Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

11 Oktyabr 2015
 

Yeni mənzil aldıqdan sonra işıq idarəsinə gedib müqavilənin mənim adıma keçirilməsini xahiş etdim. Lakin mənə bildirdilər ki, əvvəlki abonentin (keçmiş ev sahibinin) idarəyə  borcu qaldığından yeni müqavilə bağlanması və kodun mənim adıma keçirilməsi mümkün deyil. Belə bir imtina qanuni sayıla bilərmi?

 

Tofiq İbrahimov,

Bakı

 

- Xeyr, sayıla bilməz. Tələb qanuni deyil. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.2-ci maddəsinə görə, sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə görə, enerji təchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

Beləliklə, qanunvericiliyin tələbindən göründüyü kimi, əvvəlki mülkiyyətçinin (abonentin) elektrik enerjisi borcuna görə məsuliyyət daşımadığınızdan enerji təchizatı müəssisəsi (işıq idarəsi) sizinlə müqavilə bağlamaqdan imtina edə bilməz.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi