Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İlham Əliyevin dəstəyindən Türkiyə böyük güc və güvən aldı”

13 İyul 2018
 

Erkan ÖZORAL: “Azərbaycan Prezidentinin mövqeyi bütün dünyaya örnək oldu”

 

Tarixin sınaqlarından daim üzüağ çıxmış Azərbaycan-Türkiyə münasibətləri ötən dövr ərzində daha da möhkəmlənərək ölkələr arasında strateji bağların yeni səviyyəyə yüksəlməsini təmin edib. Müasir dünya reallığında hər iki ölkənin ətrafında gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri isə daha mühüm əhəmiyyət kəsb edir.
Bu, 2016-cı ilin 15 iyulunda cərəyan edən proseslər fonunda bir daha öz təsdiqini tapdı. Azərbaycan dar günün də dostu olduğunu, ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda, qardaş Türkiyəni heç zaman yalnız qoymayacağını bir daha nümayiş etdirdi.
Türkiyədə dövlət çevrilişi cəhdi nəticəsində baş verən proseslərə Prezident İlham Əliyevin dərhal sərt mövqe bildirməsi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun növbəti təsdiqi oldu.
Artıq həmin hadisələrdən iki il ötür. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb iki il öncəki dövlət çevrilişinə cəhd və ondan sonrakı proseslər barədə söhbət etdik. Həmin müsahibəni təqdim edirik.
- 15 iyul qiyamının ümummilli etiraz dalğası ilə yatırılması Türkiyə xalqının müqəddəs zəfər dastanıdır. Həmin hadisələrdən 2 il ötür. Cənab səfir, bu hadisələrin yaranma səbəbləri, gedişi və nəticələri ilə bağlı fikrinizi bilmək maraqlı olardı.
- 15 iyul Türkiyə müasir tarixinin ən böhranlı günü idi. Həmin gün baş verən hadisələr hər hansı siyasi partiyaya və ya şəxsə qarşı deyil, sözün tam mənasında, Türkiyənin çökdürülməsi məqsədinə xidmət edən FETÖ terror təşkilatının, xainlərin cəhdi idi. Bu, terror təşkilatının Türkiyədə dövləti tamamilə ələ keçirmə arzusu idi. Bu təşkilatın dövləti ələ keçirməyə çalışan, onun strukturlarında mühüm vəzifələr əldə etmiş vətən xainləri Türkiyəni zəiflətməklə regiondakı məkrli planları həyata keçirmək istəyirdilər.
Bu, Türkiyəyə qarşı ən böyük xəyanətdir. Əslində, 15 iyul hadisələri bizim yaşadıqlarımızın görünən tərəfidir. Aparılan əməliyyatlar nəticəsində məlum oldu ki, FETÖ terror təşkilatının etdikləri 15 iyul hadisələri ilə məhdudlaşmır.
Bundan əvvəl də hakimiyyəti ələ keçirmək üçün Türkiyənin aparıcı hüquq mühafizə orqanlarına necə daxil olduqlarına dair faktlar aşkarlandı. Əslində, 15 iyul hadisələri 40 il ərzində Türkiyəyə qarşı hazırlanmış böyük bir xəyanətin ən son halqasıdır. Bu hadisələr zamanı xalq meydanlara axışaraq öz mövqeyini nümayiş etdirdi, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları dövlətin yanında oldu. Millətimizin qəhrəmanlığını və gücünü yaxşı hesablaya bilməyənlər 15 iyulda acınacaqlı məğlubiyyətə uğradılar.
- Türkiyə Cümhuriyyəti demokratiya üçün çox ciddi təhlükəni sovuşdurdu. Sizcə türk milləti 15 iyul imtahanından necə çıxdı?
- O gecə çevrilişə cəhd göstərənlərin törətdikləri vəhşiliyin tayı-bərabəri yox idi. 15 iyul dönüş nöqtəsi oldu. Bu hadisə Türkiyə demokratiyası üçün mühüm sınaq oldu. Türk milləti 15 iyul imtahanından çox böyük uğurla keçdi. Bunun ən böyük sübutu 251 şəhidin olmasıdır. Xalqımız dövlətini, gələcəyini qorumaq üçün həmin gecə küçələrə axışdı. Silaha qarşı vücudunu sipər etdi. Şəhidlərin və minlərlə yaralıların olması bu imtahandan uğurla çıxmağın ən böyük sübutudur.
- Ölkənizdə bu terror təşkilatının üzvlərinin ədalət mühakiməsinə cəlb olunması istiqamətində qətiyyətli tədbirlər hələ də davam etdirilir. Bununla bağlı nə kimi yeniliklər var?
- Türkiyədə bununla bağlı qətiyyətli tədbirlər davam etdirilir. Dövləti ələ keçirməyə çalışan FETÖ terror təşkilatına qarşı genişmiqyaslı təmizləmə əməliyyatları uğurla gedir. Bu əməliyyatlar hüquq çərçivəsində polis qüvvələri və müstəqil məhkəmə orqanları tərəfindən qətiyyətlə həyata keçirilir. İndiyə kimi bir çox xəyanətkarlara ömürlük həbs cəzaları verilib. Onların etdikləri tək dövlət çevrilişi ilə məhdudlaşmır. Burada dövlət imtahanlarında verilən sualları oğurlamaq kimi məsələlər də yer alır. Bir məqamı diqqətinizə çatdırmaq istərdim ki, təkcə Polis Akademiyasına 2010-cu ildə daxil olanların 90 faizdən çoxu bunların öz istədikləri olub. Vəziyyət çox acınacaqlı hal almışdı.
Hazırda təkcə hüquq muhafizə orqanlarında deyil, bütün dövlət qurumlarında FETÖ mənsublarının təmizləmə işləri aparılır. Türkiyə bu prosesdən həm demokratiyasını gücləndirərək, həm də sistematik yalnışlıqlarını müəyyənləşdirib aradan qaldıraraq çıxır və yoluna davam edir.
- Həmin qiyam cəhdi zamanı Azərbaycan Prezidenti İlham Əliyev dərhal bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pislədi, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına qəsd kimi dəyərləndirdi. Eyni zamanda ölkəmizdə FETÖ-nün sızıntılarına qarşı genişmiqyaslı təcrid prosesi aparıldı. Azərbaycan Prezidentinin bu prinsipial mövqeyi Türkiyədə necə qarşılandı?
- Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkəyə qarşı bu həmrəyliyi Türkiyədə böyük rəğbətlə qarşılandı. Bu dəstək bizim üçün çox önəmli idi. Azərbaycan və onun lideri İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də qardaş Türkiyənin yanında oldu. Bu dəstəkdən böyük güc və güvən aldıq. Amma qardaşlıq həmrəyliyi nümayiş etdirməsindən daha çox İlham Əliyevin mövqeyinin bütün dünyaya örnək göstərilməli olan digər bir cəhəti də var. O da budur ki, Azərbaycan birmənalı olaraq Türkiyədə demokratiyanın, hakimiyyətin xalqa məxsusluğu prinsipinin tərəfində durdu.
Azərbaycanda FETÖ mənsublarına qarşı görülən tədbirlər Türkiyədə çox böyük təqdirlə qarşılandı. Bunu həmişə vurğulayıram ki, Azərbaycan və Türkiyə bütün məqamlarda bir-birinin yanındadır. Amma bu məsələdə Azərbaycan dünyaya demokratiya dərsi verdi. Azərbaycan həqiqətin tərəfində durdu və ilk anlardan etibarən Türkiyə ilə möhkəm həmrəylik nümayiş etdirdi. Bir neçə gün öncə Türkiyə Prezidenti R.T.Ərdoğan seçkilərdən sonra Azərbaycana ilk rəsmi səfərində bu məsələdə də göstərilən dəstəyə görə cənab İlham Əliyevə təşəkkürünü bildirdi.
- Azərbaycanla Türkiyə arasındakı münasibətlərə töhfə verən mühüm məqamlardan biri də seçkilərdən sonra dövlət başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini Türkiyəyə, qardaş ölkənin rəhbəri isə Azərbaycana edir. Bu qardaş ölkənin siyasi elitasında necə qiymətləndirilir?
- Səmimi dostluq, strateji tərəfdaşlıq üzərində köklənən Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından böyük uğurla çıxır. Qarşılıqlı münasibətlərin daim yüksək səviyyədə saxlanılması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin bir-birini möhkəm müdafiə etməsi isə Azərbaycan və Türkiyə prezidentlərinin həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir.
Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri strateji münasibətlərdən daha irəlidədir. Münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də seçkilərdən sonra dövlət başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini Türkiyəyə, qardaş ölkənin rəhbəri isə Azərbaycana edir. Bu qarşılıqlı səfərlər Türkiyədə çox böyük sevinc yaradır, qürur və rəğbətlə qarşılanır. İlham Əliyev kimi qardaşımızın olmağı bizdə hər zaman güvən yaradıb.
- Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin inkişafında və daha da güclənməsində diplomatların da mühüm rolu var. Sizin diplomatik fəaliyyətinizdə ötən müddət ərzində nə kimi yeniliklər olub?
- Artıq 2 ildir Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Bu müddət ərzində dostluq və qardaşlığımız daha da güclənərək davam edib. Ölkələrimiz arasında hər bir sahədə, bütün istiqamətlərdə sıx əlaqələr qurulub. Sevindirici haldır ki, mənim fəaliyyət müddətimdə çox mühüm hadisələr yaşandı. Uzun müddətdir tamamlanmasını gözlədiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Bu dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrildi. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək.
Eyni zamanda fəaliyyət dövrümdə Xəzər regionu ilə Avropanı birləşdirən “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissələrindən biri olan TANAP kəmərinin istifadəyə verilməsi də ən böyük tarixi hadisələrdən biridir. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə kimi qiymətləndirilən TANAP-a indi dünya miqyasında böyük maraq müşahidə edilir. Bütün bunların mənim fəaliyyət müddətimə təsadüf etməsi böyük şərəfdir.

Müsahibəni apardı:
Elçin CƏFƏROV,
“Azərbaycan”