Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

15 Noyabr 2015
 

Qardaşım ailəsi ilə 5 ilə yaxındır valideynlərimlə bir mənzildə yaşayır. Mənzil özəlləşdirilməyib və evin ilkin sənədi - order atamın adınadır. Orderdə isə yalnız anam, qardaşım və mənim adım qeyd olunub. Evi  özəlləşdirmək istəyirik, lakin qardaşımın həyat yoldaşı  da həmin mənzildə payı olduğunu iddia edir. Onun tələbi qanunauyğundur?

 

Həsən ƏHMƏDOV,

Bakı şəhəri

    

- Xeyr,  qardaşınızın həyat yoldaşının belə bir hüququ yoxdur. Qanun buna yol vermir.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 1-ci maddəsinə görə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.  Lakin qanunun 5-ci maddəsinin birinci hissəsinə əsasən, mənzillərin (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə  bilər.

Başqa sözlə, mənzili özəlləşdirmək hüququna müraciət edilən anda adı mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Sizin qardaşınızın həyat yoldaşının  adı orderdə göstərilmədiyindən o, sözügedən mənzili özəlləşdirmək hüququna malik deyil.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi