Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

14 Fevral 2016
 

Qardaşımın banka olan borcuna görə evdəki əşyaların icra məmuru tərəfindən siyahıya alınacağı və satılaraq əldə edilmiş pul hesabına borcun ödəniləcəyi bildirilmişdir. Lakin evdə qardaşımla yanaşı mənə də məxsus əşyalar vardır. Əgər mənə məxsus əşyalar da siyahıya alınarsa, onda mən nə etməliyəm?

 

Əlövsət Dadaşov,

Sumqayıt

           

- “İcra haqqında” qanunun 43.1.1-ci maddəsinə görə, məcburi icra tədbiri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi mümkündür. Adıçəkilən qanunun 4-cü fəsli tələbin borclunun əmlakına yönəldilməsi qaydasını tənzimləyir. Əgər qardaşınıza məxsus əşyalarla birlikdə sizin mülkiyyətinizdə olan əmlaklar da məcburi icra tədbirinin tətbiqi çərçivəsində siyahıya alınarsa, onda “İcra haqqında” qanunun 89-cu maddəsində təsbit edilmiş hüququnuzdan istifadə edə bilərsiniz. Bu maddəyə görə, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. Yəni bunun üçün siz məhkəməyə müraciət etməlisiniz.

* * *

Keçmiş həyat yoldaşımla mənim

 aramda əmlak bölünməsi ilə bağlı məhkəmə işi olmuşdur. Məhkəmə əmlakların əksər hissəsini aramızda bərabər bölüb. Ancaq məhkəmə keçmiş həyat yoldaşımın adına qeydiyyata alınmış avtomobilin bizim faktiki olaraq ayrı yaşadığımız müddətdə alındığını əsas gətirərək yalnız ona məxsus olduğunu bildirmişdir. Halbuki avtomobil alınan anda biz faktiki ayrı yaşasaq da, nikahımız qüvvədə idi, pozulmamışdı. Belə olan halda avtomobilin yalnız keçmiş həyat yoldaşıma qalması qanunidir?

 

Səidə ABDULLAYEVA,

Sumqayıt

 

Nikah müddətində əldə edilən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti sayılması üçün təkcə tərəflər arasında nikahın mövcud olması kifayət deyil. Bunun üçün əmlakın əvəzli əqdlər üzrə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməsi də tələb olunur (Azərbaycan Respublikası Ailə Məcəlləsi, maddə 32.1 və 32.2). 

Qanun nikah dövründə üzrlü (ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər) səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olmasını nəzərdə tutur (həmin məcəllə, maddə 32.3).

Sizin qeyd etdiyiniz hal isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinin təsiri altına düşür. Bu maddəyə görə, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə məxsusi qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Odur ki, sualınıza cavab olaraq onu deyə bilərik ki, məhkəmənin mövqeyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə uyğundur, qanunidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi