19:44 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
17:20 26.02.2021 Sükut dəqiqəsi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Alimlərdən koronavirusla bağlı nikbin proqnozlar

ANA SƏHİFƏ / SƏHIYYƏ
01:49 23.02.2021

 

Ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilən yeni növ koronavirus (COVID-19) dünyamızın başbəlası olaraq qalır. Bu təhlükəli virusa yoluxanların sayı dünyada sürətlə artmaqda davam edir.

Koronavirusa yoluxanların ümumi sayı 111 972 919 nəfərdir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında bildirilib. Koronavirus aşkarlanmış xəstələrdən 2 478 402 insan həyatını itirib, 87 338 159 nəfər isə sağalıb.

Dünyada virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlərdən birincisi yenə ABŞ-dır. Bu ölkədə koronavirusa yoluxanların sayı 28 765 423 nəfərdir. Amerika Birləşmiş Ştatlarında artıq 511 133 nəfər COVID-19 səbəbindən vəfat edib. ABŞ-da koronavirusdan ölənlərin sayı ölkənin üç müharibədə - II Dünya müharibəsi, Koreya müharibəsi və Vyetnam müharibəsində verdiyi insan itkilərindən çoxdur. Belə ki, II Dünya müharibəsində 291 min, Vyetnamda 47,4 min, Koreya müharibəsində isə 33,7 min amerikalı əsgər həlak olub. Qeyd edək ki, müvafiq hesablamalar TMZ portalı tərəfindən aparılıb.

Dünyada koronavirusa yoluxma sayına görə ABŞ-dan sonrakı yerləri Hindistan (11 005 850 nəfər), Braziliya (10 168 174 nəfər), Rusiya (4 164 726 nəfər) və Böyük Britaniya (4 115 509 nəfər) tutur.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiyada (83 293 nəfər), İranda (59 483 nəfər) və Türkiyədədir (28 060 nəfər).

Azərbaycanda koronavirusa yoluxan 233129 nəfərin 3198-i vəfat edib, 227761 insan isə sağalıb.

Ölkəmizdə virusa yoluxma və ölüm sayında nəzərəçarpan azalma olmasına baxmayaraq, mütəxəssislər arxayınlaşmamağı tövsiyə edirlər. Maska, məsafə və gigiyenik tələblərə riayət olunması yenə də ən vacib məsələlər olaraq qalır.

 

Dünya əhalisinin təxminən 2.6 faizi peyvənd olunub

 

Dünyada koronavirusa qarşı peyvənd olunmuş şəxslərin sayının 200 milyonu keçdiyi barədə TASS məlumat yayıb. Bu da dünya əhalisinin təxminən 2.6 faizinə bərabərdir. Peyvənd olanların 65 faizi ABŞ, Çin, Böyük Britaniya və Hindistan vətəndaşlarının payına düşür.

Yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən zəruri tədbirlər davam etdirilir. Yanvarın 18-dən Azərbaycanda da COVID-19-a qarşı vaksinasiya aparılır. Artıq peyvənd olunanlara ikinci doza da vurulur.

Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Bu vaksinin yaratdığı immunitetin minimum müddəti bir ildir. Peyvəndin maksimum müddəti isə hələ təsdiqlənməyib.

Bu gün çoxlarını düşündürən suallardan biri də budur ki, peyvəndin ilk dozası vurulduqdan sonra maska taxmaya bilərikmi? “Rossiya-1” telekanalının məlumatına görə, Moskvada Kommunarka xəstəxanasının baş həkimi Denis Protsenko koronavirus peyvəndinin ilk dozası tətbiq edildikdən sonra maska taxmaqdan imtina etməyin mümkün nəticələri barədə məlumat verərkən bunları diqqətə çatdırıb: “İki komponentli peyvənddən danışırıqsa, ilk inyeksiyadan sonra immunitetin yaranması tez bir zamanda baş vermir”. Denis Protsenko bildirib ki,  birinci dozadan ikinci dozaya qədər olan müddət psixoloji baxımdan ən çətin dövrdür, lakin bu zaman fərdi qoruyucu vasitələrin rədd edilməsi və sosial məsafənin qorunmaması yoluxmaya səbəb ola bilər. O, təsdiq edib ki, peyvəndin ilk dozasından sonra koronavirus halları qeydə alınıb. Denis Protsenko qeyd edib ki, bu xəstələrdə xəstəliyin gedişi vaksinasiya edilməyənlərlə eynidir.

 

Koronavirusun gətirdiyi daha bir problem yuxusuzluqdur

 

Bütün dünyada aylardır davam edən qadağalar, məhdudlaşdırmalar insanların həyatını məcrasından çıxarıb. Koronavirus pandemiyası fonunda aparılan araşdırmalar göstərir ki, hazırda dünyada yuxusuzluq problemi artır. Alimlər problemə “insomniya” (yuxusuzluq) və “koronavirus” sözlərini birləşdirməklə “koronasomniya” adı veriblər. İngiltərə, Çin, Yunanıstan və İtaliya kimi ölkələrdə aparılan tədqiqatlar yuxusuzluq problemi yaşayanların əhalinin sayına nisbətdə ciddi şəkildə artdığını təsdiq edib. Alimlər buna pandemiyaya görə gündəlik həyat tərzindəki normaların dəyişməsinin səbəb olduğunu qeyd ediblər. Zehnin fərqli məkanlarda çalışdıqdan sonra istirahətə olan ehtiyacının ev şəraitində fəaliyyət nəticəsində dəyişməsi, habelə daha az hərəkət etmək də problemə təsir edən amillərdən hesab edilib.

 

Havalar isindikcə COVID-19-un aktivliyi azalacaq

 

COVID-19 bəlası bitməmiş daha bir təhlükə meydana çıxıb. Belə ki, ötən ilin sentyabrından koronavirusun yeni, mutasiyaya uğramış növü yayılmağa başlayıb.  Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahatlığını dilə gətirib. Ancaq ÜST rəsmisi nikbin proqnozlar da verib. Onun bildirdiyinə görə, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək. Hans Klüqe bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur. ÜST səlahiyyətlisi ehtimal edib ki, yeni növ koronavirus epidemiyası 2022-ci ilin əvvəllərində sona çatacaq: “Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”. Hans Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da söyləyib.

Daha bir ümidverici fikir isə amerikalı tədqiqatçılar tərəfindən irəli sürülüb. Alimlər apardıqları araşdırmalar nəticəsində bu fikrə gəliblər ki, havalar isindikcə COVID-19-un aktivliyi azalacaq. Onlar “SARS-CoV-2”nin adi mövsümi xəstəliklərin alqoritm aktivliyinə uyğun gəldiyini müəyyənləşdiriblər. Bununla da yazda koronavirusun aktivliyinin azalacağı, hətta tamamilə yox olacağı ehtimalı yaranıb. Tədqiqatçılar şimal yarımkürəsinin əlli ölkəsində xəstələnmə səviyyəsini müşahidə etdikdən sonra belə nəticəyə gəliblər. Rəqəmlər göstərir ki, ətrafdakı temperatur bir dərəcə artdığı təqdirdə virusun aktivliyi də o qədər azalır. Temperaturun bir dərəcə aşağı düşməsi isə yoluxmanın sürətini təxminən dörd faiz yüksəldir.

 

Z.FƏRƏCOVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM