Azərbaycan sənayesinin təntənəsi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan sənayesinin təntənəsi

04 Avgust 2018
 

Qafqazın ən böyük sənaye müəssisəsində ilk dəfə olaraq polipropilen və polietilen istehsal ediləcək

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, yeni yanaşmalara əsaslanmalıdır.
Son illərdə ölkədə həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Çünki müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Bu istiqamətdə görülən işlər isə göz önündədir.

 

15 ildə iqtisadiyyatımıza 250 milyard dollara yaxın sərmayə qoyulub

 

Hazırda uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, istehsal və emal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılması davam etdirilir. Azərbaycanda mövcud olan sərmayə yatırımı mühiti həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait yaradır. Bunun nəticəsidir ki, son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub.
İyulun 18-də Azərbaycana səfər edən İtaliya Prezidenti Sercio Mattarellanın və dövlət başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı da sənayenin inkişafına növbəti töhfəsini verdi.
Zavodun açılışında Prezident İlham Əliyev vurğuladı ki, qısa zaman ərzində sənaye parkının ərazisində böyük nəhəng sənaye müəssisəsinin yaradılması Azərbaycanın növbəti uğurudur: “Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.

 

19 növ polipropilen, 12 növ polietilen

 

“SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir.
Zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə Azərbaycan hökuməti və eləcə də cəmiyyət üçün mühüm mexanizmlərdən birini təşkil edir. Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.

 

Polipropilen tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər

 

2015-ci ildə təməli qoyulan “SOCAR Polymer” zavodlarından artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.
“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.
Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılmasında və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

 

İstehsal ediləcək məhsulların 70 faizi ixrac ediləcək

 

Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun fəaliyyətə başlaması nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda ildə 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək.
Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və böyük həcmdə qeyri-neft ixracına başlayacaq. Zavodda 500-dən çox yeni iş yeri açılacaq. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaq.
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan öz sənaye potensialını getdikcə müasirləşdirir və gücləndirir. Bu ilin altı ayında qeyri-neft sənayesinin 8,8 faiz artması da bunun sübutudur.

 

Sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır

 

Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir.
Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 17 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2 milyard dollardan çox investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər görülməkdə davam edir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı çıxışında da bu məsələyə toxunaraq qeyd etmişdir ki, artıq ölkəmizdəki sənaye parklarında rezidentlərin sayı 50-yə yaxınlaşır. Bu gün bu parklarda icra edilmiş və icra ediləcək layihələrin ümumi dəyəri 3,6 milyard dollardır və ondan 2,6 milyard dolları artıq yatırılıb.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”