03 Mart 2021 00:51
946
Səhiyyə
A- A+

Bəşəriyyəti təhdid edən virus o zaman təslim olacaq ki...

 

COVID-19 pandemiyasının sonunun tezliklə çatması həm də vətəndaş məsuliyyətindən, qaydalara əməl etməkdən asılıdır

 

Koronavirusun “dillər əzbəri” olması heç də ona sevgidən irəli gəlmir. Bəşəriyyəti fəlakətə sürükləyən, insanları fiziki, mənəvi cəhətdən sarsıdan, ölkələrin iqtisadiyyatını çökdürən bu “gözəgörünməz bəla”, hətta qanlı-qadalı müharibənin gətirdiyi ağrı-acılar, ölüm-itimlər qədər qorxuncdur.

Doğrudur, bir il bundan öncə ölkəmizdə hələ ciddi şəkildə ayaq aça bilməyən, adı belə tibb elminə düz-əməlli məlum olmayan bu yoluxucu xəstəliyin sonradan epidemiya, hətta pandemiyaya çevrilmə təhlükəsi ortalığa çıxandan Azərbaycan ona qarşı mübarizənin ön sıralarında gedən dövlətlərdən biri oldu. Qabaqlayıcı tədbirlər istər yoluxma, istərsə ölüm hallarının kəskin surətdə artmasının qarşısını alan əsas vasitəyə çevrildi. Açığı, 44 günlük Vətən müharibəsində olduğu kimi, pandemiyanın da cilovlanmasında dövlət-xalq birliyi özünü göstərdi.

Bütün bunlar COVID-19-a qarşı birgə mübarizənin dünənki mərhələsində qaldı. Artıq dünya koronavirusa qarşı vaksinasiya aparılmasından danışır. Azərbaycan da o dövlərlərdən biridir ki, hələ dünyanın bir çox ölkələrinə çatmayan vaksinlərin ən inandırıcısını alaraq vətəndaşlarının sağlamlığının keşiyində dayanmağın sosial siyasətinin prioritetlərindən olduğunu təsdiqləyib.

Azərbaycan Prezidenti İlham Əliyev bu ciddi məsələni daim diqqət mərkəzində saxlamasını dəfələrlə öz çıxışları zamanı xüsusi qeyd etmişdir. Xocalı soyqırımının 29-cu ildönümü günü dövlət başçısının yerli və xarici media mənsubları üçün videoformatda keçirdiyi mətbuat konfransında da adıçəkilən məsələ diqqətdən kənarda qalmadı: “...Pandemiyanın lap əvvəlindən biz vəziyyəti nəzarətdə saxlayırıq. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub. Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur. Biz həm də Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkəyik. Biz peyvəndləməyə yanvarın 18-də başlamışıq, yəni Avropada peyvəndləmə başlanandan cəmi bir ay sonra...”

Ölkəmizdə Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparılır. Azərbaycan həm də lap əvvəldən “COVAX” layihəsinə qoşululub. Bu layihə üzrə “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıdır. Azərbaycana, hələlik, daxil olmasa da, “AstraZeneca” vaksininin göndərilməsi barədə Rusiya ilə müvafiq sənədlər imzalanıb. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bunun, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Ölkəmizə bu vaksinin daxil olmamasının səbəblərindən biri “Sputnik”in, hələlik Rusiyanın daxili ehtiyaclarını təmin etməsidir. Ona görə də xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.

“CoronaVac” peyvəndinə gəldikdə isə, bu vaksinin 4 milyon dozasının alınması barədə müqavilənin bağlandığını bildirən dövlət başçısı onu da qeyd etdi ki, bəzən gündə 15-20 min nəfər vaksinlənir. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə ediləcək. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsi kimi məsələlər öz həllini tapmalıdır.

Bunlarla yanaşı, onu da qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri olaraq təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib.

Azərbaycan Prezidentinin həmin sessiyada səsləndirdiyi tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi. Lakin görünən odur ki, hətta müttəfiqlər arasında belə ciddi problemlər yaranır: kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayıblar. Ona görə vəziyyət bir daha göstərir ki, həmrəylik, bu bəlaya qarşı birgə mübarizə barədə verilən bəyanatlara baxmayaraq, təcrübədə dünya tamamilə əks vəziyyətlə qarşılaşır: “...Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar. Hətta bu insanların imkanları olsa belə, sadəcə, onlar üçün əlçatan deyil. Sizə açıq deməliyəm, əgər biz bütün istehsalçılarla saziş bağlamasaydıq, - bunu etmişik, - bu gün biz də vaksinsiz qalardıq. Biz “AstraZeneca” vaksinini çoxdan almalı idik. Almamışıq. Artıq bir neçə aydır ki, almamışıq. “Sputnik” vaksinini də almamışıq. “COVAX” təşəbbüsü üzrə “Pfizer” və “Moderna” peyvəndlərini almalı idik, almamışıq. Özü də bizə onları nə vaxt alacağımızı demirlər. Yaxşı ki, bizim çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər. Bizim bunu almaq üçün vəsaitimiz var. Bəs vəsaiti olmayanlar nə etsinlər? Bu adamlar ölməlidirlər? Deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar. Biz hansı bərabərlikdən danışırıq? Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

Yeri gəlmişkən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ISESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə keçirdiyi tədbirdə, videoformatda çıxışında bu məsələ ilə bağlı fikirlərini söyləyərkən bildirmişdir ki, bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı ifadə etməliyik: “Biz test üsullarının təkmilləşdirilməsindən tutmuş, vaksinlərin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində həlledici rol oynayan tədqiqatçı qadınlarımızla fərəhlənə bilərik...”

Əlbəttə, bütün bunlar ölkə əhalisinin COVID-19 ilə birgə mübarizəsinin parlaq nümunələridir. Lakin unutmaq olmaz ki, dövlət öz vətəndaşlarının sağlamlığının qayğısına qaldığı halda, bəzən hələ də bəzi insanların laqeydliyinin şahidi oluruq. Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin TƏBİB-in tövsiyə və qaydalarına əməl etməyi unudan məsuliyyətsiz insanların günahı üzündən son günlər yoluxmaların sayının artması heç də rahatlığa əsas vermir. Görünür, tətbiq olunan qayda-qanunların, eləcə də qadağaların yumşaldılması bəzilərində məsuliyyət hissini azaldıb. Bu isə koronavirusun daha geniş yayılması üçün yaradılan münbit şərait deməkdir. Axı, biz bu məsələdə də birgə mübarizənin ön sıralarında getməyi bacarmışıq. Nədir bizi məsafə saxlamağı unutduran? Unutmayaq: Biz birlikdə güclüyük. Bunu artıq sınaqdan çıxarmışıq.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video