Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

24 Yanvar 2016
l- Məişət avadanlıqları satan mağazadan aldığım qabyuyan maşın qüsurlu çıxmışdır. Satıcı bunu görəndə onu istəyimə uyğun eyni və ya fərqli modelli malla dəyişdirə biləcəyini bildirmişdir. Lakin manatın məzənnəsinin dəyişməsi ilə bağlı ödədiyim qiymətlə malın indiki qiyməti arasında fərq yaranıb. Bu  halda yeni qabyuyan maşının qiymət fərqini ödəməliyəm?

 

Zülfiyyə Əmiraslanova,

Bakı, Masazır qəsəbə sakini

 

- “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 7-ci maddəsinin IV hissəsinə görə, qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir.

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülür.

Göründüyü kimi, istehlakçı  qüsurlu malın eyni modelli və ya başqa modelli mala dəyişdirilməsi zamanı  qüsurlu malın alınması tarixindən yeni lazımi keyfiyyətli mala dəyişdirilməsi tarixi arasında müddətdə konkret malın qiymətində yaranmış fərqi ödəməli deyil. Yuxarıda adı çəkilən qanunun 7-ci maddəsinin IV hissəsinin 2-ci cümləsindəki “qiymətlərin yenidən hesablanması” ifadəsi qüsurlu malın və onun dəyişdirildiyi başqa modelli malın qüsurlu malın satın alındığı tarixə mövcud olmuş qiymətləri arasındakı fərqin yenidən hesablanmasını ehtiva edir, başqa sözlə, satış tarixi ilə dəyişdirmə tarixi dövründə baş vermiş  qiymət artımını nəzərdə tutmur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi