Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

06 Dekabr 2015
 

“Azərbaycan Respublikası Mülki Məcəlləsi”nin 7.1-ci maddəsində deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir”. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində isə deyilir: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”. “Azərbaycan Respublikasının Mülki Məsəlləsi”nin 178.6-cı maddəsində deyilir: “Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər”. Bu maddə ölkə Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulan hal kimi qiymətləndirilə bilərmi?

 

Tofiq HÜSEYNOV,

Bakı şəhəri

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci (“Mülki qanunvericiliyin zamana görə qüvvəsi”) maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə müvafiq olaraq, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanun və Azərbaycan Respublikası Mülki Məcəlləsində həmin Məcəllənin 178.6-cı maddəsinin hüquqi qüvvəsinin 2000-ci il sentyabrın 1-dən əvvəlki müddətlərə şamil edilməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır.

Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi eyni (yuxarıda qeyd edilən) əsaslardan çıxış edərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldəetmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır.      

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi