Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qlobal güclərin unutdurmağa çalışdığı ən böyük təhlükə

29 Oktyabr 2014
 

Azərbaycanın haqq işi uğrunda mübarizəsi həm də "ikili standartlar"a qarşı mübarizədir

 

BMT-nin sentyabrın 24-də keçirilən 69-cu sessiyasına  ABŞ Prezidenti B.Obamanın sədrlik etməsi sessiyanın gündəliyinin fövqəladə vacibliyindən xəbər verirdi. O, 40 dəqiqəlik çıxışında dünyanı hədələyən 3 qlobal təhlükənin - Ebola virusu, Şərqi Avropada baş verən hadisələr və "İslam Dövləti" terrorçu qruplaşmasının (İŞİD) adını çəkdi. 

Qarşıdakı 15-20 ili əhatə edəcək təhdidlərin müzakirəsinə toplaşan BMT-də bu fikirlərin bütün 193 üzv dövlət tərəfindən qəbul edilməsinə inanmaq çətindir. Ona görə ki, təhlükələrin prioritetlər sırası - "qlobal üçlük" nəinki məyus edir, hətta dünya birliyinin gələcyi baxımından böyük narahatlıq doğurur. Qlobal təhlükəyə dair hər bir dövlətin öz təsəvvürləri ola bilər. Gözləmək olardı ki, BMT TŞ öz üzvlərinin dəfələrlə tribunasından səslənən fikirlərini də nəzərə alacaq. Lakin bu baş vermədi. Təhlükəni yaradan real səbəblərin kənarda qalması sual yaradır: nə üçün Obama ən böyük təhlükənin adını çəkmədi? Buna bütövlükdə TŞ-nın etiraf etmək üçün cəsarətimi, təfəkkürümü yetmədi? Ötən əsrin ən ağır mirası olan həmin təhlükə XXI yüzillikdə hansı yeni böhranlar doğuracaq?

 

Yaddan çıxan ən qorxulu təhlükə

 

Reallıqda yaddan çıxan ən böyük təhlükə isə məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT-nin tribunasından bəyan etdiyi "ikili standartlar" siyasətidir: "Dəfələrlə bu barədə fikirlərimi müxtəlif beynəlxalq kürsülərdən ifadə etmişəm. Dünyada beynəlxalq hüquq normaları kobudcasına pozulur, onlara məhəl qoyulmur, münaqişələr uzun illər həll edilmir, çünki "ikili standartlar" siyasəti mövcuddur".

ABŞ-ın "qlobal üçlüyünə" düşməyən "ikili standartlar" kimi müdhiş səbəblər dərk edilməyincə, dünya hələ çox illər onun daha ağır nəticələri ilə üzləşməli olacaq. Tarixi çox qədim olan "ikili standartlar" siyasətinə ("İkili standartlar siyasəti" baş verən hadisələrin özünə sərf edib-etməməsindən asılı olaraq dəyərləndirilməsi, ədalət prinsipinə ayrı-seçkiliklə yanaşılmasıdır. Oksford lüğətində deyilir ki, "İkili standartlar" - bir insana və ya ölkəyə başqaları ilə müqayisədə daha sərt, daha kəskin münasibətin sərgilənməsində özünü göstərən qayda və ya prinsipdir".  Daha sadə dildə desək, "ikili standartlar" geosiyasi maraq, mənafe və intriqaları təmin etmək üçün tətbiq edilən bəladır. Ədəbiyyatda "ikili standartlar konsepsiyası"nın ilk olaraq (1872-ci ildən) cəmiyyətdə (qadın və kişiərin yeri və roluna) dair müzakirələrdə tətbiq edildiyi də vurğulanır) beynəlxalq münasibətlərdən çox misal gətirmək olar. Xüsusilə də ötən əsrdən başlayaraq özünü qlobal lider rolunda görən dövlətlərin "xidməti" sayəsində "ikili standartlar" manipulyasiya vasitəsinə, "təzyiq geosiyasətinə", beynəlxalq "normaya" çevrilib. Qloballaşma prosesi bu siyasətin acı nəticələrini qısa zamanda bumeranqa çevirərək onu yürüdənlərə tuşlasa da, hələlik etirafını tapmamışdır.

Beləliklə, Obamanın təhlükələr prioriteti gerçək bəlanın nədən ibarət olmasını yenə də əks etdirmədi. İndi bəşəriyyəti nə gözləyir? Təhlükə səbəblərinin qeyri-müəyyən qalması Obamanın sadaladığı nəticələrin aradan qaldırılmasını təmin edə biləcəkmi? Qətnaməni imzalayan ölkələr hansı gerçək bəla ilə, konkret kiminlə mübarizə aparacaqlarını aydın bilmədiyi halda hansı uğuru əldə edə bilərlər? Cavablar aşağıdakı bir neçə misalda görəcəyimiz kimi nikbin heç nə vəd etmir.

Mübaliğəsiz deyilsə, ikili standartların ən dəhşətli mənzərəsi BMT-də təcavüzkar dövlətlərin (konkret olaraq Ermənistanın) işğala məruz qalan ölkələrlə bir zalda oturmasıdır. Nə qədər ki, bu davam edəcək, bəyanatlar səmərəsiz qalacaq.

Baxmayaraq ki, Prezident Obama dövlətlərin ərazi bütövlüyünə qəsd edən işğal siyasətini dünya üçün ikinci qlobal təhlükə elan etmişdir: "Təcavüzkarlıq siyasəti öz ərazi iddialarını reallaşdıran dövlətlərin dünya üçün yaratdığı təhlükəli zamanları yada salır... BMT məhz ona görə yaradıldı ki, heç bir ölkə başqa ölkəyə ərazi iddiası ilə çıxış etməsin, onu işğal etməsin". Lakin nədənsə öz çıxışında işğal təhlükəsi ilə bağlı bir neçə dövlətə mesajlarını çatdıran ABŞ Prezidenti nə onların sırasında, nə də separatçılara siyasi və maddi dəstək verən dövlətlər cərgəsində Ermənistanın adını çəkdi. Əgər işğalçı və təcavüzkarların hamısı bir adla çağırılmırsa, müxtəlif "növlərə" bölünürsə, o zaman kimlə və necə mübarizə aparmaq olar?

İkili standartlar işğalçı dövlət və strateji tərəfdaş ölkə arasında eyniyyət işarəsini qoyur. Nəinki hüquq, həm də siyasi əxlaq quru sözə çevrilir. Əgər 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsində təcavüzkar ölkəyə heç bir təzyiq edilmirsə, işğalçı cəzalandırılmır, əksinə "demokratik" ölkələrdən hər cür maddi yardım alırsa, bunun sonu məhz belə olmalıdır. Dünyada hər kəs: təcavüzkar da, qurban da öz adı ilə çağırılmalıdır. Əks təqdirdə təhlükə mənbəyi, konkret deyilsə, işğalçı ölkənin adı mücərrəd olaraq qalır.

 

Qətnamələrə, aktlara ikili yanaşmalar: 48 saat, 48 il və 25 il

 

"BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın işğalı ilə bağlı dörd qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Necə ola bilər ki, hansısa başqa məsələ ilə bağlı qətnamə qəbul edilir və bir gün ərzində dərhal icra edilməyə başlayır, amma bizə gəldikdə 20 ildən çoxdur ki, məsələ həllini tapmır. Nəyə görə? Ona görə ki, ikili standartlar var" - Prezident İlham Əliyevin bu fikirləri "ikili standartlar"ın mahiyyətini tam ifşa edir.

İkili yanaşma "ayrı-seçkiliyi" BMT-nin öz divarları arasında qəbul edilən qətnamələrə də yol tapıb, onlar "ögey" və "doğma"lara bölünüb, qətnamələrə münasibətin meyarına çevrilib. Paradoks olsa da bu, faktdır.

69-cu sessiyada da BMT Təhlükəsizlik Şurasının 15 üzvü "Bütün dünyada terror təşkilatlarına maliyyə və silah yardımının dayandırılması" ilə bağlı 2178 saylı qətnaməni yekdilliklə qəbul etdi. Prezident Obamanın bu münasibətlə çıxışı da təəssüf ki, "ikili standartlar"ı əks etdirir: "Bu qətnamə dünyaya ekstremizm və separatizmlə mübarizənin məsuliyyətini xatırlatmaq üçündür. Təmtəraqlı sözlərlə heç bir terror hadisəsinin qarşısını almaq mümkün deyil. Buna görə sözdən əməli işə keçmək vaxtıdır. Bir il sonra biz burada həmin mübarizənin konkret nəticələrini dinləyəcək, müzakirə edəcəyik."

Halbuki bu qətnamə də "ikili standartlar"ın aradan qaldırılması yönündə daha bir addım ola biləcəyi halda, təəssüflə "itirilmiş daha bir fürsət" adlandırıla bilər. Ukrayna hadisələri "ikili standartlar"ı bir daha sınaqdan çıxardı. Belə ki, ABŞ hadisələrə ən çevik reaksiya verərək 48 saat içində "beynəlxalq hüququn pozulmasına görə sanksiyalar tətbiq edəcəyinə dair" qərarını açıqlamışdı. Müqayisə üçün: Yaxın Şərqdə ən uzunmüddətli - İsrail-Fələstin münaqişəsinin başlamasından 48 il ötəndən sonra ABŞ hadisəyə hüquqi reaksiya verib, işğal faktının olduğunu qeyd etmişdir. Təcavüzkar Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsindən isə 26 il keçir!? Azərbaycan torpaqlarının işğal edilməsi və bunun yolverilməz olduğuna dair BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edilməsindən isə 20 ildən çox vaxt keçir. Qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Obamanın sədrlik etdiyi bu sessiyanın gündəliyinə də "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında" bənd daxil edilmişdi. Ermənistanın nümayəndəsi həmin bəndin gündəliyə daxil olunmasına dair konsensusa qoşulmadığını bəyan edib. Məgər Ermənistanın bu destruktiv mövqeyi Obamanın çıxışında xatırlatdığı, beynəlxalq hüququn 20 ildən çoxdur ki, pozulmasına görə daşıdığı həmin o məsuliyyətdən birmənalı boyun qaçırması deyilmi?

Ədalətə ikili yanaşmanın bundan da heyrətamiz nümunəsi olan "hüquqi sənədlər" var. ABŞ Konqresinin 1992-ci ildə erməni lobbisinin dəstəyi ilə qəbul etdiyi, Azərbaycana dövlət yardımını yasaqlayan 907-ci düzəliş - "Azadlığa Dəstək" Aktı bu gün də qüvvədədir. Sənədə görə illərdir ki, təcavüzkar dövlətə də, separatçı qondarma rejimə də onun işğal etdiyi ölkədən daha çox yardım edilir!

Ən son dövrə aid misal, sitat: ABŞ konqresmeni, respublikaçı, "erməni soyqırımı"nı etiraf edən 304-cü qətnamənin tərtibçilərindən biri Robert Dold yenidən Konqresə seçilmək, ölkəsindəki ermənilərin səsini almaq üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edib.

 

"Ögey və doğma" terrorçular

 

Dünya qədər qədim olan terrorizm də müasir dövrdə birbaşa "ikili standartlar" sayəsində çiçəklənərək "beynəlxalq terrorizm" fenomeninə çevrilib. Beynəlxalq hüquq və ədalətin işləməməsi, təcavüzkar və işğala məruz qalan dövlət arasında fərq qoyulmaması, radikallıq və ekstremizmin, "talibanizasiya fenomeninin" yüksələn xətt üzrə inkişafına təkan verməkdə davam edir.

ABŞ rəhbərliyi sözdə mövcud olan qondarma "erməni soyqırımı" ilə bağlı hər il aprelin 24-də çıxış edir. Xocalı dəhşətlərinə görə isə Azərbaycan xalqına başsağlığı verməyi belə lazım bilmir. Hər il ABŞ Konqresində "erməni soyqırımı"nı etiraf edən 304-cü qətnamə layihələri və s. - "ikili standart" aktları gündəmə gətirilir.

Sözü gedən sessiyada Obama "Yaxın Şərqdə terrorçuların qəddarlığı ürək dondurur" - deyəndə, başqa terror və soyqırımlarını da xatırlatsaydı, daha ədalətli olardı. O zaman məlum olardı ki, həmin canilər onu dinləyən Ermənistan prezidenti Serj Sarkisyandan daha qəddar deyillər. Sarkisyan 2000-ci ildə jurnalist Tomas de Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu etiraf edib.

Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib: "Bir milyondan artıq soydaşlarımız məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan o soyqırımın qurbanı olmuşdur. Xocalı soyqırımını soyqırımı kimi 10-dan çox ölkə rəsmi şəkildə tanıyıbdır".

"Əl Qaidə və İŞİD ideologiyasına qarşı durmaq üçün səy göstərin" - deyə çağırış edən Obama, "böyük Ermənistan" ideologiyasının da bütöv bir region üçün nə qədər fəlakətlər gətirdiyinin fərqində olmalı idi. Məhz bu ideologiyanın nəticəsidir ki, 200 ilə yaxın bir dövrdə - 1905 və 1918-ci illər qətliamları, 1948-1952-ci illərdəki deportasiyalar, 1988-ci ildən bu yana baş verən hadisələr, nəhayət, 1992-ci il fevral ayının 26-da indiki Ermənistan siyasi rəhbərliyində təmsil olunan şəxslərin təşkilatçılığı ilə Xocalı soyqırımı törədilib. Birini görüb digərinə göz yummaq, nəinki "qondarma soyqırımı", üstəlik "qondarma soyqırımını inkar" etməyə görə cəza nəzərdə tutan aktların, qanunların gündəmə gəlməsi "ikili sərsəmliyin" hansı həddə qədər gəlib çıxmasını göstərir.

Pandemik viruslar bəşəriyyəti yarandığı gündən bu yana müşayiət etmişdir və bəşəriyyət hələ ki, "qırılıb qurtarmayb". Ötən əsrə qədər bu bəladan insanlar təbii təkamül yolu ilə keçmiş, hazırda təbabətin imkanları ilə mübarizə aparırlar. Necə deyərlər, bu tarixən məlum olan fəlakətlərdən heç nə ilə fərqlənmir. Ebola virusu ilk əvvəl Afrikanın ən yoxsul ölkələrində yaransa da, qloballaşma sayəsində Avropa hüdudlarına qədər gəlməkdədir. Məyusedici fakt digər qlobal "virusun" yaddan çıxmasıdır. Ona görə yox ki, informasiya inqilabı dövründə "virus" anlayışı da mahiyyətcə çox genişlənib. O, yalnız virtual məkanda deyil, real məkanda yayılması ilə böyük təhlükələr doğura bilir. Maraqlıdır ki, bir il əvvəl ABŞ qlobal təhdid kimi "kiberməkanda virus təhlükələrini" birinci sıraya qoymuşdu.

"İkili standartlar" "virusu" bunlardan heç də az qorxulu deyil! Hər ikisinin nəticəsi qlobal miqyaslı faciələrdir. Azərbaycan erməni terroru ilə qarşılaşanda da hesab edirdilər ki, bu çox uzaqda baş verir. Lakin indi o da hamının sərhədlərinə gəlib çıxıb. Çünki "təhlükəsizlik bölünməzdir" prinsipi unudulanda ikili yanaşmalar önə çıxır. Təkrar olsa da vurğulayaq ki, Obamanın sadaladığı təhlükələr bunun sadəcə "çiçəkləyən" nəticələridir.

 

"İkili" geosiyasətin limiti artıq tükənib

 

Yada salaq ki, M.Qandi də dünyaya fəlakət gətirən 9 səbəb haqda yazmışdı və onun biri "prinsipsiz siyasət", başqa sözlə ikili yanaşma idi.  Beynəlxalq hüquq və ədalətin gerçək bəlasına çevrilən bu prinsipsizliyin də bir həddi, limiti mövcuddur. Nəhayət, Ukrayna hadisələri, İraq və Suriyada baş verən terror tüğyanı status-kvonun artıq davamının olmadığını sübut edir. Təəssüf ki, bunu sezənlər o qədər də çox deyil. Diqqət çəkən məqam odur ki, onu nəinki etiraf edirlər, əksinə, Vaşinqton rəsmilərinin leksikonunda "ikili standartlar" sözünün işlənilməsindən sanki ehtiyat edirlər. Əvəzində Obamanın nitqini təhlil edərək onun son dövrdə "Yer üzünün ən böyük xalqı" və "dünyanın günəşi" olan "Amerika müstəsnalığı" sözünü çox az işlətməsi "milli maraqlara zidd mövqe" kimi dəyərləndirilir.

Nə baş verir? Son vaxtlar rəsmi Ağ Evin uğursuz xarici siyasət aparması, hakim komandanın səriştəsizlikdə və dost-düşmənini düzgün ayırd edə bilməməkdə ittiham edilməsi, Amerikanın gücünü zəiflətməsi hətta onların öz partiyadaşlarının da qınağına tuş gəlir. Rəsmilərin, məsələn, vitse-prezident C.Baydenin yanlış bəyanatlar verərək səhərisi gün ucdantutma "üzrxahlıq diləməsi" və digər bu kimi faktlar ABŞ-da geniş müzakirə edilir. Politoloqlar ABŞ Prezidentinin bir ay əvvəl rişxəndlə "məktəb idman komandası" adlandırdığı İŞİD-i indi qlobal təhlükə kimi bəyan etməsini də bu kontekstdə misal gətirirlər. Hətta Konqres Obamanın siyasətini ABŞ-ın suverenliyi və milli təhlükəsizliyi üçün təhdid sayan hesabatla çıxış etmişdir. Sabiq müdafiə naziri L.Panetta isə "Layiqli döyüş" adlı yeni kitabında Obamanın qlobal təhlükələr qarşısında özünü itirdiyi üçün qısa vaxtda Yaxın Şərqdə "siyasi vakuum" yarandığını və bu boşluğu məlum terrorçu qruplaşmanın doldurduğunu vurğulayıb. Bütün bunların fonunda BMT tribunasından qlobal lider olmaq iddiaları səslənir.

Bu vəziyyəti görəndə Azərbaycanla bağlı qərəz dolu hesabatların, "seçkilər, insan hüquqları, vətəndaş cəmiyyəti" və s. sahəsində "qızıl standartlar" tələb edən bəyanatların hardan qaynaqlandığı məlum olur. Onları səsləndirənlərin təhlükə duyumlarının elə reallıq duyumu kimi korşaldığı göz önündədir. Söhbət konkret olaraq Azərbaycan reallığından gedir. Məhz buna görədir ki, Azərbaycana qarşı qərəz nümunəsi olan hesabatlar illərlə nəinki məzmunu, bir hərfi belə dəyişmədən yenidən bəyan edilir. Hesabatlarda illərlə Dağlıq Qarabağ işğala məruz qalan deyil, "mübahisəli ərazi" kimi yazılır. Bölgədə ən qanlı münaqişənin həlli üçün heç nə edilmir, lakin geosiyasi məqsədlərə xidmət edən hesabatlara gələndə "qızıl standartlar" yada düşür.

Ədalət naminə demək lazımdır ki, Obamanın məşhur nitqində hər halda təsəlli adlandırıla biləcək bir etiraf səsləndi: "Mən bilirəm ki, Amerikanın tənqidçiləri vaxtaşırı bizim də öz ideallarımızdan uzaq düşdüyümüz məqamları, bizim ölkədaxilində çoxsaylı etnik və irqi problemlərimizin olmasını misal çəkəcəklər. Bu doğrudur. Mən bilirəm ki, kiçik Amerika şəhərində-Ferqyusonda gənc qətlə yetirildi və cəmiyyət iki yerə parçalandı. Bəli, bizdə də irqi və etnik gərginliklər var". Demokratiyanın əsrlərlə yaşı olan bir ölkədə irqi və etnik problemlərin olması Prezident tərəfindən etiraf edildi. Belə bir ölkənin QHT-ləri dünyada tolerantlıq məkanı kimi tanınan, heç zaman etnik-dini, irqi zəmində qarşıdurmanın olmadığı Azərbaycandan "qızıl standartlar" tələb edir. ABŞ Prezidentinin insan hüquqlarının pozulmasını etiraf etdiyi vaxt bu ölkənin sərsəm ekspertləri Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqlarına dair çeynənmiş iddiaları gündəmə gətirir, "sanksiyalar" barədə çağırış edir. Azərbaycana gələndə işğal altında olan torpaqların azad edilməsi, konkret 1 milyon qaçqının hüquqları yox, mücərrəd "insan hüquqları" yada düşür. Bu siyasi korluğun bir adı var: ikili standartlar!

Azərbaycan xalqı, onun siyasi liderləri 20 ildən çoxdur ki, müstəqil dövlət qurmaqla yanaşı, yalnız erməni işğalına qarşı deyil, həm də ilk növbədə beynəlxalq münasibətləri və hüququ iflic edən "ikili standartlar bəlası ilə vuruşub, Ermənistanın bütün beynəlxalq təşkilatlara işğalçı kimi qəbul edilməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün gecə-gündüz sözün əsl mənasında titanik səylərini sərf edib, mübarizə aparıb, bu gün də siyasi iradəsini ortaya qoyub. Ermənistanı iflasa məhkum edən siyasəti və geosiyasəti reallaşdırıb. Dövlət başçısının hücum diplomatiyası, "Xocalıya ədalət" kampaniyası, Heydər Əliyev Fondunun səyləri nəticəsində beynəlxalq ictimai rəyin diqqəti "ikili standart" bəlasına cəlb edilib. Bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv olan 50-dən çox ölkə, ABŞ-ın 10-dan artıq ştatı, Meksika Senatı və digər bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Bunlar həm də ilk növbədə "ikili rəftar" üzərində qələbələrdir.

Qədim fəlsəfi abidə "Veda"lara aid olduğu deyilən hikmətə görə, "İkili düşünən adamlar heç vaxt xoşbəxt ola bilməzlər". Buradan çıxan nəticə odur ki, beynəlxalq hüquqda "ikili standartlar" qaldıqca, qlobal güclər bu təfəkkürə əsaslandıqca dünya birliyi heç vaxt ahəngə nail ola, ədalət, sülh və xoşbəxtlik əldə edə bilməyəcək. Nə qədər ki, "ikili standartlar siyasəti" davam edir, bəşəriyyət humanizm, ədalət, şəxsiyyətin azadlıqları və insan hüquqları kimi ümumbəşəri dəyərlərlə müharibə vəziyyətindədir. Baş verən bəlaların kökü buradan qaynaqlanır. Hesab edirik ki, BMT-nin Təhlükəsizlik Şurasında məhz "ikili standartlara son qoyulmasına dair" qətnamənin qəbul edilməsinə daha çox ehtiyac var idi. Yalnız "ikili standartların" bəşəriyyət üçün fəlakət olmasını, qlobal təhlükələrin məhz buradan qaynaqlandığını bəyan edən qətnamənin qəbulu və onun icrası dünyada ədalət və sülhü bərqərar edə bilər.

 

Tahirə ALLAHYAROVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri