Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
Azərbaycan yeni quruculuq mərhələsinə qədəm qoyur
İlham Əliyev bu istiqamətdəki prioritetləri müəyyənləşdirdi
Düşünülmüş siyasətin yeni təzahürü
Prezident İlham Əliyev Azərbaycana rəhbərliyə başladığı ilk günlərdən düşünülmüş, davamlı və uzaqgörən siyasət yürüdüb.
Məhz bu siyasət tarixinin ən qüdrətli Azərbaycanının yaranmasına, Vətən müharibəsində Ermənistanın darmadağın edilərək təsliminə, şanlı zəfər sayəsində ərazilərimizin işğaldan azad edilməsinə səbəb oldu!
Prezident İlham Əliyev ölkəmizin bu günü, sabahı və gələcəyi ilə bağlı görüləcək işləri müəyyənləşdirərək nəyi, nə vaxt və necə etməyi də hamıdan yaxşı bilən və həyata keçirəndir!
Biz bunun müstəqil dövlətin inkişafı, müharibəyə hazırlıq və hərbi əməliyyatların gedişində atılan addımların ardıcıllığı sayəsində şahidi olduq!
Artıq Vətən müharibəsi şanlı qələbə ilə başa çatıb, erməni faşistləri torpaqlarımızdan qovulub!
Onlardan bizə dağıdılmış kənd və şəhərlər, viran qoyulmuş yaşayış məntəqələri qalıb.
Dəmir yumruğu daim hazır vəziyyətdə saxlayan Azərbaycan indi Qarabağın dirçəldilməsi, ölkənin gələcək inkişafı ilə bağlı məsələlərin həlli ilə məşğuldur.
Bu məqamda da nəyi, nə vaxt və necə etməyi cənab İlham Əliyev müəyyənləşdirdi!
Dövlət başçısının 2 fevral 2021-ci ildə imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin təsdiq edilməsi haqqında” Sərəncam, əslində, ölkəmizin növbəti on ildə görəcəyi nəhəng işlərin yığcam ifadəsidir.
YENİ STRATEJİ DÖVR
2020-ci il dünya üçün çox uğursuz il oldu!
COVID-19-un gətirdiyi bəlalar təkcə insanların sağlamlığına ciddi zərbə vurması, bir çoxlarının həyatına son qoyması ilə nəticələnmədi.
Dövlətlər pandemiyanın xüsusi rejiminə uyğun olaraq sərhədlərini bağlayıb özlərinə qapandılar, iqtisadi əlaqələr son dərəcə zəiflədi, turizm və xidmət sektoru iflic vəziyyətinə düşdü, hər bir dövlətdə, bütünlükdə dünya üzrə ümumi daxili məhsul istehsalı ciddi şəkildə aşağı düşdü.
Dünyanın bir parçası olan Azərbaycanda da iqtisadi zəifləmə müşahidə olundu.
Lakin ümumi daxili məhsul istehsalı başqa ölkələrlə müqayisədə nisbətən az miqdarda azalsa da, qeyri-neft sektorunda əksi baş verdi, yüksəliş 12,5 faiz oldu!
Bu hələ hamısı deyil!
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə böyük Zəfərin qazanılması, əslində, 2020-ci ili Azərbaycan xalqı və dövləti üçün ən uğurlu ilə, möhtəşəm qələbə ilinə çevirdi!
Bəli, dünya üçün nəhs il Azərbaycan üçün tarixi Zəfər ili oldu!
Üstəlik, Azərbaycan irəlicədən görülən tədbirlər və düzgün qurulan mübarizə sayəsində pandemiya dövrünü də müvəffəqiyyətlə keçirməkdədir.
İndi Azərbaycan yeni strateji dövrə qədəm qoyur!
Qələbəmizi möhkəmləndirən, iqtisadiyyatımızı daha da gücləndirəcək və xalqımızın sosial rifahını yeni səviyyəyə qaldıracaq məsul dövrə!
COVID-19 pandemiyasından və Vətən müharibəsindən uğurlu çıxış yeni dövrün vəzifələrinin də yüksək səviyyədə icrasına möhkəm əsaslar yaradır.
HƏDƏFDƏ YENƏ DƏ AZƏRBAYCAN VƏTƏNDAŞININ YÜKSƏK RİFAHIDIR
Prezidentliyə başladığı ilk gündən “Azərbaycan xalqı xoşbəxt yaşamağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın” bəyanatını verən cənab İlham Əliyev fəaliyyəti dövründə daim vədinə əməl etmişdir.
Məcburi köçkünlər çadır şəhərciyindən müasir yaşayış komplekslərinə çıxarılmış, regionlara daimi elektrik enerjisi və təbii qaz verilməsi nizama salınmış, yeni yol infrastrukturu yaradılmış, yoxsulluq və işsizlik minimum həddə endirilmiş, əməkhaqqı dönə-dönə artırılmışdır.
Pandemiya dövründə bir sıra sahələrin fəaliyyəti müəyyən müddətə məhdudlaşdırıldı, hətta işini müvəqqəti dayandıran sahibkarlar da oldu. Belə çətin məqamda dövlət öz vətəndaşını yalqız qoymadı, birbaşa yardımlar olundu, sahibkarlara kömək göstərildi. Əlbəttə, bütün bunlar irəlicədən bilinməyən, nəzərdə tutulmayan ödəmələr idi. Lakin cənab İlham Əliyev sözünə sadiq qaldı, daim Azərbaycan vətəndaşının yanında olduğunu növbəti dəfə də sübut etdi.
Azərbaycan 27 ildir ki, işğalda qalan torpaqlarını erməni faşistlərindən azad etmək üçün Vətən müharibəsinə başlamalı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə böyük zəfərlə başa çatdı.
Ölkəmizin ərazi bütövlüyü bərpa edildi, torpaqlarımız murdar düşmənlərdən təmizləndi. Şəhid və yaralılarımız da oldu. Dövlət hər bir şəhid ailəsinin, müharibə iştirakçısının sosial ehtiyaclarının ödənilməsi, sağlamlığının bərpa edilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl və təsirli tədbirlər görür.
Dövlət başçısı tərəfindən qəbul edilən qərarlar, imzalanan sənədlər sübut edir ki, bu qayğı davamlı və uzunmüddətlidir. Bundan sonrakı illərdə də daimi olaraq dövlət büdcəsində nəzərə alınacaqdır.
COVID-19 pandemiyası davam edir, hələ onun nə qədər çəkəcəyi bilinmir. Ordu quruculuğuna, müharibəyə hazırlığa, habelə hərbi əməliyyatlara xeyli vəsait sərf edən dövlətimiz daim ordunu gücləndirməli, dəmir yumruğu hazır vəziyyətdə saxlamalıdır!
Daim düşünülmüş və uzaqgörən siyasət yürüdən, ölkənin perspektiv inkişafı ilə cari məsələləri uğurla əlaqələndirən cənab İlham Əliyev artıq hədəfə 2030-cu ilədək görüləcək işləri gətirmişdir. Mərkəzində xalqın sosial rifahının daha da yüksəldilməsi dayanan həmin hədəfin prioritet istiqamətləri də Prezidentimiz tərəfindən dəqiqləşdirilmiş və açıqlanmışdır.
DƏYİŞMƏZ VƏ TƏZƏ PRİORİTETLƏR
Azərbaycan davamlı və ardıcıl islahatlar yolu ilə irəliləyir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə növbəti illərdə sistemli və davamlı islahatlara yeni imkanlar yaradır. 2021-2030-cu illəri əhatə edən inkişaf prioritetləri bir cümlə ilə belə ifadə oluna bilər: Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmini!
Müstəqil Azərbaycan dövlətinin inkişafının və qüdrətlənməsinin dəyişməz prioritetləri barədə çox deyilib və yazılıb. Yuxarıda onları bir daha xatırlatdıq.
Lakin zaman da yerində dayanmır, daim dəyişir, yeni çalarlar kəsb edir.
Üstəlik 44 günlük Vətən müharibəsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni reallıqlar yaratmış, yeni imkanlar qapısı açmışdır.
Azərbaycan və onun qonşuları, dostları bu imkandan yetərincə bəhrələnə bilərlər!
Əgər Ermənistan rəhbərliyinin ağlı başına qayıtsa və onlar revanşist niyyətlərdən əl çəksələr, həm dövlətlərini iflasdan qurtarar, həm də yeni şəraitdən faydalana bilərlər.
Əlbəttə, yeni imkanlardan kimin nə qazanacağını gələcək göstərəcəkdir!
Azərbaycan isə öz yolu ilə, öz prinsipləri əsasında zəfər yürüşünü davam etdirməkdədir!
Həm də onun bu yürüşü adi yürüş deyil!
Region iqtisadiyyatının ümumi arxitekturasının dəyişməsinə həlledici təsir göstərən bir yürüşdür!
Sosialyönümlü bazar iqtisadiyyatının inkişafına xidmət edəcək bu dəyişikliklər işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasına da güclü təkan verəcəkdir.
Prioritetlərin müəyyənləşdirilməsində təkcə istək, arzu və mövcud imkanlar deyil, müasir dünyada gedən proseslər də nəzərə alınmışdır.
Diqqətlə nəzər saldıqda prioritetlərin hər birinin bir çox məqamları özündə ehtiva etdiyini görürük.
***
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat Azərbaycanın fəth etdiyi yüksəkliklərdəndir. Dünyanın tanınmış qurumlarının illik hesabatlarında hər il tutduğumuz yer, sahib olduğumuz reytinq bunun əyani və faktiki təsdiqidir. Əvvəlcə Azərbaycanın uğurlu yeni neft strategiyası, ardınca reallaşdırdığı transmilli layihələr, yaratdığı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri və logistika mərkəzləri, daha sonra qeyri-neft sektorunun, xüsusən kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa verilən sistemli dövlət dəstəyi dayanıqlı inkişafı təmin etdi.
Ölkəmizin tətbiq etdiyi yeni, müasir texnologiyalar dünya bazarına çıxarılan məhsulları rəqabətqabiliyyətliliyin təmini tələblərinə daim cavab verir. Azərbaycan yeganə ölkələrdəndir ki, müstəqillik dövründə ÜDM istehsalını 3 dəfə artırmışdır. İqtisadiyyatın daim şaxələndirilməsi onun dayanıqlığına xidmət edən amillərdəndir. Gizli iqtisadiyyatın minimuma endirilməsi, dövlət sektorunda şəffaflığın daha da artırılması, makroiqtisadi sabitliyin qorunması xüsusi diqqət yetirilən məsələlərdəndir.
Qarşıdakı 10 il üçün müəyyən olunan prioritetlərdə bu sahədə görüləcək çoxsaylı işlər də dəqiq müəyyənləşdirilmişdir.
Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət quruculuğu başlıca hədəf kimi qalmaqdadır. Azərbaycan ilbəil inkişaf etdikcə, iqtisadi imkanları artdıqca, bunun doğurduğu nəticələri hər bir vətəndaşımız öz həyatında hiss edir. Regionların sosial-iqtisadi inkişafına xidmət edən dövlət proqramlarının qəbulu və uğurlu icrası ölkə paytaxtından uzaqda yerləşən yaşayış məntəqələrində də həyat səviyyəsinin daim yüksəlməsinin təminatçısına çevrilmişdir. Dövlət başçısının imzaladığı sərəncamlar, qəbul etdiyi sosial paketlər əməkhaqlarının sistemli artımını təmin edir, əhalinin bütün qrupları dövlətin yüksələn iqtisadi imkanlarından daim bəhrələnirlər.
Azərbaycan nadir ölkələrdəndir ki, burada dövlət hesabına tikilərək təmir olunan mənzillər və evlər, minik avtomobilləri əlillərə və şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə, hətta jurnalistlərə pulsuz verilir.
Ünvanlı sosial yardımlar və digər layihələr dövlətin çətinlikdə olan vətəndaşına sosial dayağının yeni formasıdır.
Belə tədbirlərin artırılması yeni prioritetlər sırasında yer almaqdadır.
Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı hesab olunan ölkəmiz növbəti on ildə də bu istiqamətə sadiq qalacaqdır. Dünya texnoloji inqilablar dövründədir. Dərin rəqəmsallaşma, yeni texnologiyaların dərindən tətbiqi olmadan dövrün tələblərilə ayaqlaşmaq çətindir. Şübhəsiz bu məqamda insan amili həlledici sayılır.
Azərbaycan daim hadisələri qabaqlamağı bacarıb. Cənab İlham Əliyevin illər öncə irəli sürdüyü “Neft kapitalını insan kapitalına çevirmək” çağırışı real həyatda öz yerini tutub. Artıq minlərlə gənc ölkə daxilində, habelə dövlət vəsaiti hesabına dünyanın ən qabaqcıl ölkələrindəki tanınmış təhsil ocaqlarında oxuyaraq vətənə dönmüşdür.
Müxtəlif sahələrdə çalışan belə mütəxəssislərin ölkə iqtisadiyyatına gətirdikləri yeni ab-hava duyulmaqdadır və prosesin davamlılığının vacibliyini də göstərir.
İşğaldan azad olunmuş ərazilərə qayıdış günümüzün ən aktual hədəfidir. Dövlət başçısı İlham Əliyev də bunu gündəlik fəaliyyətinin prioritetinə çevirmişdir. Xalqımızın ən böyük arzusunu gerçəkləşdirən Prezidentimiz onun istəyinin yeni mərhələsinin icrasının ardıcıllığını da dəqiq müəyyənləşdirib. Qarabağa qayıdış təkcə bu bölgəyə irihəcmli investisiya yatırılması deyil, həm də oradakı imkanlardan ölkə iqtisadiyyatının yararlanması anlamındadır. Belə ki, Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpaq var. İşğal olunmuş ərazilər vaxtilə Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının 35-40 faizini təşkil edirdi. Suvarma suyu ehtiyatlarının müəyyən hissəsi, habelə mineral su ehtiyatlarının 40 faizə qədəri bu ərazidə yerləşir.
Növbəti on ildə Qarabağın dirçəldilərək cənnətə çevrilməsi və onun potensialının ölkə iqtisadiyyatına yönəldilməsi əsas prioritet məsələdir.
Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək dünyada yaşayanların hamısının arzusudur.
Dünya dövlətlərinin böyük əksəriyyəti ekoloji problemlərin həllinə daha çox diqqət ayırmaqdadır. Səbəb isə eynidir: insanın təbiətə vurduğu zərbələr indi özünə doğru qayıdır. Təbiət öz “qisasını” başqa formada alır və insanlar yol verdikləri yanlışlıqların bədəlini ödəməkdədirlər.
Uzun illərdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə, o cümlədən Birinci vitse-prezident Mehriban xanımın rəhbərliyi altında ölkəmizdə yaşıllıqların qorunması, yeni yaşıllıq sahələrinin və meşə zolaqlarının salınması sahəsində ardıcıl iş gedir.
Erməni faşistləri işğal etdikləri ərazilərdə həm də “yaşıl soyqırımı” törətmişlər. Bir neçə yüz il yaşı olan çinarlıqlar, qiymətli ağacların bitdiyi meşələr məhv edilmiş, oduncağa çevrilərək satılıb sovrulmuşdur. Şübhəsiz, bunun da hesabı çəkiləcəkdir və dövlət başçısı zəruri tapşırıqlarını vermişdir.
Böyük qayıdış proqramında meşələrin bərpa edilməsi, ekoloji vəziyyətin sağaldılması da xüsusi yer tutur.
Azərbaycan dəfələrlə uzaqmənzilli, aydın hədəfli səfərlərə çıxıb.
Hər dəfə ümidi imkanından çox olub.
İndi isə geniş imkan, güclü əl və həm də böyük təcrübə sahibidir!
Güclü iqtisadiyyatı, zəfər müharibəsindən doğan böyük ruh yüksəkliyi, milli həmrəyliyi olan müstəqil dövlətimiz yeni hədəflərə də uğurla çatacaqdır!
Çünki onun İlham Əliyev kimi qətiyyətli rəhbəri, düşmən niyyətləri məhv edən Müzəffər Ali Baş Komandanı və milli maraqları hər şeydən uca tutan Prezidenti vardır!
Bəxtiyar SADIQOV