Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

05 İyun 2016
 

Məhkəmənin çağırışına baxmayaraq əmlak bölgüsü tələbi ilə bağlı iş üzrə iclasda iştirak etməkdən boyun qaçırmağa görə şahidin məsuliyyəti varmı?

 

Namiq ORUCOV,

Bakı şəhəri

           

Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur.

Şahid   məhkəmə iclasına gəlmədikdə  məhkəmə onun iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır. Çağırılmış şahid   məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzrsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi, m. 62.1, 62.2, 186.1 və 186.2).

 

Qadın ərindən boşanıb. Onun iki oğlundan böyüyü vəfat edib. Dünyasını dəyişmiş oğlunun arvadı və 2 uşağı var. Qadının mülkiyyətindəki ev onun vəfat etməsi halında vərəsə kimi ikinci oğluna qalacaq, yoxsa həmin evdə böyük oğlunun arvadının da payı var?

Müseyib Abbasov,

Sumqayıt

 

Əgər hər hansı vəsiyyətnamə tərtib edilməyibsə, onda qadının vəfatı halında qanunvericiliyə əsasən, bu  əmlak vərəsələrə vərəsəlik əsası üzrə keçəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 (“Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar”) və 1159.1.3-cü (“Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.”) maddələrinə müvafiq olaraq evin bölgüsü aşağıdakı kimi olacaq. Ev birinci növbədə vərəsələr kimi qadının böyük oğlunun iki uşağı və ikinci oğlu arasında bölüşdürüləcək. Bu zaman qadının böyük oğluna çatası pay (yəni, evin 1/2 hissəsi) sonuncunun 2 uşağı arasında bərabər şəkildə (hər birinə 1/4 hissə olmaqla) bölünəcək. Evin qalan 1/2 hissəsi isə qadının ikinci oğluna vərəsəlik qaydasında keçəcəkdir. Qadının böyük oğlunun arvadı birincinin vərəsəsi olmadığından qadının vəfatı halında, evə münasibətdə hər hansı mülkiyyət hüququ yaranmayacaqdır.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi