20 Yanvar 2021 02:38
870
CƏMİYYƏT
A- A+

Azərbaycan mediası yeni inkişaf mərhələsinə qədəm qoyur

 

Yarandığı gündən mütərəqqi ideyaların carçısı kimi çıxış edən Azərbaycan mətbuatı hər zaman mütərəqqi ideyaların tərənnümçüsü olub. Xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verən mətbuat maariflənmədə, milli düşüncəsinin formalaşmasında, mədəniyyətimizin, mənəvi dəyərlərimizin gələcəyə daşınmasında mühüm rol oynayıb, Azərbaycanı müstəqilliyə aparan yolda fəal iştirak edib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda media demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib.

Xüsusən Heydər Əliyevin ölkəmizə rəhbərliyə başlaması ilə mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi medianın yüksəlişinə xidmət edən amillər oldu.

Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı. Bu dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib.

 

KİV islahatlardan kənarda qalmamalı, müasir zamanla ayaqlaşmalıdır

 

Son illər Azərbaycan üçün xarakterik cəhətlərdən biri cəmiyyət həyatının bütün sahələrində yeni islahatların həyata keçirilməsidir. Çünki istənilən sahədə inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığın təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respubilkamızda həyata keçirilən islahatlar məzmununa görə məqsədyönlü və konkret hədəfə doğru hesablanıb. Bu islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. Cəmiyyətin aynası olan KİV də bu islahatlardan kənarda qalmamalı, mütləq ümumi ahəngdarlığa uyğun olmalıdır.

Prezident İlham Əliyev tərəfindən yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması da məhz bundan irəli gəlir. Azərbaycan mediasının özünəməxsus inkişaf yolu keçdiyinin, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərdiyinin diqqətə çatdırıldığı sənəddə qeyd olunur ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranıb.

Fərmana əsasən respublikamızda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Bu məqamda bir məsələni xatırladaq ki, ötən illərə qədər ölkədə media siyasətinə kölgə salan hallara da rast gəlinirdi. Bəzi məmurların səlahiyyətlərindən sui istifadə edərək KİV üzərində nəzarətə çalışmaları, medianın imkanlarından şəxsi maraqları naminə yararlanmaları bu sahədə boşluqların yaranmasına, çatışmazlıqlara yol açır, bütövlükdə mətbuatın peşəkar fəaliyyətindən, sağlam ənənə və dəyərlərindən uzaqlaşmasına səbəb olurdu. Artıq bunlara son qoyulub və süni buxovlardan azad olan KİV həm də yeni inkişaf mərhələsinə qədəm qoyur.

 

Medianın İnkişafı Agentliyi fəaliyyətini hansı istiqamətlərdə həyata keçirəcək?

 

“Fərmanın imzalanması Azərbaycanda cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə duyulan ehtiyacla əlaqədar olduğu şübhəsizdir”.

Bunu Prezident İlham Əliyevin digər sərəncamı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru təyin edilən Əhməd İsmayılov bildirib. Onun sözlərinə görə, tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşmaların tətbiqinə təkan verəcək.

Əhməd İsmayılov qeyd edib ki, Medianın İnkişafı Agentliyi media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə kütləvi informasiya istifadəçilərinin media savadlılığının yüksəldilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirəcək. Bununla yanaşı, media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Eyni zamanda, media subyektlərinə müvafiq sahədə normativ hüquqi aktların şərhi və izahı ilə bağlı kömək göstərmək, bu sahədə dövlət dəstəyinin imkan və mexanizmləri barədə məlumat vermək, inkişaf strategiyasının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təklifləri dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Media Agentliyinin daim diqqətində saxlayacağı məsələlər olacaq.

Agentlik sadalanan çoxşaxəli fəaliyyət istiqamətləri ilə yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasına dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsini də nəzərdə tutur.

Əhməd İsmayılov bildirib ki, Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi daxildir. Media sahəsində fəaliyyət göstərən subyektlərə, onların redaksiyalarına və jurnalistlərə dair məlumatların sistemləşdirilməsinə, nəticədə yerli media məkanının ümumi xəritəsinin və mənzərəsinin formalaşdırılmasına şərait yaradılması məqsədilə müvafiq informasiya bazasının yaradılması qarşıda duran vəzifələr sırasındadır. “Bu yolla keyfiyyətli xəbər istehsalının təmin edilməsinə, bu sahədə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə, həmçinin kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətində inkişafa nail olunacaq”   deyə Əhməd İsmayılov bildirib.

 

KİV mənsubları islahatların dərinləşdirilməsini rəğbətlə qarşılayır

 

Prezident İlham Əliyevin mətbuatın müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq bu sahənin inkişafı istiqamətində islahatları təkmilləşdirməsi, Azərbaycan KİV-inin dünya informasiya məkanına inteqrasiyasını daha da sürətləndirmək məqsədilə davamlı addımlar atması media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu barədə danışan Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuatda da zamanın və dövrün tələblərinə uyğun təkmilləşmə uğurla həyata keçirilir. Onun sözlərinə görə, artıq mübaliğəsiz demək olar ki, ölkəmizdə dünya standartlarına uyğun media, elektron və yazılı KİV formalaşıb: “Statistikaya müraciət etsək, görərik ki, bu gün Azərbaycanda 40-dan artıq gündəlik, 200-dən çox həftəlik və aylıq qəzetlər cəmiyyətin informasiya tələbatının ödənilməsinə öz dəstəyini göstərir. Ölkə əhalisinin 80 faizindən çoxu fəal internet istifadəçisidir. Sosial mediadan istifadə edənlərin sayı 2 milyondan artıqdır. Bu statistik rəqəmlər Azərbaycanda azad mətbuatın inkişafı üçün bütün imkanların mövcud olduğunun təsdiqidir”.

Vüqar Rəhimzadə bildirib ki, Medianın İnkişafı Agentliyinin yaradılması bu  sahədə qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin gerçəkləşməsində stimulverici amil olacaq. Birmənalı qeyd etmək olar ki, bu addım Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanmasıdır. “Qürur hissi ilə qeyd etmək lazımdır ki, mətbuatın inkişafına yönələn hər bir addım, imzalanan fərman və sərəncamlar çağdaş Azərbaycan mətbuatının “Əkinçi”dən başlanan yolunun uğurlu davamına xidmət edir, “dördüncü hakimiyyət” kimi dəyərləndirilən mediaya Azərbaycan dövlətinin və möhtərəm Prezidentin yüksək  münasibətini, diqqət və qayğısını özündə ehtiva edir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda dövlət-mətbuat münasibətləri bundan sonra da yüksək səviyyədə olacaq, media nümayəndələri üzərlərinə düşən missiyanı müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə uğurla yerinə yetirəcəklər. Sərəncamda əksini tapan müddəalar sırasında “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin iki ay müddətində hazırlanıb ölkə Prezidentinə təqdim edilməsi də xüsusi yer tutur. İnamla qeyd etmək olar ki, həyatımızın bu sahəsində müəyyənləşdirilən kompleks tədbirlər qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaqda açar rolunu oynayacaq”, - deyə Vüqar Rəhimzadə bildirib.

 

MEDİA Agentliyinin yaradılması zamanında atılan addımdır

 

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı mətbuata açıqlamasında Medianın İnkişafı Agentliyinin yaradılmasının əhəmiyyəti haqqında danışaraq bildirib ki, son dönəmdə bu sahədə ciddi problemlərin olması ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılırdı: “Həqiqətən də ciddi tənqidi əsaslar var idi. İnam var ki, KİVDF-nin əsasında yaradılan Medianın İnkişafı Agentliyi ümumi media sferasında problemlərin daha ciddi və geniş həllinə gətirib çıxaran addımlar atacaq. Çünki yeni yaradılan bu qurumun Nizamnaməsi, qarşıya qoyulan vəzifələr daha geniş media sferasını əhatə edir. Əvvəllər KİVDF klassik media ənənələrinin yaşadılmasına daha çox üstünlük verirdisə, Medianın İnkişafı Agentliyi elektron medianın, yəni yeni medianın inkişafında bilavasitə iştirak edə biləcək mühüm qurum olacaq. Çünki burada artıq bütün media sferaları əhatə olunur. Həm çap, həm elektron, həm də ki, yeni fərdi medianın gətirdiyi elementlərlə bağlı digər jurnalistika anlayışlarının, jurnalist fərdlərinin daha geniş çevrədə fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması işi öz əksini tapır”.

Akif Aşırlının sözlərinə görə, Medianın İnkişafı Agentliyinin yaradılması zamanında atılmış addımdır: “Biz bu məsələləri gündəmə gətirirdik. Agentliyin əsas prinsiplərindən və görəcəyi işlərdən biri media qanunvericiliyinin dəyişdirilməsidir. “Kütləvi informasiya vasitələri haqqında” qanuna bir neçə dəfə dəyişiklik olunub. Bununla belə KİV haqqında əlimizdə yekdil qanun yoxdur. Qanunların hər dəfə dəyişikliyə məruz qalmasının özü də bir problem yaradır. Yeni medianın hüquqi statusunun müəyyənləşməsində müəyyən problemlər var. Ciddi dəyişikliklərə ehtiyac duyulur. Çünki yeni media özü ilə yeni anlayışlar gətirir. Yeni yanaşmalar ortaya qoyulmalıdır və bu da qanunvericilikdə öz əksini tapmalıdır ki, medianın hüquqi statusu nədən ibarətdir”.

 

Agentliyin Nizamnaməsi mətbuatın inkişafı üçün yol xəritəsidir

 

“Editor.az” portalının baş redaktoru Fərid Şahbazlı Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyinin təsis olunmasını Azərbaycan mətbuatının inkişafında yeni mərhələ sayır:  “KİV-in inkişafı dövlət başçısının siyasi iradəsidir və biz bunu İlham Əliyevin fəaliyyətində daim müşahidə etmişik. Belə ki, bugünə qədər medianın inkişafı istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Jurnalistlərin mənzil-sosial şəraitinin yaxşılaşdırılması istiqamətində iki binanın inşası, daha bir binanın tikilməsi, çap mediasının dövlət tərəfindən maliyyələşməsi və fərdi jurnalist müsabiqələrinin təşkili, cənab Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında jurnalistləri özünün köməkçisi və dostu adlandırması bunun əyani təzahürüdür.

Lakin cənab Prezidentin də söylədiyi kimi, bəzi məmurlar mətbuatı şəxsi intriqa və mübarizə meydanına çeviriblər. Təəssüf ki, bəzi hallarda mediadan alət kimi istifadə olunub. Bu mənada yeni Agentliyin fəaliyyətə başlaması günün tələbi və mətbuatın inkişafı istiqamətində çox mühüm addımdır. Eyni zamanda yeni mərhələnin başlanğıcıdır”.

Agentliyin fəaliyyət istiqamətləri barədə qənaətlərini bölüşən Fərid Şahbazlı qeyd edib ki, əsas diqqət Azərbaycan mətbuatını müasir səviyyəyə çatdırmağa və dövrün tələbləri ilə uyğunlaşdırmağa yönəlməlidir: “Bilirsiniz ki, digər sahələrdə olduğu kimi, medianın da fəaliyyətində böyük dəyişikliklər baş verib və müasir şərait bu sahədə həm qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də yeni yanaşma tərzini qaçılmaz edir. Fərmandan da göründüyü kimi, Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsini, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasını, onların sosial müdafiəsinin gücləndirilməsini, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilini, habelə kütləvi informasiya istifadəçilərinin media savadlılığının yüksəldilməsini və digər istiqamətlərdə tədbirləri özündə ehtiva edir. Yəni Agentliyin Nizamnaməsi və orada əks olunan müddəalar mətbuatın inkişafı üçün yol xəritəsi rolunda çıxış edir. Hesab edirəm ki, internet medianın gücləndirilməsi, özünütənzimləmə mexanizmlərinin yaradılması, beynəlxalq media təsisatları ilə əlaqələrin qurulması və birgə fəaliyyətin təşkili, sosial media ilə bağlı tədbirlərin həyata keçirilməsi, jurnalistlərin bilik və bacarıqlarının artırılması mühüm istiqamətlər olmalıdır. Eyni zamanda cəmiyyətin bütün sahələr üzrə maarifləndirilməsi və obyektiv informasiya alması istiqamətində medianın rolu artırılmalıdır. Müasir dəyərlərin günümüzə ayaq açdığı mövcud şəraitdə beynəlxalq auditoriyaya xitab etmədən ciddi uğurlardan danışmaq mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, Azərbaycanın dünya miqyasında artan rolu, tarixi Qarabağ Zəfəri və regionun əsas dövlətinə çevrilməsi fonunda bəzi qüvvələr ölkəmizə qarşı təxribatçı senarilərini işə salıblar. Bu xüsusda Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği mətbuatın əsas fəaliyyət istiqamətlərindən biri olmalıdır. Başqa sözlə ifadə etək, beynəlxalq əməkdaşlığa xüsusi önəm verilməsi prioritet istiqamətlərdən birinə çevrilməlidir”.

Qloballaşan dünya sürətlə inkişaf edir ki, bu da cəmiyyət həyatının bütün sahələrində, o cümlədən medianın qarşısında yeni vəzifələr müəyyənləşdirir. KİV-in inkişafına dəstəyini əsirgəməyən Azərbaycan dövlətinin məqsədi həm də  KİV-in öz fəaliyyətində yeni trendlərlə, müasir çağırışlarla ayaqlaşmasıdır. Bu baxımdan bu sahədə islahatların dərinləşdirilməsi həm respublikamızda cəmiyyət həyatının digər sferalarında həyata keçirilən islahatları tamamlayacaq, həm də bütövlükdə medianın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video