Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ot kökü üstə bitər

04 Oktyabr 2015
 

Uzaq Portuqaliyadan Tovuz rayonunun ucqar dağ kəndi Çobansığnağa xoş bir xəbər gəldi - Kamran Mahmudovun  son illərdəki elmi uğurları yüksək qiymət almışdır.

K.Mahmudov BDU-nin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 26 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyalarını müdafiə edib. 35 yaşlı gənc alim hazırda Lissabon Universitetində çalışır.

Çobansığnaq rayon mərkəzindən azı 70 kilometr uzaqdır. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir.

Çox da enli olmayan  yol dərin dərələrdən, sıldırım dağların döşündən keçir.     Elə ki, dağın başına çatırsan, qarşında əsrarəngiz  mənzərə açılır. İlk öncə kənd məktəbinə gedirik. Bu da gənc alimi yetirən  doğma torpaq, müqəddəs təhsil ocağı! Bəs valideynləri? Elə ki, atası Talıb Mahmudovla görüşdük, söhbətin səmti tamam dəyişdi. Sözün tam mənasında əsl ziyalı, el ağsaqqalıdır. Danışığı, davranışı, elin-obanın ona münasibəti ilk andan diqqəti cəlb edir, gənc alim Kamran Mahmudovun uzaq eldə qazandığı uğurların mənbəyi bəlli olur.   

Talıb Mahmudov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Kimya-biologiya fakültəsini bitirib. 1968-ci ildən Tovuz rayonunun Çobansığnaq kənd orta məktəbində işləyir. Kimya müəllimidir. T.Mahmudov deyir ki, elmin bu zəngin sahəsinə onda  ilk marağı Sosialist Əməyi Qəhrəmanı Məhər Quliyev oyadıb. Bir dəfə kimya müəllimlərinin rayon seminarı keçirilirdi. Getdim. Yolun çətinliyi üzündən bir qədər gecikdim. Çöldə oturub gözləyirdim. Elə bu ara bir müəllim dilxor halda çölə çıxdı. Məsələni həll edə bilməmişdi. Ondan kağızı aldım. Bir küncə çəkilib həll etdim. Elə ki, mənim cavabım sinfə aparıldı, o dəqiqə məni otağa dəvət etdilər. Sən demə, yeganə düzgün cavabı mən vermişəm. Məhər müəllim mənimlə bir xeyli söhbət etdi. Kimyaya olan həvəsimlə maraqlandı. O vaxtdan aramızda əlaqə-ünsiyyət yarandı və mən Məhər Quliyevin yolu ilə kimyanın incəliklərinə yiyələndim. Məhər müəllim dəfələrlə bizim məktəbə gəldi. Kimya laboratoriyası və fənn kabineti ilə tanış oldu. Sonralar o, nüfuzlu bir jurnalda yazmışdır: “Talıb müəllimin ucqar dağ kəndində yaratdığı laboratoriya yaxın və uzaq elli qonaqları heyran edir. Bu, əsl tədris-təcrübə məktəbidir. Mən fəxr edirəm ki, Talıb müəllim kimi şagirdim var”.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü E.Nifantye, kimya elmləri doktoru G.Liseçka, akademik Abel Məhərrəmov və digər görkəmli alimlər Talıb Mahmudovun fəaliyyətinə yüksək qiymət veriblər.

Kimya elminə olan həvəs və maraq T.Mahmudovu bu sahənin daha dərin incəliklərinə nüfuz etməyə aparır. Moskva Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxuyub, şəhər məktəblərində pedaqoji eksperimentlər aparıb. Həmin universitetdə kimyanın tədrisi üsulu üzrə namizədlik dissertasiyasını müdafiə edib. Kimya elmləri namizədidir. Onun dissertasiyası elmi şuranın qərarı ilə uğurlu bir iş kimi Rusiya Federasiyasında kitab şəklində çap olunub.

Elə o vaxtdan Talıb Mahmudov Çobansığnaq kənd məktəbində gənc kimyaçılar kollektivi yaradıb. Görənlər deyirlər ki, onun təşkil etdiyi kimya laboratoriyası ən öncül məktəblərə nümunə ola bilər. Çobansığnaq kənd məktəbinin kollektivi Ümumittifaq baxışında ikinci, respublika yarışında birinci dərəcəli diplomlara layiq görülüb. Talıb Mahmudovun əməyi həmişə hər yerdə yüksək qiymətləndirilib. “İlin ən yaxşı müəllimi” müsabiqəsində  üç dəfə qalib gəlib, baş müəllim, metodist müəllim və əməkdar müəllim adlarını alıb. “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.

Talıb Mahmudov tədris işləri ilə yanaşı, müntəzəm surətdə elmi axtarışlarla məşğul olur. 2014-cü ildə Təhsil Nazirliyinin qrifi ilə üç müəlliflə birgə Talıb müəllimin “Üzvi kimya” adlı kitabı çapdan çıxıb. Həcmi 60 çap vərəqi! Ondan bir qədər  əvvəl elə həmin müəlliflərlə birgə kimya təmayüllü liseylər üçün 60 çap vərəqi həcmində “Kimya” adlı dərs vəsaiti, bundan bir qədər əvvəl isə “Kimyadan 500 məsələ” adlı genişhəcmli kitabı oxuculara təqdim olunub. Talıb Mahmudov ümumən 8 kitabın və 100-dən artıq məqalənin müəllifidir. “Kimya məsələlərinin həlli prosesində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsinin nəzəriyyə və  praktikası” mövzusunda doktorluq işi demək olar, başa çatmışdır. 

Kənddə bütün bunları hamı bilir və yüksək dəyərləndirir. Talıb Mahmudov el arasında öz səmimiliyi, xeyirxahlığı, qayğıkeşliyi ilə də hörmət qazanıb. Kənd sakinlərinin dili ilə desək, o, xeyirdə-şərdə həmişə başda olur. Onun sözü, özü həmişə, hər yerdə sayılır, seçilir. Söhbət zamanı neçə-neçə mübahisəli məsələni xatırladılar ki, məhz Talıb müəllimin köməyi ilə yoluna düşüb. Özü  deməsə də, iş yoldaşları söylədilər ki, kənddə bir sıra problemlərin, o cümlədən məktəb binasının inşası və yol məsələsi Talıb müəllimin təşəbbüsü ilə reallaşdırılıb..

Bütün bunları biləndən sonra gənc alim Kamran Mahmudovun  həyat yolu ilə maraqlanmağa ehtiyac qalmadı. Çobansığnaq kimi əlbir, dilbir bir kənddə, öncə isə geniş dünyagörüşlü ağsaqqal Talıb Mahmudovun ocağı başında məhz Kamran  Mahmudov kimi dünyaşöhrətli, elmli, bilikli, vətənpərvər oğullar yetişməsi təbiidir.

 

Əhməd İSAYEV,

“Azərbaycan”