Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan iqtisadiyyatının inkişaf meyilləri
20 Avgust 2011
 

Biz böyük bayram ərəfəsindəyik. Azərbaycan xalqı müstəqilliyinin bərpasının 20 illik yubileyini qeyd etməyə hazırlaşır. Lakin müstəqilliyə qədər onun iqtisadi təşəkkülü son dərəcə ziddiyyətli idi, respublika malik olduğu imkanlara və məmləkətin ümumi tərəqqisinə cavab verən istiqamətdə inkişaf etməmişdi.

Məlumdur ki, Cənubi Qafqazda ilk möhtəşəm iqtisadi inkişafın vətəni Azərbaycandır. Lakin bir çox təbii sərvətlərlə və müxtəlif istehsal sahələrinin fəaliyyəti üçün müəyyən imkanlarla zəngin olan Azərbaycan iqtisadiyyatının ümumi səviyyəsi özünün üstünlüklərinə nisbətən xeyli aşağı, onun sahə quruluşu isə olduqca birtərəfli olmuşdur. Əsas səbəb də o idi ki, Azərbaycan uzun müddət imperiyaların tərkibinə qatıldığından onun iqtisadiyyatı əsasən hakim dövlətlərin maraqlarına uyğun sahələrin inkişafı ilə məhdudlaşmışdır. Təsadüfi deyil ki, sovetlərin işğalından əvvəl Azərbaycan iqtisadiyyatının əsas sahəsi olan neft sənayesi uzun müddət respublikanın ümumi sənaye məhsulunun 80 faizdən çoxunu təşkil edirdi. Azərbaycan iqtisadiyyatının o zamankı və sonrakı birtərəfli inkişafı onun ictimai və sosial-iqtisadi həyatının taleyüklü sahələrində böyük məhdudiyyətlər yaradırdı. Belə ciddi fəsadlardan biri ölkənin regionları arasında məhsuldar qüvvələrin fəaliyyət səviyyəsinə görə kəskin fərqlərin meydana çıxması olmuşdur. XX əsrin əvvəllərində təkcə Bakıda Azərbaycanın ümumi sənaye məhsulunun 90-95 faizi istehsal edilirdi.

Yalnız ötən əsrin 70-80-ci illərinin birinci yarısında Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə respublika həyatının digər sahələrində olduğu kimi, iqtisadiyyatda da əsl canlanma mərhələsi olmuş, o dövr Azərbaycanın iqtisadi inkişafının ən yüksək zirvəsi kimi tarixə düşmüşdür.

Həmin vüsətli quruculuq illərinin mənzərəsini belə bir faktdan aydın görmək olar ki, əgər sovet dövrünün bütün əvvəlki 50 ilində (1920-1970-ci illər) Azərbaycanın iqtisadiyyatına bütövlükdə 14 milyard rubl (ildə orta hesabla 280 milyon rubl) sərmayə qoyulmuşdusa, 15 ildə (1971-1985-ci illər) bütövlükdə 36 milyard rubl (hər il orta hesabla 2,4 orta milyard rubl), yəni ildə 10 dəfəyə yaxın çox vəsait sərf olunmuşdur. Həmin illər Azərbaycan iqtisadiyyatı kompleks inkişaf etmişdir. İqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı xüsusilə böyük sürətlə artmışdır. Belə ki, 1971-ci və 80-ci illərin birinci yarısında respublikada orta hesabla 14 iri sənaye müəssisəsi (1920-1970-ci illərdə isə 5) tikilib istifadəyə verilmişdir. Ümumiyyətlə, sovet dövründə respublikada 530-a qədər tikilən sənaye müəssisəsinin 200-dən çoxu 70-80-ci illərin sonuna düşür. İqtisadiyyatın ikinci əsas sahəsi olan kənd təsərrüfatı da özünün güclü inkişafı ilə səciyyələnirdi. Həmin qısa vaxtda ayrı-ayrı əsas kənd təsərrüfatı sahələrində yığılan ümumi məhsulun həcmi onların əvvəlki 50 ildə olan miqdarının cəmindən xeyli çox olmuşdur. Belə böyük nailiyyətlər xalq təsərrüfatının digər sahələrində də əldə edilirdi.

Keçən əsrin 70-80-ci illərində iqtisadiyyatın hərtərəfli inkişafının əsas səbəbi Azərbaycan tarixində ilk dəfə olaraq yerli sərvət və imkanlar hesabına regionların inkişafında böyük dönüşün yaradılmasından ibarət idi. Maraqlıdır ki, vaxtilə son dərəcə geri qalmış regionlar artıq 1985-ci ildə respublikanın ümumi sənaye məhsullarının 2/5 hissəsini verirdi. Onlar bir sıra mühüm sənaye sahələri üzrə respublikanın mühüm istehsal mərkəzlərinə çevrilmişdilər.

Beləliklə, sözügedən dövrdə Azərbaycan iqtisadi inkişafının böyük dirçəlişi sayəsində Sovet İttifaqının ikinci respublikası olaraq müstəqil yaşamaq və inkişaf etmək kimi üstünlük əldə etmişdi.

Ümummilli lider Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması, sonradan Sovet İttifaqının çökməsi və bunun nəticəsində respublikanın əldə etdiyi müstəqilliyin ilk il yarımlıq dövründə bu nailiyyətlərin bir çox önəmli tərəfləri ciddi tənəzzülə məruz qaldı. Müstəqillik hər bir xalqın taleyində əvəzolunmaz tarixi hadisədir. Lakin azadlığı əldə etmək azdır, onu qoruyub saxlamaq da lazımdır. Müstəqilliyin bu əsas təməl zəmininə əməl edilməməsinin nəticələrini Azərbaycanın timsalında aydın görmək olar. Müstəqilliyin ilk il yarımında ölkənin müqəddəratının səriştəsiz adamların əlinə düşməsi nəticəsində bütün sahələrə ağır zərbələr vuruldu, xarici havadarlarının güclü dəstəyi ilə ermənilər tərəfindən Azərbaycan ərazisinin böyük bir hissəsi işğal edildi, ölkə, əslində, bütün dünyadan təcrid olunmuş vəziyyətə düşdü.

Xalqın israrlı çağırışları və tələbi ilə görkəmli dövlət xadimi, zəngin həyat təcrübəsinə malik Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ölkəni xaosdan xilas etdi. Ulu öndər ölkədə sağlam və sabit ictimai-siyasi fəaliyyət mühiti yaratdı. Respublikanın beynəlxalq aləmdə nüfuzunun artmasına nail oldu, gənc dövlət sisteminin, o cümlədən müstəqilliyin möhkəmləndirilməsinin etibarlı təməli olan iqtisadi inkişafın totalitar sistemdən Azərbaycan üçün artıq xeyli yaddaşlaşmış bazar istehsal münasibətlərinə keçidi təmin etdi. Heydər Əliyev respublikanın dağılmış iqtisadiyyatının mühüm istiqamətlərinin bərpası ilə yanaşı, neft sənayesinin böyük imkanlarını və bu mühüm sahənin müstəqil Azərbaycan üçün vacibliyini nəzərə alaraq neft strategiyasını həyata keçirməyə başladı. Eyni zamanda, ölkədə genişmiqyaslı iqtisadi islahatlara start verildi, liberallaşma və mərhələlər üzrə özəlləşmə proqramlarının gerçəkləşdirilməsi, maliyyə-pul, kredit və vergi sistemlərinin yenidən qurulması, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və s. tədbirlər respublikanın sürətli dirçəlişini təmin etdi. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istismara verilməsi Azərbaycanın artıq stabilləşən maliyyə imkanlarını daha da artırdı və zəruri inkişaf proqramlarının həyata keçirilməsini təmin etdi. Bu cəhətdən Azərbaycanın imkanlarının nə qədər genişləndiyini belə bir faktdan da görmək olar ki, əgər 2000-ci ildə son dərəcə zəif olan respublika büdcəsi xərclərinin cəmi 11,6 faizi iqtisadiyyatın inkişafına sərf edilmişdisə, 2010-cu ildə dəfələrlə artan ölkə büdcəsi xərclərinin 41,6 faizi bu məqsəd üçün istifadə edilmişdir.

Yeni şəraitdə ölkədə həyata keçirilən əhəmiyyətli layihələr içərisində regionların sosial-iqtisadi inkişafını əhatə edən proqramları xüsusi qeyd etmək lazımdır. Məlumdur ki, ulu öndər daim Azərbaycanın ahəngdar inkişafı üçün regionların mütəmadi iqtisadi yüksəlişini diqqət mərkəzində saxlayırdı. Hazırda regionların genişmiqyaslı və hərtərəfli inkişafı ölkə rəhbəri İlham Əliyevin  fəaliyyəti ilə bağlıdır.

Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsi bütün bölgələrdə məhsuldar qüvvələrin inkişafına böyük təkan verdi. I Dövlət Proqramının yerinə yetirilməsi sayəsində regionlara keçmişdən ağır miras qalmış müxtəlif köhnə infrastruktur sistemlərini müasirləşdirmək və onların əhatə dairəsini genişləndirmək zəminində sahibkarlıq fəaliyyətini gücləndirmək üçün əlverişli biznes mühiti yaradıldı. Ölkədə elektrikləşdirmə və qazlaşdırma şəbəkələri xeyli genişləndirildi, müasirləşdirildi, yol-nəqliyyat sektoru, sosial infrastruktur sisteminin əsas sahələri (məktəblər, səhiyyə ocaqları, idman mərkəzləri və s.) yenidən quruldu. II Dövlət Proqramında regionların sosial-iqtisadi inkişaf istiqamətləri daha da genişləndi. Təkcə onu qeyd etmək kifayətdir ki, bu proqramın əhatə dairəsi regionlarda 1000-dən artıq tədbirin həyata keçirilməsini nəzərdə tutur. Ümumiyyətlə, ikinci proqramın əsas məqsədi regionlarda istehsal təyinatlı müxtəlif sənaye sahələrinin inkişafını təmin etməkdir.

Məlum olduğu kimi, Azərbaycan iqtisadiyyatı 2010-cu ildə 5 faiz artmışdır. Bu cəhətdən sənayenin inkişafı xüsusilə təqdirəlayiqdir. Faktlar göstərir ki, son 4 ildə (2005-2009-cu illər) ölkədə 173 yeni sənaye müəssisəsi yaradılıb. Təkcə 2010-cu ildə ölkə rəhbəri Azərbaycanda sənaye, nəqliyyat, turizm və digər sahələr üzrə 170-dən çox müəssisənin açılmasında və təməlqoyma mərasimlərində iştirak etmişdir.

Sözsüz ki, iqtisadiyyatın genişmiqyaslı və hərtərəfli inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. Ulu öndər həmişə Azərbaycan iqtisadiyyatında mühüm yer tutan yanacaq sənayesinin inkişafını milli maraqlara uyğunlaşdırmağa, onu respublikanın hərtərəfli inkişafına yönəltməyə çalışırdı. Ümummilli lider bu arzusunu ancaq müstəqillikdən sonra tam şəkildə reallaşdırmağa nail oldu. Onun bu istiqamətdə yaratdığı mükəmməl strategiyada bir tərəfdən yanacaq sənayesinin güclü inkişafı, digər tərəfdən isə sahibkarlıq fəaliyyətini genişləndirmək əsasında qeyri-neft sektorunun ölkə iqtisadiyyatının çox zəruri tərkib hissəsi kimi formalaşması nəzərdə tutulurdu.

Bu inkişaf xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun ən bariz nümunəsini iş adamları üçün əlverişli biznes mühitinin yaradılmasında və onların səmərəli fəaliyyəti üçün hər il maliyyə dəstəyinin verilməsində görmək olar. Təkcə 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit vermişdir. Bu gün əsasən qeyri-neft sektorunda təmsil olunan özəl sektor Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və onun mühüm sahələri əsasən regionlarda inkişaf edir. İqtisadiyyatın güclü inkişafını təşviq edən investisiyaların artımı qeyri-neft sektorunun daha da şaxələnməsini təmin edir. Əsas kapitala yönəlmiş sərmayələrin 2010-cu ildə 75 faizdən çoxunu daxili investisiyalar təşkil etmişdir ki, bu da ölkə iqtisadiyyatının möhkəmlənməsini təmin edən zəruri istehsal sahələrinin yaradılmasına və infrastruktur sisteminin təkmilləşdirilməsinə imkan verir. Belə ki, 2010-cu ildə investisiyaların 70 faizi məhz qeyri-neft sektorunun müxtəlif infrastruktur sahələrinin inkişafına sərf edilmişdir. Nəticədə qeyri-neft sənaye sektorunun 2010-cu ildə artım sürəti 6,6 faizə bərabər olmuşdur. Bu da ÜDM-in həmin ildəki artım sürətindən (5 faiz) və sənayenin ümumi artımından (2,6 faiz) xeyli yüksəkdir.

Yanacaq sənayesinin yüksək inkişafı nəticəsində Azərbaycanın sürətlə artan maliyyə ehtiyatları ilk növbədə iqtisadiyyatın hərtərəfli inkişafına güclü təkan verir. Müqayisə üçün xatırlatmaq maraqlıdır ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın maliyyə ehtiyatları son dərəcə məhdud olduğu halda, onun 2011-ci ilin ancaq icmal büdcəsinin və valyuta ehtiyatlarının ümumi həcmi bütün istiqlal dövründə ölkə iqtisadiyyatının inkişafına sərf edilən vəsaitdən çoxdur. İndi Azərbaycan nəinki öz iqtisadiyyatını inkişaf etdirir, həmçinin investor kimi dünyanın bir sıra başqa ölkələrində də layihələr reallaşdırır.

İnkişafın bu yönümdə mühüm əlamətlərindən biri də regionlarda sənaye müəssisələrinin tikilməsidir. Bu sırada son zamanlar Gədəbəydə qızıl istehsalı üzrə müəssisəni, Naxçıvanda avtomobil, Şamaxıda elektrotexnika, Qəbələdə piano və lift, Xaçmazda, Lənkəranda konserv zavodlarını və onlarca başqalarını sadalamaq olar.

Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: "Əgər biz vaxtilə regionların inkişafına böyük diqqət göstərməsəydik, çox güman ki, iqtisadiyyatımız bu gün birtərəfli iqtisadiyyat kimi özünü göstərə bilərdi. Bizim məqsədimiz isə ondan ibarətdir ki, iqtisadiyyatımız çoxşaxəli olsun. Xüsusilə qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Beləliklə, deyə bilərəm ki, əgər 2009-2011-ci illərdə - dünya üçün ən ağır illər ərzində iqtisadiyyatımız artmışsa, bundan sonrakı dövrdə, şübhəsiz, inkişafımız daha da sürətlə gedəcəkdir".

Bununla belə, Bakı da daxil olmaqla Abşeron iqtisadi regionu ilə Azərbaycanın başqa əraziləri arasında məhsuldar qüvvələrin, xüsusən sənayenin ümumi inkişaf səviyyəsinə görə fərqlər hələ də qalır. Əhalinin 2009-cu ildə aparılan siyahıyaalınmasına görə, ölkə sənayesində məşğul olanların 50 faizdən bir qədər çoxu Abşeron iqtisadi regionunda, qalan yarısı isə Azərbaycan ərazisinin 95 və əhalisinin 71 faizinin yerləşdiyi digər regionlarda cəmlənmişdir. Əlbəttə, nəzərə almaq lazımdır ki, bizə miras qalmış bu fərqlərin dərin kökləri çox uzun bir dövr ərzində baş verdiyindən onların tənzimlənməsi də, təbii ki, xeyli vaxt tələb edir. Regionların sosial-iqtisadi inkişafı üzrə müəyyən edilmiş sistemli tədbirlər onların tarazlı inkişafında lazımi nizamlamanı müntəzəm olaraq yaxşılaşdırır və bölgələrdə həyata keçirilən tədbirlərin tezliklə bu sahədə böyük dönüşün yaranmasını təmin edəcəyinə əsas yaradır.

Regionların sosial-iqtisadi yüksəlişinə xüsusi əhəmiyyət verilməsi Azərbaycanın daha qüdrətli, həmahəng və çoxşaxəli inkişafına olan böyük məqsədlərdən irəli gəlir. O da məlumdur ki, Azərbaycanın iqtisadi qüdrətinin indikindən də artıq möhkəmlənməsi hələ uzun müddət yanacaq sənayesinin inkişafı ilə bərabər, sahibkarlığın genişləndirilməsi hesabına əsasən qeyri-neft sektorunun güclü artımına söykənməlidir. Bu il aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi: "...Biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərək güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqramlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək dayanıqlı inkişaf modelimizi qurmalıyıq".

Göründüyü kimi, Azərbaycanın regionları arasında iqtisadi duruma görə tarazlığın və düzgün nisbətlərin yaradılmasını nəzərdə tutan dövlətin elmi əsaslarla müəyyən etdiyi siyasətin ardıcıl və vaxtında reallaşdırılması ölkənin gələcəkdə daha mükəmməl modelinin qurulmasında həlledici amillərdən birini təşkil edir. Çünki bu cəhətdən zəngin karbohidrogen yataqları ilə yanaşı, müxtəlif təbii sərvətlərlə bol olan regionlar da Azərbaycanın gələcəkdə ümumi inkişafını təmin etməlidir. Bu, öncə ölkənin bütün sərvətlərindən, yerli əmək ehtiyatlarından və başqa imkanlarından daha səmərəli istifadə olunması əsasında əhalinin məqsədəuyğun məskunlaşması, onun rifahının və mədəni-intellektual həyat səviyyəsinin dövrün tələblərinə uyğun inkişaf etdirilməsi vəzifəsindən irəli gəlir. Bu vəzifəni həyata keçirmək üçün ilk növbədə Abşeron iqtisadi regionu ilə ölkənin başqa əraziləri arasında vurğuladığımız Bakıda bilavasitə iqtisadi regionun zəruri tələbləri və dövlət əhəmiyyətli bir sıra müəssisələr istisna olmaqla, ümumölkə əhəmiyyətli istehsal sahələrinin yaradılmasını məhdudlaşdırmaq lazımdır. Digər tərəfdən, başqa regionlarda istehsalın, xüsusən sənayenin çoxtərəfli böyük potensial imkanlarının istifadəsinə diqqət artırılmalıdır.

Dövlət və özəl səhmdar cəmiyyətləri, böyük imkanlı iş adamları səylərini birləşdirərək regionlarda müasir texnologiyalar əsasında daha miqyaslı dönüş yaratmağa qadir olan əhəmiyyətli istehsal sahələrinin inkişafını xeyli sürətləndirməlidirlər. Bölgələrdə Azərbaycan iqtisadiyyatı üçün zəruri olan yüngül (xüsusən toxuculuq, ayaqqabı, tikiş istehsalı) və yeyinti (ilk növbədə konserv, çay, şərab, zeytun yağı istehsalı) sənaye sahələri inkişaf etdirilə bilər. Çox əlamətdardır ki, son zamanlar ölkədə müxtəlif avtomobil yığma zavodları (Gəncədə, Naxçıvanda, Şamaxıda və s.) yaradılmışdır. Bu müəssisələr ölkənin tələbatının ödənilməsində, yerli əmək ehtiyatlarının səmərəli istifadə edilməsində böyük əhəmiyyət kəsb edir. Amma gələcəkdə onların əsas hissələrinin istehsalı da regionlarda təşkil edilməlidir. Bu istiqamətdə hətta motor istehsalının mümkünlüyü məsələsi barədə düşünmək lazımdır.

Ulu öndər Heydər Əliyev 1997-ci ildə Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bir müxbirin "Artacaq gəlirlərinizi hara yönəldəcəksiniz" sualına belə cavab vermişdi: "Şübhəsiz ki, bu gəlirin bir hissəsi yeni istehsalat yaratmaq üçün istifadə olunacaqdır. İndi biz xarici sərmayələr cəlb edirik, ancaq gələcəkdə gəlirlərimiz çox olanda, ola bilər, xarici sərmayəyə ehtiyacımız olmasın. Eyni zamanda, bu gəlirlər respublika iqtisadiyyatının inkişaf etdirilməsinə, əhalinin yaşayışının yaxşılaşdırılmasına sərf olunacaqdır".

Tarix bu dəfə də Heydər Əliyevin uzaqgörənliyinə şahidlik etdi.

 

Asəf NADİROV,

akademik