Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

25 Oktyabr 2015
 

Bankın tələbi əsasında ipoteka qoyulmuş yaşadığım mənzilə tutma yönəldilmişdir. Lakin məhkəmə qərarı hələ icra edilməyib, başqa sözlə, proses hərrac mərhələsindədir. Bu mərhələdə mən kredit borcumu ödəyib mənzilimi ipotekadan azad edə bilərəm?  

 

Hüseyn Abbasov,

Bakı şəhəri

 

Bəli, Sizin belə bir hüququnuz var. “İpoteka haqqında” qanunun 46.1-ci maddəsi Sizə bu hüququ verir. Həmin maddəyə görə, ipoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və ya ipoteka qoyan), yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

Ancaq bu zaman  Siz ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri qanunun 46.2-ci maddəsinin tələbinə əsasən ipoteka saxlayana (banka) ödəməlisiniz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi