Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakida TEMPUS proqramı çərçivəsində reallaşdırılan layihə ilə bağlı tədbir keçirilib

07 Oktyabr 2014
Oktyabrın 6-da “Qafqaz Point” otelində Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində reallaşdırılan “İsrail, Azərbaycan və Qazaxıstanda ekosistemlərin monitorinqi məqsədilə məsafəli zondlama tətbiqi sahəsində təhsilin inkişaf etdirilməsi” (SESREMO) layihəsi ilə bağlı tədbir keçirilib.

Layihədə dünyanın ayrı-ayrı ölkələrindən olan 12 ali təhsil müəssisəsi və 3 elmi mərkəz, o cümlədən Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Berlin Texniki Universiteti (Almaniya), Tvente Universiteti (Hollandiya), Tallinn Texnologiya İnstitutu (Estoniya), Tel-Aviv Universiteti (İsrail), Əl Farabi adına Milli Universitet (Qazaxıstan) iştirak edirlər.
AzərTAc xəbər verir ki, tədbirdə Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov qeyd edib ki, layihənin əsas məqsədi bakalavriat və magistratura pillələrində ekosistemlərin monitorinqi məqsədilə məsafəli zondlamanın tətbiqi sahəsində təhsilin inkişaf etdirilməsidir. O, layihə çərçivəsində universitet əməkdaşlarının Avropanın tərəfdaş ali təhsil müəssisələrində təlimlərdə iştirak etməsi nəzərdə tutulduğunu deyib. Rektorun sözlərinə görə, BDU-da yerin müşahidəsi və ekosistemlərin monitorinqinin aparılması üçün müasir laboratoriyanın yaradılması planlaşdırılır.
A.Məhərrəmov həmçinin məlumat verib ki, seçilmiş sahə üzrə Boloniya sisteminin tələblərinə uyğun olaraq proqramların yenilənməsi, təcrübələrə əsaslanmış yeni fənlərin tətbiqi və s. nəzərdə tutulub.
2014-2016-cı illəri əhatə edən layihənin ümumi dəyəri 1 milyon 114 min avro məbləğindədir. Layihəni koordinasiya edən Almaniyanın Berlin Texniki Universitetidir.
SESREMO layihəsinin ümumi əlaqələndiricisi Arnold Sterenharz layihə üzrə həyata keçirilən tədbirlərdən bəhs edib.
BDU-nun biologiya fakültəsinin dekanı professor Akif Quliyev, Berlin Texniki Universitetinin nümayəndəsi Elena Eyngorn və digər çıxış edənlər də layihə ilə bağlı fikirlərini bildiriblər.

AzərTAc