Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

18 Oktyabr 2015
 

Bankdan kredit götürmüşəm. Əvəzində özümə məxsus evi ipoteka qoymuşam. İpoteka müqaviləsində həm ipoteka qoyduğum evə, həm də öz həyatıma dair sığorta müqavilələrinin bağlanmalı olması barədə şərt var. İpoteka müqaviləsində belə bir şərtin olması qanunidirmi? Sığorta müqavilələrini bağlamasam, nə ilə qarşılaşa bilərəm?

 

Ceyhun ƏZİMOV,

Xırdalan şəhəri

 

- İpoteka müqaviləsində ipoteka predmetinin məhv olma və zədələnmə riskinin və ipoteka qoyanın həyatının və əmək qabiliyyətinin itirilməsi riskinin sığortalanması barədə şərt nəzərdə tutula bilər. Bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü (“Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.”) və “İpoteka haqqında” qanunun 27.1-ci (“İpoteka müqaviləsində nəzərdə tutulduqda, ipoteka qoyan ipoteka qoyulmuş əşyanı məhv olma və zədələnmə risklərindən ipoteka müqaviləsi bağlanan zaman əşyanın mövcud olan bazar qiymətini əsas götürərək tam dəyəri məbləğində, ipoteka qoyan fiziki şəxs olduqda isə, həmçinin öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini ipoteka ilə təmin edilən tələbin ölçüsündən az olmamaq şərti ilə sığorta etdirməlidir.”) maddələrinə uyğundur. 

İpoteka predmetini sığortalasanız “İpoteka haqqında” qanunun 27.3-cü maddəsindəki neqativ nəticə ilə qarşılaşa bilərsiniz. Başqa sözlə, bank (ipoteka saxlayan) əsas öhdəliyin (kredit müqaviləsi üzrə borcun) vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilmədikdə bank tutmanı ipoteka predmetinə, yəni evə  yönəldəcək.

Odur ki, müqavilədə yer alan bu şərtlər qanunauyğun olmaqla bərabər sizin hüquqlarınızın qorunması baxımından da maraqlarınıza zidd deyil.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi