Aqrar sektorda müasir texnikanın tətbiqi günün tələbidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar sektorda müasir texnikanın tətbiqi günün tələbidir

29 İyul 2018
 

Prezident İlham ƏLİYEV: “Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir”

 

 Azərbaycanın qeyri-neft sektorunda kənd təsərrüfatı ərzaq təhlükəsizliyini təmin edən sahə kimi xüsusi əhəmiyyət kəsb edir. Bu sahə coğrafiyasına və əhalinin məşğulluğuna görə də əvəzsizdir. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatı önəmli rol oynayır. Məhz bu üç səbəbə görə son dövrlər ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyi daha da artıb.

 

Bu gün aqrar sektorun inkişafı müasir texnika və texnologiyaların tətbiqindən keçir. Əvvəla, yeni texnika və texnologiyalar kənd təsərrüfatı məhsulları istehsalında heç də az tələb olunmayan əl əməyini yüngülləşdirir. İkincisi də, onların tətbiqi məhsuldarlığı xeyli artırır ki, bu da çox mühüm amildir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının modern texnika ilə təchizatının əhəmiyyətini xüsusi vurğulamışdır:  “Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartları tətbiq etməkdir. Son illər kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texniki parkımızı tamamilə yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam edəcək. Özü də qeyd etməliyəm ki, dünyanın aparıcı şirkətlərinin texnikası bu gün bizim tarlalarımızda fəaliyyət göstərir və fermerlər də bu texnikadan çox razıdırlar. Bu məqsədlə böyük vəsait nəzərdə tutulur. Burada qeyd olundu ki, təkcə bu il 160 milyon manat dəyərində 5 mindən çox texnika alınacaq, keçən il isə 10 min texnika alınmışdır”. Göründüyü kimi, dövlət başçısı da hazırda ölkənin aqrar sektorunun qarşısında duran əsas vəzifənin bu sahəni yüksək texnoloji sahəyə çevirmək olduğunu söyləmişdir.

Bu gün həm aqrotexniki, həm də su ilə təminat texnologiyalarının Azərbaycana gətirilməsi vacib məsələ kimi qarşıda durur. Dünyada elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə etməyə imkan verir.  Ölkəmizin isə su ehtiyatları məhduddur. Ümumiyyətlə, istər içməli, istərsə də suvarma su ehtiyatları dünyada getdikcə tükənir. Təsadüfi deyil ki, bu yay Avropadan Yaponiyaya qədər bütün ölkələrdə sudan qənaətlə istifadə edilməsinə dövlət nəzarəti gücləndirilmiş, israfçılığa qarşı tətbiq edilən cəzalar sərtləşdirilmişdir. Bol su ehtiyatları olan Kanadada da sudan qənaətlə istifadəyə ciddi dövlət nəzarəti var və bu sahədə qanunu pozanlara qarşı sərt cəza tədbirləri görülür. Ölkəmiz də sudan qənaətlə istifadə etmək üçün cəza tədbirlərini sərtləşdirməklə yanaşı, sudan səmərəli istifadə edən texnologiyalara üstünlük verməyə məcburdur. Səbəb, qeyd etdiyimiz kimi, su ehtiyatlarımızın məhdud olmasıdır.

Prezident İlham Əliyev sözügedən iclasda bu məsələ ilə bağlı bildirmişdir ki, hər bir qarış torpaqdan səmərəli istifadə etməliyik. Kənd təsərrüfatı müəyyən dövrdən sonra ancaq intensiv yolla inkişaf edə bilər. Ancaq bu gün böyük miqdarda meliorasiya tədbirləri görülür ki, suvarılmayan torpaqlara su gətirilsin. Odur ki, növbəti hədəf intensiv üsullardan istifadə edərək hər qarış torpaqdan yüksək məhsuldarlıq götürməkdir. Bu, kənd təsərrüfatının qarşısında duran əsas vəzifədir.

Aqrar sektorun inkişafının bir yolu da aqroparkların yaradılmasıdır. Çünki müasir texnika və texnologiyalar məhz aqroparklarda geniş tətbiq edilir. Onun logistik, satış və emal imkanları geniş olur. Üstəlik, müasir texnika və texnologiyalardan istifadə yüksək məhsuldarlığa təminat verir, əmək resurslarından  səmərəli istifadə etmək imkanı yaranır. Elə buna görə də Azərbaycanda  aqroparkların yaradılmasına dövlət tərəfindən hərtərəfli dəstək verilir. İndiyədək təkcə aqroparkların yaradılması üçün infrastruktur layihələrinə 200 milyon manatdan çox investisiya qoyulub, sahibkarlara 100 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib.

Ölkə üzrə innovativ inkişafı təmin etmək üçün 30 rayonda 192 min hektar ərazidə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Bu aqroparklara təqribən 1-1,5 milyard manat sərmayə yatırılacaq.

Hələlik ölkəmizdə 4 aqropark məhsul istehsalı ilə məşğul olur. İlin sonunadək daha 14 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub. Qeyd edək ki, bitkiçiliklə məşğul olan 4 aqroparkda məhsuldarlıq yüksəkdir. Məsələn, taxılçılıqda məhsuldarlıq ölkə üzrə 30 sentner/ hektar olduğu halda aqroparklarda bu rəqəm 50 sentnerdir.

Aqrar sektorda islahatların aparılması müsbət nəticələr verir. Cari ilin 6 ayı ərzində kənd təsərrüfatında 7,6 faiz artım qeyd edilib. Bitkiçilikdə artım daha yüksəkdir - 14 faiz. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 206 milyon manat təşkil edir ki, onun da 1 milyard 774 milyon manatı heyvandarlıq, 1 milyard 431 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təminatı deməkdir. Yəni əhalinin istifadə etdiyi qidanın çox hissəsi bu sektorun payına düşür. Deməli, əhalinin sağlamlığında da aqrar sektor önəmli rol oynayır. Çünki həmin sahədə insan həyatı üçün təhlükəli maddələrdən normadan çox istifadə edilməsi  əhalinin sağlamlığına mənfi təsir göstərməklə nəticələnir. Bunun qarşısını almaq üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Məqsəd Azərbaycana gətirilən ərzaq məhsullarının beynəlxalq standartlara tam uyğun olmasına nəzarət etmək, həmçinin ölkəmizdə istehsal edilən məhsulların bu standartlara uyğunluğunu nəzarətdə saxlamaqdır. Dövlət bu agentliyin nəzarət imkanlarını genişləndirmək məqsədilə regionlarda geniş laboratoriyalar sistemi yaradır. Həmin laboratoriyalar həm ərzağın keyfiyyətinə nəzarət etmək, həm də fermerlərə əkdikləri torpaqların tərkibi haqqında ətraflı məlumat vermək imkanına malikdir.

 

Rüstəm KAMAL,

“Azərbaycan”