Regionların inkişafı, vətəndaşların güzəranı həmişə prioritetdir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Regionların inkişafı, vətəndaşların güzəranı həmişə prioritetdir

07 Avgust 2018
 

Prezident İlham Əliyev son 7 ayda 9 şəhər və rayona etdiyi səfərlər zamanı 26 yeni sosial infrastrukturun açılışını edib

 

Son 15 ildə müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də ölkənin regionlarının davamlı və tarazlı inkişafına nail olunmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası ölkəmizin bütün bölgələrinin sosial-iqtisadi mənzərəsini xeyli yaxşılaşdırıb, bölgələrdə iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına, vacib infrastruktur layihələrinin reallaşdırılmasına imkan yaradıb.
Ötən 15 ildə qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar, fərmanlar və həyata keçirdiyi yeni islahatlar dövlət başçısının daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərir.

 

Bütün vədlər artıqlaması ilə yerinə yetirilib

 

Regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəlməsinə təkan verib.
Bu da bir daha göstərir ki, regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır və Prezident İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır.
Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı indiyədək görülən işləri belə dəyərləndirib: “Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam. Söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son 14 il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi”.

 

15 ildə valyuta ehtiyatlarımız 24 dəfədən çox artıb

 

Son 15 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri göz qabağındadır. Bunun hansı imkanlar hesabına edildiyinə nəzər yetirsək görərik ki, dövlət proqramlarının icrasına başlanarkən, yəni, 2004-cü ildə Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollar idi.
Prezident İlham Əliyev yanvarın 29-da keçirilən konfransda bu məsələ ilə bağlı demişdi: “Bax, biz böyük regional inkişaf proqramına bu rəqəmlə start verdik. O vaxt mən yaxşı bilirdim ki, bu proqram çox böyük vəsait tələb edəcək. Bizim maliyyə imkanlarımız o qədər də geniş deyildi. Cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarımız var idi. Buna baxmayaraq, biz birinci regional inkişaf proqramına böyük vəsait ayırdıq. Yəni, bu, bir daha göstərir ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi bizim üçün həmişə prioritet olub”.
Həyata keçirilən sosial-iqtisadi proqramlar, meqalayihələr, yatırılan investisiyalar və icra olunan tapşırıqlar sayəsində bu gün müstəqil Azərbaycan 44.3 milyard dollar valyuta ehtiyatına sahibdir. Əlbəttə ki, bu, bir daha təsdiq edir ki, Azərbaycan qısa zaman ərzində böyük inkişaf yolu keçib.

 

Reallaşan layihələr, sosial inkişafa təkan verən obyektlərin açılışı

 

Təkcə bu ilin statistikasına nəzər yetirsək görərik ki, son 7 ayda dövlət başçısı respublikanın bir çox şəhər və rayonuna səfər edərək verdiyi tapşırıqların və göstərişlərin icrası ilə yerində maraqlanıb, eləcə də mühüm sosial obyektlərin, mədəniyyət mərkəzlərinin açılışı, avtomobil yollarının yenidən qurulması işləri ilə tanış olub, hərbi hissələrə baş çəkib, sakinlərlə görüşlər, eləcə də aqrar sektorun inkişafına dair respublika müşavirəsi keçirib.
Yanvarın 30-da Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olan Prezident fevralın 27-də Mingəçevir şəhərində bir sıra mühüm obyektlərin açılışını edib. Öncə 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurma işləri, şəhərin içməli su təchizatı sisteminin istismara verilməsi ilə tanış olub. Şəhərin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edən dövlət başçısı Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışını edib.
Prezident həmçinin Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin və “ASAN Həyat” kompleksinin açılış mərasimində olub.

 

Pambıqçılığın inkişafına dair III Respublika müşavirəsi

 

Martın 25-də Prezident Bərdə rayonuna səfər edib və burada Yeni Daşkənd-Umudalılar avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib, əsaslı şəkildə yenidən qurulan Bərdə türbəsində və Torpaqqala kompleksində yaradılan şərait, eləcə də Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
Dövlət başçısının sədrliyi ilə Bərdədəki Mədəniyyət Mərkəzində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Bu, pambıqçılığın inkişafına dair keçirilən sayca 3-cü müşavirə idi. Bundan öncəki müşavirələr 2016-cı ildə Sabirabad, 2017-ci ildə isə Saatlı şəhərində keçirilmişdi. Bu müşavirələrdə verilən tapşırıqlar “ağ qızıl”ın şöhrətini özünə qaytardı. Dövlət başçısının müşavirələrdə verdiyi tapşırıqların yerinə yetirilməsi ilə Azərbaycanda pambıqçılıq inkişaf etməyə başladı.

 

Yeni etimad mandatı ilə daha böyük zəfərlərə doğru

 

Aprelin 11-də isə müasir Azərbaycanın tarixində mühüm ictimai-siyasi hadisə baş verdi. Ölkədə növbəti prezident seçkiləri keçirildi və xalqın mütləq əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyev yenidən prezident seçildi.
Dövlət başçısı andiçmə mərasimində bir daha xalqa üzünü tutaraq indiyədək yürütdüyü müstəqil siyasəti davam etdirəcəyini və Azərbaycanı daha böyük zəfərlərə doğru aparacağını bəyan etdi.
Seçkilərdə rəqiblərinə böyük üstünlüklə qalib gələn İlham Əliyev mayın 4-də Xaçmaz rayonuna səfər edib. Bu səfər çərçivəsində dövlət başçısı Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun, eləcə də Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib. Prezident həmçinin “Azərxalça” ASC-nin Xaçmaz filialının, “Azərsu” ASC-nin Xaçmaz idarəsinin inzibati binasının açılış mərasimində oldu. Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində iştirak edən dövlət başçısı həmin gün Xızı rayonuna gəldi. Prezident “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib, başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib.

 

Azərbaycan Ordusunun maddi-texniki bazası daim yenilənir

 

Mayın 16-da isə dövlət başçısı Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində öncə “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Sonra Prezident Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin, şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 saylı tam orta məktəbin açılış mərasiminə qatılıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı həmçinin Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsi və Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
İyunun 5-də isə Prezident Goranboy və Naftalanda olub. Bu səfər zamanı Dəliməmmədli - Quşçular - Fəxralı - Qurbanzadə - Alpout avtomobil yolunun, Dəliməmmədli - Muzdurlar - Qırıqlı avtomobil yolunun, “Region Agropark”ın, hər biri 40 meqavolt amper gücündə olan iki transformatorun quraşdırıldığı 110/35/10 kilovoltluq 2x40 MVA gücündə “Dəliməmmədli” yarımstansiyasının, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğusunun və ondan sonrakı 4,95 kilometrlik hissəsinin, eləcə də Bayraq muzeyinin açılışlarını edib.
Elə həmin gün Naftalan şəhərinə də səfər edən Prezident İlham Əliyev Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Hərbi hissələrlə tanışlıq, yeni hərbi obyektlərin açılışı Azərbaycan hərbçilərinin hər zaman Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir.

 

Yüksək texnologiyalara əsaslanan sənaye sektoru inkişaf mərhələsindədir

 

İyulun 18-də isə Azərbaycan sənayesinin növbəti uğuru kimi tarixə yazıldı. Dövlət başçısı Azərbaycana səfər edən İtaliya Prezidenti Sercio Mattarella ilə birgə Sumqayıta səfər etdi. Burada hər iki dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimi keçirildi.
Bu zavodun açılışı tarixi bir hadisə oldu. Çünki Qafqazın ən böyük sənaye müəssisəsində ilk dəfə olaraq polipropilen və polietilen istehsal ediləcək. Açılış mərasimində Prezident İlham Əliyev vurğuladı ki, qısa zaman ərzində sənaye parkının ərazisində böyük nəhəng sənaye müəssisəsinin yaradılması Azərbaycanın növbəti uğurudur: “Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.
Zavodda 500-dən çox yeni iş yeri açılacaq. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq.

 

Düşünülmüş siyasət, güclü iradə, davamlı yüksəliş

 

İyulun 8-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir daha qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən söz açılıb.
Dövlət başçısı vurğulayıb ki, bu inkişafın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır: “Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik. Deyə bilərəm ki, biz böhrandan az itkilərlə çıxa bilmişik”.
Onu da xatırladaq ki, bu ilin birinci yarısında həm nəqliyyat, həm energetika sahələrində önəmli hadisələr baş verib. Prezident İlham Əliyevin iştirakı ilə Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib, “Cənub qaz dəhlizi” və TANAP-ın rəsmi açılışı olub.
Bir sözlə, uğurla icra edilən dövlət proqramları ölkəmizin inkişafında mühüm rola malik olmaqla yanaşı, vətəndaşlarımızın sosial rifahının yüksəlişində də əsaslı yer tutur. Artıq hamıya bəllidir ki, həyata keçirilən dövlət proqramları regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayır.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”