“Naxçıvan tarixi” azərbaycanşünaslığa layiqli elmi töhfədir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Naxçıvan tarixi” azərbaycanşünaslığa layiqli elmi töhfədir

20 May 2016
 

Bütövlükdə Azərbaycan, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının çoxəsrlik tarixi haqqında keçmiş sovet hakimiyyəti dövründə çoxsaylı əsərlər yazılsa da, mövzuya əsasən ideoloji cəhətdən yanaşıldığı üçün tarixin real mənzərəsinin canlandırılması, ictimai-siyasi və iqtisadi-mədəni proseslərin obyektiv gedişatının işıqlandırılması mümkün olmamışdır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması haqqındakı ideyaları yalnız ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra mümkün olmuşdur. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın zəngin tarixi inkişaf yolunun da gerçək surətdə öyrənilib araşdırılması və təqdim edilməsi Azərbaycan Respublikasının müstəqillik dövrünün mühüm hadisəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 6 avqust 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan MEA Naxçıvan Bölməsinin və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının çoxillik çətin və böyük zəhmətləri sayəsində hazırlanıb “Əcəmi” nəşriyyatında çap olunmuş 3 cildlik “Naxçıvan tarixi” kitabı ən yeni dövr Azərbaycan tarixşünaslıq elminin əhəmiyyətli hadisələrindən biri kimi meydana çıxmışdır.

Kitabın müəllifləri əsərin ayrı-ayrı cildlərində konkret olaraq arxeoloji materiallar və tutarlı tarixi mənbələr, arxiv sənədləri və dövri mətbuat materialları əsasında ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olan Naxçıvanın Dünya tufanı hadisələrindən müasir mərhələsinədək olan çoxəsrlik tarixini olduqca əhatəli və geniş şəkildə qələmə almışlar. Müəlliflər haqlı olaraq diqqəti belə bir cəhətə yönəltmişlər ki, Cənubi Qafqazda qədim əkinçilik mədəniyyətinin tarixi, yəni ilk oturaq həyatın başlanğıcı məhz Naxçıvandakı I Kültəpədən başlamışdır. Naxçıvan ərazisində Neolit və Eneolit abidələrinin əhəmiyyətli yer tutması, burada Tunc və Dəmir dövrü düşərgələrinin miqyas etibarilə əhatəli olması regionun zəngin və qədim tarixindən xəbər verir.

Buna baxmayaraq, Azərbaycan tarixşünaslığında Naxçıvan tarixindən bəhs edilərkən yalnız Kültəpə mədəniyyəti ilə bağlı ilkin tədqiqatlardan istifadə edilməklə kifayətlənilmişdir. Müstəqillik illərində isə aparılmış tədqiqatlar ayrı-ayrı dissertasiyalarda və kitablarda pərakəndə şəkildə qaldığından ümumi məqsədə tam xidmət edə bilməmişdir. Bu baxımdan yanaşdıqda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq “Naxçıvan tarixi” çoxcildliyində müəlliflər regionun tarixinin müəyyənləşməsinə həzrəti Nuh Peyğəmbərin dövrü ilə olan araşdırmalarla başlamış, həmin dövrə aid qayaüstü rəsmləri, arxeoloji abidələri, mifologiyanı və toponimikanı kompleks şəkildə tədqiqata cəlb etməklə bu diyarda insan məskunlaşmasının, ilkin şəhərsalmanın və duzçıxarmanın 5 min ildən çox tarixə malik olduğunu aşkara çıxarmış, ciddi elmi ümumiləşdirmələr aparmışlar. Naxçıvan şəhərinin adının da Dünya tufanı hadisəsi ilə səsləşən Nuhçıxan sözü ilə əlaqədar olması barədəki qənaətlər də yeni elmi nəticələrdir. Eyni zamanda, arxeoloji qazıntılar əsasında əldə olunmuş və dövriyyəyə daxil edilmiş materialların işığında Naxçıvan Kültəpələrinin əhəmiyyəti və Dəmir dövrünə aid olan Oğlanqalanın eramızdan əvvəl IX-XI əsrlərdə kiçik bir şəhər-dövlətin paytaxtı olması və Urartulara qarşı mübarizə aparması haqqındakı mülahizələr müəlliflər tərəfindən dərin elmi səviyyədə araşdırılmışdır. Bütün bunlar Naxçıvanın ən qədim dövr tarixinin öyrənilməsi ilə yanaşı, ümumiyyətlə Azərbaycan tarixşünaslığı səviyyəsində mühüm əhəmiyyətə malik olan yeni yanaşmalardır.

Müəlliflərin Naxçıvanda şəhər tipli ilkin yaşayış yerlərinin miladdan əvvəl III minillikdə formalaşması, Naxçıvan şəhərinin qədim mədəniyyətinin Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf etməsi, e.ə. III minillikdə iqtisadiyyatın və ticarətin inkişafının Naxçıvanda şəhər tipli yaşayış məskənlərinin yaranmasına imkan verməsi haqqındakı elmi nəticələri də ciddi maraq doğurur. Ən maraqlı məqamlardan biri də fəslin sonunda etnik-mədəni proseslərin ciddi surətdə nəzərdən keçirilməsi və zəruri ümumiləşdirmələrin aparılmasından ibarətdir.

“Naxçıvan tarixi” kimi ciddi elmi tədqiqat işini xronoloji ardıcıllıq əsasında müəyyən edilmiş dövrləşmə əsasında quran müəlliflər “Naxçıvan eradan əvvəl IX və yeni eranın II əsrlərində” adlanan ikinci fəsildə Naxçıvanın siyasi və sosial-iqtisadi münasibətlərini araşdırmış, bu dövrdə Urartu dövlətinin Azərbaycana yürüşlər etməsi, Naxçıvanda yaşayan tayfaların işğallara qarşı mübarizə aparmaq üçün möhtəşəm qalalar inşa etdirmələrindən bəhs olunmuşdur. Oğlanqala şəhər-dövlətin Urartu hücumlarına qarşı müqaviməti və nəticələri haqqında çoxcildlikdəki materiallar Azərbaycan tarixşünaslığında ilk dəfədir ki, geniş ictimaiyyətə təqdim olunur.

Müstəqillik dövrünün işığında meydana çıxmış “Naxçıvan əhalisinin etnogenezi” ilə bağlı məsələlər I cildin III fəslində təqdim olunmuşdur. Müəlliflər haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının etnogenezi konsepsiyası ümumi şəkildə işlənsə də, Naxçıvan əhalisinin etnogenezi tarixi indiyə qədər tədqiq edilməmişdir. Doğrudur, mənbələrdə Naxər ölkəsində əski tayfaların prototürklərin olduğu bildirilir. Lakin ilk dəfədir ki, bu fəsildə olduğu kimi As, Naxər, türükkü, kuti, lulubəy, kaş subər, su (şu), tal, koman, pal, tus və başqa boylar və tayfalar, onların yayıldığı coğrafiya dərindən öyrənilmiş, həmin tayfaların Azərbaycan xalqının formalaşmasında oynadıqları mühüm rolu meydana qoyulmuşdur. Kitabda eyni zamanda oğuzlar, Skif-Sak və kimmerlər, qıpçaq, hun və sairlər haqqında dolğun məlumatlar verilmişdir. Belə qənaətə gəlinmişdir ki, Naxçıvan əhalisinin etnogenezi e. ə. VI əsrdən başlayaraq Aratta, Mitan, Manna, Midiya, Atropatena dövlətlərindəki prototürk boyları ilə təşəkkül tapmışdır. Bu, bütövlükdə Azərbaycan xalqının etnogenezinin müəyyənləşməsində fərqli və əhəmiyyətli başlanğıcdır. Yerli tayfaların və boyların türkmənşəli olması və həmin ərazilərdə yaşayan xalqların bu prototürk əhali əsasında formalaşması istiqamətində irəli sürülmüş elmi mülahizələr inandırıcı və əsaslı olub, regionda yaşayan aborigen əhalinin tərkibini düzgün müəyyənləşdirməyə, etnogenezin mənşəyinin aydınlaşdırılmasına işıq salır. Bütün bunlar Naxçıvanın ən qədim çağlarından etibarən prototürklərə - azərbaycanlılara məxsus olmasını bir daha əsaslı surətdə təqdim etməyə imkan verir. Bundan başqa, Naxçıvan Duzdağının dünyanın ən qədim duz mədənlərindən biri olması, buradan tapılmış daş baltaların uzaq keçmişlə səsləşməsi də Azərbaycan ərazisində ticarət və sənayeləşmənin bəşəriyyətin ilkin çağlarını əhatə etməsi fikrinə gəlməyə əsas verir. Fikrimizcə, bu elmi nəticələr “Naxçıvan tarixi”nin Azərbaycan tarixşünaslığı üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Elmi dövriyyəyə daxil edilən “Naxçıvan tarixi” üçcildliyinin I cildinin IV, V və VI fəsillərində Naxçıvanın erkən orta əsrlər dövründən, X-XIII əsrlərdəki təxminən üç yüz illik dövrün keşməkeşli tarixindən bəhs olunur. Bu fəsillərdə Naxçıvanın III əsrdən başlayaraq Atropatena dövləti tərkibində olması, Sasanilər dövləti ilə münasibətləri, VII əsrin ortalarından müsəlman ərəblər tərəfindən fəth edilməsi və tezliklə Xilafətin əsas hərbi və inzibati mərkəzlərindən birinə çevrilməsi barədə söz açılır. Kitabda Babək hərəkatının mahiyyətinə və xarakterinə aydınlıq gətirilir. Böyük İpək yolu üzərində strateji keçid məntəqəsi kimi Naxçıvanın hərtərəfli inkişafı da bu fəsildə tədqiq olunmuş, mühüm elmi nəticələrə gəlinmişdir.

“Naxçıvan tarixi” çoxcildliyində Ərəb Xilafətinin zəifləməsi nəticəsində Azərbaycan ərazisində Şirvanşahlar, Sacilər, Rəvvadilər, Şaddadilər dövlətlərinin yaranmasından bəhs olunur və göstərilir ki, Naxçıvan Salarilər, sonra isə X əsrin sonunda Rəvvadilər dövlətinin tərkibində fəaliyyətini davam etdirmişdir. Bu dövrdə regionda Naxçıvanşahlıq dövlət qurumu təşəkkül tapmış və o, Əbu Dulafilər sülaləsinin nümayəndələri tərəfindən idarə edilmişdir. Bu dövlət 80 ilə yaxın mövcud olmuşdur.

Səlcuqlar tərəfindən fəth edilən Naxçıvan bu tayfaların Azərbaycandakı canişinliyinin yerləşdiyi mərkəzi şəhər olmuşdur. Naxçıvan mərkəzi şəhər, paytaxt funksiyasını 1136-1175-ci illərdə Atabəylər dövlətinin tərkibində olduğu zaman da uğurla yerinə yetirmiş və bu mərhələdə iqtisadi-mədəni baxımdan sürətlə və hərtərəfli şəkildə inkişaf etmişdir. Ümumiyyətlə, müsəlman intibahının şah əsərləri Naxçıvanda həmin dövrdə yaradılmışdır. “Naxçıvan tarixi”nin müəllifləri Naxçıvanın Atabəylər dövləti dövrünün inkişafının səbəbləri və nəticələrini elmi şəkildə müəyyən etmiş, həmin tarixi mərhələdə möhkəmlənmiş ənənələrin sonrakı əsrlərdəki ictimai-mədəni tərəqqiyə təsiri məsələlərini diqqətlə izləmişlər.

Fikrimizcə, çoxcildliyin birinci cildinin ən maraqlı fəsli “Naxçıvan Səfəvilər dövründə” adlanan VII fəslidir. Burada Səfəvilər dövlətinin yaranması dövründə, xüsusilə də 1501-1576-cı illərdə Səfəvi-Osmanlı müharibələri zəminində regionda mövcud olan siyasi vəziyyət bütün reallıqları ilə araşdırılmışdır. Tədqiqatçılar Səfəvilər dövrünün Çuxursəd Bəylərbəyliyinin yeri və rolu məsələsini sənədlərin və faktların dili ilə sistemli şəkildə araşdırıb ümumiləşdirmişlər. Bundan sonrakı iki yüz ilə yaxın bir dövrdə baş verən hadisələr “Naxçıvan tarixi”nin II cildində çox ciddi şəkildə tədqiq edilmişdir. Bu cilddə Naxçıvan xanlığının fəaliyyəti, Naxçıvanın Rusiya tərəfindən işğalı, Naxçıvanın XIX əsrdəki və XX əsrin 20-30-cu illərinədək olan dövrdəki inkişafı kimi tarixi-siyasi məsələlər öz əksini tapmışdır. Qeyd edək ki, Naxçıvan xanlığının sosial-siyasi və iqtisadi tarixi II cildin birinci fəslində bütün təfərrüatı ilə təhlil olunmuşdur. Bəlli olduğu kimi, XVIII əsrin ortalarında Çuxursəd bəylərbəyliyinin ərazisində yaranmış Naxçıvan xanlığı Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan torpaqlarda yerləşmişdir. Belə bir məqamı da xatırlatmaq istərdik ki, Azərbaycanın əksər xanlıqlarının tarixinə aid müəyyən əsərlər yazılmış olsa da, təəssüf ki, sovet hakimiyyəti illərində Naxçıvan xanlığı haqqında yazılmış əsərlərdə tarixdən çox ideologiyaya üstünlük verilmişdir. Həmin boşluq elmdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra aparılmış tədqiqatlarla doldurulmağa başlanmışdır. Fikrimizcə, “Naxçıvan tarixi” kitabında Naxçıvan xanlığına həsr olunmuş bölmə özünün elmi yeniliyinə, tarixi prosesləri real əks etdirməsinə görə son illərdə həmin dövr haqqında aparılmış tədqiqatların ümumiləşmiş yekunudur. Kitabda bu dövrün tarixi hadisələrinə və görkəmli şəxsiyyətlərinə dair verilmiş materiallar ciddi elmi tədqiqatın məhsuludur.

“Naxçıvan tarixi”nin II cildinin “Naxçıvan XIX əsrdə” adlanan üçüncü fəslində 1826-1828-ci illərdə Türkmənçay müqaviləsinə görə Naxçıvan və İrəvan xanlıqlarının da çar Rusiyası tərəfindən işğal edilməsindən sonra Naxçıvan bölgəsinin sosial-siyasi vəziyyəti, işğaldan sonra formalaşan aqrar münasibətlər və islahatlar, Naxçıvanda kapitalist münasibətlərinin meydana gəlməsi və inkişafı, çarizmin müstəmləkə siyasətinə qarşı olan mübarizə, kəndli çıxışları və mədəniyyət sahəsində dəyişikliklər tədqiq edilmişdir. Arxiv sənədlərinə istinad və sistemli təhlil bu keşməkeşli dövrü bütün reallıqları ilə təsəvvür etməyə imkan yaradır. Naxçıvanın XX əsrin əvvəllərindəki durumuna həsr olunmuş II cildin dördüncü fəslində çar Rusiyası tərəfindən ermənilərin İran və Türkiyə ərazisindən köçürülərək Azərbaycanda, o cümlədən Naxçıvan ərazilərində yerləşdirilməsindən, millətlərarası nifaq yaradılmalarından, 1905-1907-ci illərdə erməni-azərbaycanlı qırğınlarının törədilməsindən, “böyük Ermənistan” xülyalarının intişarından geniş şəkildə bəhs edilmişdir. Bu fəsildə müəlliflərin tarixçi baxışları ilə vətəndaşlıq mövqeyi bir-birini tamamlamışdır.

Çoxcildlikdə xüsusi önəm verilən məsələlər sırasında Birinci Dünya müharibəsi illərində Naxçıvanın hərbi-siyasi vəziyyəti, Araz-Türk Cümhuriyyətinin yaranması və fəaliyyəti, ermənilərin 1918-1920-ci illərdə Naxçıvanda törətdiyi qırğınlar və vəhşiliklər də vardır. Bu fəsildə bir çox sənədlər və materiallar ilk dəfə olaraq tədqiqata cəlb edilmiş və ictimaiyyətə çatdırılmışdır. İkinci fəsildə təqdim olunan zəngin tarixi-xronoloji materiallara elmi-nəzəri baxışların ifadə edilməsində müstəqillik dövrünün yaratdığı ictimai ideyaların, azərbaycançılıq məfkurəsinin işığında elmi yanaşmalar ön mövqedə dayanır. Bu xətt, azərbaycançılıq mövqeyi “Naxçıvan tarixi” çoxcildliyini bütün dövrlər üzrə izləyir.

XX əsrin 20-30-cu illər Naxçıvan tarixinin əsas problemlərinin kompleks halında elmi araşdırılması II cildin beşinci fəslində özünün geniş əksini tapmışdır. Qeyd edək ki, 1917-1921-ci illərdə Naxçıvan mürəkkəb və çətin dövr yaşamışdır. Məlum olduğu kimi, XX əsrin əvvəllərində erməni daşnakları Naxçıvan torpaqlarına sahib olmaq arzusuna düşmüş, bu zəmində regionda qanlı döyüşlər getmiş, burada azərbaycanlılara qarşı istər 1905-1907, istərsə də onun davamı kimi 1918-1920-ci illərdə ermənilər tərəfindən qanlı soyqırımılar törədilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin düşdüyü çətin vəziyyət onun Naxçıvana lazımi səviyyədə kömək göstərməsinə imkan verməmişdir. Azərbaycandan ayrı düşən Naxçıvan əhalisi erməni daşnaklarına, hətta böyük dövlətlərin gedişlərinə qarşı çıxmış, Naxçıvanı mərdliklə qoruyub saxlamış, muxtariyyət statusu əldə etmişdir. Fəsildə bütün bunlar barədə ətraflı məlumatlar verilməsi və ümumiləşdirilməsi ilə yanaşı, Moskva və Qars müqavilələrinin əhatə etdiyi məsuliyyətli tarixi şəraitdə Türkiyənin obyektiv mövqe tutması da diqqətlə araşdırılmışdır. Aşkara çıxarılmış çoxsaylı yeni arxiv sənədləri və materiallar bu tarixi dövrün demək olar ki, yenidən araşdırılıb öyrənilməsinə səbəb olmuşdur. XX əsrin əvvəllərində Azərbaycan-Türkiyə-Rusiya münasibətləri haqqında “Naxçıvan tarixi” çoxcildliyində öz əksini tapmış materiallar bütövlükdə ölkə tarixşünaslığı üçün də mühüm əhəmiyyətə malikdir. Bu cür obyektiv elmi yanaşma və sənədlilik sovet-bolşevik rejiminin sənayeləşmə və kollektivləşmə siyasətini həyata keçirdiyi dövrün təhlili və tədqiqində də aydın surətdə müşahidə olunur. Kitabdakı Naxçıvanda sovetləşmə və repressiyalar haqqındakı tədqiqatlar da son dövrlərdə açılan arxivlərdən aşkar olunmuş sənədlərin hesabına real şəkildə işıqlandırılmışdır. Bütün bunlardan sonra 1924-cü ildə Azərbaycanın tərkibində Naxçıvan Muxtar Respublikasının yaradılması azərbaycançılıq idealı uğrunda mübarizə aparan vətənpərvər və uzaqgörən tarixi simaların və ümumilikdə xalqın böyük nailiyyəti kimi dəyərləndirilmişdir.

“Naxçıvan tarixi”nin 7 fəsildən ibarət olan üçüncü cildində 1941-ci ilin ortalarından 2015-ci ilədək olan böyük tarixi dövrün hadisələri və ictimai-siyasi prosesləri əhatə olunmuşdur. Məlum olduğu kimi, tariximizin 75 ilə yaxın olan bu mərhələsi 1941-1945-ci illər müharibəsi, 1946-1991-ci illərdəki siyasi-iqtisadi və sosial şərait və 1991-2015-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və möhkəmlənməsi kimi xarakterik xüsusiyyətləri ilə bir-birindən fərqlənən mərhələlərdən ibarətdir. Çoxcildliyin müəllifləri həmin mərhələlərin arasındakı tarixi bağlılığı müəyyən etmiş, vətənpərvərlik və azərbaycançılıq meyarlarını həmin dövrləri bir-biri ilə əlaqələndirən əsas meyar kimi ön mövqeyə çəkmişlər.

Naxçıvanın İkinci Dünya müharibəsi illərində vəziyyətindən bəhs edən üçüncü cildin birinci fəslində müəlliflər çox haqlı olaraq qeyd edirlər ki, Azərbaycan xalqının, eləcə də naxçıvanlıların böyük fədakarlıq, ümid və qürurla keçdiyi bu tarixi yolun ciddi elmi tədqiqi mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Deməliyik ki, müəlliflər bu vəzifənin öhdəsindən layiqincə gəlmiş, bir zamanlar açıqlaması mümkün olmayan bir çox qaranlıq məqamlara aydınlıq gətirmişlər. Qeyd edək ki, müəlliflər bu cür yanaşma tərzinə III cildin “Naxçıvan müharibədən sonrakı bərpa dövründə və 50-60-cı illərdə” və “Naxçıvan Muxtar Respublikasının 1970-1980-ci illər tarixi”nə həsr edilən üçüncü fəslində də sadiq qalmış, dövrün sosial-siyasi, iqtisadi və ideoloji problemlərinin yetərincə uğurlu və yaddaqalan mənzərəsini yarada bilmişlər. Eyni sözləri “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı (1988-1990-cı illər)” adlandırılmış dördüncü fəsil haqqında da söyləmək olar. Regionda Dağlıq Qarabağ münaqişəsinin əks-sədası, milli-azadlıq hərəkatının gedişatı, Qanlı 20 Yanvar hadisələrinin təhlili bu fəsildə lazımi səviyyədə öz əksini tapmışdır. Xüsusən, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 19 yanvar 1990-cı il tarixdə muxtar respublikanın SSRİ-nin tərkibindən çıxmaq barədə qəbul etdiyi tarixi qərar haqlı olaraq dövlət müstəqilliyi uğrunda mübarizənin həlledici hadisələrindən biri kimi qiymətləndirilmişdir. Çoxcildlikdə görkəmli dövlət xadimi Heydər Əliyevin sədrliyi və təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında hələ Sovetlər İttifaqı mövcud olduğu dövrdə üçrəngli Azərbaycan bayrağının milli dövlət rəmzi kimi qəbul edilməsinə nail olması parlaq tarixi hadisə səviyyəsində dəyərləndirilmişdir. Bu fəsli tamamlayan “Naxçıvan müstəqilliyin ilk illərində (1991-1993-cü illər)”, “Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2015-ci illər)”adlanan fəsillərində həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi məqsədyönlü və uzaqgörən rəhbərliyi sayəsində əldə olunmuş mühüm uğurlardan və nailiyyətlərdən geniş bəhs edilir. Müəlliflər haqlı olaraq bu illəri böyük inkişafın “Naxçıvan modeli” kimi xarakterizə edirlər.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycanda yenidən hakimiyyətə qayıdışı ilə qısa müddətdə ölkəmizdə baş vermiş böyük dəyişikliklər, Milli Ordunun yaradılması, atəşkəsə nail olunması, vətəndaş qarşıdurmasına son qoyulması, separatizm və dövlət çevrilişinə yönəlik cəhdlərin qarşısının alınması obyektiv tarixi baxışlar əsasında təhlil edilmişdir. Düzgün daxili və xarici siyasətin həyata keçirilməsi, iqtisadi sahədə düşünülmüş islahatların gerçəkləşdirilməsi, ölkəmizin iqtisadi inkişaf strategiyası və sosial siyasətinin müəyyən edilməsi müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev dövrünün tarixi nailiyyətləri kimi diqqət mərkəzinə çatdırılmışdır.

Çoxcildlikdə Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi və son onilliyin nəticələrinin obyektiv və əsaslı təhlili Azərbaycanın inkişafı fonunda Naxçıvanda gedən böyük tarixi dəyişiklikləri masştablı səviyyədə təqdim etməyə əsas yaratmışdır. “Naxçıvan tarixi” çoxcildliyinin Naxçıvan Muxtar Respublikasının müasir və hərtərəfli inkişafı məsələlərini əks etdirən fəsillərində aparılmış məqsədyönlü dövlət siyasəti nəticəsində burada yeni intibaha nail olunması diqqət mərkəzinə çəkilmişdir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamların, qəbul etdiyi qərarların, həyata keçirdiyi böyük quruculuq proqramlarının geniş və sistemli təhlili müasir inkişafın real ritmlərini aydın surətdə təsəvvür etməyə əsas verir. Sözügedən dövrün bütün problemlərinin tədqiqinə önəm verən tədqiqatçılar mədəniyyət məsələlərinə də müstəqil bölmə ayırmışlar. III cildin “Mədəniyyət” adlanan yeddinci fəslində Naxçıvan Muxtar Respublikasının 1991-2015-ci illərdəki böyük mədəni inkişafından ətraflı bəhs edilir.

Müəlliflər belə bir məqamı xüsusi vurğulayırlar ki, həmin dövrdə Naxçıvanda mədəniyyətin və milli-mədəni irsin qorunması sahəsində ümummilli lider Heydər Əliyevin böyük əməyi və rolu olmuşdur. Bütün sahələrdə olduğu kimi, ulu öndərin mədəniyyət siyasəti də bu gün  möhtərəm Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikada da Ali Məclisin Sədri Vasif Talıbov bu sahələrin inkişafını prioritet hesab etmiş, mədəniyyətin hərtərəfli surətdə inkişaf etdirilməsi istiqamətində mühüm nailiyyətlər qazanılmışdır. Bütövlükdə çoxcildlik nəşrdə ta ən qədim zamanlardan etibarən və müasir dövrümüzə qədər Naxçıvanda mədəniyyətin inkişafı məsələlərinin təqdim edilməsinə xüsusi fikir verilmişdir. Eyni zamanda, “Naxçıvan tarixi” çoxcildliyində Naxçıvanda elmin inkişafı, orta əsrlərdə və sonralar Naxçıvandan çıxmış görkəmli alimlər, hazırda muxtar respublikada elm sahəsində qazanılan mühüm nailiyyətlər özünün geniş əksini tapmışdır. Çoxcildlikdə Naxçıvanda ədəbi mühitin xarakteri və inkişafı, bu qədim diyarın böyük ədəbiyyata bəxş etdiyi Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Eynəlibəy Sultanov, Əliqulu Qəmküsar, İslam Səfərli, Məmməd Araz və başqaları kimi görkəmli sənətkarların xidmətləri də əsaslı şəkildə tədqiq edilərək oxuculara çatdırılmışdır. Naxçıvanda mətbuatın inkişafı, xüsusən “Şərq qapısı” qəzetinin ardıcıl və səmərəli fəaliyyəti ilk dəfə olaraq icmal şəklində oxuculara təqdim olunmuşdur.

Ümumiyyətlə, onu da qeyd etmək istərdik ki, 3 cildlik “Naxçıvan tarixi”nin müəllifləri bu fundamental əsərin meydana gəlməsində olduqca böyük əmək və zəhmət çəkmiş, müxtəlif arxeoloji-etnoqrafik, tarixi mənbələr, arxiv sənədləri, dövri mətbuat materialları və mövcud elmi ədəbiyyat əsasında ən sanballı bir tədqiqat əsəri yaratmışlar. “Naxçıvan tarixi” çoxcildliyi zəngin mənbəşünaslıq bazası əsasında hazırlanmışdır. Müəlliflər qədim dövrdən müasir tarixi mərhələyədək təqdim edilən bütün əsrlər üzrə yeni və əsaslı tədqiqatlar aparmış, ümumiləşmiş elmi nəticələr çıxarmışlar. “Naxçıvan tarixi” adlanan 3 cildlik kitab yeni ciddi araşdırmalar və müasir elmi yanaşmalar əsasında yazılıb meydana qoyulmuşdur. Kitabın bütün cildlərində azərbaycançılıq ruhu hakimdir. Bu, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının çoxəsrlik tarixi haqqında müstəqillik işığında və azərbaycançılıq ruhunda, zəngin mənbələr və sənədlər əsasında yazılmış ən geniş, sistemli və ümumiləşdirilmiş sanballı elmi əsərdir. Bu, “Azərbaycan tarixi”nin hazır elmi oçerkləridir.

Bütün bunlarla bərabər, “Naxçıvan tarixi” 3 cildlik kitabı Naxçıvan Muxtar Respublikasında tarix, arxeologiya və ədəbiyyat üzrə tanınmış elm adamlarının yetişib formalaşdığını, əslində burada müasir elmi məktəblərin yaranmaqda olduğunu da aydın şəkildə nəzərə çarpdırır. Bu, müstəqillik dövrü Azərbaycan elminin mühüm nailiyyətlərindən biri sayılmağa layiqdir.

Bir vacib məqama da diqqət yetirməyi zəruri hesab edirəm. Ermənistan tərəfi və onların havadarları uzun illərdir ki, Naxçıvan ətrafında müxtəlif təxribatlar aparır, torpaqlarımıza göz dikdiyini nəzərə çarpdırmaqda davam edir. Hətta beynəlxalq qaydalara əsasən haqları çatmadığı halda Moskva və Qars müqavilələrinin ləğv edilməsi barəsində birtərəfli qaydada mənasız səs-küy salmaqda davam edirlər. Tam mənası ilə demək olar ki, oxuculara təqdim edilən çoxcildlik “Naxçıvan tarixi” kitabı Naxçıvan diyarının qədim türk-oğuz yurdu olmasını, bu torpaqlarda tarix boyu həmişə azərbaycanlıların ulu babalarının yaşadıqlarını, burada çoxəsrlik Azərbaycan mədəniyyətinin formalaşdığını tutarlı elmi dəlillər, inkarolunmaz arxeoloji və folklor materialları, danılmaz faktlar və sənədlər əsasında meydana qoyur. Obrazlı şəkildə belə demək mümkündür ki, “Naxçıvan tarixi” 3 cildliyi qədim Naxçıvan torpağının Azərbaycan möhürüdür. Bu kitabda ciddi elmi araşdırmalar əsasında təqdim olunan tarixi hadisələri və şəxsiyyətləri heç kəsin inkar etməsi mümkün deyildir. “Naxçıvan tarixi” 3 cildliyi Naxçıvan Muxtar Respublikasının elmi pasportudur. Çoxcildlik səmərəli elmi axtarışların nəticəsi kimi meydana çıxmış “Naxçıvan tarixi” çoxcildliyi Azərbaycanın qədim diyarına göz dikənlərə bu Oğuz yurdu ətrafında təxribatlara ömür sərf edənlərə tutarlı elmi cavabın mükəmməl ifadəsidir. Bütün bunlara görə “Naxçıvan tarixi” çoxcildliyinin ingilis və rus dillərində də tərcümə edilərək nəşr edilməsi faydalı olardı.

Ümumiyyətlə, elmi-nəzəri səviyyəsinə və yeniliklərinə, zəngin tarixşünaslıq bazasına, xüsusən də aydın azərbaycançılıq mövqeyinə, müasir dövrdə siyasi-ideoloji əhəmiyyətinə görə “Naxçıvan tarixi” 3 cildlik monoqrafik tədqiqatı ictimai və humanitar elmlər sahəsində son illərin ən mühüm elmi nailiyyətlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti kimi mötəbər bir elmi qurumun “Naxçıvan tarixi” 3 cildlik nəşrini Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim etməsi elmi ictimaiyyətin ümumi rəyini ifadə edir. “Naxçıvan tarixi” adlanan və 1540 səhifədən ibarət olan bu 3 cildlik nəşr Naxçıvan Muxtar Respublikası elmi ictimaiyyətinin layiqli bir hesabatıdır.

 

Nərgiz AXUNDOVA,

Azərbaycan Milli Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü