15 Yanvar 2021 00:39
3258
Mədəniyyət
A- A+

Azərbaycan mədəniyyətinin paytaxtı

 

İlham Əliyev Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı

 

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir!..

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!..

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından bəyan etdiyi bu sözlər xalqımızın 28 illik Qarabağ yarasına məlhəm oldu, əvvəlki sevinclərimizə sevinc qatdı, xoşbəxtliyimizi bütövləşdirdi. Elə dövlət başçısı özü də atası, Ümummilli Lider Heydər Əliyevin Şuşanın işğaldan azad edilməsilə bağlı vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.     

Ulu Öndər Heydər Əliyev Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinə böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Ulu Öndər Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1970-ci illərin ikinci yarısında Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşanın inkişafı məqsədilə bir neçə xüsusi qərar qəbul edilmişdi.

Ümummilli Lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdi ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim uca tutan Prezident İlham Əliyev də Vətən savaşı zamanı müsahibələrinin  birində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi. Prezident İlham Əliyev bu vədini də yerinə yetirdi. Və xalqımızın tarixində, mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi günün - 8 Noyabrın Azərbaycanda Zəfər günü kimi təsis edilməsi haqqında sərəncam imzaladı. Bu qərar bütün ölkədə sevinclə qarşılandı.

Yanvarın 5-də isə Prezident İlham Əliyev Şuşa ilə bağlı növbəti mühüm qərarını açıqladı. Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Ölkə rəhbəri bu qərarı ilə Şuşaya xüsusi önəm verdiyini növbəti dəfə nümayiş etdirdi: “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”.

Qarabağın incisi, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa ölkəmizin qədim tarixini özündə yaşadır. Bu şəhər milli mədəniyyətimizin mərkəzi, poeziyamızın və musiqimizin beşiyidir. Əbəs yerə Şuşanı Qarabağın döyünən qəlbi adlandırmırlar. Milli memarlıq üslubu ilə seçilən, orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsi adlandırılan Şuşa  şərqlilərə məxsus arxitekturası ilə fərqlənib.  Azərbaycanın alınmaz qalası, mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir. Hər biri əvəzsiz sənət nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası, Xurşidbanu Natəvanın, artilleriya generalı Mehmandarovun, şair-rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi, əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları, memarlıq uslubu ilə inşa olunan digər tikililər şəhərə gələn qonaqları valeh edirdi. Dəniz səviyyəsindən 1403 metr hündürlükdə salınan bu səhər Turşsu mədən suyu ilə də məşhur olub, kurort kimi qonaqların ən çox istirahət və müalicə olunduqları məkana çevrilib.

Şuşa həm də bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin yetişdiyi bir yerdir. Qarabağın bu dilbər guşəsi Azərbaycan tarixinə Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Haşım bəy Vəzirov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlər bəxş edib.

“Şərqin konservatoriyası”, muğamımızın beşiyi adlanan bu şəhər Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərinin vətəni olub.  Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Lakin bu şəhər təkcə musiqiçiləri ilə şöhrət qazanmamışdır. Əsrarəngiz təbiət amili, saf, dupduru bulaqlar bu yerlərin şöhrətini daha da artırırdı. Bu diyarın ən məşhur bulağı olan İsa bulağını isə çoxları Şuşanın rəmzi hesab edirlər.

Xarı bülbülün vətəni olan Şuşa bütün gözəlliyi ilə fərqləndiyindən tarixboyu yağıların göz dikdiyi məkana çevrilib.

1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıdıb, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyini, Dövlət Qarabağ Tarixi Muzeyini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıb, nadir sənət incilərini talayıb və məhv ediblər. Şəhərin Tarix Muzeyinin 5 minədək əşyası, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacibəylinin, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.

28 ildən sonra Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri işğaldan azad edildi. Prezident İlham Əliyev azadlığına qovuşan, 270 illik tarixi olan Şuşa şəhərini yenidən bərpa edir, dirçəldir, əvvəlki şöhrətinin qaytarılması üçün yeni dövr başladır.

Prezident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı erməni işğalı dövründə Şuşaya vurulmuş maddi-mənəvi ziyandan bəhs edərkən şəhərin bərpası ilə əlaqədar işlərə artıq start verildiyini və böyük heyətin oraya ezam edildiyini dedi: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq eyni zamanda tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir.

O cümlədən Şuşada yerləşən məscidlərimiz əsaslı şəkildə təmir edilməlidir, bərpa olunmalıdır, onların öz siması qaytarılmalıdır”.

Dövlət başçısı Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalının bərpa olunmasının vacibliyini də vurğuladı. Bu fikirlərilə dövlət rəhbəri qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin, onun mədəni mərkəzlərinin yenidən qurulması və bərpası ilə bağlı kodeksi də təqdim etmiş oldu.

Şuşanın bərpası, dirçəldilməsi, tarixi simasının qaytarılması Qarabağın döyünən ürəyinin, regionun mədəniyyət mərkəzinin yenidən dirçəldilməsi demək olacaq. Bu həm də milli qürurumuzun, mənliyimizin, mədəniyyətimizin, incəsənətimizin, tariximizin bərpa edilməsi, yenidən yüksəliş mərhələsinə daxil olmasıdır. Bu mənada Prezident İlham Əliyevin Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi olduqca mühüm qərardır.

Dövlət rəhbəri bu şəhəri mədəniyyətimizin paytaxtı elan etməklə Şuşanın tarixi kimliyini bir daha özünə qaytardı. Bu qədim şəhərimizin dəyərini, qiymətini bütün dünyaya bir daha bəyan edərək mesaj verdi. Dünya Azərbaycanın mədəniyyət paytaxtının öz sahiblərinə qaytarıldıqdan sonra necə möhtəşəm şəkildə dəyişiləcəyini görəcək. Azərbaycan bu torpaqlara yenidən həyat qaytaracaq, dağıdılmış şəhərlərə ruh və can verəcək.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video