17:06 12 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ermənistanda hərbi qiyam başladı 

ANA SƏHİFƏ / SİYASƏT
00:42 26.02.2021

 

Xocalı soyqırımını törədənlər və son savaşda məğlub olan müharibə caniləri indi Paşinyana qarşı çevriliş edirlər 

 

Ermənistanda müharibədəki məğlubiyyətdən sonra gərginləşən ictimai-siyasi vəziyyət ölkədə xaotik vəziyyət yaradıb. Mövcud durumdan istifadə edən keçmiş hərbi xuntanın revanş istəyi isə vəziyyəti daha da gərginləşdirməkdədir. Əsas niyyət iqtidara  qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olmaq, güc yolu ilə olsa belə hakimiyyəti qəsb etməkdir.

Görünən odur ki, Xocalı soyqırımını törədənlər və son savaşda məğlub olan müharibə caniləri indi də hərbi qiyam başlatmaqla Paşinyanı hakimiyyətdən devirmək niyyəti güdürlər. Belə ki, baş qərargah rəisi Onik Qasparyan, bütün müavinləri, şöbə müdirləri və böyük hərbi birləşmələrin komandirləri bəyanat imzalayaraq baş nazirin istefasını tələb ediblər. Paşinyanın isə Qasparyanı istefaya göndərməsi vəziyyəti daha da gərginləşdirib.

 

Paşinyan öz tərəfdarlarını meydana səslədi

 

40-dan çox yüksək rütbəli hərbçi tərəfindən imzalanan bəyanatda bildirilir ki, baş qərargah Paşinyanın uzaqgörən olmayan və əsassız addımlarına, xüsusən də baş qərargah rəisinin birinci müavininin vəzifəsindən azad edilməsinə qəti surətdə etiraz edir. Hərbçilər hesab edirlər ki, Tiran Xaçatryanın vəzifədən kənarlaşdırılması Ermənistanın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verilib. “İndiki çətin şərtlərdə belə bir qərar dövlətə qarşı yönələn və məsuliyyətsiz bir addımdır” deyə açıqlamada qeyd edilir.

Paşinyan  isə “Facebook” səhifəsindən açdığı canlı yayımda ölkənin baş qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. Bundan sonra o, tərəfdarlarını meydana çıxmağa çağırıb: “Tərəfdarlarımızı elə indi Respublika meydanına çıxmağa dəvət edirəm. Vəziyyət çox gərgindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini meydanda açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətini qorumaqdır”.

Daha sonra baş nazir hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxaraq çevriliş cəhdinin artıq nəzarəti altında olduğunu vurğulayıb. Baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü, ancaq indiki vəziyyətdə cəmiyyətin yüksək rütbəli hərbçilərə müəyyən sualların olduğunu və bu suallardan qaçmağın mümkünsüzlüyünü bildirib. Hökumət rəhbəri məhz bu sualları onlara yönləndirdiyinə görə ordunun onu istefaya çağırdığını qeyd edib.

Hərbi çevriliş cəhdinə qarşı xalqı küçələrə çağıran Paşinyan yürüşə başlayıb. Oğlu da Nikol Paşinyanla birlikdə yürüşdə iştirak edib. Hakim “Mənim addımım” blokundan olan deputatlar və digər dövlət rəsmiləri də yürüşə qatılıb.

Günün sonunda isə baş nazir yürüşü dayandırdığını elan edərək tərəfdarlarını və siyasi qüvvələri məşvərətə çağıraraq deyib ki, biz xalqın mövqeyini təsbit etdik. On minlərlə insan bizimlə birlikdə Respublika meydanında oldu: “Mən hamıya daha bir “məxməri inqilab”ın olmayacağını vəd edirəm”. Paşinyanın sözlərini tərəfdarları alqışlarla qarşılayıb.

 

Keçmiş hərbi xunta da hərbçiləri dəstəkləyir

 

Bu arada sabiq prezidentlər  Robert Koçaryan və Serj Sarkisyan da hərbçilərin qiyamını dəstəkləyərək Paşinyanı istefaya getməyə çağırıb. “Müharibəni uduzan hakimiyyət getməlidir. Bu, ilk növbədə milli dirçəlişimiz üçün lazımdır” deyə Koçaryan bəyan edib.

Azadlıq meydanında müxalif “Vətənin xilası uğrunda” hərəkatının tərəfdarları toplaşıblar. Ermənistanın baş naziri Nikol Paşinyana dəstək olaraq yürüş edən vətəndaşlar da oradan keçib gediblər. Hakimiyyət və müxalifət tərəfdarları arasında ilk qarşıdurmalar baş verib.

Müxalifətin “Vətənin xilası hərəkatı”  yaydığı bəyanatında bildirir ki, silahlı qüvvələrin yüksək komandanlığının bəyanatını tam dəstəkləyir və alqışlayır, ölkənin təhlükəsizliyinin yeganə qarantına öz dəstəyini ifadə edir. “Paşinyan indi xalqı vətəndaş toqquşmasına və qan axıdılmasına sürükləmək istəyir. Bütün vətəndaşları bu rejimin təxribatına uymamağa, təmkin və soyuqqanlılıq nümayiş etdirməyə, ordunun və onun komandanlığının ətrafında birləşməyə çağırırıq” - bəyanatda deyilir.

 

Parlament binası ətrafında barrikadalar qurulub

 

V.Manukyan qeyd edib ki, biz Paşinyanı xain və düşmən sayırıq. Biz onunla yalnız onun hakimiyyəti necə tərk edəcəyini müzakirə edə bilərik. Müxalifət lideri yekunda tərəfdarları parlament binası ətrafında barrikadalar qurmağa çağırıb.

Etiraf edək ki, aylardır davam edən etirazlar fonunda görünən budur ki, Ermənistan müxalifəti öz niyyətinə çata bilmir və buna görə də xalqı günahlandırmağa başlayıb. “Vətənin xilası hərəkatı”nın  rəhbəri Vazgen Manukyana görə, baş nazirə inananlar problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır.

Müxalifət lideri güc stukturları ilə bağlı da fikirlər səsləndirib: “İkinci sütun güc strukturlarıdır. Bunlar bəzən öz maraqlarından çıxış edərək dövlət vəzifələrini icra etdiklərinə inanan, Türkiyə-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq”.

Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb: “Üçüncü qüvvə, parlamentdə Nikol Paşinyanın dayağı olan deputatlardır. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan”.

Manukyan qarşıda duran problemləri həll etməyin yollarından birinin də davamlı nümayişlər və qiyam olduğunu deyərək, müxalifəti şəhəri iflic etməyə çağırıb: “Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər etməli, maşın konvoyları bütün Ermənistanı gəzməlidir. İnsanları etiraz etməyə, birləşməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmaq lazımdır. Bunun üçün iş, vaxt lazımdır. Ancaq “b” planı da var: hər an, istər bu gün olsun, istər bir həftədən, istərsə də on gündən sonra qiyam yolu ilə insanlar ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmalıdır”.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM