"Çoxmərtəbəli bostan" qızıl kuboka layiq görüldü

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

"Çoxmərtəbəli bostan" qızıl kuboka layiq görüldü

06 Dekabr 2014
 

"Holcim Fondu"nun "Tikinti sahəsində davamlı inkişaf" şüarı altında təşkil etdiyi Qlobal Holcim Mükafatları müsabiqəsinin növbəti turuna Bakıda yekun vurulmuşdur. İnnovativ və avanqard ideyaların yarışmasında layihələr davamlı inşaatın 5 əsas prinsipinə - tərəqqi, əhali, planet, inkişaf və peşəkarlığa söykənir.  Milli  Holcim Mükafatı Müsabiqəsi bütün dünyada keçirilir və bu tədbirə Holcim şirkətlər qrupunun təmsil olunduğu ölkələrdə ayrı-ayrılıqda yekun vurulur.

Bu ilki müsabiqəyə müraciət edən 6103 nəfərdən 2514-ü yarışlarda iştirak etmək hüququ qazanmışdır.

Azərbaycan üzrə Qızıl kubok "Çoxmərtəbəli bostan" layihəsinin müəllifi memar İlqar Əliyevə təqdim edilmişdir. Dünyanın bir çox ölkələrində keçirilən müxtəlif nüfuzlu müsabiqələrin qalibi olan İ.Əliyevin sonuncu layihəsi həm eksperimental laboratoriya funksiyasını daşıyan, həm də tərəvəz muzeyi rolunu oynayan memarlıq əsəri kimi düşünülmüşdür. Şəhərdə torpaq həmişə qıt olduğu üçün bina  göyə şaquli şəkildə ucalır. Xarici görkəmi arı pətəyinə bənzəsə də layihə dekorativ sayılmır və həyat rəmzini tərənnüm edən ideya kimi mərtəbə anlayışı olmayan qeyri-ənənəvi memarlıq üslubuna aiddir. Binada korpusların  altı bucaqlı olması arı şanını xatırlatsa da, xüsusi məqsəd daşıyır: altıbucağın aşağı üçbucağı əkin üçün nəzərdə tutulub. Suvarma suyunun artıq qalan hissəsi üçbucağın dibindəki anbara yığılaraq təkrar istifadə olunur. Bütün mərtəbələrin üçbucaq tavanları günəş işığından maksimum istifadə etməyə imkan verir.

Layihənin müəllifi İ.Əliyev təqdimat zamanı bunları dedi ki, müasir dünyada inşaat sahəsinin imkanları genişlənərək artıq incəsənət, sosial, ekologiya sahələri ilə birləşmişdir. Sinergetikaya əsaslanan belə layihələrin dəstəklənməsi paytaxtımızın müasir şəhərlərin sırasında seçilməsinə, turistlərin Bakıya marağının artmasına xidmət edə bilər.

Azərbaycan üzrə gümüş mükafata Fərhad Əliyevin, bürünc mükafata Fəqan Əliyevin layihələri layiq görülmüşdür. İ.Şirinzadə "Portland sementin sulfata davamlılığının artırılması yolları" layihəsinə görə müsabiqənin laureatı olmuşdur. 

 

"Azərbaycan"