Sumqayıtda könüllülər arasında minifutbol yarışı keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıtda könüllülər arasında minifutbol yarışı keçirilib

10 Avgust 2018
 

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə respublika Təhsil İdman Mərkəzi Sumqayıt şəhər 1 saylı uşaq-gənclər idman şahmat məktəbində Beynəlxalq Gənclər Gününə həsr edilmiş minifutbol üzrə yarış keçirilib.

Şəhərin müxtəlif sahələrini təmsil edən gənc könüllülər arasında təşkil edilən yarışın iştirakçıları  minifutbol meydançasında düzülərək sıra ilə tribuna qarşısından keçiblər.

Tədbirdə çıxış edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov iştirakçıları salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, gənc nəslə göstərilən diqqət və qayğıdan danışıb.  Qeyd edilib ki, məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, gənclərin hərtərəfli inkişafına nail olmaq, sağlamlıqlarını möhkəmləndirmək, asudə vaxtlarının səmərəli təşkili, həmçinin fiziki potensialının üzə çıxarılmasıdır. Bu gün Sumqayıtda gənclərin hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılıb və  müasir tələblərə cavab verən idman obyektləri istifadəyə verilir. Yeni dərs ilinin başlanmasına qədər daha bir neçə idman növü üzrə  yarışların keçirilməsi də nəzərdə tutulub.

Daha sonra turnirə start verilib. Yarışda ümumilikdə 6 komanda və hər komandadan 6 nəfər olmaqla, 36 gənc qalib adı uğrunda mübarizə aparıb.

Gərgin keçən yarışmanın yekun nəticəsinə əsasən I yerə QAC Sumqayıt şəhər bölməsinin “Qızıl Aypara Mobil Dəstə”, II yerə “QAC Sumqayıt” və III yerə isə Sumqayıt Asan Xidmət Mərkəzinin “Mübariz” adlı komandası layiq görülüb.

Qalib komandalar şəhər Gənclər və İdman Baş İdarəsinin kubok, medal və  fəxri fərmanları ilə təltif ediliblər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”