Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nizami adına Ədəbiyyat İnstitutu: DAVAMLI ƏNƏNƏLƏR VƏ MÜASİRLƏŞMƏ

26 Dekabr 2013
 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri, görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli və davamlı şəkildə, uğurla həyata keçirir.

XX əsr boyu ədəbiyyatşünaslıq üzrə sistemli tədqiqatların aparılması işi bir neçə mərhələdə yerinə yetirilmişdir. İlk dəfə bu iş 1923-1929-cu illərdə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində təşkil olunmuşdur. Azərbaycanda elmi-tədqiqatçılıq işinin formalaşması sahəsində mühüm rolu olan Tədqiq və Tətəbbö Cəmiyyətində ədəbiyyatşünaslıq üzrə araşdırmaların təşkilinə görkəmli yazıçı Əbdürrəhim bəy Haqverdiyev rəhbərlik etmişdir. Qısa vaxtda bu cəmiyyətin xətti ilə digər elm sahələriylə yanaşı, ədəbiyyatşünaslıq sahəsində, xüsusən də folklor materiallarının toplanması, ədəbi abidələrin çapa hazırlanması və nəşr edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Az sonra, yəni 9 oktyabr 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun yaradılması ilə əlaqədar olaraq ədəbiyyatşünaslıq üzrə tədqiqatları bu institutun nəzdində təsis edilmiş Dil, Ədəbiyyat və İncəsənət Bölməsi həyata keçirmişdir. Tanınmış ictimai xadim və publisist Həbib Cəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda Dil, Ədəbiyyat və İncəsənət Bölməsinə əvvəlcə professor Bəkir Çobanzadə və dosent Əli Nazim Mahmudzadə, daha sonra isə professor Vəli Xuluflu başçılıq etmişlər. Cəmi üç il müddətində fəaliyyət göstərən bu institutda Folklor şöbəsi ilə yanaşı, Tənqid və ədəbiyyatşünaslıq, Müasir ədəbiyyat şöbələri - seksiyaları əsasında bütövlükdə milli ədəbiyyatın geniş surətdə tədqiqinə ciddi şəkildə diqqət yetirilmişdir.

Bütün bunlarla bərabər, Azərbaycanda elmi qurumların əsaslı şəkildə yaradılması işinə 29 dekabr 1932-ci ilin SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsinin təşkilindən sonra başlanılmışdır. Qeyd edilən tarixdən etibarən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun bütün səlahiyyətləri yeni təşkil olunmuş akademik quruma verilmişdir. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan Bölməsində əvvəlcə 13 fevral 1933-cü ildə Salman Mümtazın rəhbərliyi ilə "Ədəbi irs" seksiyası yaradılmış, 22 mart 1933-cü ildən isə Ədəbiyyat sektorunun yaradılması haqqında qərar qəbul olunmuşdur. Beləliklə, 22 mart 1933-cü ildə tanınmış tənqidçi Əli Nazim Mahmudzadənin rəhbərlik etdiyi SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan Bölməsinin Ədəbiyyat sektoru Akademiya sistemində Ədəbiyyat İnstitutunun yaranma tarixi kimi hesab oluna bilər.

Nəzərə almaq lazımdır ki, müstəqil elmi-tədqiqat institutları yaranana qədər digər elm sahələri də Az OZFAN-ın (elmi qurumun rus dilində qısaldılmış adı - İ.H.) tərkibində sektor səviyyəsində təmsil olunmuşlar. Az OZFAN-ın sektorları indiki mənada AMEA-nın elmi-tədqiqat institutlarının funksiyasını yerinə yetirmişdir. Nizami adına Ədəbiyyat İnstitutu da Az OZFAN-ın Ədəbiyyat sektorunun varisidir.

SSRİ Elmlər Akademiyası Azərbaycan filialı 19 iyun 1935-ci ildə təşkil olunduqdan sonra həmin akademik qurumun tərkibində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Dövrün xüsusi ictimai-siyasi çətinlikləri Dil və Ədəbiyyat İnstitutunun rəhbərlərinin də tez-tez dəyişdirilməsində özünü qabarıq şəkildə büruzə vermişdir. 1936-1950-ci illərdə Dil və Ədəbiyyat İnstitutunda aşağıdakı şəxslər rəhbər vəzifədə çalışmışlar:

1. Artur Rudolfoviç Zifeldt-Simumyaqi (1889-1938) - 27 fevral 1936 - 1 iyun 1937-ci il

2. Əhməd Əli oğlu Əhmədov (1903-1937) - 1 iyun 1937 - 11 iyul 1937-ci il

3. İdris Zaman oğlu Həsənov (1897-1950) - 19 iyul 1937 - 17 fevral 1938-ci il

4. Aleksey Alekseyeviç Klimov (1894-?) - 17 fevral 1938 - 31 dekabr 1938-ci il

5. Heydər Hüseynov (1908-1950) - 1 yanvar 1939 - 25 sentyabr 1939-cu il

6. Yakov Dmitriyeviç Kozin (1896-1973) - direktor v.i.e: 20 iyun 1939 - 1 avqust 1939-cu il

7. Fəzləddin Babayev (1903-1939) - 1 avqust 1939 - 1 oktyabr 1939-cu il

8. Məmməd Arif Dadaşzadə (10.06.1904 - 27.10.1975) - 25 sentyabr 1939 - 27 iyul 1950-ci il.

SSRİ EA Azərbaycan filialının 2 yanvar 1939-cu il tarixli qərarı ilə yanvarın 1-dən Tarix, Dil və Ədəbiyyat İnstitutunun bazasında iki elmi müəssisə yaradılmışdır: Nizami adına Ədəbiyyat və Dil İnstitutu və Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu. Nizami adına Ədəbiyyat və Dil İnstitutunun müvəqqəti direktoru Heydər Hüseynov, müavini Məmməd Arif Dadaşzadə, Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Aleksey Alekseyeviç Klimov təyin edilmişlər.

Nizami adına Ədəbiyyat və Dil İnstitutu 1939-cu ildə 4 şöbədən ibarət idi: Azərbaycan ədəbiyyatı şöbəsi; Folklor şöbəsi; Dilçilik şöbəsi; M.F.Axundzadə adına Azərbaycan ədəbiyyatı tarixi muzeyi.

Qeyd olunan dövrdə institutda bir çox mühüm elmi problemlər həll edilmiş, xüsusən Azərbaycan ədəbiyyatı tarixinin mərhələlər üzrə problemlərinin tədqiq olunması, görkəmli şair və yazıçıların həyatı və yaradıcılığının araşdırılması, onların əsərlərinin nəşri istiqamətində mühüm addımlar atılmışdır. Bundan başqa, Azərbaycan şifahi xalq ədəbiyyatının toplanılması, tədqiqi və nəşri sahəsində də nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.

27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış, bu tarixdən etibarən ayrı-ayrı elm sahələri üzrə müstəqil elmi-tədqiqat institutlarının formalaşdırılması və inkişafına xüsusi diqqət yetirilmişdir. Azərbaycan Elmlər Akademiyasının təşkili xalqımızın həyatında mühüm tarixi hadisədir. Azərbaycanda elmin inkişafında, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında Elmlər Akademiyasının böyük rolu və xidmətləri vardır. Nizami adına Ədəbiyyat İnstitutunun da ən yüksək inkişaf dövrləri Elmlər Akademiyasının fəaliyyəti ilə bağlıdır.

Beləliklə, Elmlər Akademiyasının tərkibinə daxil olduqdan sonra Nizami adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

1. Akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (10.06.1904-27.12.1975) - 25 sentyabr 1939 - 27 iyul 1950-ci illər; ikinci dəfə: 7 dekabr 1957 - 17 sentyabr 1959-cu illər

2. Akademik Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911-17.12.1993) - 15 avqust 1950-29 fevral 1952-ci illər

3. Professor Mirzağa Yüzbaşi oğlu Quluzadə (24.10.1907-1979) - 29 fevral 1952 - 7 dekabr 1957-ci illər; ikinci dəfə: 19 aprel 1968 - 9 aprel 1979-cu illər

4. Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (13.09.1909-19.04.1991) - 1 iyun 1960 - 19 aprel 1968-ci illər

5. Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923-2006) - direktor v.i.e. - 19 aprel 1979 - 15 may 1980-ci illər

6. Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (09.05.1909-09.05.1992) - direktor v.i.e. - 15 may 1980 - 10 aprel 1981-ci illər

7. AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (11.02.1920-28.08.2002) - 9 sentyabr 1985 - 25 avqust 2002-ci illər

8. AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (05.03.1936-25.08.2002) - 9 sentyabr 1985-ci il - 25 avqust 2002-ci illər

9. Akademik Bəkir Əhməd oğlu Nəbiyev (21.08.1930-15.03.2012) - 10 fevral 2003 - 15 mart 2012-ci illər

10. AMEA-nın müxbir üzvü Teymur Həşim oğlu Kərimli (1953, 2 oktyabr) direktor v.i.e. - 4 iyul 2002 - 10 fevral 2003-cü illər; ikinci dəfə: 15 mart 2012 - 19 iyun 2013-cü illər

11. Akademik İsa Həbibbəyli (1949, 16 oktyabr) - Nizami adına Ədəbiyyat İnstitutunun direktoru - 19 iyun 2013-cü il tarixdən İ.Həbibbəyli həm də AMEA-nın Humanitar və İctimai elmlər üzrə vitse-prezidenti, Milli Məclisin deputatıdır.

Nizami adına Ədəbiyyat İnstitutunda müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatı tarixinin ayrı-ayrı mərhələlərinin tədqiq edilməsi istiqamətində mühüm işlər həyata keçirilmişdir. Hələ sovet hakimiyyəti illərində mövcud rejimin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixinin 3 cilddə hazırlanıb nəşr edilməsi, görkəmli yazıçılar haqqında çoxsaylı dissertasiya işlərinin müdafiə olunması, monoqrafiyaların çap olunub ictimaiyyətə çatdırılması, klassik və müasir ədəbiyyat nümunələrinin kitab halında təqdim edilməsi institutun ölkəmiz və xalqımız qarşısında böyük xidmətidir.

Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf etmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvləri - Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, Bəkir Nəbiyev, müxbir üzvlər - Əziz Mirəhmədov, Yaşar Qarayev, Əlyar Səfərli, Azadə Rüstəmova, Teymur Kərimli, elmlər doktorları - Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qafar Kəndli, Kamran Məmmədov, Yəhya Seyidov, Qasım Qasımzadə, Dilarə Əliyeva, Əflatun Məmmədov, Şamil Salmanov, Vəli Osmanlı, Bəhlul Abdulla, İslam Ağayev, Qəzənfər Paşayev, Elməddin Əlibəyzadə, Nüşabə Araslı və onlarla başqaları institutun ölkə elminə bəxş etdiyi görkəmli simalardır. Hazırda da tanınmış ədəbiyyatşünas alimlər Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dövlət mükafatı laureatı, 2 nəfəri isə əməkdar elm xadimidir.

Müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı Sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri vardır. Ölkəmizdə klassik və müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi və müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir. Hazırda Ədəbiyyat İnstitutunda yeddicildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılmışdır. Beşinci, altıncı və yeddinci cildlər üzərində isə ciddi elmi-tədqiqat işləri aparılmaqda davam edir. Ədəbiyyat İnstitutunun çap etdirdiyi böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin" jurnalının səkkiz cilddə və Əli bəy Hüseynzadənin "Füyuzat" jurnalının bir cilddə transliterasiya nəşri ölkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir. Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında "Azərbaycan folkloru və ədəbi abidələri" antologiyasının 4 cildinin kitab halında nəşr edilməsi də mühüm əhəmiyyətə malikdir.

Ədəbiyyat İnstitutunun əməkdaşlarının imzası ilə minlərlə məqalə elmi dövriyyəyə daxil edilmişdir. Ümumiyyətlə, Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanıb nəşr edilən əsərlərdən böyük bir kitabxana yaratmaq mümkündür. Bu mənada Nizami adına Ədəbiyyat İnstitutu alimlərinin əsərlərindən ibarət kitabxana Azərbaycanda ədəbiyyatşünas alimlərin səksən ildən çox bir dövrdəki ardıcıl, sistemli və yorulmaz fəaliyyətlərinin real nəticəsidir. Bu möhtəşəm kitabxananı təşkil edən qiymətli monoqrafiyalar, jurnallar və məqalələr Azərbaycan elminə böyük töhfədir. Müasir dövrdə ölkə elminin inkişafında Azərbaycan ədəbiyyatşünaslarının böyük rolu vardır. Ədəbiyyat İnstitutunun qədim dövr, orta əsrlər, yeni dövr, XX əsr Azərbaycan ədəbiyyatı şöbələrində Azərbaycan ədəbiyyatının çoxillik tarixinin bütün mərhələləri elmi cəhətdən sistemli şəkildə tədqiq edilir. "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin əməkdaşları milli ədəbiyyatın inkişaf qanunauyğunluqlarını dünya ədəbiyyatında gedən proseslərlə əlaqəli şəkildə araşdırır, sənətkarlıq məsələlərini öyrənib ümumiləşdirirlər. İnstitutda şifahi xalq ədəbiyyatı abidələrinin tədqiqi sahəsində də mühüm nailiyyətlər əldə olunur.

Dünya ədəbiyyatının öyrənilməsi istiqamətində də institutun əməkdaşları mühüm nailiyyətlər qazanmışlar. İnstitutun Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr, Türk xalqları ədəbiyyatı şöbələrində Azərbaycan ədəbiyyatının dünya xalqlarının ədəbiyyatları ilə qarşılıqlı əlaqələri ardıcıl olaraq öyrənilir. Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası yüksək ixtisaslı yeni elmi kadrların hazırlanmasında mühüm rol oynayır.

Ölkə elmi qarşısında xidmətləri nəzərə alınaraq Azərbaycan KP MK Nizami adına Ədəbiyyat İnstitutunun 50 illiyinin qeyd edilməsi haqqında 7 oktyabr 1982-ci ildə qərar qəbul etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun 1982-ci ildə "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi Azərbaycan ədəbiyyatşünaslarının zamanına görə qazandığı böyük nailiyyət sayılmağa layiqdir. Səmərəli fəaliyyətləri nəzərə alınaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 dekabr 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun görkəmli alimlərindən bir qrupunu "Əməkdar elm xadimi" fəxri adı və Ali Sovetin fəxri fərmanları ilə təltif etməsi ölkəmizdə alim adının ucalığına ehtiramın ifadəsidir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqındakı 17 oktyabr 2013-cü il tarixli qərarı elmə göstərilən diqqətin daha bir təzahürüdür.

Ədəbiyyatşünaslıq elmi müstəqillik dövrü Azərbaycan ədəbiyyatının və ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini məsuliyyətlə yerinə yetirir. Azərbaycançılıq ideyasının formalaşması və inkişafında milli ədəbiyyatla yanaşı, ədəbiyyatşünaslıq elminin də özünəməxsus xidmətləri vardır. Geniş mənada Azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan ədəbiyyatşünaslıq elmi xüsusi çəkiyə malikdir.

Hazırda bütövlüklə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü idə yaradılmış Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, Azərbaycan mühacirət ədəbiyyatı, Ədəbi tənqid şöbələri, Nizamişünaslıq və Füzulişünaslıq sektorları ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə yeni imkanlar açır. Bundan başqa, Elmi informasiya və tərcümə, Elmi nəşrlər və proqnozlaşdırma köməkçi şöbələri, Mətbuat xidməti qrupu ədəbiyyatşünaslıq elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə çatdırılması, tərcüməsi, nəşrə hazırlanması istiqamətlərində səmərəli iş aparır.

Nizami adına Ədəbiyyat İnstitutunda 1946-cı ildən çıxan "Ədəbiyyat məcmuəsi" jurnalı respublikada filologiya üzrə əsas elmi nəşrlərdən biri kimi qəbul olunur. İnstitutda yeni təsis olunmuş "Poetika. izm", "Ədəbi əlaqələr" jurnalları aparılan yeni tədqiqatların elmi dövriyyədə yer alması imkanlarını genişləndirir. "Ədəbiyyat məcmuəsi" jurnalının 2013-cü ildə çıxan və 282 səhifədən ibarət olan 24-cü sayı bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr edilmişdir. Xüsusi buraxılış şəklində hazırlanmış yubiley nəşrində müxtəlif tarixi mərhələlərdə Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları olmuş görkəmli elm xadimləri və Azərbaycan ədəbiyyatşünaslıq elmi ailəsinə bu elmi-tədqiqat müəssisəsinin bəxş etdiyi görkəmli alimlər haqqında oçerklər əhatə olunmuşdur. Bundan başqa, Nizami adına Ədəbiyyat İnstitutunun keçdiyi inkişaf yolu, ənənələri, görkəmli yetirmələri, müasir səviyyəsi və inkişaf istiqamətləri haqqında Azərbaycan, ingilis və rus dillərində çap olunan tanıtma kitabı bu böyük elm ocağının tarixinə və gələcəyinə işıq salır.

Son vaxtlarda Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələrinin genişləndirilməsi sahəsində də mühüm addımlar atılmışdır. İnstitutun tarixində ilk dəfə olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə yaradılan əlaqələr Nizami adına Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda da iş aparmasına, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yaxından iştirak etməsinə imkan yaradır. Almaniyanın Humbold Universitetinin "Azərbaycan tarixi kafedrası" (2 noyabr 2013-cü il), Qazaxıstanın paytaxtı Astana şəhərində fəaliyyət göstərən "Türk Akademiyası" ilə (6 noyabr 2013-cü il) imzalanan müqavilələr, Türkiyənin Yunus Əmrə Vəqfi, Polşa Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Ukrayna Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutu, Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutu (19 dekabr 2013-cü il) ilə əldə olunan razılaşmalar elmi-tədqiqat institutları arasında əlaqələrin inkişaf etdirilməsinə böyük meydan açır.

Ədəbiyyat İnstitutunda 9 dekabr 2013-cü ildə keçirilmiş "Yaşayan Yunus Əmrə" Beynəlxalq simpoziumu bu elmi-tədqiqat institutunun türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan vermişdir. 2013-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının Türkiyədə, Rusiyada, İran İslam Respublikasında, Polşada, Ukraynada, Yunanıstanda, Qazaxıstanda və Türkmənistanda keçirilmiş konfranslarda elmi məruzələrlə çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq elminin hüdudlarının genişləndirilməsində yeni addımlardır.

Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq elmi aşağıdakı şöbələr üzrə araşdırılıb inkişaf etdirilir:

1. Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr (Filologiya elmləri doktoru, professor M.Qasımlı)

2. Qədim dövr Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru, professor İ.Həmidov)

3. Orta əsrlər Azərbaycan ədəbiyyatı (müxbir üzv Ə.Səfərli)

4. Nizamişünaslıq sektoru (Filologiya elmləri doktoru, professor N.Araslı)

5. Füzulişünaslıq sektoru (müxbir üzv T.Kərimli)

6. Yeni dövr Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru Z.Əsgərli)

7. XX əsr Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru, professor Ş.Alışanlı)

8. Azərbaycan mühacirət ədəbiyyatı (Filologiya üzrə fəlsəfə doktoru, dosent N.Cabbarlı)

9. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (Filologiya üzrə fəlsəfə doktoru E.Mehrəliyev)

10. Cənubi Azərbaycan ədəbiyyatı (Filologiya elmləri doktoru, professor T.Əhmədov)

11. Ədəbiyyat nəzəriyyəsi (Filologiya elmləri doktoru, professor T.Məmməd)

12. Ədəbi tənqid (Filologiya elmləri doktoru  V.Yusifli)

13. Türk xalqları ədəbiyyatı (Filologiya elmləri doktoru, professor M.Əliyev)

14. Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr (Filologiya elmləri doktoru, professor V.Arzumanlı).

Nizami adına Ədəbiyyat İnstitutunda XXI əsrdə Azərbaycan ədəbiyyatşünaslıq elminin milli və bəşəri dəyərləri əsasında inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ədəbiyyat İnstitutunun böyük elmi ənənələri və mühüm elmi nailiyyətləri bu elmi-tədqiqat ocağının nüfuzunu daha da artırır. Ölkənin müasir inkişaf prinsiplərinə və istiqamətlərinə uyğun olaraq Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq elmini irəli aparan əsas elmi mərkəz funksiyasını layiqincə və daha məsuliyyətlə yerinə yetirməyə ciddi səy göstərir. Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının biblioqrafiyası "Kitablar" adlı biblioqrafik göstərici institutun əməkdaşlarının uzun illər ərzindəki ardıcıl elmi fəaliyyətinin layiqli salnaməsidir. 2013-cü ilin nəticələrinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Humanitar və İctimai Elmlər Bölməsinin əhatə etdiyi 11 elmi-tədqiqat institutu arasında Nizami adına Ədəbiyyat İnstitutunun dördüncü yeri tutması mühüm irəliləyişlərdən biri sayıla bilər. Müəyyən olunan parametrlər üzrə reytinq göstəriciləri humanitar və ictimai elmlər sahəsində mövcud mənzərəni obyektiv təsəvvür etməyə imkan yaradır, eyni zamanda, hər bir elmi-tədqiqat müəssisəsinin, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunun gələcək inkişaf prosesində hansı məsələlərə xüsusi diqqət yetirməli olduğunu nəzərə çarpdırır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi müstəqillik dövrünün işığında elmi-ədəbi və ictimai fikrin inkişafı yollarında irəliyə doğru addımlamaqda davam edir.

 

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik