Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəki Regional Elm Mərkəzi Azərbaycanda ipəkçiliyin bərpası üçün konsepsiya hazırlayıb

05 Mart 2016
 

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin qaldırdığı əsas məsələlər sırasında kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi də var. Belə sahələrdən biri ipəkçilikdir. Bəs hazırda bu sahə üzrə vəziyyət necədir və perspektivə hesablanan tədbirlər icra olunurmu?

Şəki Regional Elm Mərkəzinin (REM) direktoru Yusif Şükürlü bildirdi ki, şimal-qərb bölgəsində ipəkçiliyin özünəməxsus yeri və rolu var. Tarixi Böyük İpək yolunun üzərində yerləşməsi Azərbaycanda, xüsusən də Şəkidə bu sahənin təşəkkül tapmasına və inkişafına səbəb olub, eyni zamanda digər ölkələrlə ticarət əlaqələrinin genişlənməsinə təkan verib.
İlk vaxtlar Şəkidə şəxsi fabriklərdə, emalatxanalarda ipəkçiliklə məşğul olan sahibkarlar məhdud fəaliyyət göstəriblər. Sonralar Şəki ipəyinin şöhrəti həm Azərbaycanda, həm də xaricdə yayılıb və ona tələbat artmağa başlayıb. XVIII-XIX əsrlərdə Şəkidə ipəkçilik özünün ən yüksək inkişaf həddinə çatıb. Həmin illər Azərbaycanda hər il 9-10 min ton yaş barama istehsal edilib. İpək məhsulları əsasən Rusiyaya, oradan Avropa ölkələrinə ixrac olunub. Xüsusən Şəkidə istehsal edilən ipək öz keyfiyyəti ilə fərqlənib və xarici bazarlarda yüksək qiymətləndirilib. İlk dəfə 1829-cu ildə Nuxa (Şəki) şəhərində ipək zavodu inşa edilib və 1830-cu ildən başlayaraq orada ipək parça istehsal olunmağa başlayıb.
Sovet dövründə Qafqazda yeganə, istehsal gücünə görə keçmiş SSRİ-də üçüncü olan İpək kombinatı Şəkidə yaradılıb. Kombinatda istehsal olunan ipək məhsulları SSRİ-nin bütün respublikalarına və regionlarına ixrac edilib. Təsadüfi deyil ki, 1960-1970-ci illərdə Azərbaycanda hər il 7800 ton barama istehsal olunurdu.
Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə isə başqa sahələrdə olduğu kimi, ipəkçilikdə də geriləmələr müşahidə olunmağa başladı. Azərbaycanda 1982-ci ildə 5921 ton barama istehsal edildiyi halda, bu göstərici 2000-ci ildə 57, 2014-cü ildə 10 tona düşdü və buna müvafiq ipək məhsulu istehsalı da azaldı. Bu səbəbdən Şəki İpək Kombinatı indiyədək durğunluq dövrünü yaşayır.
Amma artıq Şəki REM tərəfindən “Azərbaycanın şimal-qərb bölgəsində ipəkçilik sənayesinin inkişaf konsepsiyası” hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim olunub. Konsepsiyada Azərbaycanda beynəlxalq təcrübəyə istinad edərək innovativ yanaşmanın tətbiqi və yeni mütərəqqi texnologiyalardan istifadə etməklə ipəkçiliyin inkişafı nəzərdə tutulur. Bunun üçün qarşıya bir sıra məqsədlər qoyulub. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elm Mərkəzi nəzdində hüquqi şəxs statusuna malik ipəkqurdu toxumu yetişdirilməsi ilə məşğul olan müasir kümxananın yaradılması, ipəkçiliyin inkişafına dair uzunmüddətli dövlət proqramının qəbul edilməsi, ölkədə ipəkqurdu toxumu hazırlayan müəssisələrin müasir avadanlıqlarla təchiz olunması, keyfiyyətli cinslərdən ibarət toxumun hazırlanması və s. bu məqsədlər sırasındadır. Həmçinin Şəki Regional Elm Mərkəzində və Gəncə İpəkçilik İnstitutunda əldə edilmiş və patentləşdirilmiş yüksək məhsuldar ipəkqurdu cinslərindən yem bazası yaratmaq məqsədilə yüksək məhsuldar və keyfiyyətli çəkil sortlarından istifadə etməklə tut plantasiyaları salmaq, bu sahə ilə məşğul olan fermerlərə və sahibkarlara subsidiyalar, aşağı faizli, uzunmüddətli kreditlər vermək, vergi güzəştlərinin, digər stimullaşdırıcı tədbirlərin tətbiqi də konsepsiyada təklif olunan tədbirlərdəndir. Onların icrasına nail olmaq üçün yaxın 3 ildə barama istehsalını 5 min, gələcəkdə isə 10 min tona çatdırmaqla ipəkçilik sənayesinin tələbatının ödənilməsi mümkündür. Eləcə də respublikada süni yem tətbiq edilməklə ipəkqurdunun yetişdirilməsi, barama istehsalının stimullaşdırılması və bu istiqamətdə “Aqropark”ların yaradılması da təklif edilir.
Təqdim edilən konsepsiyada Azərbaycanın şimal-qərb bölgəsində mövcud olan təbii və bioloji resurslardan səmərəli istifadə, müasir əkinçilik üsul və texnologiyalarını tətbiq etməklə ipəkqurdunun yetişdirilməsi, müasirləşdirilmiş, innovativ texnologiyalar əsasında barama və ipəkçilik məhsullarının istehsalının təşkilində insan resurslarından istifadənin zəruriliyi də nəzərə alınıb. Bu məqsədlə tut bağlarının yaradılması və becərilməsi prosesində intensiv üsullardan istifadə üzrə mütəxəssislərin, tut bağlarına aqrotexniki qulluq, zərərverici və xəstəliklərlə mübarizə istiqamətində kadrların, barama toxumunun təşkili sahəsində mütəxəssislərin hazırlanması nəzərdə tutulur. Bundan başqa, ipəkqurdunun xəstəlikləri və onlara qarşı tətbiq edilən preparatlardan istifadə sahəsində mütəxəssis və müvafiq təlimatların hazırlanması da planlaşdırılır. İpəkqurdunun inkubasiya və yetişmə dövründə ona aqrotexniki qulluq üçün mütəxəssislərin və təlimatın, eləcə də ipək sapdan müxtəlif məhsulların, o cümlədən Şəkinin brend məhsulu sayılan kəlağayı baş örtüklərinin və digər məhsulların istehsalı sahəsində peşəkar kadrların hazırlanması da edilən təkliflər sırasındadır.
İpəkçilik sənayesinin müasirləşdirilməsi vacib məsələlərdən hesab olunur. Amma bunun üçün bir sıra tədbirlərin yerinə yetirilməsi vacibdir. Süni yemləmə tətbiq etməklə ipəkqurdunun yetişdirilməsinin təşkili, keyfiyyətli ipəkqurdu toxumunun yetişdirilməsi üçün müasir avadanlıqlardan istifadə etmək qarşıya qoyulan hədəflərdəndir. İpəkqurdunun yetişdirilməsi üçün müasir kümxanaların təşkili, istehsalın intensivləşdirilməsi, əl əməyindən istifadənin aradan qaldırılması, habelə baramanın yığılması, sortlaşdırılması, sapın açılması proseslərində müasir avadanlıqlardan istifadə etməklə ipək sapın keyfiyyətinin artırılması, rəqabətədavamlı, beynəlxalq standartlara uyğun ipəkçilik məhsullarının istehsalının təşkili də mühüm amillərdəndir.
Yusif Şükürlü axırda onu da qeyd etdi ki, ipəkçilik sənayesinin inkişaf etdirilməsində vacib amillərdən biri də beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bu işdə təcrübə mübadiləsinin aparılmasına şəraitin yaradılması vacibdir. Yalnız belə halda mütərəqqi texnologiyaları tətbiq etmək mümkündür. Şəki Regional Elmi Mərkəzinin ipəkçilik üzrə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə xaricdə ixtisaslaşma kurslarında iştirak etməsi də lazımdır.
Mütəxəssisin qənaətinə görə, konsepsiyanın həyata keçirilməsinin əsas şərti onun gerçəkləşməsini təmin edə bilən səmərəli icra mexanizminin yaradılmasıdır. Bu isə dövlət qurumları ilə yanaşı, yerli özünüidarəetmə orqanlarından, fermerlər və sahibkarlardan, əhalinin bu prosesə cəlb olunmasından asılıdır. Onun maliyyəsinə gəldikdə isə, burada dövlət vəsaiti ilə yanaşı, xarici və yerli investorların sərmayələrindən istifadə oluna bilər.

Əli SƏLİMOV,
“Azərbaycan”