22:21 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
19:20 16.04.2021 Eldar Tofiq oğlu Quliyev
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan səfiri: ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib
ANA SƏHİFƏ / SİYASƏT
14:00 25.02.2021

 

Xocalı soyqırımının ildönümü ərəfəsində Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Tarixin dərsləri və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, bu tədbir Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin və Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən “ALEF” Yəhudi Gənclər Hərəkatı ilə birgə təşkil edilib.

Hibrid formatda, o cümlədən “Zoom” platformasında onlayn rejimdə keçirilmiş konfransda Rusiya, Azərbaycan, İsrail və Almaniya nümayəndələri iştirak ediblər.

Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu konfransı açaraq bildirib ki, bu gün Azərbaycan xalqı Xocalı soyqırımının ildönümünü qalib xalq kimi qeyd edir. Azərbaycan çoxdan gözlənilən qələbəni öz güclü və müdrik Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli ordusunun, igid övladlarının sayəsində qazandı.

Səfir Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə söhbət açaraq vurğulayıb ki, Xocalı soyqırımı Birinci Qarabağ müharibəsinin gedişində ən genişmiqyaslı, ən qanlı, lakin təəssüf ki, yeganə olmayan faciəli səhifədir.

P.Bülbüloğlu gənclərə müraciətlə deyib: “Bir məqama xüsusi diqqətinizi cəlb etmək istəyirəm ki, Azərbaycan tarixinin saxtalaşdırılması indi də, bizim gözümüzün qabağında davam edir. Təəssüf ki, son vaxtlar Rusiya mətbuatında yalan iddialar səslənir: guya Birinci Qarabağ müharibəsi Sumqayıt hadisələrindən başlayıb. Xatırlatmaq istəyirəm ki, ilk dəfə qan tökülməsi Sumqayıtda baş verməyib.

İlk dəfə qan tökülməsi bundan xeyli əvvəl baş verib. 1988-ci il fevralın 22-də Əsgəran rayonunda iki azərbaycanlı gənc qətlə yetirildi. Bu hadisə Azərbaycanda geniş əks-səda doğurdu. İndiki Ermənistanda yaşayan çoxsaylı azərbaycanlı əhali oradan sıxışdırılmağa başladı: Azərbaycan məktəbləri bağlanır, azərbaycanlılar kütləvi şəkildə işdən qovulur, müalicəyə ehtiyacı olanları xəstəxanalarda qəbul etmirdilər, küçələrdə və ictimai yerlərdə onları daim hədələyirdilər.

Bundan xeyli əvvəl, 1983-cü il aprelin 24-də qondarma “soyqırım günü” qeyd edən erməni ekstremistlər Zəngibasar (indiki Masis) rayonunda azərbaycanlıların toy məclisi zamanı Qafarovlar ailəsinə hücum ediblər. Bu hücum nəticəsində 4 nəfər azərbaycanlı qətlə yetirilib, onlarca azərbaycanlı yaralanıb. Azərbaycanlılar tərəfindən edilən çoxsaylı şikayətlərə, müraciətlərə baxmayaraq yerli milis və administrasiya bu şikayətlərə heç bir münasibət bildirməyib, hətta İttifaq orqanlarına müraciət ediləndən sonra da cinayət işləri açılmayıb.

1986-cı ildə Ermənistanın Qafan rayonunda yaşayan azərbaycanlı əhalinin təqribən yarısı oradan qovulub. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılandan sonra bütün Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə qovulması başlanır. Eyni vaxtda Yerevanda keçirilən antiazərbaycan mitinqlərdə “Ermənistanı türklərdən təmizləmək” şüarı səslənir.

Ermənistanın Quqark rayonunda (indiki Lori vilayəti) dəhşətli hadisələr baş verib. 1988-ci il noyabrın 27-nə keçən gecə erməni silahlıları bu rayonun Vartanlı kəndinə hücum edərək 13 azərbaycanlını diri-diri yandırıb, 70-dən çox adamı qətlə yetiriblər.

Gümrüdə də azərbaycanlılara qarşı vəhşilik törədilib. Amasiya rayonunda yaşayan 21000 nəfər əhalinin 18000 nəfəri azərbaycanlılar idi. Etnik təmizləmədən sonra bu insanlar öz yurdlarından qovulub. Təəccüblüdür, Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyi özünü elə aparırdı ki, guya heç nə olmayıb. Azərbaycanlılar tərəfindən İttifaqın mərkəzinə göndərilən bütün şikayətlər cavabsız qalır və ya onlara formal, başdansovdu cavablar verilirdi.

1988-ci ilin yanvarında Ermənistandan qovulan minlərlə yaralı, işgəncələr görmüş, qorxudulmuş qaçqın dəstəsi Bakıya gəlməyə başladı. Təkcə Ermənistan ərazisindən 200 mindən çox azərbaycanlı qovulmuşdu. Bir anda bütün əmlakını itirmiş bu insanlar hamısı Bakıda və Sumqayıtda cəmləşmişdi. Azərbaycan tərəfi sosial gərginliyi aradan qaldırmağa çalışırdı, lakin bu insanların doğmalarının və yaxınlarının ölümü ilə bağlı itkinin ağrı-acısı, qəzəbi, incikliyi unudula bilməzdi.

Azərbaycanlıların Ermənistan ərazisindən qovulması erməni separatçılarının geniş planının yalnız başlanğıcı idi. İkinci mərhələdə Dağlıq Qarabağda, sonra isə əhalisi azərbaycanlılardan ibarət olan yeddi ətraf rayonda etnik təmizləmə aparıldı.

Dinc azərbaycanlı sakinlərə qanlı divan tutulması ilə bağlı ən dəhşətli hadisələrdən biri Qaradağlı kəndində baş vermişdi. Həmin sakinlərin saxlandığı əsir düşərgəsindən çəkilmiş kadrlar bu yaxınlarda internetdə nümayiş etdirilirdi. 1992-ci il fevralın 7-də həmin kəndin 68 sakini qəddarcasına qətlə yetirilib, 49 nəfər əsir götürülüb. Onların bəziləri barədə o vaxtdan bəri heç bir məlumat yoxdur.

1992-ci ilin fevral ayında Kəlbəcər rayonunun 460 sakini olan kiçik Ağdaban kəndində 99 nəfər öldürülüb, 140 nəfər yaralanıb.

Nəhayət, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində və onun ətrafında dinc azərbaycanlı əhaliyə qəddarcasına divan tutulub.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin Humanitar proqramlar şöbəsinin rəhbəri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova Xocalı faciəsini Azərbaycan tarixində ən ağrılı səhifələrdən biri adlandırıb.

T.Əhmədova deyib: “Bu itkilərin ağrısı və həlak olanların xatirəsini yad etmək üçün 2008-ci ildə “Xocalıya ədalət” hərəkatı yaradıldı. Bu hərəkat Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla xanım Əliyevanın təşəbbüsü və onun rəhbərliyi ilə təşkil edildi. Tələbələr, gənclər, cəmiyyətin ən fəal hissəsi bu hərəkatda fəal iştirak edir. Azərbaycan gəncləri bütün dünyadan olan yaşıdları ilə birlikdə bu hadisələr barədə həqiqəti dünyaya çatdırır, belə faciənin bir daha heç vaxt və heç yerdə təkrarlanmaması üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, onlar birlikdə bu məqsədə nail ola biləcəklər”.

Tamilla Əhmədova vurğulayıb ki, Xocalı qırğını qurbanlarının xatirəsinin budəfəki ildönümü xüsusi hadisədir. Rəşadətli ordumuz əzəli Azərbaycan torpaqlarını ölkəmizə qaytardı, otuz il ərzində doğma diyara qayıtmağı gözləyən insanların ümidlərini qaytardı. O deyib: “Təəssüf ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün olmadı, Azərbaycanın 3 minə yaxın övladı Vətənin müstəqilliyi və bütövlüyü uğrunda canlarından keçdi. Onların xatirəsi qarşısında baş əyirik! Azərbaycan xalqı öz qəhrəman övladlarını daim xatırlayacaq və onlarla fəxr edəcək!”

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, Xocalı faciəsinin şahidlərindən biri olmuş Valeh Hüseynov, tanınmış politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Energetika Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini İqbal Quliyev, “ALEF” Yəhudi Gənclər Hərəkatının rəhbəri Abram İxiilov, RAGB-nin məsul katibi Ceyhun Hüseynov, RF Dövlət Duması deputatının köməkçisi Qalina Gerasimova və başqaları tədbirdə çıxış ediblər.

Konfransda “Xocalı soyqırımı: XX əsrin faciəsi”, “Holokost: unutmayaq və təkrarlanmasına yol verməyək”, “Tarixi yaddaşın qorunub saxlanmasında, vətənpərvərlik və millətlərarası ünsiyyət mədəniyyəti tərbiyəsində gənclərin rolu” mövzularında məruzələr oxunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM