" />

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

09 Sentyabr 2014
 

№ 294                   Bakı şəhəri, 29 avqust 2014-cü il

 

"Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının  Nazirlər Kabineti qərara alır:

"Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hazırlanmışdır və mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq idxal və ixrac olunan və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilən bu Qaydanın 3-cü hissəsində göstərilən mədəni sərvətlərə şamil edilir.

1.3. Bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən bütün fiziki və hüquqi şəxslərə, o cümlədən dövlət hakimiyyəti orqanlarına və təşkilatlarına, vəzifəli şəxslərə şamil edilir.

1.4. Şəxslər tərəfindən mədəni sərvətlərin qanunsuz idxalı, ixracı və ya tranziti həyata keçirildikdə, onlar mədəni sərvətləri başqalarının istifadəsinə, sahibliyinə və ya sərəncamına verə bilməzlər. Mədəni sərvətlər barəsində qanunsuz idxal, ixrac və ya tranzit əməliyyatlarının həyata keçirildiyini bilən və ya bilməli olan şəxslər tərəfindən onların əldə edilməsi qadağandır.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:

2.1.1. mədəni sərvətlərin ixracı – Azərbaycan Respublikasının ərazisində olan mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən aparılması;

2.1.2. mədəni sərvətlərin idxalı – xarici ölkənin ərazisində olan mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisinə gətirilməsi;

2.1.3. mədəni sərvətlərin tranziti – mədəni sərvətlərin gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınması.

3. Mədəni sərvətlər

 

3.1. Azərbaycan Respublikasının ərazisində olan aşağıdakı daşınar əşyalar bu Qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilir:

3.1.1. Azərbaycan Respublikasının vətəndaşları tərəfindən yaradılan mədəni sərvətlər;

3.1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində yaradılan və Azərbaycan Respublikası üçün əhəmiyyət kəsb edən mədəni sərvətlər;

3.1.3. Azərbaycan Respublikasının ərazisində tapılan mədəni sərvətlər;

3.1.4. Azərbaycan Respublikasının ərazisində həyata keçirilmiş arxeoloji,  etnoloji və elmi ekspedisiyalar zamanı əldə olunan mədəni sərvətlər;

3.1.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq bağlanmış əqdlər nəticəsində əldə olunan mədəni sərvətlər.

3.2. Bu Qaydanın tətbiq edildiyi mədəni sərvətlər aşağıdakılardan ibarətdir:

3.2.1. təsviri sənət əsərləri, o cümlədən lövhələr, şəkillər, rəsmlər, qravüralar, estamplar, litoqrafiyalar, naxışlar, heykəltəraşlıq əsərləri, orijinal bədii toplular və montajlar;

3.2.2. kino, xüsusi əhəmiyyətli televiziya, radio, video materialları, fotoəsərlər və fotomateriallar, dizayn işləmələri və memarlıq layihələri;

3.2.3. əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, avtoqraflar, markalar, açıqcalar, mədəniyyət və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları, məktublar, elmi-tarixi yadigarlar, nadir nəşrlər;

3.2.4. tətbiqi-sənət əsərləri - xalılar və xalça məmulatları, qızıl, platin, gümüş, qiymətli daşlar, mis və gildən hazırlanmış əşyalar, keramika məmulatları;

3.2.5. səhnə və ekran geyimləri, dekorları, butaforiya və rekvizitləri;

3.2.6. qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.);

3.2.7. şifahi xalq yaradıcılığı nümunələri;

3.2.8. arxeoloji və numizmatik xarakterli əşyalar;

3.2.9. flora və fauna, mineralogiya, anatomiya nümunələri və paleontologiya baxımından maraqlı muzey əşyaları.

3.3. Bu Qaydanın tələbləri kütləvi istehsal olunan suvenirlərə şamil edilmir.

4. İxracı qadağan edilən mədəni sərvətlər

 

4.1. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlərin Azərbaycan Respublikasının ərazisindən ixracı qadağandır. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər.

4.2. Bu Qaydanın 4.1-ci bəndində göstərilən mədəni sərvətlərdən başqa digər mədəni sərvətlərin ixracının qadağan edilməsi yolverilməzdir.

 

5. Gətirilmiş mədəni sərvətlərin aparılması

 

5.1. 100 il əvvəl yaradılmış kitabələri, əlyazmalarını, sikkələri, oyma möhürləri, qədim musiqi alətlərini və mebel əşyalarını Azərbaycan Respublikasının ərazisinə gətirmiş fiziki və ya hüquqi şəxslər onları bu Qaydanın tələblərinə riayət etməklə Azərbaycan Respublikasının ərazisindən aparmaq hüququna malikdirlər.

 

6. Mədəni sərvətlərin ixracı məqsədi ilə müraciət edilməsi

 

6.1. Bu Qaydanın 4.1-ci bəndində göstərilən mədəni sərvətlər istisna olmaqla, digər mədəni sərvətlərin ixracı bu barədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarından sonra həyata keçirilir.

6.2. Mədəni sərvətlərin ixrac edilməsi məqsədi ilə mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ərizə ilə müraciət edilir. Ərizədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsində təsbit edilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar da göstərilməlidir:

6.2.1. mülkiyyətçi tərəfindən mədəni sərvət üzərində hüquqların əldə edilməsinin əsası;

6.2.2. mədəni sərvətin təsviri.

6.3. Bu Qaydanın 6.2-ci bəndində göstərilən ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

6.3.1. mədəni sərvətlərin sayı ikidən çox olduqda, üç nüsxədə tərtib edilməklə onların siyahısı; 

6.3.2. hər bir mədəni sərvətin ölçüsü ən azı 8x12 santimetr olan 3 ədəd fotoşəkli (arxiv sənədlərinin, möhürlərin, filateliya, numizmatika, bonistika əşyalarının fotoşəkli tələb olunmur);

6.3.3. mədəni sərvətin dəyərini müəyyən edən sənədlər;

6.3.4. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin (dövlət reyestrindən çıxarışın) surəti.

6.4. Ərizə və ona əlavə edilən sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınır və qeydiyyat tarixi və nömrəsi göstərilməklə müraciət etmiş şəxsə 1 gün müddətində bildiriş göndərilir.

6.5. Ərizə və ona əlavə edilən sənədlər əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətlərin ekspertizasının həyata keçirilməsinin məqsədəuyğunluğunu və mədəni sərvətlərin ekspertizaya təqdim edilməsinin müddətini müəyyən edərək, bu barədə mülkiyyətçiyə və ya onun səlahiyyətli nümayəndəsinə məlumat verir.

6.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyitərəfindən müəyyən olunmuş müddətdə mədəni sərvətlər ekspertizaya təqdim edildiyi tarixdən 30 gün ərzində mədəni sərvətlərin ekspertizası həyata keçirilməli və ekspertizanın nəticələri tərtib olunmalıdır.

 

7. Mədəni sərvətlərin ekspertizası

 

7.1. İxrac olunması nəzərdə tutulan mədəni sərvətlər ekspertizadan (bundan sonra – ekspertiza) keçirilməlidir.

7.2. Bu Qaydanın 6.5-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müəyyən edilmiş müddətdə şəxsin mədəni sərvətlərin ekspertizaya təqdim olunmasından imtina etməsi onun tərəfindən mədəni sərvətlərin ixrac olunmasından imtina kimi qəbul edilir.

7.3. Ekspertiza Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey, arxiv, kitabxana, restavrasiya və ya elmi tədqiqat təşkilatlarının, habelə həmin Nazirliyin mülki hüquqi müqavilə əsasında cəlb etdiyi digər mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

 

7.4. Ekspertizanın nəticələri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətlərin ixrac edilməsinin mümkünlüyünü müəyyən edən mühafizə şəhadətnaməsinin verilməsi və ya onun verilməsindən imtina edilməsi üçün əsasdır.

7.5. Ekspertizanın nəticələrində aşağıdakılar göstərilməlidir:

7.5.1. mədəni sərvətin orijinal olması;

7.5.2. mədəni sərvətin müəllifi;

7.5.3. mədəni sərvətin yaradılması yeri və vaxtı;

7.5.4. mədəni sərvətin yaradılması üçün istifadə olunan materiallar və üsullar;

7.5.5. mədəni sərvətin çəkisi, ölçüsü, fərqli xüsusiyyətləri, saxlanılması şəraiti.

7.6. Ekspertizanın nəticələrində mədəni sərvətin ixracının mümkünlüyü və ya mümkünsüzlüyü barədə əsaslandırılmış nəticələr və onun bazar dəyəri göstərilməlidir.

7.7. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və ya mədəni sərvətlərin mühafizə siyahısına aid olması barədə yoxlama aparır. Ekspertiza nəticəsində mədəni sərvətlərin Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və ya mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi zərurəti müəyyən olunarsa, təqdim edilən mədəni sərvətlər şəxsin mülkiyyət hüququ pozulmadan Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və ya mədəni sərvətlərin mühafizə siyahısına daxil edilir.

7.8. Ekspertizanın nəticələrinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin ixracının mümkünlüyü və ya mümkünsüzlüyü barədə qərar qəbul edir. Qəbul edilən qərar barədə şəxsə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində göstərilən qaydada məlumat verilməlidir.   

7.9. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin ixracının mümkünsüzlüyü barədə qərar qəbul edilərsə, bu barədə qərarda əsaslar göstərilməlidir.

 

8. Mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsi

 

8.1. Mədəni sərvətin ixracının mümkünlüyü barədə qərar qəbul edildikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni sərvətin mühafizə şəhadətnaməsi (bundan sonra – şəhadətnamə) verilir.

 

8.2. Şəhadətnamədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsində göstərilən məlumatlarla yanaşı aşağıdakı məlumatlar da göstərilməlidir:

8.2.1. mədəni sərvətin ixrac edilməsi;

8.2.2. mədəni sərvətlərin siyahısı;

8.2.3. mədəni sərvətin aparıldığı ölkənin adı.

8.3. Şəhadətnaməyə aşağıdakı sənədlər əlavə edilməlidir:

8.3.1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin möhürü ilə təsdiq edilmiş ixrac olunan mədəni sərvətlərin siyahısı;

8.3.2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin möhürü ilə təsdiq edilmiş ixrac olunan mədəni sərvətlərin fotoşəkilləri.

8.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən şəhadətnamələrin reyestri aparılır.

8.5. Şəhadətnamə mədəni sərvətlərin Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac olunması üçün əsasdır.

8.6. Şəhadətnamə olmadan mədəni sərvətin Azərbaycan Respublikasının gömrük ərazisindən ixrac edilməsi qadağandır. Mədəni sərvətlərin ixracı ilə bağlı verilmiş şəhadətnamədəki məlumatlar Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən elektron qaydada Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə göndərilir.

 

9. Mədəni sərvətlərin idxalı

 

9.1. İdxal olunan mədəni sərvətlər üzərində gömrük nəzarəti Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq həyata keçirilir, habelə onların Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində uçotu aparılır.

9.2. Mədəni sərvətlərin mülkiyyətçisi və ya onun səlahiyyətli nümayəndəsi mədəni sərvətləri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal etdiyi tarixdən 3 gün müddətində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə mədəni sərvətlərin uçotunun aparılması üçün bu Qaydanın 6.2-ci və 6.3-cü bəndlərində göstərilən sənədlərlə müraciət etməlidir.

9.3. Bu Qaydanın 9.2-ci bəndində göstərilən sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydiyyata alınır və qeydiyyat tarixi və nömrəsi göstərilməklə müraciət etmiş şəxsə 1 gün müddətində bildiriş göndərilir.

 

9.4. Bu Qaydanın 9.2-ci bəndində göstərilən sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi  tərəfindən qeydiyyata alındığı tarixdən 30 gün müddətində mədəni sərvətin uçota alınıb-alınmaması barədə qərar qəbul edilir. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi idxal edilən əşyaların bu Qaydanın 3-cü hissəsinə uyğun olmadığını müəyyən etdikdə, mədəni sərvətlərin uçotunu həyata keçirmir. Qəbul edilən qərar barədə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində göstərilən qaydada məlumat verilməlidir.   

 

10. Mədəni sərvətlərin tranziti

 

10.1. Mədəni sərvətlərin tranziti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

11. Mədəni sərvətlərin poçt göndərişləri

 

11.1. Mədəni sərvətlərin beynəlxalq poçt göndərişləri vasitəsilə daşınması Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 50-ci fəslinin, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir.   

 

12. Dövlətin ixrac olunan mədəni sərvətlərin satın alınmasında üstünlük hüququ

 

12.1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ixrac olunan mədəni sərvətlər barədə ekspertizanın nəticələrinə əsasən mədəni sərvətin dövlət və ya bələdiyyə muzeylərinə, arxivlərinə və ya kitabxana fondlarına götürülməsi barədə qərarının qəbul edilməsindən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin mülkiyyətçisindən mədəni sərvəti onun mədəni sərvətin dəyərini müəyyən edən sənədində göstərilən qiymətə satın almaq hüququ vardır. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş müddətdə ödəyir. 

 

12.2. Fiziki şəxslər daimi olaraq xarici ölkədə yaşamaq üçün Azərbaycan Respublikasının ərazisini tərk etdiyi halda, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həmin şəxslərə mədəni sərvətin dəyərini müəyyən edən sənəddə göstərilən məbləği birdəfəlik ödəməlidir.

12.3. Dövlətin mədəni sərvətləri əldə etməkdə üstünlük hüququ ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

 

13. Mədəni sərvətlərin ixracı və idxalı ilə əlaqədar beynəlxalq əməkdaşlıq

 

13.1. Mədəni sərvətlərin qanunsuz idxalının, ixracının və ya dövriyyəsinin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xarici dövlətlərin aidiyyəti orqanları və təşkilatları ilə əməkdaşlıq edir.