21 Fevral 2021 03:58
1708
SİYASƏT
A- A+

“Bizi Mehriban xanım xilas etdi”

 

Azərbaycanın Birinci vitse-prezidenti humanizmə çağırışı, şəfqət və mərhəməti ilə minlərlə xəstəyə həyat bəxş edir

 

“Talassemiyadan ən çox uşaqlar əzab çəkir. Xəstəlik böyük-kiçik tanımasa da, uşaqların əzabı daha ağrıdıcıdır. Amma dünyada bu xəstəlikdən tamamilə sağalan insanlar var. Ona görə çox böyük iş görmək lazımdır və bunun öhdəsindən yalnız birlikdə gəlmək olar. Həm dövlət, həm də ictimaiyyət, fondlar, imkanlı insanlar birlikdə bu bəlanın qarşısını ala bilərlər. Heydər Əliyev Fondu üçün isə əsas məsələ ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılmasıdır. Beləliklə, biz bu gün bu problemin həlli yolunda birinci addımı birlikdə atdıq. Heydər Əliyev Fondu bu istiqamətdə hər bir yardımı dəstəkləyir və təklifləri gözləyir”.

Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2005-ci il fevralın 8-də fondun təşəbbüsü ilə talassemiya problemlərinə həsr olunmuş “Talassemiyasız həyat naminə” devizi altında keçirilən tədbirdə səsləndirmişdi. Məhz bu “dəyirmi masa” ölkəmizdə talassemiya probleminin həlli istiqamətində atılan mühüm addımların başlanğıcı oldu. Həmin gün Heydər Əliyev Fondu tərəfindən ixtisaslaşdırılmış mərkəzin və qan bankının yaradılması haqqında qərar qəbul edildi. Və çox keçmədi ki, o tədbirdə qarşıya qoyulan xeyli hədəflərə çatıldı, bu xəstəliyin artmasının qarşısının alınması istiqamətində uğurlu işlər həyata keçirildi.

 

Talassemiyalı xəstələrin bütün müayinə və müalicələri dövlət hesabına həyata keçirilir

 

Elə həmin ilin mayında dövlət başçısı İlham Əliyev tərəfindən “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” qanun qəbul edildi. O zamandan etibarən Azərbaycanda talassemiyalı xəstələrin bütün müasir laborator müayinə və müalicə üsulları, dərman preparatları, qan transfuziyası tam dövlət hesabına həyata keçirilməyə başlandı.

2006-cı ildə talassemiyalı pasiyentlərə xidmət göstərən Talassemiya Mərkəzinin tikintisinə start verildi. Ümumi dəyəri 18 milyon ABŞ dollarlıq layihə 3 ilə hazır oldu. Beləliklə, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi ardıcıl işlərin nəticəsi olaraq 2009-cu ildə talassemiya xəstələri və onların yaxınları üçün ümid yeri sayılan Talassemiya Mərkəzi açıldı. Açılış mərasimində Prezident

İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdilər.

Mərkəzin yaradılmasında əsas məqsəd ixtisaslaşdırılımış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunmasıdır. Talassemiya ilə doğulanların sayının artmaması üçün əhalinin maarifləndirilməsi, bu sahədə elmi tədqiqatların aparılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.

Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunmuş Talassemiya Mərkəzinin binası zirzəmidən, beş mərtəbədən və mansard hissədən ibarətdir. Ümumi sahəsi 7720 kvadratmetr olan bina tam hermetikdir, xarici divarları isti və soyuğa qarşı izolə edilib. Binanın interyerinə və dizaynına xüsusi diqqət yetirilib, həkimlərin, memarların, dizaynerlərin və psixoloqların məsləhətləri nəzərə alınıb. Mərkəz üçün seçilən antibakterioloji ləvazimat xəstələrin yaşı nəzərə alınmaqla əlvan rəngli və müsbət enerji verən dizayna uyğunlaşdırılıb.

Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin aparılması ardıcıllığı nəzərə alınaraq otaqların təyinatına, həmçinin mərtəbələr üzrə bölüşdürülməsinə xüsusi diqqət yetirilib. Birinci mərtəbədə qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriya var. Laboratoriyada qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılıb.

İkinci mərtəbə poliklinikadır. Burada baş həkimin otağı, iki hissədən ibarət transfuziya zalı, on iki otağı olan klinika, ümumi laboratoriya, manipulyasiya və şüa diaqnostikası otaqları fəaliyyət göstərir.

Sahəsi 1280 kvadratmetr olan üçüncü mərtəbədə iliyin köçürülməsi üçün əməliyyat otağı, hərəsi bir nəfərlik beş reanimasiya palatası, iki manipulyasiya otağı, sterilləşdirmə mərkəzi, molekulyar diaqnostika laboratoriyası yerləşir. Reanimasiya palatalarının və əməliyyat otağının yerləşdiyi hissəni laminar hava ilə təmin etmək üçün xüsusi havalandırma sistemi quraşdırılıb.

Mərkəzin dördüncü mərtəbəsində hər biri iki nəfərlik on üç palata, hərəsi bir nəfərlik dörd palata, uşaqlar üçün oyun otağı var. Beşinci mərtəbədə kafe, yeməkxana, kitabxana, internet mərkəzi, 110 nəfərlik konfrans salonu fəaliyyət göstərir. Sahəsi 1080 kvadratmetr olan mansarda Almaniyada istehsal olunmuş havalandırma sistemi quraşdırılıb. Zirzəmidə havalandırma və qaz şəbəkəsinin qurğuları, izolyator zalı, rabitə və mərkəzi kompüter sistemi, camaşırxana və sterilləşdirmə otağı yerləşir. Binanın xüsusi yanğın təhlükəsizliyi sistemi var.

 

Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunması işinə töhfəsi

 

Profilinə görə regionda yeganə olan, ən müasir avadanlığın quraşdırıldığı mərkəzin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə, ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanmasına nail olunub. Burada quraşdırılan avadanlıq müalicənin ən yüksək səviyyədə aparılmasına şərait yaradır.

2013-cü ildən etibarən isə mərkəzdə talassemiya xəstəliyinin radikal müalicəsi olan sümük iliyi transplantasiyası uğurla həyata keçirilir. Bu günə qədər 110 pasiyent üzərində bu əməliyyat icra edilib və onlar tam sağalıb. Mərkəz fəaliyyətə başlayan gündən bu günə kimi talassemiyadan əziyyət çəkən insanların müayinə və müalicəsini əhatə edən bütün xidmətlər, sümük iliyi transplantasiyası da daxil olmaqla dövlət hesabına həyata keçirilir. Belə bir mərkəzin fəaliyyət göstərməsi Heydər Əliyev Fondunun və birbaşa Mehriban Əliyevanın əhalinin sağlamlığının qorunması işinə ən dəyərli töhfələrdən biridir.

Qeyd edək ki, Prezident İlham Əliyev 23 dekabr 2019-cu ildə ölkədə qan, qan komponentlərinin donorluğu və qan xidməti sahəsində dövlət fəaliyyətinin səmərəliliyini daha da artırmaq və sistemliliyini təmin etmək, əhalinin qan, qan komponentlərinə olan tələbatını ödəmək, habelə qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi zamanı beynəlxalq standartların tətbiq edilməsi məqsədilə Talassemiya Mərkəzinin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzaladı.

 

“Qısa müddətdə bu problemi minimuma endirə bilərik”

 

Mərkəzin icraçı direktoru Valeh Hüseynov deyir ki, hər iki səhiyyə ocağının əsas fəaliyyəti oxşar olduğu, müəssəsisələrdə eyni laborator müayinələr aparıldığı üçün bu qurumların vahid mərkəzdən idarə olunması qərarı daha səmərəli fəaliyyətə, əhaliyə tibbi, hematoloji xidmətin səviyyəsinin yüksəlməsinə, keyfiyyətli qan təminatının həyata keçirilməsinə hədəflənib: “Milli Hematologiya və Transfuziologiya Mərkəzi ölkəmizdə qan xəstəliklərini müalicə edən ən böyük qurumdur. Bütün bölgə xəstəxanalarının qan və qan komponentləri ilə təminatını həyata keçirir. Mərkəzdə bu sahənin çoxsaylı mütəxəssisləri işləyir. Həmçinin 2015-ci ildən etibarən Prezidentin sərəncamı ilə nikaha daxil olan cütlüklərin irsi qan xəstəliklərinə görə müayinəsi bu mərkəzdə icra olunur. Məqsəd bir tərəfdən mövcud xəstələrin keyfiyyətli müalicə almasını təşkil etmək, digər tərəfdən isə talassemiyalı xəstə doğulmasının qarşısını almaqdır. Cütlüyün hər ikisi daşıyıcı çıxarsa, onlarda prenatal diaqnostika aparılır və xəstə uşaqların doğulmasının qarşısı alınır. Bu işdə xüsusilə də nikaha daxil olacaq gənclərin maarifləndirilməsi və daşıyıcıların müəyyən olunması vacibdir. Artıq nikahöncəsi müayinələr və hamiləlik zamanı aparılan testlərlə talassemiyalı uşağın doğulmasının qarşısı tamamilə alına bilir. Əgər daşıyıcılar ailə qurublarsa, onların uşaq planlamaları üçün genetik konsultasiyalar aparılmalıdır. Bu zaman sağlam doğulacaq uşağın planlaşdırılması aparılır və həmin ailənin də sağlam uşaqları dünyaya gəlir. Əgər profilaktik tədbirlərin aparılmasını düzgün təşkil edə bilsək, qısa müddətdə ölkəmizdə bu problemi minimuma endirə və gələcəkdə tam həll edə bilərik. Sevindirici haldır ki, görülən tədbirlər öz bəhrəsini verməyə başlayıb. Əvvəllər illik təxminən 200-300-ə yaxın yeni talassemiya xəstələri qeydə alınırdısa, bir neçə ildir ki, o rəqəmlərdə 30-40 faiz azalma müşahidə edilir”.

Hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölməsi kimi fəaliyyət göstərən Talassemiya Mərkəzində genetik müayinələrin aparılması üçün yeni nəsil sekvenləşdirmə cihazları ilə təchiz olunmuş genetik laboratoriya fəaliyyət göstərir. Bu, ölkəmizdə bütün onkoloji, ginekoloji, irsi xəstəliklərin diaqnozunun qoyulmasında yeganə ən müasir laboratoriyadır. Onun qurulması üçün  2017-ci ildə dövlət başçısının sərəncamı ilə 1 milyon 800 min manat vəsait ayrılıb.

V.Hüseynovun sözlərinə görə, bu müasir genetik laboratoriyanın faydası koronavirus pandemiyası zamanı da özünü göstərdi: “Qürurla qeyd edə bilərik ki, pandemiya başlayandan koronavirus müayinələrini edən ilk tibb ocağı bu mərkəz oldu. Bundan başqa, konvalesent immun plazma, yəni virus infeksiyası keçirmiş və sağalmış insanlardan toplanan plazmalarla kritik ağır xəstələrin müalicəsinə başladıq. Bu günə qədər 200-dən çox COVID xəstəsinə ağır dönəmlərdə bu immun plazma ilə kömək edə bildik. Proses hələ də davam edir. Eyni zamanda laboratoriyamızda koronavirusun yeni mutasiyaları və onların RNT ardıcıllığı öyrənilir. Araşdırmalarımızın nəticələrini artıq beynəlxalq təşkilatlara da göndərmişik”.

 

Xəstələrin xilası olan çağırış

 

Koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə bütün dünyada olduğu kimi, Azərbaycanda da talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən insanlar üçün qan ehtiyatı azalmışdı. Bu çətin dönəmdə ilk və ən böyük dəstək yenə də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevadan gəldi. Ötən il aprelin 11-də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin əməkdaşları qanvermə aksiyası keçirdilər. Mehriban xanım bununla bağlı “Facebook” səhifəsində insanlara çağırış etdi: “Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edildiyi bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankı tərəfindən keçirilmiş qanvermə aksiyasında könüllü olaraq iştirak edən Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”

Bu çağırışdan dərhal sonra Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlar, təşkilatlar, dövlət qurumları da qoşuldu: “Mehriban xanımın çağırışı ölkədə qan ehtiyatının çoxalmasına bir vəsilə oldu. Qan banklarına elə bir axın yarandı ki, məcburən növbəli sistemə keçdik. Çünki qan ehtiyatı çox artarsa, onun istifadəsində problem olur. Bu axın Vətən müharibəsi zamanı da müşahidə edildi. Qürur və fəxrlə qeyd etmək istəyirəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun qazandığı tarixi qələbədə az da olsa bizim mərkəzin payı var. Çünki bütün hospitalların qan təminatı hərbi müəssisələrin və bizim müəssisənin rəhbərliyi altında həyata keçirilirdi. Cəbhə bölgəsindəki regional qan mərkəzlərimizlə birlikdə fasiləsiz şəkildə 24 saat fəaliyyət göstərdik. Çalışdıq qan təminatında heç bir nöqsan, problem olmasın. Çox şükür, dünyaya səs salan tarixi zəfər çaldıq. Bu qələbəni qanları ilə yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

 

“Gələcəkdə bizim də sümük iliyi donor bankımız olacaq”

 

İcraçı direktor bildirdi ki, ümumilikdə irsi qan xəstəlikləri üzrə 3500-dən çox xəstə qeydiyyatdadır. Onlardan 1300 nəfəri mütəmadi qan transfuziyası olunan pasiyentlərdir. Əksəriyyəti Bakı və ətraf bölgələrdə yaşayır. Bölgələrdə yaşayan xəstələr isə müvafiq qurumun regional qan mərkəzlərində müalicələrini davam etdirirlər: “Pandemiya dövründə rayon və şəhərlərarası gediş-gəliş bağlı olduğu üçün bir çox pasiyentlər müalicələrini, qan transfuziyalarını ən yüksək səviyyədə bölgələrdə aldı. Bakıya yalnız 3-6 aydan bir tam müayinə üçün gəldilər. Hazırda qarşımızda duran əsas vəzifələrdən biri bölgələrimizdəki qan mərkəzlərini daha da müasirləşdirmək, laborator sistemi tam avtomatlaşdırmaq, qan təminatını yaxşılaşdırmaqdır. Hər şey mükəmməldir demək doğru olmaz. Nailiyyətlərimizlə yanaşı, problemlər, çatışmazlıqlar üzərində də çalışırıq. İstəyirik daha yüksəkixtisaslı kadrlar yetişdirək, işçiləri xaricdə təhsilə yönləndirək, tibbi xidmətin keyfiyyətini yüksəldək. Dünyada bu sahədə yeni nə varsa tətbiq etməyə çalışırıq. İnanıram ki, mərkəz gələcəkdə daha böyük elmi işlərə imza ataraq regionun ən böyük mərkəzlərindən biri olacaq”.

O ki qaldı talassemiyalı xəstələrin probleminə, V.Hüseynovun sözlərinə görə, bütün dünyada bu insanların ən böyük problemi donor çatışmazlığıdır. Məlumdur ki, sümük iliyi transplantasiyası üçün tam toxuma uyğunluğu olan donor lazımdır. Lakin ailə içində donorun tapılma şansı az olur. Ona görə də mərkəzin hədəflədiyi məqsədlərdən biri də bu problemi həll etməkdir: “Hazırda sümük iliyi transplantasiyasında vacib əhəmiyyət kəsb edən donor probleminin həll olunması ilə bağlı HLA registrin qurulması və dünya donor bankına inteqrasiya üçün hazırlıq işləri görülür. Mərkəzə müraciət edən insanların toxuma analizlərini götürürürk. Analizlər toplandıqca müəyyən saya çatandan sonra beynəlxalq donor registrlərinə qoşula biləcəyik. Bir də hüquqi tənzimləmə metodları var. Sümük iliyinin, alınmış kök hüceyrələrinin daşınması xüsusi qaydalar tələb edir. Ona görə də bu müəyyən zaman alan prosedurdur. Düşünürəm ki, gələcəkdə bizim də sümük iliyi donor bankımız olacaq. Ondan sonra bu sahədə beynəlxalq qurumlarla mütəmadi əməkdaşlıq edə biləcək, pasiyentlərimizə daha faydalı olacağıq. Əsas hədəfimiz “Talassemiyasız həyat naminə” şüarını əsas götürərək respublikamızda bir talassemiya xəstəsinin belə doğulmamasına nail olmaq, beynəlxalq aləmdə tibbin əldə etdiyi ən yüksək səviyyəli metodları təqib və tətbiq etmək, bu fəaliyyəti akademik şəraitdə davam etdirməkdir”.

 

Bütün işlər Mehriban Əliyevanın tapşırığı və şəxsi nəzarəti altında görülür

 

Təbii ki, sadalanan nailiyyətlərin hamısı məhz dövlətin yüksək qayğısı nəticəsində əldə olunub. Talassemiya və digər irsi qan xəstəliyi olan insanlara göstərilən diqqət, qayğı, görülən bütün işlər ölkə başçısının və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın birbaşa dəstəyi ilə həyata keçirilir. Bu işdə Mehriban xanımın rolu əvəzsiz və danılmazdır. Səhiyyə və sosial məsələlər Heydər Əliyev Fondunun fəaliyyətində prioritet təşkil edir. Bu baxımdan Mehriban xanım talassemiyalı xəstələrin müalicəsinə, xəstəliyin profilaktikası üzrə maarifləndirmə ilə bağlı dövlət səviyyəsində aparılan işlərə öz dəstəyini əsirgəmir.

Mehriban xanım, eləcə də fondun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq Talassemiya Mərkəzini ziyarət edir, fəaliyyəti üçün ən üst səviyyədə dəstək və diqqət göstərirlər. Mehriban xanım daim yeni müalicə metodları ilə tanış olur, tövsiyələrini verir, fikirlərini bölüşür. Burada müalicə olunan uşaqlarla maraqlanır, səmimi söhbət edir, onlarla qayğıkeş davranır, xəstələrin müalicəsinin gedişi ilə maraqlanır. Onların sağlıqla yanaşı, digər problemlərinin həlli istiqamətindəki işlərin həyata keçirilməsinə də kömək göstərir. Bütün əlamətdar günlərdə, bayramlarda daim mərkəzdəki uşaqlara xüsusi diqqət yetirir.

Gələcəyimizin bu xəstəlikdən xilas edilməsi üçün Mehriban Əliyevanın tapşırığı və şəxsi nəzarəti altında talassemiyasız həyat naminə görülən işlər xüsusi əhəmiyyət daşıyır. İldən-ilə bu sahədə qazanılan uğurlar, əldə olunan nailiyyətlər isə onu deməyə əsas verir ki, Azərbaycanda talassemiyasız həyat mümkündür və buna az qalıb...

 

Xəyalə MURADLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video