Şəkillərlə səyahət

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəkillərlə səyahət

11 Aprel 2013
 

Fotokameranın köməyi ilə sənədləşən gözəlliklərə baxdıqca heyrətlənirsən. İnanmağın gəlmir ki, bu qeyri-adi şəkillərlə bizi səyahətə çıxaran məhz fotoalbomdur. Burada fotoqrafiya sənətindən çox fotoqraf-rəssamın həssaslığı, yaradıcılığı, qeyri-adi məqamları seçmək qabiliyyəti diqqət çəkir. Oxuculara yönələn ön sözdə oxuyuruq: "Bu albomda təqdim olunan işləriE fotoqrafiyanın onun üçün hobbidən başqa bir şey olmadığı bir insan yaratmışdır. Bu şəkillərin çoxu müxtəlif yaxın və uzaq, xarici ekzotik ölkələrə səfərlər və səyahətlər zamanı çəkilib. Burada çox şey tanış görünə bilər. Lakin başqa bir məqam diqqət çəkir: hətta televiziyada, yaxud parlaq jurnal səhifələrində görməyə adət etdiyimiz ən tanış obrazlar belə, burada xüsusi görmə bucağı altında, məxsusi rakusda - Ədalət Əliyevin baxış rakusunda verilmişdir".

Ədalət Əliyevin təqdim etdiyi bu fotoalbom sanki bir rəssamın səyahətlər salnaməsidi. Onu vərəqlədikcə gözümüz önündə Avropanın və Asiyanın möhtəşəm şəhərləri, təbiət mənzərələri, qeyri-adi tikililəri, küçələri, insanları, məişət və mədəniyyət görüntüləri canlanır. Bəlkə də ilk baxışda kiminsə diqqətini cəlb etməyən, amma Ədalət Əliyevin kamerasından yayınmayan elə məqamlar var ki, ona heyrətlənməyə bilmirsən. Çiçəyin üstünə qonmuş arıdan tutmuş tumurcuqlayan ağacın qeyri-adi görüntüsünə, Venesiyanın füsunkarlığına, Eyfelin möhtəşəmliyinə, çayların, dənizlərin qeyri-adiliyinə, hər ölkənin özünəməxsus şəhərsalma mədəniyyətinə, gəmilərə, körpülərə, təbiətin min bir gözəlliyinə, səhraların qəribəliyinə, rənglərin əlvanlığına, abidələrə, sahibini gözləyən oturacaqların düzülüşünə, insanların geyiminə, buludların topasına, ağacların kölgəsinə, bir sözlə, müasirliklə qədimliyin vəhdətinə, yeniləşən dünyanın təzadlarına maraqla tamaşa edirsən. İçində bir minnətdarlıq hissi baş qaldırır. İş masasının arxasında əyləşərək bir albomu vərəqləməklə dünyanı səyahətə çıxırsan.

Bu danışan şəkillərin hər biri dəyərli və mənalıdır. Ədalət Əliyev bu şəkillərlə bir daha təsdiqləyir ki, o, sadəcə, fotoqrafiya ilə məşğul olmur, onun sinəsində rəssam duyğulu ürək döyünür. Elə təbiət mənzərələri var ki, inanmaq istəmirsən, o, fotodur, çünki əsl rəsm əsəri təsiri bağışlayır. Bu da səbəbəsiz deyildir. Müəllifin babası Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri olub. Xalq rəssamının fırçasından çıxan saysız-hesabsız mənzərələr, kompozisiyalar, natürmortlar, portretlər mədəniyyət tariximizin inciləridir. Bu nəslin böyük nümayəndələrindən biri akademik Həsən Əliyev hara səyahət etsəydi, fotokamerası həmişə çiynində olardı. Vaxtilə "Azərbaycan təbiəti" jurnalında Həsən müəllimin çox dəyərli, müqayisəsi tapılmayan fotoəsərləri işıq üzü görüb.

Orta məktəbdə Ədalət Əliyevin müəllimi olmuş İnna Berman söyləyir: "Mənim çox sevimli şagirdlərimdən biri olub. məktəbli vaxtlarından səyahəti çox sevərdi. O, gəzdiyi, olduğu yerlərdə başqalarının hiss etmədiyi gözəllikləri görə bilirdi, incəlikləri seçməyi bacarırdı. Bu, o zaman da, indi də onun fotolarında öz əksini tapıb. Ədalətin hər fotosunda rəssam fərdiliyi var, yaradıcılığında heç zaman qüsur tapmaq mümkün deyil. Mən şagirdimin bu qabiliyyətini çox sevirdim, gələcəyinə də inanırdım. İndi mənə yeni albom-kitabını da bağışlayıb. Əsərlərinə böyük məmuniyyətlə baxaraq həm zövq almışam, həm də yetirməmin uğurlarına sevinmişəm. Yeri gəlmişkən deyim ki, gənc nəslə bax, bunu öyrətmək lazımdar - hər işi yüksək səviyyədə, nöqsansız yerinə yetirməyi. Gör neçə ildir ki, orta məktəbi bitirib, ali təhsil alıb, işləyir, respublikanın tanınmış yaradıcı şəxsiyyətlərindən biridir. İndiyədək müəllimlərini unutmayıb. Mənə də tez-tez zəng vurur. Halımı, vəziyyətimi soruşur, hətta məsləhətləşir də. Mən yetirməmlə fəxr edirəm!"

Həqiqətən də, yaradıcı şəxsin həssas olmasının böyük əhəmiyyəti var. Bu məziyyət onun yaratdığı əsərlərdə də öz əksini tapır. Fotoalboma diqqətlə nəzər saldıqca müəllifin adiliklərin köksündən qeyri-adilikləri ustalıqla lentə köçürməsi qəribə təsir bağışlayır. Bəlkə də heç kəsin ağlına gəlməyən məqam var ki, Ədalət Əliyev onu foto sənətinə gətirməklə rəğbət qazanıb. Məsələn, payızda yarpaqların su üzərinə tökülməsi yaşamın son məqamını bildirir. Qırmızı kirəmitli evlərin bir-birinə bənzəyən, eləcə də fərqlənən görüntüləri sanki həyatın rənglərinə qovuşur.

Təbiət özü İlahinin şah əsəridir. Onun qucağında elə mənzərələr, qeyri-adi görüntülər var ki, sanki insan əli ilə cilalanıb. Adi qaya parçasıdır, amma illərin, qovğaların nəticəsində abidəyə çevrilib. Elə bil insan bədənidir. Bütün əzalar yerində. Bax, bu məqamı fotosənətinə gətirməklə müəllif ona əbədi yaşamaq haqqı verib. Qaranlıq bir otaqda, pəncərədən düşən işıqda diqqət çəkən an. Gözəl bir xanım stol arxasında əyləşərək dərin düşüncələrə qərq olub. Yaxud bomboz qayalıqlar, ortasından axan çay - insan hənirinə, səsinə həsrət qalmış düzlər. Bu şəkillərdə bir düşündürmək məqamı da var. O yerdə ki insan görünür, insan zəhmətinin bəhrəsi diqqət çəkir, istər-istəməz həyat eşqi duyursan. Bəşərin əşrəfi olan insanın böyüklüyünə, qüdrətinə, gücünə bir daha məftun olursan. O yerdə ki təbiət solğundur, daş-qaya küskündür, insan yoxdur, bir tənhalıq hiss edirsən. Bu mənada Ədalət Əliyevin fotoları təkcə göz oxşayıb könül sevindirmir, eyni zamanda düşündürür, olumdan ölümə gedən yolun arasındakı məsafədə baş verənlər haqqında təhlillər aparırsan. Həm təbiətin gözəlliyinə, həm də insanın yaradıcılıq eşqinə, amalına həsəd aparırsan. Bir məsələdə dəqiq düşünürsən ki, ən gözəl mənzərə də, füsunkar təbiət guşəsi də insansız dəyərsizdir. Harada insan varsa, harada sülh varsa, ora gözəldir! Bəlkə də elə bu niyyətlə Ədalət Əliyevin əsərlərində insana xoş təsir bağışlayan, ona müsbət emosiyalar aşılayan, heyrətləndirən, düşündürən, güldürən anlar öz əksini tapıb. Qalmaqallar, döyüş səhnələri, insan duyğularına sıxıntı gətirən məqamlar onun kamerasını cəlb etməyib. Şəkillərdəki dinamikliyin özündə həyatın davamı, yaşamaq əzmi var. Bir tərəfdə günəbaxanların sarı işığı, zəmilərin qızılı rəngi, dənizlərin maviliyi, ağacların yaşıllığı, gül-çiçəyin əlvanlığı, Günəşin şəfəqləri ruhumuzu oxşayırsa, digər tərəfdə də gecənin siyahlığında, Ayın qızartısında, səhərin aydınlığında ümid nəğmələri oxunur.

Çox istərdik ki, gələcəkdə müəllifin yaradıcılığında Azərbaycanla da bağlı belə albom nəzərdə tutulsun. Doğrudur, yurdumuza aid kiçik bukletlər var, amma Ədalət Əliyev yaradıcı şəxsiyyət olduğuna görə çoxunun görə bilmədiyi gözəllikləri həssaslıqla duyur. Bu səbəbdən də onun hazırlayacağı albom sözsüz ki, daha maraqlı və qeyri-adi olar. Dünya coğrafiyası, ədəbiyyatı, poeziyası, kinosu, teatrı olduğu kimi, dünya fotosu da var və bunu ilk dəfə Azərbaycan oxucularına, tamaşaçılarına təqdim edən Ədalət Əliyevə yeni uğurlar arzulayırıq!

 

Flora XƏLİLZADƏ,

"Azərbaycan"