Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Canlı bağlantı və ya ictimai nəzarət dövrün tələbidir

10 İyun 2015
 

Bir neçə gün əvvəl 28 May - Respublika günü münasibətilə keçirilən rəsmi qəbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ictimai-siyasi və iqtisadi həyatına, daxili və xarici siyasətinə dair söylədiyi dərin məzmunlu nitqində mövcud aktual problemlərə və onların həlli yollarına da geniş diqqət yetirdi. Belə problemlərdən biri kimi, ictimai nəzarətin əhəmiyyəti xüsusi vurğulandı.

Ümumiyyətlə, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində idarəetmədə nəzarət amilinin təkmilləşdirilməsi və gücləndirilməsi, şəffaflığın artırılması, iqtisadi təhlükəsizliyin təmin edilməsi və mövcud imkanlardan daha səmərəli istifadə olunması günün aktual məsələlərindən birinə çevrilmişdir. Bütün sahələrdə olduğu kimi, şəffaflığın təminatı istiqamətində də Prezident İlham Əliyevin siyasəti sistemliliyi, kompleksliliyi və dönməzliyi ilə səciyyələnir.
Bu da təsadüfi deyildir: belə ki, dünya praktikasında hər bir ölkədə şəffaflığın artırılması demokratiyanın mühüm ünsürlərindən biri kimi qiymətləndirilir.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması, maarifləndirmə tədbirlərinin həyata keçirilməsi dövlətimizin şəffaflıq siyasətində önəmli yer tutur.
Xüsusilə əlamətdardır ki, qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla, şəffaflığın artırılması, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan korrupsiyaya qarşı mübarizə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında, imzaladığı fərman və sərəncamlarda daim öz əksini tapır və maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsi, təkmil nəzarət mexanizminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti kimi təsbit olunur.
Bu fikirlər hələ bir neçə il bundan əvvəl “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördillik yekunlarına həsr olunmuş konfransda Prezident tərəfindən aşağıdakı kimi vurğulanmışdır: “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, -- mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar”.
Məhz mükəmməl nəzarətin, o cümlədən ictimai nəzarətin mövcudluğu idarəetmədə optimal qərarların qəbul edilməsi və normal fəaliyyətin təmin olunması üçün əsas verən informasiya bazasının formalaşmasına, mövcud nöqsan və çatışmazlıqların üzə çıxarılması ilə yanaşı, onların gələcəkdə təkrar olunmamasına zəmin yaratmağa, təsərrüfat subyektlərinə bütün ehtiyat və vəsaitlərdən səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində öhdəliklərə əməl edilməsinə və məsul şəxslərə qanunvericiliyin tələblərinə ciddi əməl edilməsi, öz öhdəliklərinin dəqiq yerinə yetirilməsi sahəsində tələblər aşılanmasına zəmin yaradır.
Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də Azərbaycan Prezidenti tərəfindən hələ 2008-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində vurğulanmışdır: “Bir daha demək istəyirəm ki... sadəcə, qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin. Lazım gələrsə, müəyyən islahatlarda düzəlişlər də edilməlidir. Geniş müzakirələr keçirilmədən biz buna nail ola bilmərik. Ona görə Azərbaycanda bütün qəbul edilmiş əsas qərarlar həm ictimaiyyətdə, həm Milli Məclisdə, həm də hökumətdə, ictimai təşkilatlarda geniş müzakirə predmetinə çevrilir”.
İctimai nəzarət ictimai birliklərin və ayrı-ayrı vətəndaşların, yəni, dövlət-hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlərin dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti üzərində qeyri-dövlət nəzarətidir.
Prezident İlham Əliyevin uzun illərdən bəri ardıcıl olaraq təlqin etdiyi bu fikir də ictimai nəzarətin ifadəsinin bariz nümunəsidir. Prezidentin təbirincə: “Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik”.
Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti təsisatlarının təşəkkül tapması ictimai nəzarət təsisatının genişlənməsi ilə müşayiət olunmalıdır; bu təsisat dövlət orqanlarının nəzarət fəaliyyətini dəyişmədən və əvəz etmədən dövlət siyasətinin həyata keçirilməsində onlara kömək və dəstək göstərməyə qadirdir. Siyasi-hüquqi sistem çərçivəsində mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilən ictimai nəzarət vətəndaşlarla dövlətin arasında meydana çıxan problemləri tamamilə sivil qaydada, qanunla müəyyən edilmiş qarşılıqlı təsir və qarşılıqlı məsuliyyət kanallarından istifadə etmək yolu ilə həll etməlidir, çünki ictimai nəzarət Konstitusiyada bəyan edilmiş xalq hakimiyyəti prinsipinin həyata keçirilməsinin vacib şərtidir. Tamamilə yerinə düşər ki, deyək: dövlət hakimiyyəti mexanizmi üzərində ictimai nəzarət yoxdursa, real xalq hakimiyyəti də olmayacaqdır. Ona görə də müasir şəraitdə dövlət nəzarəti ilə yanaşı, bütün dövlət miqyasında nəzarət fəaliyyətinin optimallaşdırılmasının mühüm şərti olan nəzarətin ictimai formasına da böyük yer verilir.
Cəmiyyətin hakimiyyətə nəzarət etmək bacarığı vətəndaş cəmiyyətinin əlamətidir. Yalnız nəzarət hüquqi formalar kəsb edərək, hakimiyyəti hüquqa tabe etdirə bilər və yalnız vətəndaş cəmiyyətinin mövcudluğu şəraitində dövlət “hüququn altında” qalmış olar, hüquqi dövlətə çevrilər.
Başqa sözlə desək, dövlət idarəetməsi sferasında qanunçuluq üzərində ictimai nəzarət demokratiyanın icra edilməsinin formalarından biri olub, vətəndaşların və ictimai birliklərin dövlət işlərinin idarə edilməsində iştirakı hüququnun həyata keçirilməsi, qanunçuluğa, vətəndaşların və onların birliklərinin hüquq və azadlıqlarına riayət edilməsi üzrə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə və idarələrin, onların vəzifəli şəxslərinin fəaliyyətinin müşahidə edilməsi deməkdir. İctimai nəzarətin xüsusiyyətlərindən daha konkret danışarkən qeyd edilməlidir ki, bu nəzarət:
* vətəndaşlar və onların birlikləri (ictimai birliklər, siyasi partiyalar və s.) tərəfindən həyata keçirilir;
* onun nəzarət obyekti dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisə və idarələrin, onların vəzifəli şəxslərinin fəaliyyətidir;
* ictimai təsir tədbirlərindən geniş istifadə edir;
* profilaktik və hüquq bərpaedici istiqamətinə malikdir;
* qanunçuluğun təmin edilməsinin digər üsulları ilə qarşılıqlı əlaqədə həyata keçirilir.
Dünya təcrübəsi göstərir ki, ictimai nəzarətin təşkilində müxtəlif ictimai təşkilatların mənafelərini ifadə edən kütləvi informasiya vasitələri mühüm rol oynayır. Ölkəmizdə aparılan sorğuların nəticələri də ictimai nəzarətin korrupsiyaya qarşı mübarizədə qabaqcıl rol oynaya biləcəyini təsdiqləmişdir. Belə ki, müvafiq sorğuda qoyulan “Azərbaycanın hansı ictimai, iqtisadi və siyasi təsisatları korrupsiyaya qarşı mübarizənin təşəbbüskarı ola bilər” - sualını cavablandırarkən respondentlər ictimai nəzarətin rolunu yüksək qiymətləndirmiş, bu sahədə mətbuat və televiziyanın, siyasi partiyaların, sahibkar birliklərinin və qeyri-hökumət təşkilatlarının rolunu birincilər sırasında qeyd etmişlər.
Heç də təsadüfi deyildir ki, şəffaflığın artırılmasına və korrupsiyaya qarşı mübarizəyə geniş ictimai dairələrin cəlb edilməsi ölkə Prezidentinin də daim diqqətində duran məsələlərdəndir. Belə ki, korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyada korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış orqanların öz fəaliyyətlərini ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri ilə əlaqəli şəkildə qurmalı olduqları konkret vurğulanmış, bununla, vətəndaş cəmiyyəti təsisatlarının antikorrupsiya siyasətinin həyata keçirilməsində iştirakını təmin edən mexanizmlərin yaradılması dövlət orqanlarının qarşısında vəzifə kimi qoyulmuşdur. Strategiyanın həyata keçirilməsində QHT-lərin, özəl sektorun və KİV-in tərəfdaş kimi göstərilməsi də müsbət addım kimi dəyərləndirilməlidir.
Müasir şəraitdə nəzarət sisteminin müxtəlif qolları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və təkmilləşdirilməsi məsələsi xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar ümumilikdə nəzarət-maliyyə mexanizminin daha səmərəli təşkilini təmin etmək üçün dövlət nəzarəti ilə qeyri-dövlət nəzarəti arasında qarşılıqlı əlaqələrin daha təkmil qurulması zərurəti özünü büruzə verir.
Bu zərurət, ilk növbədə, aşağıdakı amillərlə əlaqədardır:
1) Dövlət maliyyə nəzarəti ilə qeyri-dövlət nəzarəti arasında ciddi fərqlər mövcud olsa da, onların hər ikisinin məqsədi idarəetmənin və bütövlükdə iqtisadiyyatın bütün səviyyələrində maliyyə intizamının səviyyəsinin yüksəldilməsi və idarəetmənin keyfiyyətinin artırılması durur;
2) Mülkiyyət çoxnövlülüyünün mövcudluğu və özəl bölmənin iqtisadiyyatda mövqeyinin artdığı indiki şəraitdə (hazırda ÜDM-də özəl bölmənin payı Azərbaycanda 83% təşkil edir) dövlət nəzarətinin mövcudluğu ilə yanaşı qeyri-dövlət nəzarətinin daha geniş tətbiqi tələb olunur;
3) Ölkədə həyata keçirilən inzibati islahatların daha düzgün tənzimlənməsi dövlət və qeyri-dövlət maliyyə nəzarəti arasında düzgün mütənasibliyin və qarşılıqlı əlaqələrin mövcudluğunu tələb edir.
Dövlət və qeyri-dövlət nəzarəti arasında əlaqələrin gücləndirilməsi, ilk növbədə, dövlət qurumlarının, o cümlədən dövlət nəzarəti orqanlarının bu işə münasibətləri ilə müəyyən olunur. Belə ki, məhz dövlət orqanları qeyri-dövlət nəzarətinin dövlətin həyata keçirdiyi sosial-iqtisadi proqramların monitorinqinin aparılmasını daha geniş cəlb etməklə, bir tərəfdən, dövlət vəsaitlərindən daha səmərəli istifadəsi üçün zəmin yaratmaqla geniş ictimaiyyəti dövlətin daha şəffaf rəqabət yeritməsinə inamını artırmış olardı.
İctimai nəzarət mahiyyətcə daha müstəqil və daha obyektiv olaraq dövlətin nəzarət hakimiyyətindən ayrılır və vətəndaşların özünün təşkilatlanması əsasında və hətta sadəcə olaraq, ayrı-ayrı vətəndaşlar tərəfindən onların şəxsi təşəbbüsü üzrə həyata keçirilir.
Deyilənlərə yekun vuraraq, ictimai nəzarətin təyinatını aşağıdakı kimi müəyyən etmək olar:
İstənilən demokratik dövlətin əsas vəzifəsi insan və vətəndaşın Konstitusiya hüquq və azadlıqlarının təmin edilməsidir. Bu zaman hakimiyyət özünün “işəgötürən”i - cəmiyyət tərəfindən əks-əlaqə və nəzarətin yoxluğunda öz vəzifələrini vicdanla və səmərəli şəkildə yerinə yetirə bilməyəcəkdir. Hər bir işçi kimi, hakimiyyətə də dəqiq vəzifə qoymaq, prosesin gedişinə və fəaliyyətin yekunlarına nəzarət etmək lazımdır. Nəzarətsiz hakimiyyət korrupsiyaya uğrayır, səmərəsiz işləyir və zor alətlərindən sui-istifadə edir. İctimai nəzarət məhz elə bir mexanizmdir ki, o, ictimaiyyətə imkan verir ki, qərarların qəbul edilməsi mərhələsində olduğu kimi, həyata keçirilməsi və əldə edilmiş nəticələrin qiymətləndirilməsi mərhələsində də hakimiyyətə nəzarət etsin. Məhz buna görə, bu il 28 May - Respublika Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda Prezident İlham Əliyev haqlı olaraq bir daha vurğulamışdır ki: “İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm... İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz”.
Nəzarətdən, o cümlədən ictimai nəzarətdən danışarkən qeyd etmək lazımdır ki, bu proses müşahidə etməklə bitmir. Lüğəti mənada, nəzarət, hər şeydən öncə, yoxlama deməkdir. Burada məqsədlərin ikinci hissəsi - qərar və aktların ictimai yoxlanışı, təhlili və ictimai qiymətləndirilməsi nəzarət anlayışının əsl mahiyyətini əks etdirir. Başqa sözlə, nəzarətin mənası təkcə nəzarət obyektinin faktiki vəziyyəti barədə informasiyanın əldə edilməsi və alınmış nəticələrin gözlənilən nəticələrə uyğunluğu, qanun və ya hamı üçün məcburi olan digər göstərişlərin faktiki olaraq yerinə yetirilməsinin yoxlanılması, belə yerinə yetirmənin yollarının və vasitələrinin yoxlama altına düşən fəaliyyətin məqsədəuyğunluğunun yoxlanılması demək deyildir, həm də qəbul edilmiş qərarlardakı pozuntuların praktik olaraq aradan qaldırılması, nəzarət prosesində çatışmazlıqların qiymətləndirilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi deməkdir.
Cəmiyyətin həyatında əhəmiyyətinə və roluna baxmayaraq bizdə ictimai nəzarət sisteminin inkişafı yolunda bir sıra problemlər də mövcuddur. İlk növbədə, həm vətəndaşların özünə, həm də peşəkar idarəçilərə toxunan bir məsələ - vətəndaş fəallığının lazımınca olmaması qeyd edilməlidir. İkincisi, müvafiq qanunvericilik və normativ bazanın olmamasıdır. Belə bir məqamı da unutmaq olmaz ki, təkcə qanunun qəbulu ilə iş düzəlmir. Hökmən qanunun tətbiqinə dair normativ sənədlər toplusu işlənib hazırlanmalı və vaxtında təsdiq edilməlidir. Misal üçün, baxmayaraq ki, Rusiya Federasiyasında müvafiq qanun (“Rusiya Federasiyasında ictimai nəzarətin əsasları haqqında” Rusiya Federasiyasının 2014-cü il 21 iyul tarixli 212-FZ nömrəli Federal Qanunu) qəbul edilsə də, həmin ölkə mütəxəssislərinin fikrincə, qanun işləmir. Qanunun öyrənilməsinin nəticələri üzrə əsas qənaət budur ki, yaxşı ideyadır, lakin qanunun icrası naminə çoxsaylı hüquqi aktlar qəbul edilməyincə, o işləməyəcəkdir. Bu aktlar nə vaxt qəbul ediləcək, onlarda qanunun mahiyyəti təhrif edilməyəcək ki? - bu suallara zaman cavab verəcəkdir. Hakimiyyət orqanlarının nəzdində ictimai şuraların tərkibinə kimlər daxil olacaq, ictimai palatalar kimlərdən ibarət təşkil olunacaq və onlar hakimiyyət orqanlarının sözəbaxan “dəstək qrupları”na çevrilməyəcək ki? - bu sualların cavabı da hələlik məlum deyildir.
Qeyd etmək yerinə düşər ki, qanunvericiliyə uyğun olaraq, məcburi auditin obyekti sayılan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısını almaq üçün tədbirlərin görülməsi Prezident İlham Əliyev tərəfindən mühüm bir vəzifə olaraq qarşıya qoyulmuşdur. Bu, heç də təsadüfi deyildir: belə ki, auditdən yayınma - bu, korrupsiyaya şərait yaradan halların mövcudluğu, bilavasitə korrupsiya halları, çirkli pulların yuyulması və digər neqativ hallar deməkdir.
Auditor yoxlamasının nəticələrinə əsasən, burada nəzarət olunan subyektin maliyyə (mühasibat) hesabatlarının düzgünlüyü və apardığı mühasibat uçotu qaydasının qüvvədə olan qanunvericiliyə uyğunluğu barədə beynəlxalq audit standartlarında müəyyən edilmiş formada rəsmi sənəd olan rəy tərtib edilir. Auditor rəyi məcburi element kimi, rəsmi illik mühasibat hesabatına daxil edilməlidir; onun olmaması mühasibat hesabatının rədd edilməsi (qəbul edilməməsi) üçün əsasdır, vergi orqanları isə onu düzgün hesab edə bilməzlər.
Təəssüf hissi ilə deməliyəm ki, bizdə bu sahədə vəziyyət qənaətbəxş deyildir.
Təcrübə göstərir ki, auditdən yayınmanın əsas səbəbi auditin predmeti olan mühasibat uçotu və hesabatlılıq sahəsində, xüsusilə maliyyə hesabatlarının təqdim edilməsi prosesində boşluqların olmasıdır. Statistik məlumatlara əsasən ölkəmizdə auditdən keçmənin ən yüksək faizi banklar və sığorta cəmiyyətləri üzrədir. Daha sonra bu sıraya bələdiyyələr, səhmdar cəmiyyətləri və xarici investisiyalı müəssisələr (xarici təşkilatların filial və nümayəndəlikləri) daxildir. Bank və sığorta təşkilatlarının auditdən, demək olar ki, 100% keçməsinin bir izahı var: bu təşkilatlar fəaliyyət növlərinə görə beynəlxalq əməliyyat sistemlərinə daha çox inteqrasiya olunublar və öz maliyyə hesabatlarını məcburi qaydada tənzimləyici orqanlara - Mərkəzi Banka və Maliyyə Nazirliyinə verməyə borcludurlar. Bu tənzimləyicilər, öz növbələrində, qanunun aliliyini təmin etmək, habelə xarici tərəfdaşları qarşısında öhdəliklərini yerinə yetirmək üçün tabeliklərində olan təşkilatların maliyyə hesabatlarını auditorun hesabatı (rəyi) olmadan qəbul etmirlər. Eyni hala qismən də olsa, digər qurumlarda da rast gəlinir: Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrdən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emitentlərdən, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi mülkiyyətçisi tam və ya qismən dövlət olan səhmdar cəmiyyətlərindən auditor rəyi ilə təsdiq olunmuş maliyyə hesabatlarını tələb edirlər. Bu sırada növbəti qurumlar isə xarici investisiyalı müəssisələrdir (xarici təşkilatların filial və nümayəndəlikləridir). Onların auditdən keçmə faizi nisbətən aşağı (20-30%) olsa da, məcburi audit subyekti olan məhdud məsuliyətli müəssisələrdən (2-6%) əhəmiyyətli dərəcədə yüksəkdir. Səbəbi isə bir tərəfdən, xarici sahibkarların audit barədə daha dolğun təsəvvürə malik olmaları, digər tərəfdən isə xarici ölkələrin rezidenti olan baş ofisə təqdim olunan maliyyə hesabatlarının məcburi qaydada auditor tərəfindən təsdiqlənməsi tələbidir. Bu faktları Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən aparılmış sorğuların materialları da təsdiq edir.
Respublikamızda xüsusi çəkisinə görə məcburi audit subyektlərinin arasında birinci yerdə duran qurumlar məhdud məsuliyyətli cəmiyyətlərdir. Son məlumatlara əsasən, onların sayı 42 mindən çoxdur ki, bu da ümumi məcburi audit subyektlərinin təxminən 90%-ni təşkil edir. Onların auditdən keçmə faizi ildən-ilə azalmaqla, son ildə 3,1% təşkil etmişdir. Zənnimizcə, belə vəziyyətin əsas səbəbi məhdud məsuliyyətli cəmiyyətlərin öz maliyyə hesabatlarını yalnız təsisçi üçün tərtib etmələri, yəni, dövlət orqanına təqdim etmək barədə heç bir öhdəliklərinin olmamasıdır.
Qeyd olunanlar belə nəticəyə gəlməyə imkan verir ki, auditin predmeti olan mühasibat uçotu və hesabatlılığı sahəsində, xüsusilə maliyyə hesabatlarının təqdim edilməsi sistemində boşluqların aradan qaldırılması auditdən yayınmanın qarşısının alınmasının ən kəsərli yoludur. Bunu xarici təcrübə də təsdiq edir: Özbəkistan Respublikasında maliyyə hesabatlılığı sahəsində islahatdan sonra göstərilən auditor xidmətinin həcmi təxminən 10 dəfə artmışdır. Auditor rəyinin qanunvericiliklə maliyyə hesabatlarının tərkib hissəsi sayılan Ukraynada auditdən keçmə faizi ölkə üzrə 100%-ə yaxındır. İnkişaf etmiş ölkələrdə isə, ümumiyyətlə, belə statistika zərurət olmadığı üçün aparılmır.
Nəzərə alınmalıdır ki, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2011-ci il 11 fevral tarixli 65-IVQD nömrəli qanunu ilə (Maddə 247-3. Məcburi auditdən yayınma) qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslərin üç yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə edilməsi təsbit olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.3-cü (“Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı mexanizmlərin müəyyən edilməsi üçün tədbirlər görülməsi”) bəndində qanunvericiliyə uyğun olaraq, məcburi auditin obyekti olan təsərrüfat subyektlərinin auditdən yayınması hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
Lakin bu sahədə real nəticələr əldə olunmamışdır.
Ümumiyyətlə, qeyri-dövlət nəzarətinin güclənməsi, bir tərəfdən, qanunvericiliyin təkmilləşdirilməsini və tətbiqini tələb edirsə, digər tərəfdən vətəndaşların və o cümlədən sahibkarların fəallığının artırılmasını özündə ehtiva edir. Vətəndaşların fəallığı zərurətindən bəhs edərkən Prezident İlham Əliyev demişdir: “... Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram”.
Nəhayət, ictimai nəzarətin təşkilində xarici təcrübədən bəhrələnməyin əhəmiyyətini nəzərdən qaçırmaq olmaz.
İnkişaf etmiş ölkələrdə nəzarətin bu iki forması arasında səmərəli və təkmil qarşılıqlı əlaqələr bərqərar olmuşdur. Dövlət nəzarəti qeyri-dövlət formasının potensialından getdikcə daha geniş istifadə edir, onları dövlət maliyyə nəzarətinin ayrı-ayrı funksiyalarının həyata keçirilməsinə cəlb edir. Məsələn, ABŞ-da xüsusi təftiş kompaniyaları (ictimai mühasib şirkətləri) ayrı-ayrı dövlət təşkilatlarına nəzarət sahəsində böyük rol oynayırlar. Belə ki, ABŞ-ın Baş Büdcə Nəzarəti İdarəsi belə ictimai mühasib firmalarını və auditorları öz adından maliyyə sənədlərinin təftişi və araşdırılması üçün işə cəlb edir, bu zaman qeyri-dövlət nəzarətinin nümayəndələri Baş Büdcə Nəzarəti İdarəsinə birbaşa hesabat verirlər. Bu idarə isə yoxlamanın nəticələrinə dair bütün məsuliyyəti öz üzərinə götürməklə (həqiqi icraçıların adları göstərilə bilər) hesabat verir.
Fransada da müstəqil auditor təşkilatları dövlət maliyyə nəzarətində müəyyən rol oynayır. Belə ki, bütün dövlət şirkətlərinin hesablarının təsdiqlənməsi özəl auditorlar tərəfindən həyata keçirilir. Onların nəticələri isə ölkənin baş ali maliyyə nəzarəti orqanına (Hesablama Palatasına) təqdim edilir.
Qabaqcıl dünya təcrübəsində dövlət nəzarəti ilə daxili nəzarət sistemi, o cümlədən daxili audit arasında mühüm əlaqələr təşəkkül tapmışdır. Məsələn, Avropa İttifaqının Hesablama Palatası öz fəaliyyətini həyata keçirərkən yoxlanılan təşkilatların daxili nəzarət sistemlərinin məlumatlarından geniş istifadə edir.
Böyük Britaniyanın Milli Nəzarət İdarəsi isə dövlət maliyyə vəsaitlərindən istifadənin səmərəliliyini yoxlayarkən daxili nəzarət və daxili auditin mövcudluğuna, təşkilatın rəhbərinə idarə etmək üçün zəruri olan informasiyaların hazırlanıb vaxtında təqdim edilməsinə xüsusi önəm verir.
Kanadanın Baş Təftiş Təşkilatı da daxili nəzarət və daxili audit sisteminin nə dərəcədə düzgün fəaliyyət göstərməsindən asılı olaraq, yoxlanılan təşkilatlarda öz işini seçmə qaydasında qurur.
* * *
Şəffaflığın təminatçısı və korrupsiyaya qarşı mübarizədə mətin siyasi iradə sərgiləyən Prezident İlham Əliyev mövcud qanunsuzluqlara və sosial ədalətin pozulması halları və bunlara qarşı mübarizədə ictimai nəzarətin gələcəyini belə dəyərləndirir: “Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük... Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.

Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor