16:12 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Doğmalarını gözüyaşlı qoysa da, Azərbaycanı Qarabağsız qoymadı

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:20 17.01.2021

 

Qara xəbər yüyrək olur, deyirlər. Oktyabr ayının sonu yaxınlaşırdı, 25-i idi. Axşamdan bütün Azərbaycanı qara xəbər bürüdü: “Kobra” ləqəbli 50 yaşlı polkovnik-leytenant Xeyrulla Mais oqlu İbrahimov şəhid olub. Allah, Allah, bayram sevinci bitməmiş dərd-kədər bürüdü Azərbaycanı. Arzular, muradlar, niyyətlər, daha nələr-nələr düşmən gülləsinə tuş gəlib al-qana qərq oldu oktyabrın 25-i...

Xeyrullanın bir qardaşı, bir bacısı var. Ailənin böyüyü - ilki idi. Bildiyimə görə, Xeyrulla ürəkli bir övlad olub. Onu da bilirəm ki, bu dünyada hər kəsin öz yeri var. Kimsə kiminsə yerini dolduracaq qüdrətində deyil. Çünki Ulu Yaradan hər kəsi bir “mən” olaraq yaradıb. 50 yaşlı Xeyrulla da elə özüdür. Onun igidliyi, qəhrəmanlığı, Vətən uğrunda verdiyi can özü kimi saf, müqəddəs, arzularla dolu, duyğulu, həyat eşqli idi. Fəqət həmin gün bu arzular, bu duyğular güllə səslərinə qarışdı, mərmilərə tuş gəldi.

Hələ 1992-ci ildə xalqının düşmən, bədnam və mənfur erməni işğalı ilə apardığı döyüşlərdə iştirak etmək üçün “Kobra” öz Vətəninə qayıtmış, Laçın, Qubadlı, Zəngilan, Cəbrayil, Füzuli, Tərtər rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərə qoşulmuşdu. Döyüşlərdə iştirak etdiyi rayonların heç birində nə özü, nə də hərbi hissələri bir addım geri çəkilmişdi. Lakin 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində yaralanan Xeyrulla döyüşlərdən aralanmağa məcbur olmuşdu.

Onun üçün arzularından yüksəkdə bir sevgi vardı - Vətən sevgisi. Xeyrulla Vətən sevgisinə görə bütün arzularından keçmişdi. Atasının yana-yana, ağrı ilə dilə gətirdiyi “Bala, bu uşaqları yerbəyer et, sonra gedərsən savaşa”, - arzusuna belə cavab vermişdi: “Ata, sən də, bacı-qardaş da, uşaqlar da Allaha əmanət olun. Gedib Vətəni düşmənin caynağından xilas edək, qayıdıb hər şeyi yoluna qoyacağam.” Xeyrulla sanki o məqamda ilahi inadkarlıq göstərmişdi. Çünki o, atasına ömrü boyu qayıtmamışdı.

Bax, elə buna görə Xeyrulla bənzərsizdir, əvəzolunmazdır. Göz yaşlarımız sifətimizi döyəcləyir, ürəyimiz qəfəsə salınmış bülbül kimi çırpınır. Dərd-dərd üstündən, ağrı-ağrı üstündən...

Atası Mais kişi içini yandıran bu itkinin təsirindən çıxmayıb:  “Övladları Türkiyədə təhsil alır. Dedim ki, ay bala, onları yerbəyer elə, pandemiya dövründə belə qalmasınlar. Dedi ki, ata, qala bilmərəm. Çox vətənpərvər oğul idi, inadkarlığı və prinsipiallığı ilə seçilirdi”.

Dəqiq koordinat bilgilərinə sahib olan X.İbrahimovun hərbi xidmətdə yüksək fəallıq göstərdiyinə görə bir həftə ərzində müdafiə nazirinin əmri ilə vəzifəsi bərpa olunaraq Bakı korpusu üzrə artilleriya rəisi təyin edilmişdi. Hərbini çox dərindən bildiyi, mühüm strateji yüksəklik və məntəqələri işğaldan azad etdiyi və bu səbəbdən düşməni vahiməyə saldığı üçün ermənilər “Kobra”nın başına böyük məbləğdə pul mükafatı ayırmışdılar.

Anasının dediklərindən: “Dedim ki, ay oğul, uşaqların anası 4 aydır rəhmətə gedib, onları mənə necə ümid olub gedirsən? Dedi ki, sən möhkəm anasan. Bilirəm ki, onları darda qoymazsan. Oğlum Vətən uğrunda şəhid olub. Mən oğlumu qoruyum, başqası da eləcə. Bəs, Vətəni kim qorumalıdır? Mən fəxr edirəm oğlumla. Bu cür övlad yetişdirdiyim üçün içim dərdlə dolu olsa da, əldə etdiyimiz möhtəşəm Zəfər oğlumun qanının yerdə qalmadığını sübut etdi”.

Oğlu Anar: “O, yeganə hərbçi idi ki, bir mərmi topu ilə iki texnika partlada bilirdi. Papağına düşən kölgəylə belə, düşmənin texnikasının yerini təyin edə bilirdi. Savaşa getdiyi gün - sentyabrın 28-i onun ən yaxşı günü idi, sevinə-sevinə yollandı döyüşlərə”.

Orada eşitdiklərimiz, gözü nəmli, ürəyi dərdli atasının bizə təqdim etdiyi bir sənəd diqqətimizi xüsusi cəlb etdi. Burada Xeyrulla haqqında hər şey var idi:

“Xeyrulla 19 aprel 1971-ci ildə anadan olub. 1978-1985-ci illərdə Bakıdakı 116 nömrəli orta məktəbdə təhsil alıb. O, 1988-1992-ci illərdə isə Xmelnitski Ali Artilleriya Komandanlıq Məktəbində oxuyaraq artilleriya ixtisasını qazanıb. Təhsildən sonra leytenant rütbəsi ilə müdafiə nazirinin əmrinə əsasən hərbi xidmətini 930 nömrəli hərbi hissədə davam etdirib. 28 sentyabr 1992-ci ildən başlayaraq həmin hissədə haubitsalı artilleriya divizionunun qərargah rəisi-divizion komandirinin müavini, sonra 888 nömrəli hərbi hissədə zenit artilleriya divizionunun komandiri, HHM və HHQ komandanlığının sərəncamı ilə 777 nömrəli hərbi hissənin artilleriya divizionunun komandiri, haubitsalı artilleriya divizionunun komandiri, 877 nömrəli hərbi hissənin artilleriya rəisi vəzifələrində çalışıb. X.İbrahimov 1999-2000-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicisi olub, 2000-2003-cü illərdə isə 930 nömrəli hərbi hissə komandirinin müavini, 2003-2004-cü illərdə bu hərbi hissədə komandirin maddi-texniki təminat üzrə müavini, MTT bölmə rəisi, 2004-2009-cu illərdə 005 nömrəli hərbi hissənin komandiri, 2009-cu ildə 915 nömrəli hərbi hissənin komandiri vəzifələrini icra edib.

Ordu quruculuğundakı xidmətləri “Hərbi xidmətlərə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, Azərbaycan Silahlı Qüvvələrində uzunmüddətli xidmətinə görə “Qüsursuz xidmətə görə” II dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubileyi” medalları ilə təltif olunmuş Xeyrulla İbrahimovun leytenantlıqdan başlayan yolu polkovnik-leytenant rütbəsində tamamlanıb”.

Və beləcə Xeyrulla uzun müddət xidmət etdiyi ordudan aralanmışdı. Amma Milli Qəhrəman general Polad Həşimovun, eləcə də həmin gün mərd oğullarımızın qəhrəmancasına şəhidlik zirvəsinə qovuşmaları ona çox təsir etmişdi. İtkilər onu ağrıdırdı. Odur ki, yenidən silaha sarılıb könüllü olaraq Vətən torpaqlarının işğaldan azad olunması uğrunda mübarizəyə qoşuldu. Cəbrayıl, Füzuli, Suqovuşan, Hadrut, Zəngilan, Şuşa, digər kəndlərimizin işğalçılardan təmizlənməsində yaxından iştirak etdi, böyük hünər göstərdi. Və günlərin birində snayperin gülləsinə tuş gəldi... Oktyabrın 26-da bayraqla Şuşa zirvəsinə qalxarkən şəhid oldu... Ölümündın sonar Xeyrulla İbrahimov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görüldü.

Şəhid zabit nümunəvi bir ailədə böyüyüb tərbiyə almışdı. Atası Mais kişini uzun müddətdir tanıyırıq. İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olmuş Mais İbrahimov ömrü boyu xeyirxah əməllərlə məşğul olub. Bunun nəticəsidir ki, ailəsində atasının adını verdiyi Xeyrulla kimi igid, qəhrəman, nər oğul böyümüşdü.

Oktyabrın 26-da yaşadığı bütün məhəllə, qohum-əqrəba, qohumlar, yaxınlar, silah dostları, bütün Basqal eli Xeyrullanın Şəhidlər xiyabanındakı dəfninə yığışdı, el qaydasınca torpağa tapşırdı, şəhidliyinə şahidlik etdi. Xeyrullanı üçrəngli Azərbaycan bayrağına büküb ölümsüzlüyə doğru getdiyi yola uğurladılar.

Basqal camaatı hər zaman öz igid, cəsur, qorxmaz, Azərbaycan uğrunda özünü od içinə atan igid oğulları ilə fərqlənib. Birinci Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmanlıqla həlak olan İbrahim Hüseynov və Rəmzi Novruzov kimi...

Danışmağa sözümüz, yeriməyə taqətimiz qalmayıb, beynimizi Milli Qəhrəman, mərhum telejurnalist Alı Mustafayevin yazdığı misralar döyəcləyir:

 

Baxıram dünyanın bu gərdişinə,

Dəli bir ağlamaq keçir könlümdən!

 

Xeyrullanın dəfnində çəkilən şəkillərə baxırıq. Dəfnə gələnlər sanki ürəklərini tabutla birgə göndərirdilər qəbir evinə. Atası Mais kişi də, anası Xalidə xanım da, qardaşı Zaur da, bacısı İlhamə də, övladları Ləman və Anar da sanki bir gecənin içində bir əsr qocalmışdılar, belləri bükülüb, gözləri zəifləmişdi. Bu ağrı-acını onu çəkənlərdən başqa kimsə bilməz!

Bəlkə də Xeyrulla tabuta sarılmış dostları, atası, anası ilə söhbət edib deyirdi: “Məndən nigaran qalmayın. Mən ayağa qalxacam, yarama torpaq tökün!” Bəlkə elə dostları Xeyrullanın bu son sözlərini, arzusunu eşidib Şəhidlər xiyabanında, qızılı payızın sevgililəri qoynuna alıb, sevgilərə sığal çəkdiyi, qaranquşların bir eldən uzaqlaşaraq başqa bir eldə məskunlaşdığı bir vaxtda müqəddəs qəbiristanlıqda bir məzar qazdırıb, Xeyrullanın qanlı yarasını sarımaq üçün onu torpağa tapşırdılar?! Bəlkə elə bu gündən sonra Xeyrulla ilə birgə arzuları torpağa gömülən ailəsi, yaxınları, dostları o məzarın yolçusu olacaqlar?! Bəlkə onların ən böyük rahatıq tapdıqları ünvan da, məkan da Xeyrullanın müqəddəs torpaqda uyuyan məzarıdır. Bəlkə nə vaxtsa dünya etdiyi ədalətsizliyə görə Şəhid qanından utanacaq?! Bəlkə, bəlkə, bəlkə də!!!

 

Daşdəmir ƏJDƏROĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM