" />

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətənpərvər ziyalı

06 Yanvar 2016
 

Görkəmli dövlət və elm xadimi Əziz Əliyev ictimai-siyasi, tibbi xidmətləri ilə nümunəyə çevrilib

 

Zəngin milli mənəvi dəyərlərə malik Azərbaycan xalqının zaman-zaman yetirdiyi şəxsiyyətlər onun tarixində əbədi yaşayır. Ötən əsrdə adı xalqımızın yaddaşına yazılan belə görkəmli şəxsiyyətlərdən və dövlət xadimlərindən biri Əziz Əliyevdir. O, əməkdar həkim, tibb elmləri doktoru, professor, bacarıqlı səhiyyə təşkilatçısı idi.
Əziz Məmmədkərim oğlu Əliyev 1897-ci il yanvarın 1-də əzəli-əbədi Azərbaycan torpağı olan İrəvanda - İrəvan quberniyasının Hamamlı kəndində dünyaya göz açmışdı. Uşaqlıq və gənclik illərindən həyatı heç də rəvan olmamışdı. O, 65 illik ömrü boyu bir çox sınaqlardan çıxmış, Birinci Dünya müharibəsinin, mənfur erməni təqiblərinin, sovet dövrü repressiyalarının əziyyətini çəkmişdi. Lakin bütün bunlara sinə gərmiş, həyatın çətinliklərinin fövqündə dayanmağı bacarmış və həmişə, hər zaman insanların gözündə işıqlı bir sima olmuş və nəsildən-nəslə yaddaşlara da belə köçüb əbədiləşmişdir.
İbtidai təhsilini doğulduğu kənddə aldıqdan sonra Ə.Əliyev Rusiyanın Çita şəhərindəki gimnaziyada oxumağa yollanır. Bibilərindən biri - Göyçək xanım ailəsi ilə birlikdə orada yaşayırdı. Ona görə də bir müddət bibisinin evində qalaraq təhsilini həmin şəhərdə davam etdirir. 1914-cü ildə yay tətilini keçirmək üçün İrəvana gələn tələbə Əziz Birinci Dünya müharibəsinin başlanması ilə əlaqədar yollar bağlı olduğundan geriyə qayıda bilmir. Buna görə də məcburiyyət qarşısında İrəvandakı kişi gimnaziyasına daxil olur.
1917-ci ildə gimnaziyanı başa vuran gəncin ən böyük arzusu həkim olmaq idi. Lakin bu arzuya çatmaq üçün maliyyə vəsaiti çatmırdı. Ona görə də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə müraciət edir. Böyük mesenat gəncin arzusuna əməl edir. O, 1917-ci ildə Sankt-Peterburqa gedib orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan Hərbi Tibb Akademiyasına daxil olur. Az sonra burada yatalaq əleyhinə təşkil edilmiş sanitariya-dezinfeksiya briqadasında işə də düzəlir, həm gələcək həkim kimi tibbi vərdişlərə yiyələnir, həm də aldığı maaşla özünün və ailəsinin minimal xərclərini ödəyir.
Birinci kursu müvəffəqiyyətlə başa vurduqdan sonra Əziz Əliyev 1918-ci ilin yay tətili günlərində yenə də İrəvana gedir. Bu dəfə erməni daşnaklarının törətdikləri qanlı hadisələr təhsilinin yarımçıq qalmasına səbəb olur. O vaxt İrəvandakı əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarət idi. Lakin buna baxmayaraq, daşnaklar fürsət tapdıqca onları incidirdilər. Bu, Əziz Əliyevin də taleyindən yan keçmir. Çox çətinliklə də olsa, ailəni Naxçıvanın Şərur rayonuna köçürə bilir. Bir müddət orada qaldıqdan sonra anasını və qardaşını Şahtaxtı kəndinə aparır.
Belə bir vəziyyətdə Sankt-Peterburqa qayıdıb təhsilini davam etdirmək imkanından da məhrum olur. 1920-ci ilin mayında İrəvanda məskən salmış daşnak qoşunları şimaldan gələn bolşevik havadarlarının yaxından köməyi ilə silahlı hücuma keçirlər. Amansız qırğınlar nəticəsində Şərur rayonu, o cümlədən Şahtaxtı kəndi yerlə yeksan edilir.
Ailənin taleyinə yazılan didərginlik bununla da sona yetmir. Erməni daşnaklarının Şahtaxtıda törətdikləri qanlı qırğından da birtəhər salamat çıxan ailə yenidən dərbədər düşür. Əliyevlər ailəsi Arazın o biri sahilinə keçərək bir müddət Cənubi Azərbaycanın Ərəblər kəndində qalır. Əziz Əliyev ailənin güzəranı üçün həkim köməkçisi işləyib əhaliyə tibbi yardım göstərir. 1920-ci ildə elə burada - Ərəblərdə anası vəfat edir. Bir ildən sonra ailə Şahtaxtıya qayıda bilir. Beləliklə, Əziz Əliyev 1923-cü ilin mayına qədər kənddə orta tibb işçisi, həkim köməkçisi kimi çalışır.
Uşaqlıq və gənclik illərinə ağrı-acılarla dolu günlər, aylar yazılan gənc həkim bir müddətdən sonra yarımçıq qalmış ali təhsilini davam etdirmək qərarına gəlir. Bu məqsədlə 1923-cü ildə Bakıya köçür və Xalq Komissarları Şurasında işə düzəlir.
Xarakterindəki ciddilik ona tapşırılan işləri yüksək səviyyədə yerinə yetirməsinə həmişə kömək edib. Buna görə də tapşırılan bütün işləri müvəffəqiyyətlə yerinə yetirir. Bu xarakter onun qarşısına geniş yollar açır. Komissarlıqda iş icraçısı, ümumi şöbə müdirinin müavini, katib köməkçisi və katib vəzifələrində çalışaraq özünü bacarıqlı təşkilatçı kimi göstərir. Həmin il yenidən imtahan verərək Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur və təhsilini 1927-ci ildə başa çatdırıb, Xalq Komissarları Şurasının göndərişi ilə klinikada elmi-pedaqoji işə başlayır.
Savadını, bacarığını, dünyagörüşünü nəzərə alan Bakı Dövlət Universitetinin rəhbərliyi Əziz Əliyevin Daxili xəstəliklər kafedrasında saxlanılması haqqında qərar verir, eyni zamanda ona ictimai və dövlət əhəmiyyətli işlər də tapşırılır. 1928-ci ildə Əziz Əliyev Xalq Səhiyyə Komissarlığında Müalicə şöbəsinin müdiri vəzifəsini icra edir. Bir-birini əvəz edən uğurlar gənc həkimin həyatında dönüşün başlandığını göstərir. Məhz həmin uğurlardan biri də onun 1929-cu ildə Azərbaycan Kliniki İnstitutunun direktoru vəzifəsinə təyin olunması, 1932-ci ilə qədər bu ali təhsil ocağına rəhbərlik eməsidir.
1930-cu il mayın 9-da Bakı Dövlət Universitetinin Tibb fakültəsinin nəzdində Azərbaycan Dövlət Tibb İnstitutu (ADTİ) yaradılır. Həmin il iyun ayının 19-da isə ADTİ-də ilk tələbə qəbulu aparılır. ADTİ-nin təşkili çox mürəkkəb bir proses idi. Ona görə də bu işin icrasına bacarıqlı təşkilatçı kimi tanınan Əziz Əliyev də cəlb edilmişdi. Onun təşkilatçılığı burada da diqqətdən yayınmır. Məhz bunun nəticəsi idi ki, 1932-ci ildə ona institutun direktoru (rektoru) vəzifəsi tapşırılır.
Milli həkim kadrların yetişdirilməsində vacib olan məsələlərdən biri də dərslik problemi idi. Ədəbiyyat yalnız rus dilində idi. Azərbaycan dilində tibbi fənlərin tədrisi üçün dərs vəsaitlərinin buraxılışı zərurət kimi ortaya çıxmışdı. Bu vacib məsələnin mahiyyətini düzgün izah edən alim - Əziz Əliyev tibbin müxtəlif sahələrində öz sözünü demiş azərbaycanlı alimləri qısa müddətdə səfərbər edərək onlara ana dilində dərsliklər yazmağı tapşırır. Az vaxt ərzində bilavasitə Ə.Əliyevin rəhbərliyi ilə Azərbaycan dilində 55 adda ilk orijinal dərsliklər hazırlanıb, çap edilib tələbə və müəllimlərin ixtiyarına verilir. Bunların arasında böyük alimin “Klinik analizlər”, M.Mirqasımovun “Cərrahi xəstəliklər”, Y.Qazıyevin “Ağciyər vərəmi”, Ü.Musabəylinin “Göz xəstəlikləri”, K.Balakişiyevin “İnsanın normal anatomiyası”, M.Qəniyevin “Mikrobiologiya kursu”, C.Hüseynovun “Patoloji anatomiya”, Ə.Talışinskinin “Travmatologiya”, Q.Səfərov və Ə.Həsənovun “Bioloji kimya” kitabları vardır. Bu dərsliklərlə yanaşı, M.Topçubaşovun, M.Mirsəlimovun, M.Əfəndiyevin, Z.Məmmədovun və başqalarının bir çox çap olunmuş əsərləri Azərbaycan tibb elminə həmin dövrün töhfələri idi.
Əziz Əliyev bir müddətdən sonra Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində tibbi kitabxana yaratmağa nail olur. Onun təşəbbüsü ilə professor P.Rostovtsevin sədrlik etdiyi Kitabxana komissiyası yaradılır. Komissiyanın 1936-cı ildə oxuculara göndərdiyi təlimat olduqca maraqlı idi: “Kitabxana plan üzrə SSRİ-də nəşr olunan bütün təzə kitabları, o cümlədən dövri tibbi-bioloji ədəbiyyatı alır. Bunlardan əlavə, kitabxana SSRİ-nin 231 elmi müəssisəsi və 87 xarici ölkə ilə kitab mübadiləsi aparır”.
Sonralar kitabxananın özülü möhkəmləndirilir, onun formalaşmasında və zənginləşməsində ciddi dönüş yaranır. Onu da qeyd edək ki, bütün bunlar kitab nəşr etmək üçün texniki təchizatın çox zəif olduğu bir şəraitdə həyata keçirilirdi. Ümumiyyətlə, Tibb İnstitutunun maddi-texniki bazası çox zəif idi. Çünki əvvəllər, yəni universitetin tibb fakültəsində milli kadrların yetişdirilməsinə bir o qədər də ciddi diqqət yetirilməmişdi. Fakültədə təhsil alan tələbələrin sayında digər millətlərin nümayəndələri üstünlük təşkil edirdi. Əziz Əliyev Tibb İnstitutuna rəhbərlik etdiyi illərdə bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də işlərə sıfırdan başlamış, başqa sözlə, çox vaxt və zəhmət tələb edən çətin bir işi həyata keçirmişdi.
Əziz Əliyev institut kollektivinin köməyi ilə 1934-cü ildə “Tibb nəşriyyatı” da yaradır. Onun təşəbbüsü və redaktorluğu ilə ilk dəfə “Praktiki və nəzəri tibb jurnalı” nəşr edilir. Görkəmli alim 1929-cu ildən etibarən “Azərbaycan tibb jurnalı”nın məsul katibi vəzifəsində çalışmış, 1935-ci ildə isə jurnalın baş redaktoru təyin edilmişdi. Həmin dövrdə jurnal ATİ-də yenicə təşkil edilmiş “Tibb nəşriyyatı”nda çap olunur. 1933-cü ildə isə Əziz Əliyevin təşəbbüsü ilə institutda “Tibb kadrları uğrunda” adlı çoxtirajlı qəzetin nəşrinə başlanılır. Təqdirəlayiq haldır ki, qəzet bu gün də yaşayır və Azərbaycan Tibb Universitetinin mətbuat orqanı kimi “Təbib” adı ilə nəşr olunur. 2003-cü və 2013-cü illərdə ATU-da “Təbib” qəzetinin yaradılmasının 70 və 80 illiyi qeyd edilmiş, onun məhz Əziz Əliyevin adı ilə bağlı olduğu xüsusi vurğulanmışdır.
Əziz Əliyev həkim-alim kimi xüsusi istedada malik şəxsiyyət idi. Hansı vəzifədə işləyirdi-işləsin, həmişə həkim kimi fəaliyyətini heç vaxt dayandırmırdı, elmi işini davam etdirirdi. Təsadüfi deyil ki, ali məktəbi bitirəndən cəmi iki il sonra - 1929-cu ildə namizədlik, beş il sonra doktorluq dissertasiyası müdafiə etmişdi. Doktorluq dissertasiyası SSRİ Elmlər Akademiyası və ÜİLKGİ Mərkəzi Komitəsinin mükafatına layiq görülmüşdü. O vaxta qədər Azərbaycanda bu, heç bir alimə qismət olmamışdı.
1941-ci ilin mayında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının rəyasət heyəti nəzdində təşkil edilmiş elmi şuranın üzvü, 1956-cı ildə professor vəzifəsinə seçilmiş Əziz Əliyev 87 elmi əsərin müəllifi idi. Həmin əsərlərin 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si tarixi və siyasi problemlərə həsr olunub. Görkəmli alimin elmi fəaliyyəti çoxşaxəli idi. Akademik Mustafa bəy Topçubaşov Əziz Əliyevi Azərbaycan səhiyyəsinin inkişaf tarixinin bir mərhələsi adlandırırdı. Bu mərhələ böyük və məsul bir dövrü əhatə edirdi. Həmin dövr idi ki, səhiyyə sahəsində böyük və genişmiqyaslı işlər görülür, Azərbaycanın səhiyyəsi dirçəlib ayağa qalxır, milli kadrların böyük dəstəsi hazırlanırdı.
Azərbaycan həkimlərinin və tibb alimlərinin bir neçə nəslinin qayğıkeş müəllimi olmuş professor Əziz Əliyevin Dövlət Tibb İnstitutuna rəhbərlik etdiyi dövrdə 11 doktorluq və çox sayda namizədlik dissertasiyası müdafiə edilib. Rektorun təşəbbüsü ilə kafedraların nəzdində təşkil edilmiş aspiranturada cəmi 4 il ərzində 30 tibb elmləri namizədi hazırlanıb ki, onlardan 19-u milli kadr olub.
Böyük bir kollektivin rəhbəri olan alim tələbələrin həyatı ilə də daim maraqlanır, onların problemləri barədə ciddi düşünürdü. 1933-1934-cü illərdə ölkədə çörək qıtlığı yarandığından Tibb İnstitutunda təhsil alan tələbələrin də güzəranı xeyli ağırlaşmışdı. Vəziyyətdən çıxmaq üçün Əziz Əliyevin qayğısı sayəsində “Azad qadın” heykəlinin yaxınlığındakı orta məktəbin birinci mərtəbəsində tələbə yeməkxanası təşkil edilir. Burada ADTİ-nin tələbələrinə gündə 500-600 qram çörəklə bərabər, pulsuz yemək də verilir. Hələ bunlar onun yaratdıqlarının hamısı demək deyildi. O, rəhbərlik etdiyi institutda rektorluq fondu yaradır. Həmin fondun hesabına ehtiyacı olan əlaçı tələbələrə hər il geyim aldırır ki, bütün bunlar da tələbələri daha yaxşı oxumağa, gələcək peşələrinin sirlərini daha dərindən öyrənməyə sövq edirdi.
Azərbaycan səhiyyəsinin və tibb elminin sabahı barədə də düşünən Əziz Əliyev bunun üçün əməli işlər görürdü: son kurs tələbələrinin ən bacarıqlılarını Moskvanın və Sankt-Peterburqun qabaqcıl ali tibb məktəblərinə ezam edir, təcrübə toplamaları üçün əlverişli şərait yaradır, üstəlik, xaricə göndərdiyi tələbələrə pulla yardım edir, onları öz maddi vəsaiti hesabına geyimlə təmin edirdi.
Bakıda, 1 saylı Kliniki Xəstəxananın yaxınlığında 1933-cü ildə “Tibb şəhərciyi”nin inşasına başlanması da Əziz Əliyevin təklifi, təşəbbüsü və bilavasitə iştirakı ilə olmuşdur. Sonralar həmin şəhərcikdə tələbə yataqxanaları ilə birlikdə nəzəri kafedralar üçün tədris korpusları da tikilmişdir. Bu işlərin genişləndirilməsi ulu öndər Heydər Əliyev tərəfindən yerinə yetirilib. Son illərdə isə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilib.
Əziz Əliyevin fəaliyyəti geniş və çoxşaxəli olub. O, müəyyən dövrdə ADTİ-nin direktoru olmaqla, həm də Əczaçılıq İnstitutuna rəhbərlik edib, 1937-ci ildə isə paralel şəkildə Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışıb.
Alimin İkinci Dünya müharibəsi illərindəki fəaliyyəti də böyük maraq doğurur. Müharibənin əvvəllərində alay polkovniki rütbəsində siyasi rəhbər kimi Cənubi Azərbaycana göndərilən Əziz Əliyev sonra irəli çəkilərək 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə Dağıstan MSSR Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışıb. Bu vəzifələrdə özünün bacarıqlı dövlət xadimi olduğunu da təsdiqləyib. Müharibənin ən ağır vaxtlarında keçmiş SSRİ rəhbərliyinin Dağıstan əhalisini deportasiya etmək haqqındakı səhv taktikası, əslində, almanların Bakıya doğru irəliləməsinə zəmin yarada bilərdi. Buna görə də Əziz Əliyev hər vasitə ilə Dağıstan əhalisini yerində saxlamaq, onları ölkənin müdafiəsinə səfərbər etmək planını həyata keçirməyə başladı. Əziz Əliyevin qərarı ilə o zaman Dağıstanda 13 partizan dəstəsi yaradılmış, silah və döyüş sursatları, ərzaq, hərbi geyim və avadanlıqlarla təmin edilmişdi. Məlum məsələ idi ki, arxa cəbhənin siyasi-mənəvi vəziyyəti müharibənin taleyini həll edən əsas amillərdən sayılırdı. Məhz buna görə də müharibə dövründə Əziz Əliyev tərəfindən Dağıstan üçün verilən qərarlar həyati əhəmiyyət kəsb edirdi. O, burada çalışdığı 6 ildə ekstremal problemləri bacarıqla həll etmək səriştəsinə malik peşəkar rəhbər kimi tanındı, yüksək təşkilatçılıq qabiliyyətli kadrlar yetirdi və bu sahədə güclü məktəb yaratdı. O zaman Əziz Əliyevin Dağıstanda çalışdığı müddət ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildi.
Belə məsul vəzifələri daşımaqla yanaşı, Əziz Əliyev müharibə illərində də elmi axtarışlarını dayandırmırdı. O öz tədqiqatlarında əlillərin tibbi bərpa müalicəsini kompleks tədbirlər kimi irəli sürür, ambulator-poliklinika və stasionar xidmətlərinin əlaqədə olmasını təsdiqləyir.
Professor Əziz Əliyev 1949-cu ildə Moskvada ÜİK(b) P MİK-in təlimatçısı təyin edilir. İki il burada çalışandan sonra həyat yolları onu yenidən Azərbaycana gətirir. Beləliklə, 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini, bundan sonrakı illərdə isə Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru vəzifələrində çalışır. Bir müddətdən sonra Sabunçu xəstəxanasında işləyir, 1956-cı ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə göndərilir.
İnstitutun tarixinin bir çox səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. Bu dövrdə institut fəaliyyətini genişləndirir. Burada təkcə Azərbaycanın deyil, SSRİ-nin digər müttəfiq respublikalarının, Monqolustanın və Bolqarıstanın həkimləri də təkmilləşirdilər. Görkəmli alimin rəhbərliyi dövründə institutda yeni kafedralar yaradılmış, elmi-pedaqoji kadrların səviyyəsi yüksəldilmiş, elmi əsərlərdən ibarət bir neçə məcmuə çap edilmişdi.
Birinci və ikinci çağırış SSRİ Ali Sovetinin, birinci-üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin və ikinci çağırış Dağıstan MSSR Ali Sovetinin deputatı olduğunu da xatırlatsaq, Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinin nə qədər geniş olduğunu bir daha göz önünə gətirə bilərik.
Böyük ziyalı, görkəmli alim, dövlət xadimi Əziz Əliyev həm də böyük bir ailənin başçısı, gözəl və qayğıkeş ata idi: onun böyüdüb boya-başa çatdırdığı övladlarının Azərbaycan elminə verdikləri töhfələr, Azərbaycan xalqı qarşısında xidmətləri də ilk növbədə həm gendən, həm də atanın şəxsi nümunəsindən qaynaqlanırdı.
Həyat yoldaşı Leyla xanımla birlikdə böyütdükləri övladlar öz istedadları, bacarıqları hesabına ucalıblar. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra həyatını bütünlüklə oftalmologiya elminin inkişafına, bu sahədə yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasına həsr edib. O, göz xəstəliklərindən əziyyət çəkən minlərlə xəstənin şəfa tapması üçün səylə çalışıb, insanlara nur, işıq bəxş edib. Əvvəllər Bakıda, sonra isə Moskvada uğurla çalışan Zərifə xanım oftalmologiya sahəsində akademik səviyyəsinə qədər yüksəlib və 1981-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının çox nüfuzlu mükafatı sayılan “Akademik Averbax” mükafatına layiq görülüb.
Ailənin digər övladları - Ləzifə Əliyeva bacarıqlı göz həkimi, ADTİ-nin Göz xəstəlikləri kafedrasının dosenti, Dilbər xanım adlı-sanlı mühəndis-rabitəçi olmuşlar. Bu ziyalılar ailəsinin kiçik qızı, əməkdar incəsənət xadimi Gülarə Əliyeva “Dan ulduzu” instrumental ansamblını yaradaraq uzun müddət ona rəhbərlik etmişdir.
Əziz Əliyevin ata qayğısı ailənin digər üzvlərinə də öz bəhrəsini göstərmişdir. Alimin böyük oğlu, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Tamerlan Əliyev respublikanın tanınmış terapevtlərindən idi. O, uzun müddət ATU-nun Daxili xəstəliklər kafedrasının müdiri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş terapevti vəzifələrində çalışmışdır.
Bu ailənin kiçik övladı olan Cəmil Əliyev də həyatını tibb elminin inkişafına həsr edib - tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik səviyyəsinə qədər yüksəlib. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.
1962-ci il iyulun 27-də dünyasını dəyişmiş Əziz Əliyev Bakıda Fəxri xiyabanda torpağa tapşırılıb.
Əziz Əliyev xatirələrdə təkcə bir alim və dövlət xadimi kimi deyil, həm də maraqlı şəxsiyyət, gözəl insan kimi qalmaqdadır.
Əziz Əliyevin xidmətləri dövlətin ona verdiyi mükafatlarda da öz əksini tapmışdır. İki dəfə Lenin ordeninə, “Qırmızı Əmək Bayrağı” ordeninə, 1-ci dərəcəli Vətən müharibəsi ordeninə, “Səhiyyə əlaçısı” döş nişanına layiq görülmüş, bir çox medallarla, o cümlədən 1948-ci ildə “Moskvanın yaranmasının 800 illiyi” xatirə medalı və çoxsaylı fəxri fərmanlarla təltif edilmişdi. 1960-cı ildən Azərbaycan SSR əməkdar həkimi fəxri adını daşıyırdı.
Bir sözlə, zəngin həyat təcrübəsinə, geniş diapazona, dərin ağıl və düşüncəyə, rəhbərlik etmək qabiliyyətinə malik olması Əziz Əliyevi dövlət xadimi səviyyəsinə çatdırmış və o, bu sahədə öz sözünü deyə bilmişdir. Azərbaycan xalqının və dövlətinin tarixində bütün bunlarla - çoxşaxəli fəaliyyəti və müstəsna xidmətləri ilə yadda qalmış Əziz müəllimin vəfatından sonra adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər görülmüşdür: bir müddət rektoru olduğu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu indi onun adını daşıyır. Adı Bakı və Mahaçqalanın mərkəzi küçələrindən birinə, Dağıstanda kənd təsərrüfatı müəssisəsinə və Kaspiyskdəki Tibb Məktəbinə verilmişdir. Ən ümdəsi isə, bu böyük şəxsiyyətin adı insanların qəlbində və şüurunda əbədilik qazanıb. Əziz Əliyev deyiləndə nəzərlərdə vətənpərvər ziyalı, nəcib insan, qayğıkeş həkim, zəhmətkeş alim, bacarıqlı dövlət xadiminin obrazı canlanır. Təbii ki, bu, hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Belə şəxsiyyətlərə əbədiyaşar ömür sahibi deyilir.

Əhliman ƏMİRASLANOV,
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik, SSRİ Dövlət mükafatı laureatı