Doqquz günlük musiqi bayramı yekunlaşdı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Doqquz günlük musiqi bayramı yekunlaşdı

09 Avgust 2018
 

Lakin həm iştirakçılar, həm də tamaşaçılar indidən XI Qəbələ Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi gün üçün darıxmağa başlayıblar

 

Çoxsaylı qonaq-qaraya, bir-birindən fərqli, rəngarəng tədbirlərə evsahibliyi etməyə öyrəncəli olan Qəbələ və qəbələlilər daha bir sınaqdan üzüağ çıxdılar. Havaların isti keçdiyi bu gözəl yay günlərində əzəmətli, vüqarlı dağlarla əhatə olunan məkanın hərarəti daha da artmışdı. Hər kəs sülhün, əmin-amanlığın, sevginin, rahatlığın işartısını özündə cəmləşdirən musiqi səsinə, musiqi işığına toplaşmışdı. O işıq ki, kimliyindən asılı olmayaraq ən soyuq qəlblərə belə nur çiləmək qüdrətindədir.
Azərbaycanın və regionun klassik musiqi həyatında mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalının 10 illik yubileyi qeyd edildi. 30 iyul - 7 avqust tarixlərində Qəbələ şəhərində Heydər Əliyev Fondu və Gilan Holding tərəfindən təşkil edilən festival bir daha musiqi bayramı olmasını təsdiqlədi. Ötən 9 gün ərzində dünyanın məşhur musiqi sənətçilərinin, dünya şöhrətli bəstəkarların əsərlərinin ifaları həqiqətən də hər kəsin bayramına çevrildi.
Sıx meşə örtüyünə sahib dağların əhatəsində keçirilən festival həm klassik musiqi həvəskarları, həm də şəhər istisindən dincəlmək və bütün həftəni təmiz havada keçirmək istəyənlər üçün ideal seçim idi.
Qeyd edək ki, dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı da mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verdi.
Bu musiqi bayramında Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak etdi.
Festival çərçivəsində İsrailin dünya şöhrətli Yerusəlim Simfonik Orkestrinin təqdimatında olan konsert proqramı tamaşaçılara daha xoş təəssürat bağışladı. Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər. Rusiyalı dirijor Mixail Xoxlovun dirijorluğu ilə keçən konsertin əvvəlində orkestrin ifasında V.A.Motsartın “Yupiter” əsəri səsləndirilib. Sonra tamaşaçılar istedadlı pianoçu, beynəlxalq müsabiqələrin laureatı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdünə layiq görülən Toğrul Hüseynlinin orkestrin müşayiəti ilə ifa etdiyi S.Prokofyevin “Fortepiano və orkestr üçün 3 saylı Konsert” əsərini dinləyiblər. Konsertin sonunda dünya şöhrətli pianoçu Oksana Yablonskaya (İsrail-ABŞ) F.Şopenin “Fortepiano və orkestr üçün 2 saylı Konsert”ini ifa edib. Simfonik orkestrin və solistlərin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. 1930-cu ildə Fələstin radiosunun nəzdində yaradılan bu musiqi kollektivi 1970-ci ildən Yerusəlim Simfonik Orkestri adlandırılır. Orkestrin repertuarında klassik dövrlərin və müasir bəstəkarların müxtəlif səpkili əsərləri yer alıb. Sofiya Qubaydulina, Henri Dutilleuks, Alfred Şnittke və digər tanınmış bəstəkarların əsərlərini ilk dəfə məhz Yerusəlim Simfonik Orkestri ifa edib. On illiklər ərzində musiqi dünyasının əfsanəvi sənətçilərinin - İqor Stravinski, Artur Rubinşteyn, Otto Klemperer, Yehudi Menuhin, Mstislav Rostropoviç, İsaak Stern, Pablo Kazals və onlarca digər məşhurların bu orkestrlə yaddaqalan çıxışları olub. Orkestr hər il dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallara dəvət alır. İsrailin Mədəniyyət və İdman Nazirliyi və Qüds bələdiyyəsi tərəfindən dəstəklənən bu kollektiv Avropanın və Amerikanın bir çox şəhərlərində qastrol səfərlərində olub, dünyanın ən məşhur konsert salonlarında çıxış edib.
Festivalın proqramına daxil olan, tamaşaçıların və şəhərin qonaqlarının böyük səbirsizliklə gözlədikləri muğam axşamının reallaşması isə hər kəsin ürəyindən olub. Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə Azərbaycanın tanınmış gənc muğam ifaçıları möhtəşəm ifaları ilə buraya toplaşan iki minə yaxın tamaşaçıya unudulmaz anlar bəxş ediblər. Konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi “Muğam-Televiziya Müsabiqəsi-2007”də ikinci yerə layiq görülən xanəndə Abgül Mirzəliyevin ifasında “Mahur” təsnifi və “Heydər babaya salam” mahnısı, 2011-ci ildə keçirilən müsabiqənin qalibi Səbinə Ərəblinin ifasında “Bayatı Şiraz” təsnifi və “Olmaz-olmaz” xalq mahnısı, həmin müsabiqədə ikinci yeri tutan Kamilə Nəbiyevanın ifasında Cahangir Cahangirovun “Qara gözlər” və Əfrasiyab Bədəlbəylinin Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” pyesi üçün yazdığı “Qönçə ləb” mahnıları, xanəndələrin birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi”, əməkdar artist, tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi instrumental ansamblın ifasında “Çahargah” rəngi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
İstedadlı gənc muğam ifaçılarını əməkdar artistlər - kamançada Toğrul Əsədullayev, kanonda Çinarə Heydərova, nağarada Emin Cəbrayılov, balabanda Azad Əliməmmədov, udda Səfa Kərimov müşayiət ediblər. Festivalın proqramına uyğun olaraq tamaşaçılara Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin, Budapeşt Gypsy Band və “Qaytağı” ansamblının konsertləri təqdim olunub.
Azərbaycan və regionun klassik musiqi həyatında ən mühüm hadisəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı maraqlı və rəngarəng proqramı ilə yadda qaldı. 10 illik yubiley çərçivəsində festival təşkilatçıları yeniliklər həyata keçirdilər. Bu tədbirin tarixində ilk dəfə olaraq festivalda fan-zona fəaliyyət göstərdi. Qəbələnd əyləncə mərkəzinin ərazisində yerləşən fan-zonanı turistlər və yerli əhali ziyarət edərək musiqi festivalı haqqında məlumat aldılar.
Fan-zonada açıq havada zövqlü musiqi və rəqslər, müxtəlif hədiyyəli müsabiqələr, fotoşəkillər çəkdirmək üçün xüsusi məkanlar, canlı heykəllərin şousu, uşaqlar üçün əyləncələr təşkil olundu.
Qəbələ Mədəniyyət Mərkəzində avqustun 7-də keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi də yaddaqalan oldu. Rəsmi hissənin ardından Yerusəlim Simfonik Orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim edildi.
Tanınmış ispan bəstəkarı Salvador Brotonsun dirijorluğu ilə keçən konsertdə Avropa və dünya, eləcə də Azərbaycan bəstəkarlarının operalarından üvertüra və ariyalar ifa edildi.
Festival iştirakçılarının bu möhtəşəm tədbirlə bağlı təəssüratlarını da öyrəndik. İsrailin ölkəmizdəki səfiri Dan Stava dedi: “Azərbaycan belə bir möhtəşəm festivalı keçirməklə sözün əsl mənasında, dünyaya sülh və əmin-amanlıq məkanı olduğunu, tolerant bir dövlət ənənələrini formalaşdırdığını göstərir. Qəbələ dünya klassiklərinin ardıcıl səsləndiyi bir məkana çevrilir. Bu günlər imkan yarandı ki, mən festivalı daha yaxından izləyim. Qəbələ ilə yanaşı, Şəkidə də Yerusəlim Simfonik Orkestrinin konsertləri oldu. Tamaşaçı marağı, tamaşaçı rəğbəti böyükdür. Bütün təşkilatçılara minnətdarlıq edirəm.”
“Həyat” Fondunun sədri Hacı Nuran da tədbirlə bağlı düşüncələrini bildirdi: “Mən hər il olduğu kimi, bu dəfə də festivalda iştirak etdiyimə görə məmnunam. Festivalda yubiley tədbirlərinin keçirilməsi böyük uğurdur. Allaha şükürlər olsun ki, gəlib bu yerə də çatdıq. Artıq 10 ildir, bu festival yüksək səviyyədə keçirilir. Sevindirici haldır ki, iştirakçıların sayı hər il çoxalır. İsraildən, başqa ölkələrdən gələn iştirakçılar çox məmnun qalırlar. Avqustun 6-da Gürcüstandan gələn caz qrupu da tamaşaçılar qarşısında yüksək səviyyədə çıxış etdi və festivalın yüksək səviyyədə keçirilməsindən razılıqlarını bildirdilər.”
Festivalın səhnəsində yer alan xarici ölkə musiqiçilərinin də təəssüratlarını öyrəndik. İsraildən olan musiqiçi Janna Qanderman fikirlərini belə ifadə etdi: “Mən Yerusəlim Simfonik Orkestrinin solistiyəm. Artıq 5 ildir ki, festivala qatılıram. Hər il festivalın keçiriləcəyi günü böyük maraq və diqqətlə gözləyirəm ki, böyük və dünya şöhrətli musiqiçilərlə bir səhnəyə çıxacağam. Burda çıxış etmək mənə zövq verdi və böyük tamaşaçı diqqəti ilə əhatələndik. İndidən darıxmağa başladım. Səbirsizliklə növbəti ili gözləyirəm.”
ABŞ-dan olan musiqiçi Annela Creqorynin də təəssüratları zəngindir: “Mən avqustun 31-də ilk dəfə dünya səviyyəli bir festivalın səhnəsində yer aldım. Böyük tamaşaçı auditoriyası qarşısında alqışlarla qarşılanmağımı, bu tarixi və füsunkarlığı ilə məni öz sehrinə salan belə bir məkanı heç vaxt unutmaram. Dostlarımdan Azərbaycan və Qəbələ haqqında əvvəllər eşitsəm də, indi canlı görməyim tamam başqadır. Buradan böyük və xoş təəssüratlarla ayrılacağam. Lakin heç vaxt insanlarınızın səmimiliyini və qonaqpərvərliyini unutmayacağam.”
Beləliklə də, ölkəmizdə hər kəsin qəlbindən xəbər verən, duyğulandıran daha bir musiqi bayramı da yekunlaşdı. Növbəti belə bayramlarda görüşmək və beynəlxalq festivalın xalqımız üçün düşərli olması arzusu ilə...

Əli SƏLİMOV,
“Azərbaycan”
Fotolar AZƏRTAC-ındır