16:32 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycanın 2021-ci il dövlət büdcəsi Ermənistandan 4, Gürcüstandan isə 2,7 dəfə çoxdur

ANA SƏHİFƏ / SİYASƏT
00:51 17.01.2021

 

Azərbaycan davamlı olaraq sosial-iqtisadi qüdrətini artırır, siyasi mövqelərini möhkəmləndirir. 2021-ci ildə Azərbaycanın yeni nailiyyətlərə nail olacağına da heç bir şübhə yoxdur. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini qətiyyətlə söyləməyə əsas verir. Bunu region ölkələrinin büdcələrinə nəzər salmaqla da aydın görmək olar.

 

Regionun ən az büdcəsi Ermənistandadır

 

Azərbaycanın 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat və ya 14 milyard 966 milyon dollar olacaq. Büdcə gəlirləri ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.

2021-ci ilin dövlət büdcəsinin gəlirləri hesablanarkən koronavirus (COVID-19) pandemiyasının 2020-ci ildəki mənfi təsirinin cari ildə də davam etməsi, neft hasilatının azalmasına dair “OPEK +” sazişi, enerji bazarında baş verən dəyişikliklər, habelə beynəlxalq maliyyə qurumlarının proqnozları və ölkəmizin makroiqtisadi göstəriciləri nəzərə alınıb.

Dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 milyard 776 milyon manatı neft sektorunun, 45,8 faizi və ya 11 milyard 651 milyon manatı isə qeyri-neft sektorunun payına düşür.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 milyard 50,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 milyard 117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

Cənubi Qafqazın ikinci ən böyük iqtisadiyyatı sayılan Gürcüstanın büdcəsi isə gələn il üçün 18 milyard 385 milyon lari və ya 5 milyard 610 milyon dollar təşkil edəcək. Bu Azərbaycan büdcəsindən təxminən 2,7 dəfə azdır. Cari ilin dövlət büdcəsində Gürcüstanın dövlət borcunun ümumi həcmi 33,7 milyard lari göstərilib. Bunun da 27,7 milyard larisi xarici dövlət borcudur.

Regionda həmişəki kimi, ən aşağı büdcə Ermənistana məxsusdur. 2021-ci il üçün məğlub ölkənin büdcə gəlirləri 1 trilyon 569 milyard dram təşkil edəcək. Bu, 3 milyard 70 milyon dollara bərabərdir. Bu isə o deməkdir ki, işğalçı ölkənin büdcəsi Azərbaycandan 4 dəfədən də çox azdır.

 

Azərbaycanın hərbi büdcəsi Ermənistandan 4,5 dəfə, Gürcüstandan isə 9,8 dəfə çoxdur

 

Cənubi Qafqaz ölkələrinin büdcələrində maraq doğuran məqamlardan biri də hərbi xərclərlə bağlıdır. Ölkəmizdə 2021-ci ilin dövlət büdcəsində ölkənin müdafiə və milli təhlükəsizliyi üçün 4,58 milyard manat (2,7 milyard dollar) ayrılacaq. Bu ötən illin hərbi xərclərindən təxminən 782 milyon manat (460 milyon dollar) və ya 20,5 faiz çoxdur. Ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. Bu il isə bu rəqəm 18 faizdən bir qədər artıqdır.

2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin 5 istiqamətdə xərclənəcəyi qeyd olunub. Müdafiə qüvvələrinə ayrılan xərclər 15,8 faiz, milli təhlükəsizliyə ayrılan xərclər 6,6 faiz, sərhəd xidmətinə ayrılan xərclər 0,9 faiz, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün ayrılan xərclər 2,6 faiz, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün isə əvvəlki illə müqayisədə 31,2 faiz artırılıb.

Qonşu Gürcüstanın hərbi xərcləri cari il üçün cəmi 900 milyon lari və ya 274 milyon 655 min dollar təşkil edəcək. Bu isə Azərbaycanla müqayisədə təxminən 9,8 dəfə azdır.

Ermənistan cari ildə ordusuna 312 milyard dram və ya 597 milyon dollar ayıracaq. Müdafiə sahəsindəki xərclər 2020-ci ilə nisbətən cəmi 1,3 faiz artıb. Ən diqqətçəkən məqam odur ki, müdafiə xərcləri sosial təminat və dövlət idarəetməsi xərclərindən sonra üçüncü yerdədir. Başqa sözlə, dövlət borcunun idarə edilməsi və dövlət aparatının qorunmasını özündə cəmləşdirən dövlət idarəçiliyinə müdafiədən daha çox pul ayrılıb.

Bütün hallarda, aparılan müqayisələr o qənaətə gəlməyə əsas verir ki, Ermənistan ötən ilə nisbətən hərbi xərcləri artırsa da, Azərbaycanla ayaqlaşmaq gücündə deyil. Ən azından ona görə ki, Azərbaycanın müdafiə məqsədləri xərcləri Ermənistanla müqayisədə təxminən 4,5 dəfədən artıq olacaq.

 

Ermənistan sosial-iqtisadi problemlər içərisində boğulur

 

Ümumiyyətlə, müharibənin və pandemiyanın Ermənistan iqtisadiyyatına vurduğu zərər cari il üçün iqtisadi artım perspektivləri vəd etmir. Bununla yanaşı, pandemiyanın hələ də davam etməsi iqtisadi bərpa prosesini əsaslı şəkildə ləngidəcək. Ona görə də bu amillər büdcə proqnozlarının etibarlılığını da şübhə altına alır. Belə vəziyyətdə Ermənistanın daha böyük miqyasda sosial-iqtisadi problemlərlə üzləşməsi qaçılmaz sayılır.

Bundan başqa, gəlirlərin azaldığı bir şəraitdə Ermənistan hökuməti büdcə xərclərini artırmağa məcburdur. İqtisadiyyatın bərpasını həyata keçirmək, əhalinin sosial problemlərini həll etmək və müharibədə həlak olan hərbçilərin ailələrinə maddi dəstək vermək üçün hökumət büdcə xərclərini artırmaq məcburiyyətindədir. Cari il üçün proqnozlaşdırılan büdcə xərclərinin həcmi isə qeyd edilən istiqamətlərdə maliyyələşməni həyata keçirmək və dəymiş böyük zərəri aradan qaldırmaq üçün tələb olunan vəsaitlə müqayisədə çox azdır. Ona görə də Ermənistan hökumətini qarşıda çətin günlər gözləyir. Yalnız müharibə zamanı ölən erməni hərbi qulluqçuların ailələrinə veriləcək birdəfəlik təzminat üçün 47 milyard dramdan çox vəsait tələb olunacaq.

 

Ermənilər etiraz edirlər

 

Onu da bildirək ki, Ermənistanın hərbi büdcəsinin qismən artımı belə, bu ölkənin özündə də narazılıqla qarşılanır. İnsanları səfalət içində yaşayan ölkənin hökumətinin bu qərarı həm də anlaşılmaz hal sayılır. “4rd.am” saytı yazır ki, bütün bunlara görə, Ermənistanda 2021-ci il üçün dövlət büdcəsini qeyri-kafi dəyərləndirmək lazımdır. Qeyd olunur ki, müharibədə məğlubiyyət fonunda hərbi xərcləri artıran hökumətin siyasəti yoxsulluğu aradan qaldırmaq deyil, dərinləşdirməkdir: “Biz artıq üçüncü ildir ki, nə təqaüdləri, nə də sosial və ailə təminatlarını artıra bilmirik. Buna baxmayaraq, ölkədə inflyasiya mövcuddur və davam edir. Biz artıq gələn il ölkədə qiymət artımının 4 faiz olacağını ehtimal edirik. Beləliklə, əgər təqaüd və ailə müavinətini qaldırmırıqsa, deməli, hökumət yoxsulluğun aradan qaldırılmasına yox, onun daha da dərinləşməsinə yönəlmiş siyasət həyata keçirir. Artan hərbi xərclər isə orduya təsir etməyəcək. Çünki orduya ayrılan pullar hələ də oğurlanır”.

Ümumiyyətlə isə, büdcə xərclərinin təhlili göstərir ki, torpaqlarını işğaldan azad edən Azərbaycan 2021-ci ildə digər parametrlərlə yanaşı, maliyyə cəhətdən də regionun lideri statusunu daşımaqda davam edəcək.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM