17 Dekabr 2020 00:40
2105
SİYASƏT
A- A+

Daim vətəndaşının yanında olan lider


Prezidentin sərəncamlarına əsasən, Ermənistanın təcavüzü nəticəsində əhaliyə və dövlətə dəymiş ziyanın nəticələri aradan qaldırılacaq


İkinci Qarabağ müharibəsində Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu müharibənin ortaya qoyduğu gerçəkliklərdən biri bütün dünyanın bir daha Ermənistanın işğalçı dövlət olmasına şahidlik etməsi idi.

Bununla yanaşı, 44 günlük müharibənin gedişində hər gün məğlubiyyətə uğrayan işğalçı dövlət Azərbaycanın cəbhə xəttinə yaxın və həm də uzaq yaşayış məskənlərini atəşə tutmaqla, mülki vətəndaşları hədəfə almaqla özünün vandal və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi.


Beş mindən çox ev dağılıb


Müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində darmadağın edilən, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilən işğalçı qoşunlar bu məğlubiyyətin əvəzini çıxmaq üçün Tərtər, Bərdə, Goranboy, Ağdam, Ağcabədi rayonlarını hər gün artilleriya və raket atəşinə tutdu. Düşmənin bu zaman klastr bombalarından istifadə etdiyi də təsdiqini tapdı. Cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə ballistik zərbə endirildi. O cümlədən döyüş əməliyyatlarının getmədiyi Şəmkir rayonu və Mingəçevir şəhəri hədəfə alındı.

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsindəki Qələbəyə həsr olunmuş Zəfər paradında Prezident İlham Əliyev xalqımızın qəhrəmanlığını qeyd edərək dedi: "Mən bir daha Azərbaycan xalqının qəhrəmanlığını dilə gətirmək istəyirəm. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib, bizim şəhərlərimizi ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutub. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub. Ancaq Azərbaycan vətəndaşı öz torpağından bir addım geri atmayıb”.

Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəfə alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.


11 işçi qrupu yaradılıb


Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək üçün Baş nazirin sədrliyi ilə Dövlət Komissiyası yaradılıb.

Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq sərəncam imzalanıb və aidiyyəti təyinatlı 11 işçi qrupu təşkil olunub. İşçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Sərəncamda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib. Məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı müfəssəl məlumatlar daxil edilir. Burada eyni zamanda şəxsi, məkan və zaman informasiyaları,10 ədədədək foto və 3 dəqiqəlik video, qiymətləndirmənin məbləği və digər bu kimi məlumatlar da öz əksini tapacaq.

Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir.


İlkin mərhələdə əhali məişət əşyalarına dəymiş ziyanla bağlı maddi yardım alacaq


Dekabrın 14-də isə Prezident İlham Əliyev sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.

Bir daha qeyd edək ki, bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər.

Növbəti mərhələdə isə mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq.

Göründüyü kimi, Vətən müharibəsi zamanı işğalçı Ermənistan tərəfindən mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Tezliklə dəymiş hər bir zərər aradan qaldırılacaq, evlər və infrastruktur bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq. Bu istiqamətdə imzalanan sərəncamlar bir daha göstərir ki, Prezident İlham Əliyev hər zaman öz vətəndaşının yanındadır.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video