Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

24 Aprel 2016
 

Atamızdan qalan mənzil mənim və iki qardaşımın paylı mülkiyyətindədir. Qardaşlarımdan biri bizim xəbərimiz olmadan öz payını girov qoyaraq bankdan pul götürüb. Bilmək istəyirəm ki, qardaşım payını girov qoyarkən bizim razılığımız alınmalı idimi? Qardaşım krediti ödəmədiyi halda, mənzilin bizdən alınması təhlükəsi varmı?

 

Səlim İmanov,

Bakı

 

Mülki Məcəllənin 215.6-cı maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər.

“İpoteka haqqında” qanunun 8.2-ci maddəsinə görə də  ümumi paylı mülkiyyətin iştirakçılarının hər biri öz paylarını digər mülkiyyətçilərin razılığı olmadan ipoteka qoya bilər. İpoteka saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.

Beləliklə, qardaşınız bütövlükdə mənzilə deyil, yalnız öz payına dair sərəncam verdiyindən (payını girov qoyduğundan) bunun üçün sizin və digər qardaşınızın razılığına qanunla tələb yoxdur. Qardaşınız kredit borcunu ödəyə bilməyəcəyi təqdirdə də kreditor tərəfindən hər hansı iddia, tutma mənzilə deyil, yalnız borclunun həmin mənzildəki payına yönəldilə bilər. Başqa sözlə, mənzilin sizdən alınması təhlükəsi mövcud deyildir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi