Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

12 İyun 2016
 

Banka 2 min ABŞ dolları borcum var. Ödəniş imkanım aşağı olduğundan banka müraciət edib mənə kömək etmələrini xahiş etdim. Kredit borcumu yeni üsulla hesablayıb müddətini uzadacaqlarını söylədilər. Lakin bu zaman faizlər həddindən artıq çox olacağından bankın təklifi  məni qane etmədi.

Bank məndən kredit borcunu məhkəmə qərarı ilə alacağı təqdirdə, qərarın icrası zamanı borcumun hissə-hissə ödənilməsini istəyə bilərəm?

 

Rizvan ZAMANOV,

Gəncə şəhəri

 

“İcra haqqında” qanunun 15-ci maddəsinə əsasən, siz qətnamənin hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərsiniz. Bu halda məhkəmə sizin əmlak vəziyyətinizi və digər halları nəzərə alaraq  müraciətinizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

Nəzərə almalısınız ki, qətnamənin hissə-hissə icrası barədə ərizənizə əmlakınızın vəziyyəti, qazancınızın miqdarı və sizdən tələb edilən borcu bir dəfəyə tam ödəmə imkanına malik olmamağınızı təsdiqləyən sübutlar əlavə etməlisiniz. Məhkəmə sizin təqdim etdiyiniz sübutlar əsasında ərizənizə lazımi hüquqi qiymət verəcəkdir.  

 

Biz ailədə 2 uşağıq. Atam notariat qaydasında vəsiyyətnamə tərtib etməklə özünə məxsus 2 evi bizə vəsiyyət edib. Lakin atamın birinci evliliyindən bir uşağı da var. Bir neçə il əvvəl atam heç bir bölgü etmədən şəhərdəki evi həmin uşağa vermişdir. Atamın əvvəlki nikahından olan uşağının bizə vəsiyyət olunmuş 2 evə dair hər hansı hüququ varmı? Bu iki evdən ona hər hansı pay düşür?

 

Nüsrət HEYBƏTOV,

Bakı şəhəri

 

Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM)  vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə və öz iradəsini aydın ifadə edə bilən hər bir yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli şəxsə imkan verir ki, öz əmlakını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlardan  bir və ya bir neçəsinə vəsiyyət etsin (m.1166 və 1167). Lakin MM həm də vəsiyyət üzrə vərəsəlik halında bəzi şəxslərə (vəsiyyət edənin valideynləri, arvadı (əri) və uşaqları) imkan verir ki, miras qoyanın son iradəsindən (vəsiyyətnamənin məzmunundan) asılı olmayaraq, mirasda məcburi pay tələb etsinlər (m. 1193).

Beləliklə, atanızın əvvəlki nikahından olan uşağının mirasda məcburi payı tələb etmək hüququ var və məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını təşkil edir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi