02 Mart 2021 00:56
1506
SİYASƏT
A- A+

Cənubi Qafqazın qalib dövləti

 

Məğlub Ermənistanın isə reallıqla barışmaqdan və üçtərəfli bəyanatların bəndlərini yerinə yetirməkdən başqa yolu yoxdur

 

Azərbaycanın hərbi-siyasi zəfəri, Ermənistanın isə tarixi boyu unuda bilməyəcəyi məğlubiyyəti ilə başa çatan İkinci Qarabağ müharibəsi Cənubi Qafqaz bölgəsində həm də yeni reallıqlara gətirib çıxardı. Ən mühüm reallıq Ermənistanın işğal siyasətinə son qoyulmasıdır. Bəzi beynəlxalq təşkilatların onilliklər boyu məqsədyönlü şəkildə ortaya atdıqları “problemin güc yolu ilə həlli yoxdur” tezisini darmadağın edən İlham Əliyev sübut etdi ki, işğalın qarşısını işğalçını güc yolu ilə cəzalandırmaqla almaq mümkündür.

 

Ermənistan havadarlarının gözü önündə cəzalandırıldı

 

Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransının da  ana xətti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi idi. İlham Əliyev verilən suallara  cavablarında bir daha Azərbaycanın hərbi qələbəsini və eləcə də müharibədən sonrakı proseslər barədə vəziyyəti həm Azərbaycan, həm də xarici auditoriyanın diqqətinə çatdırdı.

İşğal olunmuş torpaqlarımızın azad edilməsi Azərbaycanın dövlət siyasətinin prioriteti idi. Ona görə də respublikamızın xarici siyasətində, bütün dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrdə torpaqlarımızın işğal altında olması daim diqqət mərkəzində saxlanılıb. Ermənistanın  işğal siyasətinin ifşa edilməsi istiqamətində müxtəlif səviyyələrdə sistemli və ardıcıl işlər həyata keçirilib. Prezident İlham Əliyev bütün xarici səfərləri, eyni zamanda Bakıya gələn bütün dövlət və hökumət başçıları ilə görüşləri, beynəlxalq təşkilatların tədbirlərində, konfranslarda çıxışları zamanı diqqəti Dağlıq Qarabağ probleminə, Ermənistanın işğalçılıq siyasətinə yönəldib.

Azərbaycan heç vaxt beynəlxalq təşkilatların bu məsələdəki ikili standartları ilə razılaşmadı, bir sıra siyasi dairələrin işğalla barışmağa yönəlmiş təşəbbüslərini yaxına buraxmadı və Prezident İlham Əliyevin hər zaman dediyi kimi, torpaqlarını güc yolu ilə işğaldan azad etdi. Mətbuat konfransında İlham Əliyevin dediyi kimi, indi Azərbaycan  yeni reallıq yaradıb və Ermənistan da bununla barışmalıdır: “Otuz il ərzində bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar, eyni zamanda ayrı-ayrı ölkələr bizə açıq, yaxud da qeyri-rəsmi mesajlar göndərirdilər ki, reallıq var, Azərbaycan müharibədə məğlub edilmiş tərəfdir, siz reallıqla barışın.

Çalışın ki, bu reallıqdan özünüz üçün maksimum məqbul variant seçin, yəni pis variantla daha pis variant arasında. Biz isə bildiyiniz kimi, belə çağırışları hər zaman rədd edirdik, öz mövqeyimizdən bir addım belə geri atmırdıq və mən bunu açıq bəyan edirdim. İndi isə mən deyirəm ki, yeni reallıq yaranıb və bu reallığı biz yaratdıq. Bu reallıqla Ermənistan və eyni zamanda bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar”.

İlham Əliyevin dünyanın diqqətinə çatdırdığı bir məsələ də vardı: dövlət başçısı həmişə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə Azərbaycan beynəlxalq hüquqa söykənərək işğal olunmuş torpaqlarını güc yolu azad edəcək. Proseslər isə göstərirdi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək fikrindən çox uzaqdır. Bunu Ermənistanın danışıqlar prosesindəki əsas bəndlər üzrə məsələlərdən müxtəlif bəhanələrlə qaçması, işğal olunmuş ərazilərdə yer adlarını dəyişdirməsi, xarici ölkələrdən erməniləri Dağlıq Qarabağ bölgəsinə cəlb edərək onları qanunsuz məskunlaşdırması aydın şəkildə təsdiq edirdi. Son dövrlərdə isə Ermənistanın hərbi-siyasi təxribatları daha da artmışdı. Paşinyanın keflənib Şuşada yallı getməsi, qondarma rejimin andiçmə mərasiminin Şuşada keçirilməsi, habelə qondarma rejimin “parlamentinin” Şuşaya köçürülməsi göstərirdi ki, Ermənistan danışıqlar prosesində, sadəcə, imitisiya edir. Bütövlükdə, Paşinyanın sərsəmləmələri, Tovuz hadisələri, Azərbaycana diversiya qrupun göndərilməsi və digər təxribatçı əməllər danışıqları mənasız hala gətirmişdi.

Azərbaycan isə illər ərzində danışıqlara paralel olaraq həm də hərbi qüdrətini artırmaqla məşğul oldu. Ordumuzun döyüş imkanları ən müasir silah-sursatlarla gücləndirildi. Yeni nəsil döyüş vasitələri ordumuzun arsenalına cəlb edildi. Xarici himayədarlarına arxalanan Ermənistanın hərbi-siyasi rəhbərliyi elə zənn edirdi ki, istənilən təxribata rəğmən, Azərbaycan müharibə etməyəcək. Erməni ideoloqları  düşünürdülər ki, zaman keçdikcə Azərbaycan işğal faktı ilə barışacaq.

Lakin 44 günlük müharibə düşmənin bütün iddialarını alt-üst etdi. Azərbaycan elə havadarlarının gözü önündə Ermənistana tarixinin ən unudulmaz dərsini verdi. Münaqişənin hərbi həllinin olmadığını deyən təşkilat və dövlətlərin gözü önündə İlham Əliyev güc yolu ilə işğal olunmuş torpaqları azad etdi.

 

Azərbaycan lider dövlət və söz sahibi kimi mövqelərini daha da möhkəmləndirdi

 

Artıq Dağlıq Qarabağ problemi yoxdur. Azərbaycanın dəmir yumruğu problemə birdəfəlik son qoydu. Müharibənin başa çatmasından ötən hər bir gün Azərbaycanın şanlı qalibiyyətini dünyaya çatdırır. İndi dövlətimizin prioriteti azad edilmiş ərazilərin bərpasıdır, erməni vəhşiliyinin qurbanı olmuş şəhər və kəndlərimizin yenidən qurulmasıdır. Bu sahədə atılan hər addım, icra olunan hər bir layihə həm də qələbəmizi tərənnüm edir.

Ermənistana gəldikdə isə, müharibənin başa çatmasından ötən hər gün onun məğlub olmuş işğalçı simasını dünyaya tanıdır. Bu ölkə və onun xalqı onilliklər boyu yürüdülmüş işğal siyasətinin qurbanıdır. Ermənistanın bugünkü simasında xəstə erməni təfəkkürünün nəticəsi daha aydın görünür. Erməni cəmiyyətinin aylardır ki, davam edən siyasi burulğandan çıxması, ümumiyyətlə, mümkün görünmür. İqtisadiyyatı elə tənəzzülə uğrayıb ki, nə vaxtsa dirçəlib özünə gələcəyinə heç erməni iqtisadçılarının özləri də inanmırlar.

Bəli, bir tərəfdə müharibədə qalib gələn, torpaqlarını azad edən, ərazilərinin bərpasına başlayan məğrur Azərbaycan, digər tərəfdə isə məğlub olaraq tarixinin ən ağır günlərini yaşamağa məhkum edilən, səfalətə düçar olunan Ermənistan dayanır. Cənubi Qafqazın ən böyük reallığı budur.

Respublikamız illər öncədən Cənubi Qafqazın lideri statusuna sahib olmuşdu. İlham Əliyev Azərbaycanı bölgədə aparıcı dövlətə, dünyada söz sahibinə çevirmişdi. Bu qələbə ilə İlham Əliyev ölkəmizin daşıdığı bütün statuslarını daha da yüksəltdi. Lider dövlət və söz sahibi kimi mövqelərini möhkəmləndirdi, Azərbaycanı daha böyük zirvələrə ucaltdı. İndi Azərbaycan Cənubi Qafqazın həm də qalib dövlətidir.

Ermənistanda məğlubiyyətlə razılaşa bilməyən işğal və terror xislətli dairələr ölkənin imza atdığı kapitulyasiya bəyanatına qarşı çıxır, bundan istifadə edərək hakimiyyəti ələ keçirməyə cəhd edirlər. Aydındır ki, bu ölkədə hakimiyyətdə hansı qüvvə olsaydı, məğlubiyyətə düçar olacaqdı, çünki başqa cür ola da bilməzdi. Ona görə bu gün Ermənistanın kapitulyasiyanın şərtlərini, üçtərəfli Bəyanatda yer almış müddəaları yerinə yetirməkdən başqa yolu yoxdur. Prezident İlham Əliyev bununla bağlı deyib: “Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim. Bu, onlar üçün sui-qəsd olacaqdır, vəziyyət bundan da qat-qat pis olacaqdır”.

Məğlub Ermənistanın bu reallıqla barışmaqdan başqa çarəsi yoxdur. Hakimiyyətdə kimin, hansı siyasi qüvvənin olmasına baxmayaraq, kapitulyasiya şərtlərinə əməl etmək rəsmi Yerevanın öhdəliyidir. Əks təqdirdə Azərbaycanın dəmir yumruğunu yenidən dadacaqlar.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video