları həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri elə müharibə günlərində iflasa uğramışdı. Azərbaycan xalqı qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək mümkün deyildi. Torpaqlarımızın azad olunması ilə bütün şəhidlərimizin, o cümlədən Ermənistanın terrorçu hücumlarının qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı, qanları yerdə qalmadı.

Eyni zamanda Azərbaycan dövləti Ermənistanın terrorçu siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən də təsdiq edilməsinə nail olur. “Amnesty International”ın hesabatı bunun bariz nümunəsidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video