Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İNQİLAB QAN VƏ XAOS DEMƏKDİR
02 Mart 2012
 

BAŞ REDAKTORDAN

 

Səudiyyə Ərəbistanının Kralı Abdulla televiziya ilə xalqa müraciət edib. O öz müraciətində "ərəb baharı" adlandırılan prosesin "ərəblərə və islama qarşı yönəldiyini" söyləyib.

Belə bir kəskin açıqlamaya səbəb nədir?

Postsovet məkanında baş verən "rəngli inqilablar" öz rəngini dəyişərək "bahara" çevrilib və hazırda ərəb dünyasını ağuşuna alıb. Lakin bu ağuş isti və rahat deyil, insanlara zövq və firavanlıq bəxş etmir! Əksinə, qan qoxuyur, xaos və anarxiya doğurur, insanlara və dövlətlərə fəlakətlər gətirir.

Nədənsə bir qisim adamlarda "inqilab" sözü xoş ovqat doğurur. Azərbaycanın aqressiv müxalifəti də həsrətlə ölkədə "narıncı inqilab"ın baş verəcəyini gözləyirdi. Hətta özlərinə narıncı rəngdə şərf, qalstuk, cib dəsmalı alaraq lovğa-lovğa, nümayişkaranə surətdə gəzdikləri də vardı. Amma yenidən iqtidara qayıtmaq arzuları kimi, "rəngli inqilab" görmək istəkləri də puça çıxdı! Çünki Azərbaycan xalqı daha uzaqgörən və müdrikdir, gördüklərindən və yaşadıqlarından daha düzgün nəticə çıxarmağı bacarır! Hakimiyyət hərisliyi isə aqressiv müxalifətin gözünü elə bağlayıb ki, inqilabların baş verdiyi ölkələrdə xalqın hansı faciələrlə üzləşdiyini görmür, bəlkə də görmək istəmir!

Dünyanın ən böyük inqilabı 1917-ci ildə Çar Rusiyasında baş verib (Doğrudur, sonradan onu "qiyam", "çevriliş" adlandıranlar da oldu, amma həmin hadisədə inqilabın bütün parametrləri əksini tapıb). Həmin inqilabın qeyri-qanuni övladı sayılan qırmızı imperiyada həm inqilab zamanı, həm də sonrakı dövrlərdə ictimai-siyasi kataklizmlər bir-birini durmadan əvəz etdi, nəticədə 20 milyondan çox insan güllələndi, həbsxana və sürgünlərdə çürüdü, minlərlə ailənin başına olmazın müsibətlər gətirildi. Sonda necə gəlmişdisə, eləcə də getdi: qan, qırğınlar, anarxiya və özbaşınalıq dalğalarında tarixin səhifələrindən silindi.

Artıq bir ili tamam olacaq "ərəb baharı"nın insanlara və ölkələrə nə gətirdiyi də hamıya gün kimi aydındır. Onlar hansılardır? Qısaca nəzər salaq:

SİYASİ SFERADA: İnqilablar ölkələrə demokratiya gətirmir və gətirə də bilməz! Çünki demokratiya əvvəli olan, sonu isə görünməyən prosesdir. O dərhal bərqərar olmur. İnsanların küçələrə çıxaraq qarşıdurmaya getməsi xaos, anarxiya və özbaşınalığın əlamətləridir. Bəzən tarazlığın pozulduğu ölkələrdə yenidən sabitliyin bərpası üçün illər uzunu demokratiyanın düşməni sayılan "fövqəladə vəziyyət"lərə sığınmaq lazım gəlir.

İQTİSADİ SAHƏDƏ: Uzun çəkən qarşıdurmalar, küçə yürüşləri və toqquşmalar istehsalın normal ahəngini pozur, iqtisadiyyatda durğunluq və geriləmə yaranır, sahibkarlığa olduqca mənfi təsir göstərir, xalqın həyat səviyyəsi sürətlə aşağı düşür.

BEYNƏLXALQ ALƏMDƏ: Ölkələrarası əlaqələrin zəifləməsinə, bəzən isə korlanmasına, müqavilələrin vaxtında yerinə yetirilməsinə əngəl yaranır, təhlükəsizlik baxımından insanlar çəkindiyindən turizmə ciddi zərbə dəyir, dövlətin beynəlxalq imicinə kölgə düşür.

Bu sadalananların hamısı qısa müddətdə "ərəb baharı"nı yaşamış Tunis, Yəmən, Misir, Liviya və Suriyada öz təsdiqini tapmışdır. Neft sahibi olan bu varlı ölkələr artıq böyük dağıntılara, iqtisadi itkilərə və insan tələfatlarına məruz qalmışlar. Ən fəlakətlisi isə budur ki, əsasən tayfalardan təşkil olunan ərəb dövlətləri daxilində artıq qan düşmənçiliyi düşmüşdür, bu isə arzuolunmaz (təbii ki, bulanıq suda balıq tutmaq həvəskarları üçün yox, ərəblərin özləri üçün) əbədi qisasa aparan yolun başlanğıcı deməkdir.

Bir qədər də ölkəmiz barədə.

Azərbaycanda da inqilab oldu! Anarxiyaya, xaosa, qanunsuzluqlara, milli və dövləti maraqların tapdalanması əleyhinə inqilab! Bu inqilabda cüzi istisnaları çıxsaq, qan tökülmədi, insanlar cəbhələrə bölünərək bir-birlərilə "silah dilində" danışmadılar. Çünki həmin "inqilab"ın lideri xalq özü idi və onun istəyi nəticəsində yenidən iqtidara gətirilən dünya şöhrətli siyasi xadim Heydər Əliyev sabitlik və iqtisadi yüksəliş tərəfdarı, ən böyük islahatçı idi. Əslində, həmin inqilab ulu öndərin ölkə rəhbərliyinə qayıtması ilə başa çatdı! Sonrakı proseslər təkamül yolu ilə davam etdi.

Bəs təkamül yolu ilə inkişaf müstəqil Azərbaycana nə verib?

Qısa şəkildə desək, xalqın əsrlər boyu arzusunda olduğu müstəqil, müasir və demokratik bir ölkə! Sürətli, düşünülmüş və davamlı bir inkişaf! Yeraltı və yerüstü sərvətlərindən sərbəst şəkildə, xalqın rifahı və maraqları naminə istifadə imkanı! BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri olan, dünyada səsi eşidilən dövlətin vətəndaşlığını! Bugünün inamını, gələcəyin etibarlılığını!

Daha bir maraqlı müqayisə: "Forbes" jurnalı ötən ilin yekunlarına əsasən dünyanın ən varlı və ən kasıb 3 ölkəsini müəyyənləşdirib. Ən kasıb ölkələr sırasında 2-ci yerin sahibi Liviyadır. Keçən il adambaşına düşən gəliri 386 dollar olub.

XATIRLADIRIQ: inqilaba qədər Liviya vətəndaşı üçün təhsil, tibbi xidmət və elektrik enerjisi pulsuz idi. Dövlət hər bir ailə üzvünə ildə 1000 dollar, yeni doğulan hər körpəyə 7000 dollar verirdi. Şəxsi biznes quranlara 20 min dollar maddi yardım ödənilir, yeni evlənənlərə mənzil almaq üçün 64 min dollar hədiyyə edilirdi. Başqa güzəştlər də mövcud idi.

İndi özünüz tərəziyə qoyun görək Liviya vətəndaşı nə itirib, nə yiyəsi olub?!      

Atalar məsəlidir: xəstə tələsər, amma armud vaxtında yetişər!

İnkişafın bir yolu var: təkamül yolu!

Hakimiyyətə gəlməyin bir üsulu var: xalqın dəstəyini qazanaraq seçkilərdə qalib gəlmək!

Xalqı sevməyin bir metodu var: onun maraqlarına övlad təəssübkeşliyi ilə xidmət göstərmək!

Keçilən yolların təcrübəsi və yekunu bir həqiqəti təsdiq edir: indiki inqilablar xalqa yox, onun "ixrac edildiyi" ölkələrdə məkrli maraqları olan dünya güclərinə gərəkdir!

Bunu bilmək və yadda möhkəm saxlamaq lazımdır!