Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şərəfli alim ömrü
06 Dekabr 2013
 

İlham Məmmədzadə Azərbaycan fəlsəfə elminin tanınmış simalarından biri, fəlsəfə elmləri doktoru, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, güclü fəhmə, dərin erudisiyaya malik alim, Azərbaycanda və onun hüdudlarından kənarda öz sözü, mövqeyi ilə seçilən şəxsiyyətlərdən biridir. Azərbaycan elminin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirənlərdən olan İlham Ramiz oğlu Məmmədzadə bu günlərdə 60 yaşını qeyd edəcək.

1953-cü ildə Bakıda  ziyalı ailəsində dünyaya gələn alim orta təhsilini bitirdikdən sonra  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olunur və 1975-ci ildə bu ali təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra ilk və bu günə kimi əsas iş yeri olan Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda əmək fəaliyyətinə başlayır.

İlham Məmmədzadə Elmi-Tədqiqat İnstitutunda çalışmaqla bərabər, Rusiya Elmlər Akademiyasının aspiranturasına daxil olur. Beləliklə, gənc tədqiqatçı dövrünün elmi fikri üçün mühüm əhəmiyyət və aktuallıq kəsb edən ciddi elmi araşdırmalara başlayır. Onun elmi maraq və məqsədlərini ehtiva edən tədqiqatları səmərəli nəticəsini verir və 26 yaşlı İlham Məmmədzadə 1980-ci ildə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsini alır. Bu, onun bir alim kimi elmi istiqamətini müəyyənləşdirməklə bərabər, həm də etika elminin inkişafını şərtləndirir.

İlham Məmmədzadə 1989-cu ildə əməkdaşı olduğu "Etika" şöbəsinə müdir seçildikdən sonra bu nəzəri və tətbiqi elmi sahədə yeni bir canlanma yaranır. Qısa zamanda tərkibi genişlənən "Etika" şöbəsi elmi müdafiələrin hesabına da xeyli güclənir. Bu gün İlham Məmmədzadənin artıq 25 ildir rəhbərlik etdiyi "Etikanın nəzəri və tətbiqi problemləri" şöbəsi onun zamanında dəstəklədiyi və elmi fəaliyyətə həvəsləndirdiyi alimlər və daim yenilənən tədqiqatçıları ilə ölkə elmi fikrinin ən ciddi problemlərini araşdırır, cəmiyyətin inkişafının düzgün müəyyənləşməsinə yardımçı olur.

Belə bir elmi, yaradıcı mühitdə İlham Məmmədzadə özü də elmi tədqiqatlarını uğurla davam etdirərək artıq elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya işini bitirir. Yeri gəlmişkən qeyd edək ki, İlham Məmmədzadə həmkarlarından fərqli çox erkən - 26 yaşında fəlsəfə elmləri namizədi olduğu kimi, 37 yaşında (1990-cı ildə) doktorluq dissertasiyası müdafiə etməklə təkcə Azərbaycanda deyil, SSRİ elmi məkanında ən gənc elmlər doktorları ilə bir sırada dayanır. Həmçinin onun 1985-ci ildə çap olunan "Burjua əxlaqının böhranı" və 1988-ci ildə işıq üzü görən "Əxlaq və siyasət" monoqrafiyaları gənc elmlər doktorunu fəlsəfə elmində öz sözü, mövqeyi olan, seçilən bir alim kimi tanıdır. 

İlham Məmmədzadə 1975-ci ildən bu günə kimi müxtəlif illərdə "Etika" şöbəsi ilə bərabər "Etika və estetika", habelə "Aksiologiya və antropologiya" şöbələrinə də rəhbərlik etmiş, ən əsası, həmin ayrı-ayrı sahələrin həllivacib elmi-təqiqat işlərinin yüksək səviyyədə yerinə yetirilməsi, bu sahələrdə ayrı-ayrı mövzular üzrə alimlərin yetişdirilməsi işinə töhfələr vermişdir. Təsadüfi deyil ki, bu gün müasir fəlsəfə elmimizi təmsil edən bir çox alimlər onun yetirmələridirlər və filosof İlham Məmmədzadə yenə də vəzifəsinə və mənəvi borcuna sadiq qalaraq yeni tədqiqatçılar nəsli yetişdirmək missiyasını müvəffəqiyyətlə yerinə yetirir.

Məlumdur ki, təşkilatçılıq və rəhbərlik bacarığı qazanılan keyfiyyətlərdir. Biliklər kimi buna da yiyələnmək, onu inkişaf etdirmək fərdin daxili qüvvəsindən, imkanlarından asılıdır. Bu baxımdan çox gənc yaşından şöbə müdiri seçilmiş fəlsəfə elmləri doktoru İlham Məmmədzadə rəhbərlik etdiyi şöbədə öz işini işgüzar, səmimi münasibətlər formalaşdırmaq, ədalət, bərabərlik, qarşılıqlı hörmət və s. kimi müsbət etik tələblər çərçivəsində qurmaqla artıq bu gün 300-dən artıq əməkdaşın, həm də alim-ziyalı kontingentin çalışdığı kollektivi idarə etmək üçün böyük təcrübə qazanmışdır. İndi onun rəhbərlik etdiyi Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda əsl elmi mühit və ilk növbədə, etik, işgüzar münasibətlər diqqəti cəlb edir.

38 il əvvəl Fəlsəfə İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan, şöbə müdirindən institutun direktoru vəzifəsinə qədər yüksələn İlham Məmmədzadə 9 monoqrafiya, 100-dən çoxu elmi məqalənin, ümumilikdə 150-yə yaxın əsərin müəllifidir, çox sayda dissertant, doktorant yetişdirmişdir.

İlham Məmmədzadənin "Etikaya giriş", "Əxlaqın şərhinin təcrübəsi", "Siyasət və əxlaq", "Xeyir və şər", "Siyasi etika" əsərləri fəlsəfi fikrimizin dəyərli nümunələri olmaqla bərabər, həmçinin tanınmış alimin əsasını qoyduğu əxlaq-etika vahid elmi sistemi konsepsiyasını özündə ehtiva edir. Onun eyni zamanda etikanın bioetika, siyasi etika sahələri ilə də müntəzəm surətdə məşğul olması, etika və digər elm sahələrinin qarşılıqlı əlaqələri məsələsini önə çəkərək fəlsəfi tədqiqat aləmində fəlsəfə tarixi, kulturologiya, politologiya və s. sahələri yaradıcılıqla tədqiq etməsi milli elmi fikir tariximizin inkişafı işinə xidmətinin bariz nümunəsidir. Etika elminin başlıca vəzifəsi bütün dövrlərdə cəmiyyətin həyatına nüfuz etməsi, ictimai-siyasi həyatla sıx əlaqədar olmasıdır. Bu baxımdan etik-filosof İlham Məmmədzadənin Azərbaycanda keçid dövrü konsepsiyasını işləməsi, konkret olaraq "Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi", "Fəlsəfə haqqında müasir istiqamətlər, ənənələr və perspektivlər", "Etik analiz baxımından Azərbaycanda etnik konfliktlər", "Qloballaşma və müasirləşmə prosesində fəlsəfənin aktuallığı haqqında", həmçinin yeni çap olunmuş "Fəlsəfə haqqında - müasir istiqamətlər, ənənə və perspektivlər" əsərləri cəmiyyəti düşündürən problemlərdən çıxış yolunu göstərən əhəmiyyətli mənbə kimi diqqəti cəlb edir.

Fəlsəfə elmləri doktoru İlham Məmmədzadə ölkənin ictimai-siyasi həyatında da daim fəal iştirak edir. O, 2010-2013-cü illərdə Bakıda və Moskvada "Milli öndər Heydər Əliyev qiraətləri"nin keçirilməsində, habelə bir çox beynəlxalq simpozium və konfransların təşkilində yaxından iştirak etmişdir. İlham Məmmədzadə ölkə rəhbəri, cənab İlham Əliyevin reallaşdırdığı dövlət quruculuğu siyasətinə həm elmi-nəzəri fikirləri, həm də ictimai xadim, rəhbər işçi qismində  fəaliyyəti ilə xidmət edir. Alimin istər son illər ölkəmizdə keçirilən Beynəlxalq forum və konqreslərin təşkilindəki fəallığı, istərsə də Türkiyə, Rusiya, Fransa, İtaliya, İsveçrə, Macarıstan, Ukrayna, Çexiya, Polşa, Belarus və başqa dövlətlərdə Azərbaycanın təqdimatı ilə bağlı tədbirlərdə, həmçinin fəlsəfə konqreslərində etika, fəlsəfə, politologiya və mədəniyyət problemləri üzrə elmi məruzələrlə çıxış etməsi, mühazirələr oxuması onun həm alim, həm də ictimai xadim fəaliyyətini layiqincə ifadə edir.

Əlbəttə, əsl alimin tanınması üçün onun dünya elmi ictimaiyyəti tərəfindən dəyərləndirilməsi vacib şərtlərdəndir. İ.Məmmədzadənin postsovet fəlsəfi ictimaiyyətinin tanıyıb qiymətləndirdiyi Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin "Humanitar elmlər" beynəlxalq elmi jurnalının redaksiya heyətinə üzv seçilməsi, Rusiya və dünyanın bir çox xarici ölkələrinin aparıcı elmi mərkəzləri ilə elmi əməkdaşlıq haqqında müqavilələr, anlaşma memorandumları, fəaliyyəti haqqında məlumatların Moskvada nəşr olunan ensiklopedik məlumat kitabına və "XIX-XX əsrlərin Rusiya filosofları" kitablarına, habelə alimin N.Makiavelli haqqında məqalələrinin annotasiyalarının mütəfəkkirə həsr olunmuş, Pyotr Barenboumun redaktorluğu ilə çap olunmuş Rusiya-İtaliya biblioqrafiyasına əlavə edilməsi, rəhbərlik etdiyi Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Avropa və Asiya ölkələri Fəlsəfə İnstitutları Beynəlxalq Assosiasiyasına üzv qəbul edilməsi, onun tarixi ənənələri olan Azərbaycan fəlsəfə elminin layiqli davamçısı olduğunu bir daha təsdiqləyir.

İlham Məmmədzadə uzun illərdir ki, Bakı Qərb Universitetinin professoru kimi  elmi təcrübəsini, bilik və zəngin dünyagörüşünü ölkədə intellektual, kreativ gənclərin yetişdirilməsi işinə sərf edir. Onun rəhbərlik etdiyi Fəlsəfə, sosiologiya və Hüquq İnstitutunda bu gün onunla çiyin-çiyinə fəaliyyət göstərən keçmiş tələbələri öz müəllimlərinin yolunu davam etdirməklə ölkə elmi  fikrinin inkişafını stimullaşdırırlar. Dövlətin elmə daimi diqqəti, qayğısı sayəsində müasir dövrdə Azərbaycan Milli Elmlər Akademiyasında formalaşmış yaradıcılıq atmosferi tanınmış alim İlham Məmmədzadənin rəhbərlik etdiyi elm sahəsində də hiss olunmaqdadır. Onun fəaliyyət amalı - ciddi əmək intizamı, aktual elmi problemlərin sistemli tədqiqi, əməkdaşların ümumi işgüzarlığı  indi institutun simasını, daxili dinamikanı ifadə edir.

Hər günü müxtəlif elmi, ictimai-siyasi tədbirlərə qatılmaqla, müxtəlif problemli əməkdaşları qəbul etməklə, eyni zamanda, pedaqoji fəaliyyət, o cümlədən rəhbərlik etdiyi doktorant, dissertantlarla fikir mübadilələri, məsləhətləşmələr aparmaqla başa vuran tanınmış alim ayları, illəri arxada qoyaraq artıq ömrünün yuvarlaq 60-cı ildönümünü haqlayıb.

Təbiətən sadə, təvazökar insan İlham Məmmədzadə yubiley ərəfəsində də ümumi məqsədə bağlı fəaliyyəti ilə məşğul görünür. Əslində, istər peşəsindən, istərsə də xarakterindən irəli gələrək onun üçün şəxsi maraqlar nəinki ikinci, bəlkə onuncu yerdədir. Başqalarının ən xırda əlamətdar hadisəsini hamıdan əvvəl yada salan, dəyərləndirən görkəmli ziyalı özünün ömür zirvəsinin 60 illik bayramını sanki unudub. Lakin ömür hər insana bir dəfə verildiyi kimi, onun hər ili, xüsusən də 60 yaşı - cavanlığın qocalığı, qocalığın cavanlığı ərəfəsi kimi yad edilməli, bölüşülməli, qeyd edilib xatırlanmalı hadisədir.

Fəlsəfə elmimizin inkişafına bağlı 40 il bizdən uzaqlaşıb tarixin səhifəsinə dönsə də, bizimlədir və ümid edirik ki, 4 onillik qədər bir zaman kəsiyində milli elmi fikrimizin təəssübünü çəkmiş, onu inkişaf etdirmiş, eyni zamanda, mənəviyyatı, yüksək əxlaqi keyfyyətləri ilə yüzlərlə alim-tədqiqatçıya yaxşı örnək olmuş, bu gün də böyük enerji, yaradıcı ruhla fəaliyyət göstərən tanınmış alim, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru İlham Ramiz oğlu Məmmədzadə bundan sonra da böyük uğurlara imza atacaq.     

 

Urxan ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik