Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güvəncimiz Azərbaycan polisi

13 İyul 2018
 

Asayişin mərd keşikçilərinə əl qaldıranlar ən ağır cəzaya layiqdirlər

 

Bu gün Azərbaycan dünya miqyasında sayılıb-seçilən, eləcə də öz sözünü deyə bilən ölkədir. Azərbaycan dövləti güclü iqtisadiyyat qura bilib. Bunun sayəsində ölkəmiz son illərdə dünyada baş verən maliyyə böhranlarından ən az itkilərlə çıxıb.

Bu, iqtisadiyyatımızın daha dinamik inkişafına imkan yaradır. Azərbaycanda beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri gerçəkləşdirilib. Təkcə son aylarda açılışı olan layihələri xatırlatmaq kifayətdir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub qaz dəhlizi”nin dörd seqmentindən üçü artıq fəaliyyətdədir.  

Bütün bunlar Azərbaycanın siyasi nüfuzunu da artırır. Prezident İlham Əliyevin dediyi kimi, “...bizim siyasi iradəmiz ən yüksək kürsülərdə özünü göstərir. Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməz. Bunun əsas səbəblərindən biri bizim iqtisadi gücümüz və iqtisadi müstəqilliyimizdir”.

Ən əsas şərtlərdən biri də Azərbaycan iqtidarının siyasi iradəsinin çox möhkəm olması, xalqla iqtidarın arasındakı birliyin sarsılmazlığıdır.

Lakin bütün bunları gözü götürməyənlər, ölkəmizin inkişafından narahat olan, uzağı görməyən, qara qəlbli və dar düşüncəli adamlar, dəstələr də var. Bu da bir həqiqətdir ki, belələri həmişə xalqın istəyi və iradəsi qarşısında mənən məğlub olur, sıradan çıxırlar.

Heç uzağa getməyək, bir neçə ay əvvəl belə bədniyyətlilərin seçkiqabağı kampaniyaya kölgə salmaq cəhdlərini xatırlayaq. Əlbəttə ki, onların puç və yalan fikirləri xalq, cəmiyyət tərəfindən qəbul olunmadı, rədd edildi. Təsadüfi deyil ki, prezident seçkilərindən sonra müxalif dəstə keçirdiyi mitinqə min nəfər belə yığa bilmədi.

Azərbaycanda rahatlığı, asayişi pozmağa cəhd edən, dövlətlə xalq arasına nifaq salmaq istəyən qüvvələr yenə də var və orada-burada baş qaldırmağa can atırlar. Bunlar heç bir xeyirxah əmələ qadir olmayan, xalq, dövlət naminə faydalı bir iş görməyi bacarmayan və bunu istəməyən aciz, gücsüz varlıqlardır. Əllərindən gələn yalnız böhtan yağdırmaq, ara qarışdırmaq, cinayət törətməkdir.

Bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşıb asayişi kobud şəkildə pozmağa cəhd göstərən 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs də məhz belələrindəndir. Gəncədə baş verən hadisələr Azərbaycanın inkişafını “həzm” edə bilməyən, xalqın rahatlığından narahat olanların mənfur niyyətlərini, cinayətkar əməllərini bir daha açıb göstərdi. Onların azğınlığı o dərəcəyə çatmışdı ki, dövlətinə, vətəninə, xalqına, işinə və vəzifəsinə sadiq olan iki nəfər yüksək rütbəli polis zabitinə əl qaldırdılar, iki şərəfli insanın qanına bais oldular. Bu lənətlənmişlər əslində, Azərbaycandakı sabitliyə, rahatlığa qəsd etmək cəhdində idilər.

Polisin həyatına qıyanlar öz doğma qardaşını da qətlə yetirə bilən vicdansızlardır. Bizim hamımızın damarlarında azərbaycanlı qanı axır. Vətənin çörəyi, suyu ilə böyüyüb ona xəyanət edən bu nankorlar xalqın keşiyini çəkən qardaşlarımızı qətlə yetirdilər.

Polis zabitləri şəhid kimi zirvəyə yüksəldilər. Onlara əl qaldıranlar isə alçaldılar, nifrət qazandılar, qanun qarşısında cinayətkar, Allah qarşısında ən böyük günah sahibi oldular.

Şəhid olan polkovnik İlqar Balakişiyev və polkovnik-leytenant Səməd Abbasov vətənini, dövlətini sevən zabitlər idi. Onlar Azərbaycanın xalq yolunda ölümə getməyə hazır olan və bunu öz igidlikləri ilə təsdiqləyən çoxminli polis dəstəsinin mətin üzvlərindən idilər. O polislərdən idilər ki, Azərbaycanın müstəqilliyinin qorunmasında indiyədək böyük hünərlər göstəriblər. O polislərdən idilər ki, Dağlıq Qarabağda və digər sərhədyanı bölgələrdə düşmənlə igidliklə vuruşublar. Təsadüfi deyil ki, onların bir çoxu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına, orden və medallara layiq görülüblər. Dövlətin də, xalqın da gözündə ucalıblar, bir sözlə, əbədi şöhrət qazanıblar.

İlqar Balakişiyev və Səməd Abbasov bir daha sübut etdilər ki, polis bizim təhlükəsizliyimizin, asayişimizin keşiyində daim ayıq-sayıqlıqla, mərdliklə dayanıb. Onlar iş başında, vəzifə başında belə, ölümə gedər, ancaq cinayətkara aman verməz, düşmənə əyilməzlər.

Əyilmədilər də! Çünki qarşılarındakı əsl düşmən idi. Mənfur qonşularımız olan ermənilərin dəyirmanına su tökən, bizi gözü götürməyənləri sevindirmək istəyən düşmən! Odur ki, bəd əməllərinin cəzasını layiqincə çəkəcəklər. 

Ümumiyyətlə, harada pozucu qüvvələr varsa, qoy bilsinlər ki, iflasa uğrayacaq, lənətlənəcəklər. Xalq onlara dərin nifrət bəsləyəcək və heç vaxt meydan verməyəcək. Onlar öz istəklərinə çatmayacaq və heç bir zaman Azərbaycandakı xalq-iqtidar birliyini sarsıda bilməyəcəklər.

Atalar yaxşı deyib: “İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?” Xalq yolunda ölümü mərdlər bir səadət sanar. Odur ki, iki mərd polis zabitimizin ölümü nə qədər kədərlidirsə, bir o qədər də şərəflidir. Bilirik ki, onların ailələrinin hüznü böyükdür. Qoy bu igidlərin ana-bacıları, həyat yoldaşları, qız övladları bütün Azərbaycan qadınlarını öz yanlarında görsünlər və bilsinlər ki, bu cür oğullar üçün qürur duymaq lazımdır.           

 

Flora SADIQLI,

“Azərbaycan”