22 Yanvar 2021 10:58
682
İQTİSADİYYAT
A- A+

Azərbaycan liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsini öyrənir

 

Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi ilə bağlı dövlət başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində ölkəmizdə liberal elektrik enerjisi bazarının yaradılması üçün Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə onlayn seminar keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektrik enerjisi bazarı və bərpaolunan enerji mənbələrinin liberal bazar münasibətləri şəraitində idarə edilməsi məsələlərinə həsr olunmuş tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez də iştirak edib.

Nazir P.Şahbazov qardaş Türkiyə ilə əməkdaşlıq əlaqələrinin bütün sahələrdə, o cümlədən enerji sektorunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində reallaşan strateji enerji layihələri əməkdaşlığımızın yalnız iki ölkənin deyil, dünyanın enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Türkiyənin elektrik enerjisi bazarı və bərpaolunan enerji sahəsində nailiyyətləri və bu istiqamətdə əməkdaşlığımız da ölkəmizin elektroenergetika sektorunun yeni münasibətlər əsasında inkişafına töhfə verəcək”.

Çıxışda, həmçinin elektroenergetika sahəsində liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərin və bu sahədə bazar prinsiplərini ehtiva edən yeni qanun layihəsinin hazırlandığı bildirilib. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin də Azərbaycan Prezidentinin islahatlar və iqtisadiyyatın diversifikasiyası kursunun prioritetlərindən olduğu, bu məqsədlə ölkənin elektrik enerjisi üzrə ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılmasının planlaşdırıldığı vurğulanıb. Ümumi gücü 470 meqavat olan külək və günəş elektrik stansiyaları ilə bağlı pilot layihələrin isə artıq icra olunduğu qeyd edilib. Eyni zamanda, liberal bazara keçid və bərpaolunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə inteqrasiyası sahəsində beynəlxalq təcrübənin, o cümlədən 2019-cu ildən etibarən Türkiyə təcrübəsinin öyrənilməsi üzrə atılan addımlardan bəhs edilib.

Türkiyənin energetika və təbii sərvətlər naziri F.Dönmez isə çıxışında iki ölkənin birliyi və qardaşlığının regionda və dünyada sülhə və sabitliyə, birgə enerji layihələrinin, o cümlədən TANAP-ın isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Onun sözlərinə görə, TAP-ın sayəsində TANAP-ın və Azərbaycan qazının strateji əhəmiyyəti daha da artacaq. Liberal elektrik enerjisi bazarının isə Türkiyədə uzun illərdir uğurla tətbiq edildiyini, yüksəkkeyfiyyətli, rəqabətədavamlı sistemin yaradıldığını, bərpaolunan enerji sahəsinin əhəmiyyətli dərəcədə inkişaf etdiyini deyən F.Dönmez bu istiqamətdə ölkəsinin mütərəqqi təcrübəsini də Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib.

Energetika Nazirliyi, nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi, “Azərenerji” ASC, “Azərişıq” ASC, qarşı tərəfdən isə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi, Enerji Bazarlarını Tənzimləmə Qurumu (EPDK), Enerji Bazarları Əməliyyat Şirkəti (EPİAŞ) və Elektrik Enerjisi Ötürmə Şirkətinin (TEİAŞ) nümayəndələrinin iştirakı ilə iki gün davam edən seminarda Türkiyədə liberal elektrik enerjisi bazarına keçidin mərhələləri, keçid prosesində yaranan problemlər, onların aradan qaldırılması yolları, qiymətlərin formalaşması, subyektlər arasında hesablaşma, balanslaşdırma və köməkçi xidmətlər bazarlarının təşkili, idarə edilməsi, ehtiyat güclərin saxlanılması mexanizmi, həmçinin bərpaolunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası məsələlərinin həlli, bu enerji mənbələrindən istifadənin genişləndirilməsinin bazara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçid və bu sahədə yeni münasibətləri tənzimləyən qanunvericilik bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video