19:07 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Co Bayden Ağ evdə

ANA SƏHİFƏ / DÜNYA
00:47 22.01.2021

 

ABŞ-ın 46-cı Prezidenti səlahiyyətlərinin icrasına başladı

 

Gözlənildiyi kimi, ABŞ-ın seçilmiş Prezidenti Co Bayden yanvarın 20-də and içərək səlahiyyətlərinin icrasına başlamışdır. Dövlət başçısı ilə bərabər, Kaliforniya ştatından keçmiş senator, seçilmiş vitse-prezident Kamala Harris də and içmişdir. Harris vitse-prezident vəzifəsini tutan ilk qadın olaraq ABŞ tarixinə düşmüşdür.

Andiçmə mərasimi ənənəvi olaraq Konqres binasının - Kapitolinin qarşısında keçirilmişdir. Hakimiyyət orqanları cari ayın 6-da Kapitolidə baş vermiş iğtişaşları nəzərə alaraq mərasimin təhlükəsizliyini təmin etmək üçün ən yüksək səviyyədə tədbirlər görmüşdü. Milli Qvardiyanın 25 min hərbi qulluqçusu və 3 min polis əməkdaşı Kapitolinin ətrafında yerləşdirilmişdi. Ərazi hasara alınıb tikanlı məftillərlə çəpərlənmişdi. Həmçinin Vaşinqtonun mərkəzindəki Milli Mall, yollar və metro stansiyaları bağlanmışdı.

Eks-prezident Donald Tramp xələfinin andiçmə mərasiminə qatılmamışdı. O, seçkilərdə məğlub olduğunu etiraf etməkdən boyun qaçırmış, qələbəsinin “oğurlandığını” iddia etmiş, amma yanvarın 6-da tərəfdarları Kapitoliyə basqın etdikdən sonra hakimiyyətin dinc yolla təhvil verilməsini təmin edəcəyini bildirmişdi. Onu da qeyd edək ki, Trampdan əvvəl səlahiyyət müddəti bitən üç dövlət başçısı andiçmə mərasimində iştirak etməmişdi. Belə hadisə sonuncu dəfə 1869-cu ildə baş vermişdi.

Ağ ev ötən çərşənbə axşamı Trampın vida müraciətini yayımlamışdır. O, müraciətində amerikalıları yeni hökumət üçün dua etməyə çağırmış, amma öz varisinin və ölkənin 46-cı Prezidentinin adını çəkməmişdir. Tramp qeyd etmişdir ki, “bu həftə yeni administrasiyanın gəlişini gözləyir, təhlükəsiz və çiçəklənən Amerikanı qoruyub saxlamaqda onun uğuru üçün dua edirik”. 45-ci Prezident müraciətində amerikalılara ABŞ-ın böyük ölkə olduğunu xatırlatmış, başçılıq etdiyi administrasiyanın son dörd il ərzində qazandığı uğurları vurğulamışdır. Tramp Prezident kimi qazandığı uğurlar kimi qısa zaman kəsiyində koronavirusa qarşı peyvənd yaradıldığını, pandemiya şəraitində əhalinin və biznesin iqtisadi baxımdan dəstəkləndiyini, vergilərin azaldıldığını, işsizlik səviyyəsinin aşağı düşdüyünü göstərmişdir. O, xarici siyasət sahəsində uğurlarından bəhs edərkən Meksika və Latın Amerikasının bir sıra digər ölkələri ilə ticarət sazişlərinin imzalanmasını, “maraqlarımıza xidmət etməyən birtərəfli qlobal müqavilələrdən” çəkilməyi, NATO-nun üzvü olan ölkələrin müdafiə xərclərinin artırılmasını, ABŞ Kosmik Qüvvələrinin yaradılmasını və orduda keçirilmiş digər islahatları qeyd etmişdir. Tramp son onilliklər ərzində “yeni müharibələrə başlamayan” ilk ABŞ Prezidenti olduğunu da nəzərə çarpdırmışdır.

Yeni Prezidentin and içməsi mərasimində çoxsaylı fəxri qonaqlar, o çümlədən Tramp administrasiyasının keçmiş vitse-prezidenti Maykl Pens, üç sabiq Prezident - Barak Obama, Bill Klinton və Corc Buş (oğul) iştirak etmişlər. 96 yaşlı eks-prezident Cimmi Karter səhhəti ilə əlaqədar tədbirə gələ bilməmişdir. Ölkə parlamentinin üzvləri, yeni hökumətin nazirləri və digər tanınmış şəxslər də tədbirdə idilər. Mərasimdə ABŞ-ın Dövlət Himnini məşhur müğənni Ledi Qaqa ifa etmişdir.

Bununla yanaşı, andiçmə mərasimi dar formatda və karonavirus pandemiyası ilə əlaqədar sosial məsafə normalarına uyğun olaraq keçirilmişdir. Belə ki, tədbirdə tamaşaçıların iştirakına icazə verilməmiş, yeni dövlət başçısının səlahiyyətlərini icra etməyə başlaması münasibətilə təntənəli paraddan imtina etmək lazım gəlmişdir.

Bayden andiçmə mərasiminin gedişində çıxış edərək bütün amerikalıların Prezidenti olacağına, parçalanmış Amerika cəmiyyətini barışdıracağına və siyasi ixtilafları aradan qaldıracağına söz vermişdir. Ağ evin yeni sahibi seçkilərdə qələbə qazanmasını demokratiyanın təntənəsi kimi qiymətləndirərək irqçilik və daxili terrorizmlə mübarizəni gücləndirəcəyini vəd etmişdir. Onun dediyinə görə, ölkə çox şey etməli, çox şeyi düzəltməli və çox şeyi bərpa etməlidir.

Prezident Bayden ABŞ-ın müttəfiqləri ilə münasibətləri düzəldəcəyinə də söz vermişdir. O əlavə etmişdir ki, rəhbərlik edəcəyi ABŞ tərəfdaşlarla birlikdə qlobal problemlərin həllinə girişəcək: “Biz dünənki günün çağırışlarına yox, bu gün qarşılaşdığımız və sabah qarşılaşa biləcəyimiz çağırışlara cavab vermək üçün bütün dünya ilə fəal əməkdaşlıq edəcəyik”. Yeni Prezident bildirmişdir ki, ABŞ beynəlxalq aləmdə yalnız gücün nümunəsi kimi yox, həm də nümunənin gücü kimi çıxış edəcək, sülh, tərəqqi və təhlükəsizlik işində güclü və etibarlı tərəfdaş olacaq.

Müşahidəçilər demokratlar Bayden və Harrisi Ağ evdə nadir tandem kimi qeyd edirlər. Belə ki, bu iki siyasətçi əvvəllər bir-birinə rəqib idi və bir-birinə əks mövqe sərgiləyirdi. Hər ikisi Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq istəyirdi. 2019-cu il iyulun axırlarında ilk televiziya debatında Harris və Bayden bir-birinə hücum edirdilər. Harris keçmiş vitse-prezidenti 1970-ci illərdə yürütdüyü siyasətə görə pisləyirdi. O vaxt Bayden senator idi. Harrisin dediyinə görə, Bayden qaradərili və ağdərili amerikalı məktəblilərin birlikdə təhsil almasını əngəlləməyə çalışan ABŞ senatorlarını dəstəkləyirdi. Belə məktəbli qızlardan biri də Harris idi. Bayden isə bu tənqidlərdən çətinliklə müdafiə olunurdu. İki siyasətçi arasında belə ziddiyətlər zaman-zaman özünü büruzə verirdi.

Bütün bunlara baxmayaraq, Bayden və Harrisin ortaq cəhətləri ilk baxışdan çox görünməsə də, onların siyasi proqramları bir-birini mükəmməl tamamlayır. Baydenin prezidentliyi dövründə onların ən çox diqqət yetirəcəkləri sahələr -  iqtisadiyyat, ətraf mühitin mühafizəsi, təhsil, sosial ədalət  çoxsaylı amerikalılar tərəfindən rəğbətlə qarşılanır.

Kaliforniyalı senatorun özü prezidentliyə namizəd olmaq istədiyi vaxtda da Demokratlar Partiyasının bir çox üzvləri Bayden-Harris tandemini bəyənirdilər. Hamı qaradərili qadını prezidentliyə namizəd kimi təsəvvür edə bilmirdisə də, çoxları onu Baydenin tərəfdaşı kimi qəbul edirdi. Hətta Baydendən razı olmayan seçicilər Harrisin vitse-prezidentliyə namizədliyi irəli sürüldükdən sonra gələcəyin Prezidentini dəstəkləməyə başlamışdılar.

Beynəlxalq ictimaiyyət ABŞ-ın yeni Prezidentinə qara qutu kimi baxır. İnsanlar qutunun içindən nə çıxacağını bilməkdə hələ çətinlik çəkirlər. Axı ilan vuran ala çatıdan qorxar. Dörd il rəqiblə də, müttəfiqlə də təzyiq, sanksiya dili ilə danışmış Trampın dünyanı çalxalayan siyasəti yaddan çıxmayıb. Hamı Ağ ev administrasiyasının, nəhayət, normal siyasət yürüdəcəyini səbirsizliklə gözləyir.

 

Allahverdi MEHDİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM