Rusiyalı turist: Azərbaycan gözəlliklər məkanıdır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiyalı turist: Azərbaycan gözəlliklər məkanıdır

09 Avgust 2018
Azərbaycanın hər bir guşəsi füsunkardır, cəlbedicidir, bura gözəlliklər məkanıdır. Biz Bakı, Quba, Şəmkir, Gəncə, Qax, Şəki, Qəbələ, Lənkəran və Astarada olarkən bu əsrarəngiz gözəlliyin bir daha şahidi olduq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə rusiyalı turist Aleksandr Rusakov Astara rayonuna səyahəti zamanı söyləyib. O, səyahətə həyat yoldaşı Yelena Nikolayevna və qızı Veronika Aleksandrova ilə birlikdə çıxıb.

Azərbaycana ikinci dəfə səyahət etdiyini vurğulayan A.Rusakov deyib: “Bu il Yeni ili Bakı şəhərində qarşıladım. Bakı ilə üçgünlük tanışlıqdan sonra Quba rayonuna səyahət etdim. Ölkənizdən Moskvaya zəngin təəssüratla qayıtdım. Builki yay tətilini də ailəmlə birlikdə Azərbaycanda keçirməyi qərara aldıq. Şəmkir, Gəncə, Qax, Şəki və Qəbələ ilə tanışlıqdan sonra Azərbaycanın cənub bölgəsinə gəldik. Yeddi gündür Lənkərandakı “Xəzər palase”da qalırıq. Burada boş vaxtımız demək olar ki, olmur. Dənizdə çimir, meşəyə səyahət edirik.

Vaxt tapıb tarix və mədəniyyət abidələri ilə də tanış oluruq. İnsanlarınız çox mehriban və qonaqpərvərdirlər”.

A.Rusakovun həyat yoldaşı Yelena Nikolayevna da Azərbaycana səyahət etdiklərindən razı qaldığını bildirib: “Mətbəxiniz çox zəngindir. Təmiz balıq yeməklərindən doymaq olmur. İlk dəfə Lənkəranda toyuq və balıq ləvəngisi yedik. Bu yerlər qızımın da çox xoşuna gəlir. Gələn il yenə Azərbaycana istirahətə gələcəyik”.